Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-359/2021 23.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vuqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X8 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X9 (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi) qarşı qeyriyaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X8 (bundan sonra mətndə cavabdeh) xx.xx.2020-ci il tarixli, **********17 saylı məktubundan görünür ki, “Tikinti obyektinin istismarına icazə” sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsinin yazılmadığı, həmçinin layihə üzrə binanın 4 mərtəbəli və mansart olduğu, lakin faktiki olaraq 5 mərtəbəli kimi inşa edildiyi əsas göstərilərək İddiaçı ünvan 1 və Atatürk prospekti, 2-ci dalan, 1 ünvanda yerləşən 5 mərtəbəli qeyriyaşayış binası üzərində mülkiyyət hüququnun Dövlət Reyestrində qeydə alınması və bu haqda müvafiq çıxarışın verilməsi müraciətindən imtina edilmişdir. İmtina ilə razılaşmayan İddiaçı cavabdehə (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 və Atatürk prospekti, 2-ci dalan, 1 ünvanda yerləşən 5 mərtəbəli qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun Dövlət Reyestrində qeydə alınması və bu haqda müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 və Atatürk prospekti, 2-ci dalan, 1 ünvanda yerləşən qeyri-yaşayış binası onun və digər sifarişçi X3 paylı mülkiyyətində olan torpaq sahəsində paylı mülkiyyət olaraq inşa edilmişdir. Paylarla bağlı heç bir mübahisə yoxdur. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********17 saylı məktubu ilə müraciətinə baxılması və mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmiş, cavabdeh tərəfindən müraciətindən imtina edilərkən heç bir qanunvericilik normasına istinad edilməmiş onun tərəfindən hansı qaydaların və ya normativ aktların pozuntusuna yol verilməsi göstərilməmişdir. Binanın tikintisinə hazırlıq, işçi layihə və eləcə də istismara icazə sənədlərində binanın 5 mərtəbəli olması da öz təsdiqini tapır. Binanın 5 mərtəbəli tikinti olması tam olaraq aidiyyəti qurumlarla razılaşdırılmışdır. İmtina barədə bildirişdə “nöqsan” kimi göstərilən hallar isə “Daşınmaz Əmlakın Dövlət Reyesteri haqqında” Azərbaycan Respublikası Qanununun 8, 9, 10 və 11-ci maddələrində göstərilən tələblərə uyğun deyildir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, vətəndaş İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 müraciətinə baxılmış və aparılmış araşdırma zamanı təqdim edilmiş hüquqmüəyyənedici sənədlərin qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi, belə ki, “Tikinti obyektinin istismarına icazə” sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsinin yazılmadığı, həmçinin layihə üzrə binanın 4 mərtəbəli, mansarlı olduğu, lakin faktiki olaraq 5 mərtəbəli kimi inşa edildiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verdi və əlavə olaraq bildirdi ki, nümayəndəsi olduğu iddiaçının hüquqlarının qeydə alınması ilə bağlı məhkəməyə və ilkin olaraq inzibati orqana müraciət olunsa da, digər payçı X7 ilə aralarında heç bir narazılıq olmadığından, onun adından istər ilkin olaraq inzibati orqana, istərsə də məhkəməyə müraciət edilməmişdir. Torpaq sahəsi paylı mülkiyyət kimi qeydə alınmış və qeyri-yaşayış obyekti də hər iki payçı tərəfindən birgə inşa edilmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianın əsassız olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, digər payçı X3 qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ilkin olaraq müraciəti olmamış, yalnız hazırkı iddiaçının nümayəndəsi tərəfindən rəsmi müraciət edilmişdir. Üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsi). Məhkəmə iddia ərizəsini, iş materiallarını və tərəflərin izahatlarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Nəzərə alınmalıdır ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 və Atatürk prospekti, 2-ci dalan, 1 ünvanda yerləşən 0.0631 hektar torpaq sahəsi bərabər hissələrlə İddiaçı və X4 məxsusdur. Həmin torpaq sahəsində ticarət mərkəzinin inşa edilməsinə icazə verilməsi barədə Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 239 nömrəli sərəncamında, xx.xx.2020-ci il tarixli 06 nömrəli tikinti obyektinin istismarına icazə sənədində İddiaçı və X3 adları qeyd edilmişdir. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, yalnız İddiaçı hazırki iddia tələbinin predmeti olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki İddiaçı mübahisə predmeti olan qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi torpaq sahəsi üzərində X7 ilə bərabər paylarla mülkiyyət hüququna sahibdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Göründüyü kimi İPM-in 30-cu maddəsi prosessual həmiştirakçılığın mahiyyətini təsvir edir və prosessual həmiştirakçılıq o zaman mümkündür ki, tərəflər mübahisə predmeti üzrə eyni hüquqi maraqlara malik olsunlar və ya eyni faktiki və hüquqi hallara söykənən hüquq və vəzifələrə malik olduqlarını bildirsinlər. Məhkəmə qeyd edir ki, İPM-in 30.4-cü maddəsində nəzərdə tutulan zəruri prosessual həmiştirakçılıq isə maddi-hüquqi və prosessual səbəblərdən mövcud ola bilər. Belə ki, zəruri prosessual həmiştirakçılığın xüsusiyyəti ondan ibarətdir ki, burada bütün prosessual həmiştirakçılar haqqında vahid qərarın qəbulu zəruridir. Zəruri prosessual həmiştirakçılığın prosessual nəticələri isə prosessual hərəkətlər yalnız bütün həmiştirakçılar tərəfindən birlikdə edilə bilməsi, şifahi məhkəmə iclasına gəlməyən prosessual həmiştirakçı məhkəmə iclasında iştirak edən digər həmiştirakçı tərəfindən təmsil edilmiş sayılması və hər hansı bir prosessual həmiştirakçı tərəfindən hüquqi müdafiə vasitəsindən istifadə edilməsinin başqa prosessual həmiştirakçıların lehinə/əleyhinə təsir etməsindən ibarətdir. Hazırki iş materiallarından göründüyü kimi X7 mübahisə predmeti olan qeyriyaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi tələbi ilə inzibati orqana və məhkəməyə müvafiq qaydada müraciət etməmişdir. Məhkəmə hesab edir ki, hər iki şəxs hazırki iş üzrə müştərək hüquqi marağa sahib olduqlarından yalnız biri tərəfindən bu cür iddianın verilməsi mümkünlük şərtinə cavab vermir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X9 (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi) qarşı qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflər təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-359/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-359/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver