Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-36/2021 05.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Tovuz rayonu Alakol bələdiyyəsi, X8, X22, X23, X9 və X16) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Tovuz rayonu Alakol bələdiyyəsinin 12 avqust 2006-cı il tarixli, 08 nömrəli protokolundan çıxarışdan məlum olur ki, DT və XK Tovuz rayon şöbəsinin hazırladığı sənədlər (torpağın alğı-satqısına dair akt, şəhadətnamə aktı, sxematik plan, torpaq sahəsinin qaiməsi) və digər sənədlərə əsasən Alakol kənd sakini X1 həyətyanı məqsədilə 0,08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin (bundan sonra mətndə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi) 31.01.2018-ci il tarixli, **********88 nömrəli məktubu ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsasən Tovuz rayonu, Alakol kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılmış və qeydiyyat üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, İddiaçı istifadəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi elektron baza məlumatları ilə İddiaçı istifadəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları elektron baza məlumatlarına əsasən yoxlanılarkən 0.03 hektar həyətyanı torpaq sahəsinin bir hissəsi digər şəxslərə məxsus JN 794 və JN 781 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət aktları ilə üst-üstə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlaka üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin 09.04.2020-ci il tarixli məktubundan məlum olur ki, JN-781 nömrəli “Torpağın mülkiyyət hüququna dair” dövlət aktının bir nüsxəsi idarənin arxivinə təhvil verilməmiş, JN-781 nömrəli “Torpağın mülkiyyət hüququna dair” dövlət aktına aid elektron siyahının (781-X8, X24) təsdiq edilmiş surəti göndərilmişdir. “Torpağın mülkiyyət hüququna dair” JN-0794, Kod 50303018 saylı dövlət aktından məlum olur ki, X20, X6 və X13 Tovuz rayon Aqrar İslahat Komissiyasının 08.02.1999-cu il tarixli 30 saylı qərarı ilə 0,28 ha torpaq sahəsi verilmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edən İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz rayonu, Alakol kəndində yerləşən 0.08 ha torpaq sahəsində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Alakol bələdiyyəsinin 12 avqust 2006-cı il tarixli qərarı, 16 avqust 2006-cı il tarixli şəhadətnamə aktı və eyni tarixli torpağın alğı-satqısına dair müqaviləsi ilə o Tovuz rayonu Alakol kəndində 0,08 ha torpaq sahəsinə sahibdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, bundan imtina edilmişdir. İmtina məktubunda bildirilmişdir ki, koordinatlar düzgün gəlmir. Hesab edir ki, cavabdehin hərəkəti əsassızdır və onun üzərinə hüquqlarını dövlət qeydiyyatına almaq öhdəliyi qoyulmalıdır. İddiaçı məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahəsini bələdiyyədən almışdır və həmin sahənin digər Dövlət aktları ilə verilən torpaqlarla üst-üstə düşməsi mümkün deyildir. Bundan başqa ona satılan torpaq sahəsinə giriş-çıxış yolu da yoxdur. İş üzrə keçirilmiş mütəxəssis rəyindən 4 sot torpaq sahəsinin dövlət aktları ilə üst-üstə düşməməsi müəyyən edilsə də o, bütövlükdə 8 sot torpaq sahəsi üzrə hüquqlarının dövlət reyestrində qeydə alınmasını xahiş edir. Cavabdeh inzibati orqanın etibarnamə üzrə nümayəndəsi X21 məhkəmə iclaslarında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçıya məxsus Tovuz rayonu, Alakol kəndində yerləşən 0,08 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış, iddiaçının istifadəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmiş və bu zaman elektron baza məlumatları ilə iddiaçının istifadəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları elektron baza məlumatlarına əsasən yoxlanılarkən 0,08 hektar həyətyanı torpaq sahəsinin bir hissəsi digər şəxslərə məxsus JN seriyalı 794 nömrəli və JN seriyalı 781 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktları ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Həmin torpaq sahəsi bələdiyyənin deyildir. Bələdiyyə qanunsuz olaraq həmin torpaq sahəsini satmışdır. Belə ki, həmin torpaq sahəsi digər şəxslərə Dövlət aktı əsasında verilmişdir, kənd təsərüfatı təyinatlı torpaq sahəsidir. Üçüncü şəxslər Tovuz rayonu Alakol bələdiyyəsinə, X3, X17, X20, X6 və X13 hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, digər üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İş üzrə üçüncü şəxslərin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarında olan: - Tovuz rayon Alakol bələdiyyəsinin 30.06.2019-cu il tarixli 21 nömrəli məktubundan görünür ki, bələdiyyənin 12.08.2006-cı il tarixli 08 saylı qərarı ilə Tovuz rayonunun Alakol kənd sakini İddiaçı Alakol bələdiyyəsinin mülkiyyətində olan 0,08 hektar həyətyanı torpaq sahəsi satılmışdır. Eyni tarixli digər qərarla onun qardaşı X2 da həmin ərazidə 0,08 hektar həyətyanı torpaq sahəsi satılmışdır. Hazırda hər iki torpaq sahəsi üzərində mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. Torpaq sahələri başqa şəxslərin adına yüklü deyildir və buna görə də hələ də rəsmi sənədlərdə bələdiyyənin mülkiyyətində qalır. Torpaq sahələri üzərində başqa şəxslərə məxsus olan hər hansı tikili yoxdur. Torpaq sahələri ilə bağlı digər şəxslərə bələdiyyə tərəfindən hər hansı sənəd verilməmişdir və müvafiq icarə müqaviləsi bağlanılmamışdır. - Tovuz Rayon Məhkəməsinin 05.11.2014-cü il tarixli 2(62)-1776-2014 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X4, X17 və X7 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə gediş-gəliş yolunun açılması tələbinə dair iddiası təmin edilməmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin 06.04.2015-ci il tarixli 2(104)-285/2015 nömrəli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 05.11.2014-cü il tarixli 2(62)-1776 nömrəli qətnaməsi cavabdeh X7 münasibətdə ləğv edilmiş, X5 vəfat etməsi və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməməsi əsasına görə ona münasibətdə iş üzrə icraata xitam verilmişdir. Həmin tarixli qətnamə ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 05.11.2014-cü il tarixli 2(62)-1776 nömrəli qətnaməsi cavabdehlər X4 və X17 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə gediş-gəliş yolunun açılması tələbinə dair iddiasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.10.2015-ci il tarixli 2(102)-4149 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 06.04.2015-ci il tarixli 2(104)-285/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından göründüyü kimi iddiaçı Tovuz rayonu, Alakol kəndində yerləşən 0.08 ha torpaq sahəsində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan isə öz növbəsində iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin bir hissəsi digər şəxslərə məxsus JN 794 və JN 781 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət aktları ilə üst-üstə düşməsini əsas götürərək müraciətdən imtina etmişdir. Həmin imtinanı qanunsuz hesab edən iddiaçı isə hazırkı tələblə məhkəməyə müraciət edərək Tovuz rayonu, Alakol kəndində yerləşən 0.08 ha torpaq sahəsində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. JN-0794, kod 50303018 nömərli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətindən məlum olur ki, X23 və ailə üzvlərinə Tovuz rayon Aqrar İslahat Komissiyasının 08.02.1999-cu il tarixli, 30 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,28 ha torpaq sahəsi verilmişdir. JN-0783, kod 50303018 nömərli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətindən məlum olur ki, X19 və ailə üzvlərinə Tovuz rayon Aqrar İslahat Komissiyasının 08.02.1999-cu il tarixli, 30 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,38 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 30.03.2021-ci il tarixli 15/m-029 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı istifadəsi kimi təqdim etdiyi 783 kv.m torpaq sahəsi ƏMDX-nin elektron məlumat bazasında mövcud olan torpaq islahatına dair Alakol kəndinin kompleks yerquruluşu layihəsinə əsasən 499 kv.m-ə qədər hissəsi kəndin yaşayış məntəqəsi üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyətində olan kəndin perspektiv inkişaf torpaqları ilə, 105 kv.m-ə qədər hissəsi isə JN-794 nömrəli Dövlət Aktında olan əkin məqsədilə xüsusi mülkiyyətə verilmiş pay torpaq sahəsi ilə və 179 kv mə qədər hissəsi isə JN-781 nömrəli Dövlət Aktında olan əkin məqsədilə xüsusi mülkiyyətə verilmiş pay torpaq sahəsi ilə üst-üstə düşür. Lakin faktiki istifadə vəziyyətində JN-794 və JN-781 nömrəli Dövlət Aktlarında mülkiyyətçilər İddiaçı istifadəsi kimi təqdim etdiyi torpaq sahəsinin qonşuluğunda başqa ərazidən istifadə edir. Kəndin həmin ərazisində Dövlət Aktlarında olan pay torpaq sahələri ilə mülkiyyətçilərin istifadə etdikləri torpaq sahələri arasında uyğunsuzluq mövcuddur. Rəyə əlavə edilmiş torpaq sahələrinin və üst-üstə düşən hissələrin yerləşmə sxemindən məlum olur ki, İddiaçı istifadəsi kimi təqdim edilən 783 kv.m torpaq sahəsinin 105 kv.m hissəsi 794 A nömrəli pay torpaq sahəsi, 179 kv.m hissəsi isə 781 nömrəli pay torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 23.1-ci maddəsində göstərilir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Qanunun 32.2-ci maddəsinə müvafiq olaraq isə ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. “İnzibati icraat haqqında” Qanunun qeyd olunan normalarından görünür ki, inzibati orqan hər bir müraciəti hərtərəfli, tam və obyektiv araşdırmalı, formal səbəblərə görə müvafiq qərarın qəbul olunmasından imtina etməməli və maraqlı şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə yardım göstərməli, eləcə də inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməlidir. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Mülki Məcəllənin 139-cu maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 238.1-ci maddəsinə görə, torpaq daşınmaz əmlak kimi mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. - 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. Yuxarıda qeyd olunan normalardan məlum olduğu kimi Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Məhkəmə hesab edir ki, İddiaçı iddia etdiyi 0,08 ha torpaq sahəsinin 105 kv.m-ə qədər hissəsi JN-794 nömrəli Dövlət Aktında olan əkin məqsədilə xüsusi mülkiyyətə verilmiş pay torpaq sahəsi ilə və 179 kv m-ə qədər hissəsi isə JN-781 nömrəli Dövlət Aktında olan əkin məqsədilə xüsusi mülkiyyətə verilmiş pay torpaq sahəsi ilə üst-üstə düşdüyündən, həmin dövlət aktların verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər- qərarlar qüvvədə olduğundan cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Tovuz rayonu Alakol bələdiyyəsi, X8, X22, X23, X9 və X16) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası təmin edilməməli, iş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair 378,20 manat (67,20 + 311,00 = 378,20) xərc iddiaçıdan alınaraq Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Tovuz rayonu Alakol bələdiyyəsi, X8, X22, X23, X9 və X16) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbi təmin edilməsin. İş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair 378,20 (üç yüz yetmiş səkkiz manat, iyirmi qəpik) manat xərc İddiaçı alınaraq müxbir hesab AZ37NABZ********************, SWİFT:AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** saylı hesaba ödənilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-36/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-36/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver