Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-359/2022 19.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) X5 və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 193 saylı Hərbi Hissəsinə qarşı 3-cü X10 21.08.2021-ci il tarixli, N əç nömrəli əmrinin İddiaçı münasibətdə ləğvi və işə bərpa olunanadək məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin 21.08.2021-ci il tarixli, N əç nömrəli əmrinin ləğv edlməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 171 saylı Hərbi Hissəsinin 2-ci tabor, 4-cü bölük, 1-ci taqım, 2-ci manqanın komandiri vəzifəsinə bərpa edilməsinə dair əmrin verilməsi, məcburi proqula görə ona ödənilməmiş 3 aylıq əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 11.01.2022-ci il tarixli məhkəmə iclasında buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim etmiş, Məhkəmənin 31.01.2022-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı 19.05.2022-ci il tarixdə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 3-cü X10 21.08.2021-ci il tarixli, N əç nömrəli əmrinin İddiaçı münasibətdə ləğvi və işə bərpa olunanadək məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 171 saylı Hərbi Hissənin komandanlığının müvafiq əmri əsasında 27.02.2020ci il tarixdən 21.08.2021-ci il tarixədək həmin hərbi hissənin 2-ci tabor, 4-cü bölük, 1-ci taqım, 2-ci manqanın komandiri vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-cü Korpus Komandirinin 21.08.2021-ci il tarixli N əç nömrəli əmri əsasında «Hərbi xidmətkeçmə haqqında“ Əsasnamənin (bundan sonra mətndə Əsasnamə) 156-cı maddəsinin e bəndinə əsasən (xidmətə uyğunsuzluğa görə) ehtiyata buraxılaraq 01.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin sərəncamına getməyi əmr edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-cü Korpus Komandirinin 21.08.2021-ci il tarixli N əç nömrəli əmri əsasında «Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin e bəndinə əsasən (xidmətə uyğunsuzluğa görə) əmrinin barəsində əsassız olaraq çıxarılmasından narazı qalmışdır. Ona görə ki, qeyd etdiyi əmrlə üç illik müqavilə üzrə xidmət müddətinin bitməməsinə, xidmət etdiyi müddətdə barəsində komandanlıq tərəfindən heç bir tənbeh tədbirinin tətbiq edilməməsinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 193 saylı Hərbi Hissə komandirinin 25.06.2021-ci il tarixli 184 saylı əmri ilə Azərbaycan ordusunun 103-cü ildönümü münasibəti ilə «Təşəkkür» elan edilməsinə görə onun xidmətə uyğunsuz hesab edilməyi tam əsassızdır. Bu məqsədlə qanunvericilikdə edilmiş müvafiq dəyişiliklərin tələbinə əsasən xidmətə bərpa edilməsi və məcburi proqula görə ödənilməmiş əmək haqqını ödənilməsi tələbi ilə Mediasiya qaydasına müraciət etmişdir. Ancaq, cavabdehin mediasiya prosesində iştirak etməməsinə və iştirak etməməsinin səbəbi barədə Mediatora rəsmi məlumat verməməsinə görə 12.11.2021-ci il tarixli 06605\21 saylı arayışla mediasiya prosesinin aparılmasının mümkün olmaması barədə məlumat verilmişdir. Ona görə də əmrin ləğvi, əvvəlki xidmətinə bərpa olunması və məcburi proqula görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Şifahi məhkəmə baxışı iclasında iddiaçı və nümayəndəsi(vəkili) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdeh 18 nömrəli, 09.01.2022-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər İddiaçı, 31 dekabr 2018-ci il tarixdə Gədəbəy rayon SHXÇDX tərəfindən hərbi xidmətə çağırılmış, 31.12.2018-ci il tarixdən 19.10.2019-cu il tarixədək N nömrəli hərbi hissədə müvafiq vəzifələrdə xidmət etmiş, 19.10.2019-cu il tarixdən 24.02.2020-ci il tarixədək N nömrəli hərbi hissənin 1-ci taborunda xidmət etmiş, 24.02.2020-ci il tarixdə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissənin 2-ci tabor, 4-cü bölük, 1-ci taqım, 3-cü manqanın komandiri vəzifəsinə təyin edilmişdir. 2-ci tabor komandiri kapitan Əjdər Hacızadənin N nömrəli hərbi hissə komandirinə yazdığı raportdan görünür ki, hərbi hissənin 2-ci tabor, 4-cü bölük, 2-ci manqanın komandiri vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər İddiaçı verilən tapşırıqların öhdəsindən gələ bilmir, tabeliyində olan şəxsi heyətə zəif nəzarət edir, Nizamnamələrin tələblərini kobud şəkildə pozur. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən baş əsgər İddiaçı xarakterizə olunarkən qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər İddiaçı, 24.02.2020-ci il tarixdən 21.08.2021-ci il tarixədək N nömrəli hərbi hissənin 2-ci tabor, 4-cü bölük, 1 -ci taqım, 3-cü manqanın komandiri vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, funksional vəzifə borclarını bilməyən və onların öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkən bir hərbi qulluqçu kimi tanıtmışdır. Peşəkar bilik səviyyəsinin artırılması üzrə öz üzərində çalışqanlığı qənaətbəxş deyil. İşinə tənqidi yanaşma qabiliyyətinə malik deyil. İradlardan nəticə çıxarmağa çalışsa da qismən nail olur. Kollektiv arasında nüfuzu çox aşağı səviyyədədir. Sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu baş əsgər İddiaçı vəzifə borclarını layiqincə yerinə yetirə bilmədiyini, tabeliyində olan şəxsi heyətə zəif nəzarət etdiyini, Nizamnamələrin tələblərini kobud şəkildə pozduğunu nəzərə alaraq N nömrəli hərbi hissə komandiri polkovnik İlqar Abdulxalıqovun vəsatəti əsasında "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması haqda qərar qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin N əç nömrəli 21 avqust 2021-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin N əç nömrəli 21 avqust 2021-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması qanunidir. Bundan başqa N nömrəli hərbi hissə komandirinin N əç nömrəli 21 avqust 2021-ci il tarixli əmri "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun 41.0.6 bəndinə (xidməti uygunsuzluğa görə) əmrin mətni uyğundur. N nömrəli hərbi hissə komandirinin N əç nömrəli 21 avqust 2021-ci il tarixli əmri ləğv edilmədən qanuni qüvvədə saxlanılmasını xahiş edirlər. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə araşdırmasını predmetini N nömrəli hərbi hissə komandirinin 15.10.2019cu il tarixli təqdimatı, N nömrəli hərbi hissə komandirinin 22.02.2020-ci il, 2021-ci il tarixli təqdimatları, SHXÇDX-nin Gədəbəy Rayon Şöbəsinin 28.10.2021 və 22.11.2021-ci il tarixli, 1321 və 2003 nömrəli məktubları, iddiaçıya məxsus SX ******* nömrəli hərbi bilet, Şəmkir Rayon Prokurorluğunun 29.10.2021-ci il tarixli, HP-21/5328 nömrəli məktubu, 10.08.2021-ci il və 20.08.2021-ci il tarixli söhbət vərəqələri, iddiaçıya aid xidməti vərəqə, N nömrəli hərbi hissənin mahhxhq-ların şərəf məhkəməsinin 14 nömrəli, 11.08.2021-ci il tarixli protokolu, həmin tarixli qərarı, 3-cü X10 21.08.2021-ci il tarixli, N əç nömrəli əmri, iddiaçının xidmət dəftərçəsi, cavabdehin 18 nömrəli, 09.01.2022-ci il tarixli etiraz məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia tələbindən göründüyü kimi tələb formal olaraq üç hissədən: əmrin ləğvi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissələrindən ibarətdir. İş materiallarına əlavə edilmiş 31.12.2018-ci il tarixli, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların həqiqi hərbi xidmətinə daxil olma haqqında bağlaşmadan görünür ki, N nömrəli hərbi hissə ilə (Azərbaycan Respublikası Müdafiə Nazirliyi) və İddiaçı arasında 3 il müddətində bağlaşma bağlanmışdır. İş materiallarına əlavə edilmiş, N nömrəli hərbi hissə komandirinin 15.10.2019-cu il tarixli təqdimatından görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı 2018-ci ildən N nömrəli hərbi hissənin 1-ci dağ-atıcı taborunun dağ-atıcı bölüyünün dağ-atıcı taqımının dağ-atıcı manqasının komandiri vəzifəsində xidmət etdiyi müddət ərzində özünü intizamlı, bacarıqlı, yuxarı komandanlıq tərəfindən verilən əmr və tapşırıqlarıən öhdəsindən yetərincə gələn bir hərbi qulluqçu kimi göstərmişdir. Xidməti vəzifələrini nizamnamələr çərçivəsində yerinə yetirir. Özünün və tabeliyində olanların döyüş hazırlığının, mənəvi və işgüzar keyfiyyətlərinin artırılması üçün çalışır. Dövlət sirrini qorumağı bacarır, fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən safdır. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı ixtisasına uyğun digər hərbi hissədə müvafiq vəzifəyə təyin olunması uyğun hesab edilmişdir. İş materiallarına əlavə edilmiş, N nömrəli hərbi hissə komandirinin 22.02.2020-ci il tarixli təqdimatından görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı xidmət etdiyi müddətdə özünü nizamlı, bacarıqlı, yuxarı komandanlıq tərəfindən verilən əmr və tapşırıqların öhdəsindən yetərincə gələn bir hərbi qulluqçu kimi göstərmişdir. Xidməti vəzifələrini nizamnamələr çərçivəsində yerinə yetirir. Özünün döyüş hazırlığının, mənəvi və işgüzar keyfiyyətlərinin artırılması üçün çalışır, üzərinə düşən vəzifə borcunun məsuliyyətini dərk edir, nəzəri biliklərini və praktiki vərdişlərinin inkişaf etdirilməsi üçün mütəmadi olaraq çalışdığından, onun yuxarı vəzifəyə təyin olunması məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş, N nömrəli hərbi hissə komandirinin 2021-ci il tarixli təqdimatından görünür ki, baş əsgər X15, 24.02.2020-ci il tarixdən N nömrəli hərbi hissənin 2-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri vəzifəsində xidmət edir. Xidmət etdiyi müddətdə özünü intizamlı, bacarıqlı, yuxarı komandanlıq tərəfindən verilən əmr və tapşırıqların öhdəsindən layiqincə gələn bir hərbi qulluqçu kimi göstərmişdir. Xidməti vəzifələrini nizamnamələr çərçivəsində yerinə yetirir. Özünün və tabeliyində olanların döyüş hazırlığının, mənəvi və işgüzar keyfiyyətlərinin atırılması üçün çalışır, üzərinə düşən vəzifə borcunun məsuliyyətini dərk edir, nəzəri biliklərini və praktiki vərdişlərinin inkişaf etdirilməsi üçün mütəmadi olaraq çalışır. Dövlət sirrini qorumağı bacarır, fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən safdır. Başqa hərbi hissədə müvafiq vəzifəyə təyin olunmas məqsədə uyğun hesab edir. İş materiallarına əlavə edilmiş, ehtiyata buraxılma barədə 10.08.2021 və 20.08.2021-ci il tarixli 1-ci və 2-ci söhbət vərəqələrindən görünür ki, baş əsgər İddiaçı xidmət müddətinə az qaldığını nəzərə alınaraq tərxis olunmamasını yuxarı rəislərdən xahiş etmişdir. N nömrəli hərbi hissənin mahhxhq-ların şərəf məhkəməsinin 11.08.2021-ci il tarixli, 14 nömrəli protokolundan və həmin tarixli qərarından görünür ki, N nömrəli hərbi hissənin 2-ci tabor 4-cü bölüyünün 2-ci manqasının komandiri vəzifəsində xidmət edən mahhxhq baş əsgər İddiaçı intizamsızlıqlara yol verdiyinə, xidmətdə nöqsanlara yol verdiyi üçün tabor komandiri tərəfindən dəfələrlə ona edilən iradlardan nəticə çıxarmadığına görə hərbi hissə komandiri tərəfindən qəbul edilmiş qərara əsasən işinə baxılaraq N nömrəli hərbi hissənin mahhxhq-ların şərəf məhkəməsinin 11.08.2021-ci il tarixli Qərarı qəbul olunmuş və həmin qərarla onun tutulan iradlardan nəticə çıxarmadığını, manqanın şəxsi heyətinin həyat və fəaliyyətinə düzgün nəzarət etmədiyini, nizamnamələrin tələblərinin yerinə yetirilməsində çətinlik çəkdiyini, şəxsi heyət arasındakı münasibətlərə nəzarət etmədiyindən sonda bədbəxt hadisələrə gətirib çıxaracağını, hərbi qulluqçulara mənfi fikirlərin yaranmasına səbəb olan hərəkətlər etməsi, bununla da şəxsi heyətin mənəvi psixoloji vəziyyətinə mənfi təsir göstərərək pis nümunə olması nəzərə alınaraq ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş,N nömrəli hərbi hissə komandirinin 20.08.2021-ci il tarixli təqdimatında göstərilmişdir ki, İddiaçı komandir və rəislər tərəfindən verilən əmr və göstərişləri vaxtında yerinə yetirmir, ona göstərilən etimadı doğrultmur. Təşkilatçılıq qabiliyyəti və qərar qəbul etmə bacarığı çox aşağı səviyyədədir. Rəhbərlik və tərbiyə etmə bacarığına malik deyil. Ona təhkim olunmuş silaha qulluq göstərmir, onu saz və döyüşə hazır vəziyyətdə saxlamağa çalışmır. Kollektiv arasında nüfuzu çox aşağı səviyyədədir. Təqvim hesabı ilə 4 il, 1 ay, 11 gün güzəştlə 2 il, 7 ay, 11 gün və ümumi 6 il 8 ay 22 gün xidmət etmişdir. Dövlət sirrini qorumağı bacarır, fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən safdır. Sadalananları nəzərə alaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması məqsədəuyğun hesab edilmişdir. İş materiallarına əlavə edilmiş, 3-cü Korpus Komandirinin 21.08.2021-ci il tarixli, N əç nömrəli əmrindən görünür ki, Baş əsgər İddiaçı, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, 171-ci motoatıcı briqadasının (N nömrəli hərbi hssə) 1712-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı manqasının komandiri həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyat üçün SHXŞDX-bin Gədəbəy Rayon Şöbəsinə göndərilmişdir. İşin yuxarıda şərh olunan faktiki hallarının xronoloji ardıcıllığından görünür ki, iddiaçı məlum 09.08.2021-ci il hadisəsi baş verənə qədər müsbət xarakterizə olunmuş, hətta ona 25.06.2021-ci il tarixdə Azərbaycan Ordusunun 109-cu ildönümü münasibəti ilə “Təşəkkür” növündə həvəsləndirmə tədbiri elan olunmuşdur (bax şəxsi işinin xidmət vərəqəsinə). İş materiallarında olan 11.09.2021-ci il tarixli Şəmkir hərbi Prokurorluğunun böyük müstənqiti X7 icraatında olan 59c-21 nömrəli araşdırma materiallarından da görünür ki, 09.08.2021-ci il tarixdə saat 21:26 radələrində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu gizir X8 ehtiyatsızlıqdan xidməti istifadəsində olan avtomat silahdan atəş açaraq əsgər X1 az ağır bədən xəsarəti yetirməsi hadisəsinin iddiaçı ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq o, həmin gün döyüş növbəsində olmuş, məlum panik hadisə zamanı istifadəsində olan silahını götürüb bayıra çıxaraq dərhal atəş sektorlarına, habelə döyüş mövqeyinin atəş açmaq üçün əlverişli olan nöqtələrinə tərəf getmişdir ki, bu da onun həmin vaxt düşmən hərbi qulluqçularının posta basqın etdiklərini zənn edib digər hərbi qulluqçularla birlikdə xidməti istifadələrində olan silahlardan düşmən istiqamətində 142 patron atmaları ilə sonlanmışdır. Cavabdeh etiraz məktubunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu baş əsgər İddiaçı vəzifə borclarını layiqincə yerinə yetirə bilmədiyini, tabeliyində olan şəxsi heyətə zəif nəzarət etdiyini, Nizamnamənin tələblərini kobud şəkildə pozduğunu nəzərə alaraq sözügedən əmrin verildiyini qeyd etsə də, cavabdehin nümayəndəsi X9 11.04.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının xidmət zamanı döyüş növbətçiliyini pozduğunu, xidmət yoldaşları ilə birlikdə digər xidmətdə olan gizir Vəliyev Taleh ilə zarafat edərək, onu qorxutmaqla Ermənistan Respublikası ilə sərhəddə döyüş növbətçiliyini kobud surətdə pozduğuna görə ehtiyata buraxıldığını qeyd etmişdir. Göründüyü kimi cavabdehin etiraz məktubundakı dəlilləri ilə nümayəndəsinin məhkəmə iclasındakı izahatı arasında ziddiyətlər mövcuddur. Tətbiq olunan maddi hüquq normaları: İnzibati İcraat Haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası Silahlı X2 50-ci maddəsinə görə, müddətindən artıq xidmət çavuşlarına: məzəmmət, töhmət, şiddətli töhmət, hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs, əlaçı döş nişanından məhrum etmə, öz vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq, aşağı vəzifəyə keçirmə, hərbi rütbəsini bir pillə aşağı salma, hərbi rütbəsini bir pillə aşağı salmaqla yanaşı, aşağı vəzifəyə keçirmə, xidmət vaxtı başa çatmamış ehtiyata buraxma, sülh dövründə çavuş hərbi rütbəsindən məhrum etməklə ehtiyata buraxma cəzaları verilə bilər. İnzibati Prosesual Məcəllənin 74-cü maddəsinə görə, İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə işin yuxarıda şərh olunan və bununla bağlı İnzibati İcraat Haqqında Qanuna, İnzibati Prosessual Məcəlləyə və sahəvi qanunvericilik aktlarının tələblərinə əsasən qeyd edir ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüququ münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyat keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. Bu tələbdən çıxış edərək məhkəmə qeyd edir ki, hazırki işdə diskresion səlahiyyətlər əsasında hərəkət edən cavabdeh inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkəti bu səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməmişdir. Belə ki, cavabdeh inzibati orqan iddaçıya “Hərbi Xidmətkeçmə haqında“ Əsasnamənin 156-cı maddəsinin e) ximdəti uyğunsuzluğa görə bəndini tətbiq edərkən, Azərbaycan Respublikası Silahlı X3 50-ci maddəsində nəzərdə tutulmuş digər alternativ cəzaların tətbiq edilməsinin mümkün olmamasını ümumiyyətlə müzakirə etməmişdir. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarına, maddi və prosessual hüquq normalarına əsasən bu nəticəyə gəlir ki, cavabdehin 21.08.2021-ci il tarixli, N əç nömrəli əmri iddiaçıya münasibətdə qanunsuz olduğundan ləğv olunmalıdır. Tələbin işə bərpa olunması hissəsinə gəlincə məhkəmə qeyd edir ki, 30.12.2018-ci il tarixli bağlaşma müqaviləsinin 2.1-ci bəndinə əsasən tərəflər əsgər İddiaçı Azərbaycan Ordusunda 3 il müddətinə, yəni 31.12.2018-ci il tarixdən MAHHXHQ vəzifəsində ximdət etməyi öhdəliyini qəbul etmişlər. Həmin müqavilənin 4-cü bəndinə əsasən bağlaşmanın müddətinin bitməsinə ən azı üç ay qalmış tərəflər yeni bağlaşma imzalanmasına və ya bağlaşmanın bitməsinə dair qarşılıqlı olaraq bir-birini məlumatlandırma öhdəliyi götürüblər. Bağlaşma müqaviləsinin artıq 31 dekabr 2021-ci il tarixdə bitdiyi və bu vaxta qədər isə iddiaçının mübahisələndirilən əmrlə 21.08.2021-ci il tarixdən ehtiyata buraxıldığı nəzərə alındığı halda iddiaçının işə bərpa tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün deyildir. Belə olan halda məhkəmə inzibati orqanın üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoya bilər (İPM 73.2). Lakin inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz (İPM 73.3, 73.3.1). Odur ki, məhkəmə tələbin həmin hissəsi üzrə cavabdeh inzibati orqanın üzərinə yeni bağlaşma müqaviləsinin bağlanmasını onun öz mülahizəsinə buraxır. Belə ki, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 19-cu bəndinə əsasən, Bağlaşma üç il müddətinədək və bu müddət bitdikdən sonra yenidən bağlana bilər. Bəndin tələbindən göründüyü kimi, yenidən bağlaşma bağlanması üçün Əsasnamədə imperativ göstəriş yoxdur. İddia tələbinin məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə gəlincə məhkəmə hesab edir ki, İddiaçı AR Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən bu tələbə malikdir. Belə ki, həmin maddənin tələbinə görə 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlaşma müqaviləsi müddəti 31 dekabr 2021-ci il tarixdə bitdiyindən iddaçıya 21.08.2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixə kimi məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır(İPM-nin 68.2-ci maddəsi). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı cavabdehin 21.08.2021-ci il tarixli, N əç nömrəli əmrinin İddiaçı münasibətdə ləğv olunmalı, işə bərpa olunması ilə əlaqədar yeni bağlaşma müqaviləsi bağlanması cavabdehin öz mülahizəsinə buraxılmalı və iddiaçıya 21.08.2021ci il tarixdən 31.12.2021-ci il tarixə kimi məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 3-cü X10 21.08.2021-ci il tarixli, N əç nömrəli əmri İddiaçı münasibətdə ləğv olunsun, işə bərpa olunması ilə əlaqədar yeni bağlaşma müqaviləsi bağlanması cavabdehin öz mülahizəsinə buraxılsın və iddiaçıya 21.08.2021-ci il tarixdən 31.12.2021-ci il tarixə kimi məcburi iş buraxmaya görə əmək haqqı ödənilmə vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-359/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-359/2022
19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver