Məhkəmə qərarları › İş №2-1(114)-3581/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3581/2025

28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3581/2025 28.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Gəncə şəhəri, Cavadxan qəsəbəsi ünvanda yerləşən iddiaçıya məxsus yaşayış evinə dair təmir-tikinti işlərinin həyata keçirilməsinin təşkili vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən: İddiaçı xx.xx.1970-ci il tarixdə Göygöl rayonu, Pənahlılar kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla, Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Qırmızı bölgə, 135 ünvanda yaşayır. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 3859 nömrəli sərəncamı ilə Gəncə şəhər X2 xx.xx.1992-ci il tarixli, 21/70 nömrəli qərarına əsasən 3 nömrəli tikinti quraşdırma trestinə, X6 iştirakçılarına və 3 nömrəli rayonlararası təmir tikinti trestinə bağ yeri üçün 8,8 ha torpaq sahəsi ayrılmışdır. Avtozavod ərazisində bağçılıq üçün 8,8 hektar birliyə ayrılmış torpaqların birliyin üzvlərinə verilməsi haqqında xx.xx.1992-ci il tarixli, 3859 nömrəli protokolu əsasında 3 nömrəli Trestin Bağçılıq birliyinin xx.xx.1992-ci il tarixli 4 nömrəli protokoluna əsasən Avtozavod ərazisindən bağçılıq üçün birliyin üzvü X1 torpaq sahəsi bağ evi üçün ayrılmışdır. “İnşaatçı” Bağçılıq Yoldaşlığın xx.xx.1994-cü il tarixli, 04/191 nömrəli arayışına əsasən iddiaçıya Gəncə şəhər İcra hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 3859 nömrəli sərəncamına əsasən Avtozavod ərazisindən ona bağ yeri üçün sahə ayrılmışdır. AZEMİS-dən çıxarışa əsasən (iş səh.9) iddiaçının atası X3 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən 2001-ci ildə tikilmiş 1 mərtəbəli daşınmaz əmlaka dair X4 zamanı erməni silahlı qüvvələri tərəfindən ziyan vurulmuş fərdi yaşayış evi / çoxmənzilli binada mənzil/ qeyriyaşayış sahəsi üzrə texniki baxış aktı tərtib edilmişdir. Texniki baxışın nəticələrinə görə 2 ədəd 09x2,1m ölçüdə taxta qapı təmir olunmalıdır, 3 m2 pəncərə şüşəsi yenilənməlidir, 2 ədəd 1,5x1,5m ölçüdə taxta pəncərənin təmirə ehtiyacı var. 34 m2 kraskassız lambirin yenilənməlidir. 32 pm plastik poduqa yenilənməli, 32 m2 tavanın düstü təmir olunmalı və 32 m2 tavan üçün divar kağızı yenilənməlidir. 5 ədəd asbest şifer yenilənməli, dam hissədə su axıdan hissədə təmir olunmalıdır. Mətbəxdə 3 m2 çat olan hissə (divar) qaşınmal alçı suvaq olunmalı, 36 m2 emilsiya olunmalıdır. S/Q-da 2 ədəd kafel yenilənməlidir. Maliyyə Nazirliyi Aparatın İnventisiya layihələrinin və infrastrukturun maliyyəsi şöbəsinin rəisi Ədalət Əliyev, Gəncə ŞİH Memarlıq və tikinti şöbəsinin müdiri Elxan Məmmədov, Maliyyə Nazirliyinin Dövlət Xəzinadarlığı Agentliyinin 20 saylı Regional Xəzinadarlıq İdarəsinin rəisi Rəşid Yusifov, Gəncə Şəhər Prokurorluğundan prokuror müavini Rəsul Həsənov, Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırılması və ünvan şöbəsinin texniki inventarlaşdırma və ölçmə işlərinin aparılması sektorunun müdiri Elçin Hüseynov tərəfindən imzalanmış həmin aktı iddiaçının həyat yoldaşı Məmmədova Samirə, Şəhərsalma komitəsinin nümayəndəsi Ş.Əhmədov, “Azərdövlətlayihə” DBU-nin nümayəndəsi R.Mehtiyev də imzalamışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin nümayəndəsi Eyvazov Mehralı, “Azərdövlətlayihə” DBLİ-nin nümayəndəsi Vəlizadə Ramiz, "xxxx" MMC-nin nümayəndəsi Hüseynov Cavid, rayon icra hakimiyyətinin nümayəndəsi Cavadov Amil oğlu tərəfindən xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir ki, iddiaçının “yay aylarında əsaslı təmir aparmasını nəzərdə tutması və mal-materialların ona təhvil verilərək özü tərəfindən təmir-bərpa işlərinin aparılması” barədə müraciəti əsasında ona aktda qeyd edilən mal-materiallar təhvil verilmişdir. Aktın təhvil verdi hissəsi iddiaçı tərəfindən imzalanmış, aktın doğruluğu aktı tərtib edənlər və iddiaçı tərəfindən təsdiq edilmişdir. Həmin aktdan görünür ki, iddiaçı tərəfin razılığı əsasında təmir işi bitmiş hesab olunmuş, bu barədə iddiaçının həyat yoldaşı imza atmışdır. İddiaçı X4 zamanı erməni silahlı qüvvələri tərəfindən raket atılması nəticəsində Gəncə şəhəri, Avtozavod qəsəbəsi ünvandakı fərdi yaşayış evinə dəyən zərərin aradan qaldırılmasına dair xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-35/2-M-387-20-266/2025 nömrəli məktubunda bildirmişdir ki, sözügedən fərdi yaşayış evində Dövlət Komissiyası tərəfindən tərtib edilmiş texniki baxış aktına əsasən nəzərdə tutulan işlər yekunlaşmış və tərəfinizdən xx.xx.2021-ci il tarixində təhvil-təslim aktı imzalanmışdır. Əlavə olaraq bildiririk ki, fərdi yaşayış evinizə baxış zamanı tərəfinizdən qeyd edilən işlər təsdiq edilmiş layihəsmeta sənədlərində nəzərdə tutulmadığından, onların icrası Komitənin səlahiyyətləri xaricindədir. Məhkəmə sorğusuna cavab olaraq Gəncə Şəhər İcra Hakimiyyəti xx.xx.2025-ci il tarixli, 5-1/2-976/2025 nömrəli məktubunda bildirmişdir ki, “2020-ci il sentyabr ayının 27dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2292 nömrəli Sərəncamının təmin edilməsi ilə bağlı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli 612s nömrəli Sərəncamı ilə Dövlət Komissiyasının işinin təşkil edilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət İşçi qrupları yaradılmışdır. İşçi qrup tərəfindən Cavadxan qəsəbəsində yerləşən evə baxış keçirilərək ev sahibinin imzası ilə texniki baxış aktı (“təmir”kateqoriyası) tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 25s nömrəli Sərəncamı ilə 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir. Əlavə olaraq, “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2343 №li Sərəncamına əsasən məişət əşyalarına dəymiş ziyanla bağlı 1000 manat məbləğində vəsaitin bank vasitəsilə vətəndaşa ödənilməsi Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təmin edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2- 5052/2025 nömrəli məktubunda bildirmişdir ki, 3 saylı Gəncə Ərazi İdarədinin arxiv və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Qırmızı bölgə, ev 135 ünvanı ilə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Gəncə Şəhər İcra Hakimiyyəti xx.xx.2025-ci il tarixli, 5-1/2-1403/2025 nömrəli məktubunda bildirmişdir ki, “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2343 №li Sərəncamına əsasən məişət əşyalarına dəymiş ziyanla bağlı 1000 manat məbləğində vəsaitin vətəndaşlara ödənilməsi sistemləşdirilərək bank vasitəsilə həyata keçirilmişdir. Əlavə olaraq, “2020-ci il sentyabr ayının 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2292 nömrəli Sərəncamının təmin edilməsi ilə bağlı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli 612s nömrəli Sərəncamı ilə Dövlət Komissiyasının işinin təşkil edilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət İşçi qrupları yaradılmışdır. İşçi qrup tərəfindən Cavadxan qəsəbəsində yerləşən evə baxış keçirilərək ev sahibinin imzası ilə texniki baxış aktı (“təmir”kateqoriyası) tərtib edilmişdir. Yekun olaraq ev “Təmir” kateqoriyasına aid edilmişdir. Məhkəmə mübahisəsi: İddiaçı cavabdehə qarşı xx.xx.2025-ci il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək X4 zamanı erməni silahlı qüvvələri tərəfindən raket atılması nəticəsində Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Qırmızı bölgə, 135 ünvanda yerləşən fərdi yaşayış evinə dəyən zərərin aradan qaldırılmasının cavabdeh orqana həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 zamanı erməni silahlı qüvvələri tərəfindən raket atılması nəticəsində iddiaçının ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə xeyli ziyan dəymişdir. Bununla əlaqədar cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları gəlib evinə dəymiş ziyan varədə Akt tərtib etdilər. Həmin vaxt iddiaçıya 1000 manat stress pulu verildi. Əməkdaşlar söz verdilər ki, evi yaxın vaxtlarda təmir ediləcəkdir. Bundan bir müddət sonra iddiaçı evdə olmayanda tanımadığı şəxslər gəlib həyat yoldaşına ağ bir vərəqə qol çəkdirərək 500 manat pul vermişdir. İddiaçı dəfələrlə müraciət etsə də, onun evini təmir edən olmadı. Məcbur olub Gəncə şəhər prokurorluğuna müraciət etdi. Onların hesabına 2300 manat pul keçirdilər. İddiaçı o zaman bu pulla heç bir təmir işi aparmaq mümkün olmamasını desə də, bunu hələlik verdiklərini bildirdilər, sonra dəymiş ziyan barədə smeta tutalacaq. Bir müddətdən sonra iddiaçını çağırıb dedilər ki. təmir üçün 45000 manatlıq smeta tutulmuşdur. İddiaçı ailəlikcə gedib razılıq ərizə verdi. Bundan xeyli müddət keçəndən sonra heç bir xəbər çıxmadı. İddiaçı cavabdeh orqana müraciət etdi. Oradan xx.xx.2025-ci il tarixdə göndərilən məktubda bildirilib ki, fərdi yaşayış evində Dövlət Komissiyası tərəfindən tərtib edilmiş texniki baxış aktına əsasən nəzərdə tutulan işlər yekunlaşmış və tərəflərindən xx.xx.2021-ci il tarixində təhvil-təslim aktı imzalanmışdır. Eyni zamanda bildirilmişdir ki, evə baxış zamanı tərəfindən qeyd edilən işlər təsdiq edilmiş layihə-smeta sənədlərində nəzərdə tutulmadığından onların icrası Komitənin səlahiyyəti xaricindədir. İddiaçı bildirir ki, cavabdehin əsaslandığı akt saxta tərtib edilmişdir. Akta iddiaçı imza etməmişəm. Həyat yoldaşının savadsızlığından istifadə edib boş vərəqə ona imza etdirmişlər. Akt heç bir möhür, ştamp vurulmamışdır. Aktı tərtib edib imza edənlərin heç vəzifələri də göstərilməmişdir. Hansı təşkilatın onu tərtib edib təsdiq etdiyini də bilmirlər. Akta görə guya bizə təmir üçün mal-material təhvil verilmişdir. Akta baxanda açıq-aydın görünür ki, materiallar sonradan akta əlavə edilmişdir. Əslində iddiaçılara indiyənədək bir taxta qırığı da verən olmamışdır. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Cavadxan qəsəbəsi ünvanda yerləşən iddiaçıya məxsus yaşayış evinə dair təmir-tikinti işlərinin həyata keçirilməsinin təşkili vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd).İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddianın mümkünlüyü yoxlanılmadan iddianın əsaslılığı araşdırıla bilməz. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı cavabdehin hərəkəti nəticəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İPM-in 35.1-ci maddəsinin mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı cavabdehin hərəkəti nəticəsində hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmişdir. Belə ki, hazırkı iddia tələbi üzrə iddiaçı ona məxsus yaşayış evinə dair təmir-tikinti işlərinin həyata keçirilməsini xahiş edir. “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2292 nömrəli Sərəncamına əsasən 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılmışdır. “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən qərara alınmışdır: 1.2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı aşağıdakı məbləğdə maddi yardım ödənilsin: 1.1. dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat məbləğində; 1.2. digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat məbləğində. “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci tarixli sərəncamının 1-ci bəndinə əsasən 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir. Göstərilən qanunvericilik aktlarına əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılmışdır. Dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir. Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına, şəxsi əşyalara və digər dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsini aidiyyəti yerli icra hakimiyyəti orqanları təmin edirlər. Göründüyü kimi, yaşayış evlərinə dəymiş ziyanla bağlı təşkilati işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, məişət əşyalarına, şəxsi əşyalara və digər dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Bundan əvvəl edilməli olan hərəkət isə, yəni dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasının təmin edilməsi isə Dövlət Komissiyasına həvalə edilmişdir. Hazırkı işin faktiki hallarından görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinə dəymiş ziyan müvafiq qurumlar tərəfindən qiymətlənərək dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evlər kateqoriyasına deyil, “təmir” kateqoriyasına aid edilməklə iddiaçının ailəsinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən 1.000 manat məbləğində maddi yardım edilmişdir. Məhkəmə hazırkı “ona məxsus fərdi yaşayış evinin təmirinin təşkili ilə” bağlı qeyd edir ki, iddiaçının özü tərəfindən əsaslı təmir aparılması üçün ona mal-materiallar cavabdeh və digər qurum tərəfindən təhvil verilmiş, iddiaçı həmin mal-materialların təhvil alınması və bununla təmir işinin bitmiş hesab olunması barədə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktla razılaşaraq imza atmışdır. Başqa sözlə, iddiaçının razılığı ilə həmin vaxt təmir işi bitmiş hesab olunmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqan imtinası iddiaçının hüquqlarına birbaşa müdaxilə mövcud olmadığından hazırkı tələb üzrə mübahisə yoxdur. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Gəncə şəhəri, Cavadxan qəsəbəsi ünvanda yerləşən iddiaçıya məxsus yaşayış evinə dair təmir-tikinti işlərinin həyata keçirilməsinin təşkili vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar