Məhkəmə qərarları › İş №2-1(114)-36/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-36/2020

18.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-36/2020 18.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Prezidenti yanında X3) qarşı əmrin ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının “Corğafiya” bölməsinə (üçüncü şəxs Azərbaycan Respublikası Prezidenti yanında X3) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işgüzar nüfuzun, şərəf və ləyaqətin alçaldılmasının təkzib edilməsinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmir-Metodik Şurasının “Coğrafiya” bölməsinin qərarının, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli, 698 nömrəli əmrinin və Azərbaycan Respublikası Prezidenti yanında X1 xx.xx.2016-cı il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Prezidenti yanında X3) qarşı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli, 698 nömrəli əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçı məhkəməyə həmçinin iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında İddiaçı ərizəsi təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(104)- 787/2019 nömrəli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hazırda Gəncə Dövlət Universitetinin “Coğrafiya” kafedrasında baş müəllimə vəzifəsində işləyir. Onun və mərhum X2 birgə yazmış olduqları “Coğrafiyanın ekoloji əsasları“ adlı dərs vəsaitinə görə Azərbaycan Respublikası Prezidenti yanında X3 Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarı ilə ona dosent elmi adı verilmişdir və 2015-ci ilin iyun ayına kimi ona dosent elmi adına görə pul vəsaiti ödənilmişdir. 2015-ci ildə onun və mərhum Ələsgər Əliyevin birgə yazmış olduqları “Coğrafiyanın ekoloji əsasları“ adlı dərs vəsaiti, guya R.B.Abdullayev tərəfindən 2004-cü ildə çap olunmuş dərslikdən istifadə edilməsi, yəni ondan köçürülməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinə şikayət edilmişdir və həmin şikayət əsasında Təhsil Nazirliyində araşdırma aparılmışdır. Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının “Coğrafiya” bölməsinin qərarı ilə onun və mərhum Ələsgər Əliyevin birgə yazmış olduqları “Coğrafiyanın ekoloji əsasları“ adlı dərs vəsaitində guya plagiat olması təsdiq edilmişdir. Təhsil Nazirinin “Tədris vəsaitinə nəşr hüququnun (qrifın) ləğv edilməsi barədə” xx.xx.2015-ci il tarixli, 698 saylı əmri ilə Gəncə Dövlət Universitetinin əməkdaşları İddiaçı və mərhum Ə.Əliyevin hazırladıqları “Coğrafiyanın ekoloji əsasları“ adlı dərs vəsaitinə Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 94 nömrəli əmr qüvvədən düşmüş hesab edilmişdir. Bundan sonra, Gəncə Dövlət Universitetinin xx.xx.2015-ci il tarixli, №4103- 984/0117 saylı vəsatətinə əsasən Azərbaycan Respublikası Prezidenti yanında X3 Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə onun dərs vəsaitində plagiat faktı aşkar edilməsi səbəbindən nəşr hüququ Təhsil Nazirliyi tərəfindən ləğv edildiyi üçün xx.xx.2013-cü il tarixli qərarı ilə ona verilmiş “Coğrafiya” kafedrası üzrə dosent elmi adı və attestatından məhrum edilməsi haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının “Coğrafiya” bölməsi tərəfindən düzgün və obyektiv araşdırma aparılmamışdır. Belə ki, Elmi-Metodik Şurası mütəxəssis rəyi almadan belə nəticəyə gəlmişdir və həmin Şura araşdırma apararkən onu iclasa dəvət etməmiş, o, həmin iclasda iştirak etmədiyi üçün öz dəlillərini və sübutlarını təqdim edə bilməmiş, bununla da öz düzgünlüyünü və haqlı olmağını müdafiə edə bilməmişdir. Bildirir ki, dərslikdə 1-2-3-5-6 fəsillər tamamilə birbirindən fərqlidirlər, fikirlər tamamilə bir-birinə uyğun gəlmir (bu haqda mündəricata baxmaq olar), ən əsası isə Vİ fəsildə verilmiş mövzular Azərbaycan Respublikasının təbii ekoloji şəraitinin əsas xüsusiyyətləri demək olar ki, dərsliyin əsasını təşkil etmişdir. Bu fəsildə heç bir köçürmə ilə əlaqəsi yoxdur. Ümumiyyətlə plagiat deyilən anlayışda heç bir təqsiri və günahı yoxdur. Belə ki, həmin dərslik vəsaiti onun və mərhum X2 birgə hazırladıqlarrı dərslikdir. X5 BDU-nu bitirmiş, fəlsəfə doktorudur, X6 Mərkəzində laboratoriya müdiri olmuş, Gəncə Dövlət Universitetində dosent işləmiş, 100-dən çox əsərin, 16 elmi monoqrafiya və kitabların, 11 müəlliflik şəhadətnaməsinin müəllifidir və həmin dərslik vəsaiti hazırlanarkən demək olar ki, əsas müəllif X5 olmuşdur. Ümumiyyətlə hesab edir ki, “Coğrafiyanın ekoloji əsasları“ adlı dərs vəsaiti hazırlanarkən heç bir plagiat deyilən anlayışı olmamış və həmin dərslik birgə tərtib olunduğu halda və əsas müəllif X5 olduğu halda plagiatda təkcə onu günahlandırmaq düzgün deyil. İş üzrə tərəflərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə tərəflərin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Təhsil nazirinin xx xxxx 2015-ci il tarixli, 698 nömrəli əmri ilə Gəncə Dövlət Universitetinin əməkdaşları İddiaçı və mərhum Ə.Əliyevin hazırladıqları “Coğrafiyanın ekoloji əsasları” adlı dərs vəsaitinə Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 94 nömrəli əmr qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddiaçı sözügedən əmri-inzibati aktı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə mübahisələndirməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1. maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri- iddia qaldırmaq səlahiyyəti (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə riayət edilməsi (İPMin 38.1-ci maddəsi) də mövcud olmalıdır. Belə ki, mübahisələndirmə haqqında iddia «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır Əgər iddiaçı iddianı mübahisələndirilən qərarı qəbul etmiş inzibati orqana 30 gün müddətində təqdim edərsə, bu halda da iddia müddətinə riayət edilmiş hesab olunur. Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli, 698 nömrəli əmrinin mübahisələndirilməsi ilə bağlı iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Prezidenti yanında X3) qarşı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli, 698 nömrəli əmrinin ləğv edilməsinə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar