Məhkəmə qərarları › İş №2-1(114)-3582/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3582/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3582/2023 04.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və soyadının Məmmədov, adının isə Aydın kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: X2 xx xxxx 1987-ci il tarixdə Şəmkir rayonun Çinarlı qəsəbəsində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1987-ci il tarixdə 132 nömrə ilə qeydiyyat aparılmış, ata qrafasında “X3”, ana qrafasında “X4” qeyd edilmişdir. İddiaçı sonluğunu “Məmmədov”dan “Məmmədli”yə düzəliş etdirmişdir. Daha sonra iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən adın, ata adının və soyadın dəyişdirilməsi haqqında xx.xx.2021-ci il tarixli 63 nömrəli akt qeydi tərtib edilərək ona AZ-İ 032146 seriya nömrəli şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən onun soyadı “Məmmədli”dən “Rzazadə”yə və adı “Aydın”dan “Qasım”a dəyişdirilmişdir. İddiaçı əvvəlki soyadına və adına qayıdılması məqsədilə yenidən cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli “adın və soyadın növbəti dəfə dəyişdirilməsinin mümkün hesab edilməməsi barədə” qərarına əsasən iddiaçının adının və soyadının növbəti dəfə dəyişdirilməsi mümkün hesab edilməmişdir. Qərarla razılaşmayan iddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək “soyadının Məmmədov, adının isə Aydın kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması”nı xahiş etmişdir. İddia ərizəsi İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığı üçün həmin Məcəllənin 13-cü maddəsinə uyğun olaraq məhkəmə tərəfindən iddiaçıya zəruri hüquqi yardım göstərilmişdir. Bundan sonra iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və soyadının Məmmədov, adının isə Aydın kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1987-ci il tarixdə Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olmuş, hazırda Gəncə şəhəri,Məhsəti qəsəbəsi, Ələddin Abbasov küçəsi 12 saylı evdə qeydiyyatda olmaqla, Şəmkir rayon Çinarlı qəsəbəsi, Rəşid Behbudov küçəsində yaşayır. İddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək əvvəlki ər soyadının "Məmmədov", adının isə əvvəlki adı "Aydın" kimi qeyd edilməsini xahiş etmişdir. Lakin Cavabdeh ona xx.xx.2023-cü il tarixli adın və soyadın növbəti dəfə dəyişdirilməsinin mümkün hesab edilməməsi barədə qərar vermişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, ailəvi problemlərə görə soyadını və adını dəyişdirmiş, lakin hazırda övladlarına problemlər yaranmaması üçün yenidən öz əvvəlki soyadına və adına qayıtmaq istəyir. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-518-65 nömrəli məktubla məhkəməyə müraciət edərək məhkəmə prosesinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə qərarın qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarına cavabdehin xx.xx.2023-cü il tarixli qərarı, doğum haqqında şəhadətnamələrin surəti, iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, nikah haqqında şəhadətnamənin surəti, elektron sorğu sistemindən çıxarışlar, cavabdehin xx.xx.2023-cü il tarixli 3-16-518-65 nömrəli məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 33.1 və 33.2-ci maddələrinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Çünki cavabdeh iddiaçıya soyadın dəyişdirilməsi ilə əlaqədar ərizəsinə dair formal qərar qəbul etməmişdir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) riayət edilmişdir. Belə ki, inzibati orqan iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixdə yazılı məlumat vermiş, iddiaçı isə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət açıq-aşkar gözlənilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190.1-ci maddəsinə əsasən ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir: 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Göründüyü kimi, yuxarıda qeyd edilən hallardan hər hansı biri bu işdə mövcud deyildir. Digər tərəfdən, iddiaçının övladları ilə bağlı gətirdiyi arqumentlə bağlı məhkəmə qeyd edir ki, iddiaçının uşaqları – xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamələrdə soyadları “Rzazadə”, ata adları “İddiaçı” qeyd olunmuşdur. Ona görə də Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtinası əsaslı və qanuni olmuşdur. Sözügedən imtina həm qanunvericilikdə nəzərdə tutulmuş, həm də legitim məqsədə yönəlmişdir. İddiaçı tərəf isə tələbi ilə bağlı ağlabatan, tutarlı, inandırıcı səbəblər irəli sürməmiş, konkret hansı çətinliklərlə qarşılaşdığını və onları dəf edə bilmədiyini təsdiq edən heç bir sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və soyadının Məmmədov, adının isə Aydın kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar