Məhkəmə qərarları › İş №2-1(114)-360/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-360/2023

16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-360/2023 16.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Kəlbəcər rayon Qeydiyyat şöbəsinə qarşı ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Kəlbəcər rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, X1 xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsində ölməsi barədə ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının arvadı X2 xx.xx.1972-ci ildə Azərbaycan Respublikası, Kəlbəcər rayonunun Bəzirxana kəndində anadan olmuş, 03 noyabr 1998-ci ildə rəsmi nikaha daxil olmuşlar. X2 10-15 il olar ki, sinir ağrısı və parkinson xəstəliyindən əziyyət çəkmiş və bununla bağlı müalicələr almışdır. 28 aprel 2022-ci il tarixdə Almas Məhərrəmova yaşadıqları Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən evlərində tək olan zaman intihar etmişdir. Bununla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılmışdır və cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Arvadı vəfat etdikdən sonra başı qarışıq olmuş və ölüm haqqında həkim arayışı almadığı üçün ölüm haqqında şəhadətnaməni vaxtında ala bilməmişdir. İddiaçı mərhum arvadına ölüm haqqında şəhadətnamənin verilməsi məqsədilə Kəlbəcər Rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, ölüm haqqında tibbi arayış olmadığından və müddət keçdiyindən cavabdeh ölümün qeydə alınmasından imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gəncə şəhər prokurorluğunun müstəntiqi Ramil Cəmillinin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, 1972-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə özünü öldürməklə intihar etməsində Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət hadisəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. -“Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi TTTYS-nin xx.xx.2022-ci il tarixli 950 nömrəli məlumatından görünür ki, xx.xx.2022-ci il tarixdə X1 adına çağırış olmuş, çağırışçı həkim İslam Bayramov xəstəyə təcili yardıma qədər ölüm, mexaniki asfiksiya-özünə qəsd” diaqnozu qoymuşdur. -“Kəlbəcər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, PHŞ/648-2-2022-64 nömrəli məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X1 vəfatı ilə bağlı olaraq “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsinin mümkün olmadığı bildirilərək bununla bağlı məhkəmə müraciət edilməsi tövsiyə edilmişdir. -Kəlbəcər rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 561/22 nömrəli məktubundan görünür ki, X1 ölümünün qeydiyyata alınmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə iş materialların əlavə edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarını nəzərə alaraq iddiaçının mərhum arvadına münasibətdə ölüm haqqında şəhadətnamənin verilməsi üçün yetərli əsasın olduğu qənaətinə gələrək cavabdeh orqanın imtinasını əsassız hesab edir və bunu aşağıdakı normalarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının:- -1.4-cü bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -1.5-ci bəndində qeyd olunmuşdur ki, icra hakimiyyətinin nümayəndəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, ölümün dövlət qeydiyyatını, o cümlədən doğumun və ölümün elektron qaydada qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir -8.1-ci bəndində qeyd olunmuşdur ki, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. -8.5-ci bəndində qeyd olunmuşdur ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. -8.14. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. Göründüyü kimi qanunvericilik ölüm faktının mövcud olmasını təsdiq edən sənədlərin dairəsini konkret olaraq tənzimləməmişdir. Buna baxmayaraq, xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar və “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi TTTYS-nin xx.xx.2022-ci il tarixli 950 nömrəli məlumatı X1 ölüm tarixi və şəraitini təsdiq edən sənəd kimi nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1972-ci il tarixdə Kəlbəcər rayonu, Bəzirxana kəndində anadan olmuş X1 xx.xx.2022-ci il tarixdə, Gəncə şəhərində intihar edərək ölməsi barədə ölüm akt qeydinin aparılması və bununla bağlı ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyi Kəlbəcər rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar