Məhkəmə qərarları › İş №2-1(114)-359/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-359/2024

21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-359/2024 21.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli JN-316A KOD 50702018 nömrəli şəhadətnaməyə əsasən Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 106 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədilə 0.08 ha torpaq sahəsi ayrılmışdır.

2. İddiaçı yuxarıda göstərilən sənədi təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmiş və cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005ci il tarixli JN-316A KOD 50702018 nömrəli şəhadətnamənin Ərazi İdarəsinin elektron baza və arxiv məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

3. Məhkəmənin sorğusuna Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMCnin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1813/2023 nömrəli cavab məktubunda göstərilir ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 106 saylı qərarı, eləcə də Samux rayonu, İnstitut qəsəbəsi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir.

4. Məhkəmənin sorğusuna Samux rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3- 48-39RA/2-Ə-345/2023 nömrəli cavab məktubunda göstərilir ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 106 saylı qərarı mühafizə olunmaq üçün Samux rayon Dövlət Arxivinə təhvil verilməmişdir.

5. Məhkəmənin sorğusuna Samux Rayon İcra Hakimiyyəti başçısının İnstitut qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 78 nömrəli cavab məktubunda göstərilir ki, nümayəndəliyin 1999-2000-ci illəri əhatə edən təsərrüfatbaşına kitabları rayon Arxivinə təhvil verilmişdir. Nümayəndəliyin 2018-2023-cü illəri əhatə edən və istifadə olan təsərrüfatbaşına kitablarda İddiaçı adlı şəxs və onun adına təsərrüfat qeydə alınmamışdır. Nümayəndəlik ərazisində İddiaçı adlı şəxs yaşamır.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 11268/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən X18 məxsus Torpağın mülkiyyətə verilməsinə dair JN 315A saylı Şəhadətnamə Ərazi İdarəsinə təhvil verilməmişdir. X20, X8, X19 və X12 adlarına tərtib edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 315A saylı şəhadətnamə Ərazi İdarəsinin elektron baza (DBF və DWG) məlumatlarında aşkar edilmişdir. Qeyd olunan Şəhadətnamə Şəhadətnamələrin qeydiyyat kitabında X9 adına qeyd olunmuşdur. Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarına əsasən Samux rayonu İnstitut qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə dair X5, X10, X7 və X3 adlarına Torpağın mülkiyyətə verilməsinə dair JN 317A kod 50702018 saylı Şəhadətnamə tərtib edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən X1 məxsus Torpağın mülkiyyətə verilməsinə dair JN 317A saylı kod 50702018 saylı Şəhadətnamə Ərazi İdarəsinə təhvil verilmişdir, Ərazi İdarəsinin elektron baza (DBF və DWG) məlumatlarında aşkar edilmişdir. Qeyd olunan Şəhadətnamə Şəhadətnamələrin qeydiyyat kitabında X4 qeyd olunmuşdur.

7. Həmin məktuba əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 317A kod 50702018 saylı Şəhadətnamədən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarına əsasən Samux rayonu İnstitut qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə dair X5, X10, X7 və X3 mülkiyyətinə verilmişdir. Həmin şəhadətnamədə 317A nömrəli torpaq sahəsinin qonşu torpaq sahəsi kimi 580S qeyd edilmişdir.

8. Məhkəmənin sorğusuna Samux rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3- 48-39RA/2-Ə-357/2023 nömrəli cavab məktubunda göstərilir ki, Samux rayon İnstitut qəsəbə icra nümayəndəliyinin 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarında İddiaçı adına rast gəlinməmişdir. II. Məhkəmədə icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, dövlət tərəfindən ona verilən JN-316 saylı torpaq sahəsinin 3 saylı Gəncə Ərazi İdarəsinin elektron bazasına salınaraq çıxarış verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, ona Samux rayonu, İnstitut qəsəbəsində Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 saylı qərarı ilə 0.08 hektar torpaq sahəsi mülkiyyətinə verilib. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilərək JN-316A nömrə ilə kitabda qeydə alınmışdır. Şəhadətnamənin bir nüsxəsi ona verilərək JN-316A Kod 50702018 qeyd edilmişdir. Sonra bir çox torpaq sahələri Samux rayonunun balansından çıxarılaraq Gəncə şəhərinə birləşdirilmişdir. O da Gəncə şəhərində hər il torpaq vergisini ödəmişdir. Ödənilən torpaq vergisinin qəbzləri işin içərisindədir. O, 3 saylı Gəncə Ərazi İdarəsinə çıxarış almaq üçün ərizə ilə müraciət etmişdir. Onlar da gəlib JN-316 A torpaq sahəsini ölçdülər. Amma 3 saylı Gəncə Ərazi idarəsi 3 ay onu get-gələ saldıqdan sonra JN-316 saylı torpaq sahəsi ücün ona verilən şəhadətnamənin 3 saylı Gəncə Ərazi İdarəsinin elektron bazasında olmağını söylədilər və daşınmaz əmlak üzərində hüquqların dövlət qetdiyyatına alınmasından imtina etdilər. Ancaq o, İddiaçı hər il 230 111 A 47 95 B kodu vasitəsi ilə torpaq vergisini ödəyir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.

12. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, JN-316 saylı 0.08 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

21. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

23. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, ailəsi ilə birlikdə 2005ci ilədək təxminən 20 il İnstitut qəsəbəsində yaşamışdır. Daha sonra Gəncə şəhərinə gələrək orada yaşamağa başlamışlar və bir müddət JN-316A KOD 50702018 nömrəli şəhadətnamə ilə onlara verilmiş 0.08 ha torpaq sahəsindən əkin kimi istifadə etsələr də, sonradan əkini də dayandırmışlar. Onlar torpaq sahəsini dəmir setka ilə hasara alsalar, setka oğurlandığından hazırda torpaq sahəsi boş olaraq qalmışdır.

24. Cavabdehin iddaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 2-ci bəndi).

25. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək tələbin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli JN-316A KOD 50702018 nömrəli şəhadətnamə; - Məhkəmənin sorğusuna Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMCnin xx.xx.2023-cü il tarixli3-21-3-60/2-1813/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Samux rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48- 39RA/2-Ə-345/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Samux Rayon İcra Hakimiyyəti başçısının İnstitut qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 78 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 11268/2023 nömrəli cavab məktubu; - Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli JN-317A KOD 50702018 nömrəli şəhadətnamə; - Samux rayonunun İnstitut kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq torpaq sahələrinə aid cədvəl; - Məhkəmənin sorğusuna Samux rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48- 39RA/2-Ə-357/2023 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

28. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli JN-316A KOD 50702018 nömrəli şəhadətnaməyə görə Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 106 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədilə 0.08 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin şəhadətnaməni təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmiş və cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli JN-316A KOD 50702018 nömrəli şəhadətnamənin Ərazi İdarəsinin elektron baza və arxiv məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir.

29. Məhkəmə aşağıdakılara əsasən cavabdeh orqanın imtinasını qanuni və əsaslı hesab edir.

30. Belə ki, məhkəmə tərəfindən müxtəlif orqanlara sorğular verilmiş və alınmış cavab məktubları ilə müəyyən edilmişdir ki, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivində Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 106 saylı qərarı, eləcə də Samux rayonu, İnstitut qəsəbəsi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 106 saylı qərarı mühafizə olunmaq üçün Samux rayon Dövlət Arxivinə də təhvil verilməmişdir.

31. Həmçinin, Samux rayon İnstitut qəsəbə icra nümayəndəliyinin 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarında İddiaçı adına rast gəlinməmiş, nümayəndəliyin 2018- 2023-cü illəri əhatə edən və istifadə olan təsərrüfatbaşına kitablarda İddiaçı adlı şəxs və onun adına təsərrüfat qeydə alınmamışdır. Nümayəndəlik ərazisində İddiaçı adlı şəxs yaşamır.

32. Göründüyü kimi, İddiaçı Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 106 saylı qərarı ilə 0.08 ha torpaq sahəsinin ayrıldığı göstərilməklə, on bu barədə Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli JN-316A KOD 50702018 nömrəli şəhadətnamə verilsə də, Samux rayonu İnstitut qəsəbəsində torpaq islahatı keçirilən zaman İddiaçı həmin ərazidə yaşayaraq, təsərrüfatının və təsərrüfatında torpaq sahəsinin olması müəyyən edilmir. Həmçinin, islahat zamanı Samux rayonu İnstitut qəsəbəsində yerləşən torpaqlardan pay alacaq şəxslərin siyahısında da İddiaçı adı aşkar edilməmişdir.

33. Halbuki, islahatla əlaqədar həmin ərazidə yaşayan (təsərrüfatı olan) vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin və həyətyanı sahələrin altındakı torpaq sahələri aqrar islahat komissiyalarının qərarı ilə onların mülkiyyətinə verilmiş, məhz bu əsasla vətəndaşlara Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr işlənilmişdir.

34. İddiaçıya verilmiş şəhadətnamədə onun verilməsinə hüquqi əsas qismində qeyd edilmiş Samux Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 106 saylı qərarı nə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivində, nə də Samux rayon Dövlət Arxivində aşkar edilməmişdir.

35. 16 iyul 1996-cı il tarixdə qəbul edilmiş “Torpaq islahat haqqında” Qanununa görə: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Maddə 12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər

1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Maddə 20. İslahatı aparan orqanlar Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır.

36. Göründüyü kimi, Torpağın mülkiyyətə verilməsinə dair JN 317A saylı şəhadətnamədə göstərilən məlumatların həqiqiliyi, yəni həqiqətən də aqrar islahat zamanı iddiaçıya Samux rayonu İnstitut qəsəbəsində torpaq sahəsinin ayrılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu hal isə həmin şəhadətnamənin hüquqların qeydiyyatı üçün etibarlı əsas qismində qəbul edilməsini istisna edir.

37. İddiaçı isə nə cavabdeh orqana, nə də məhkəməyə iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericilikdə göstərilən etibarlı əsaslardan hər hansı birinin mövcudluğunu təsdiq edən sənəd təqdim etməmişdir.

38. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan daşınmaz əmlak üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinası qanuni və əsaslı olmuşdur.

39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır.

41. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.

43. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə:

45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar