Məhkəmə qərarları › İş №2-1(114)-360/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-360/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-360/2024 29.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı stajın düzgün hesablanması və pul tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı fövqəladə vəziyyət şəraitində 01 yanvar 1992-ci il tarixdən 31 mart 1992-ci il tarixədək xidmət etdiyi 90 günə görə stajına 45 gün əlavə edilməsi, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 6-cı bəndinə və digər sənədlərə əsasən 02 dekabr 1992-ci il tarixdən 22 yanvar 1993-cü il tarixədək olan 51 günx2=102 günün stajına əlavə edilməsi, müddətlərin toplanması qaydasında 45 gün + 102 gün = 147 günün stajına əlavə edilməsi, fövqəladə vəziyyət şəraitində xidmət etdiyi 25 sentyabr 1989-cu il tarixdən 31 mart 1992-ci il tarixədək olan 30 ay 5 gün üçün ona verilməmiş yarım oklad vəzifə maaşının və yarım oklad rütbə pulunun indeksləşdirilərək ona verilməsi, müharibə şəraitində döyüş əməliyyatlarında 01 aprel 1992-ci il tarixdən 05 sentyabr 1992-ci il tarixədək iştirak etdiyi 5 ay 5 gün üçün ona verilməmiş pul vəsaitinin iki qatının indeksləşdirilərək ona verilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.1965-ci il tarixdən xx.xx.1992-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmiş, Azərbaycan Respublikası DİN-in xx.xx.1992-ci il tarixli 1862 nömrəli əmri ilə “Sıravi və rəis heyətinin daxili işlər orqanlarından xaric edilməsi qaydaları barədə” Müvəqqəti Təlimatın 4-cü maddəsinin “a” bəndinə (xidmətdə olmanın son yaş həddinə görə) əsasən xx.xx.1992-ci il tarixdən daxili işlər orqanlarından xaric edilmişdir.

2. İddiaçı daxili işlər orqanlarında xidmət illərinin yenidən hesablanması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə etdiyi müraciətlərə, həmin orqanın Baş Kadrlar İdarəsinin 25 may 2016-cı il tarixli, 0xx/xx-23052M-321 nömrəli, 15 sentyabr 2016cı il tarixli, 0xx/xx-904014-3216 nömrəli, 13 oktyabr 2016-cı il tarixli, 0xx/xx-9463M-3216 nömrəli cavab məktublarında bildirilmişdir ki, X1 xidmət illərinin yenidən hesablanması barədə ərizələrinə baxılmış, onun daxili işlər orqanlarında xidmət müddəti imtiyazlı hesablanma ilə 29 il 09 ay 11 gün təşkil etmişdir.

3. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-251/2021 nömrəli, 12 iyul 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(104)-1381/2017 nömrəli, 13 iyun 2017-ci il tarixli qərarı İddiaçı 01 aprel 1992-ci ildən 02 dekabr 1992-ci ilə kimi 08 ay 03 gün müharibə şəraitində işləməsi və döyüş bölgəsində olması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 01 aprel 1992-ci il tarixdən 01 sentyabr 1992-ci il tarixədək, yəni 05 ay döyüş əməliyyatlarında iştirak müddəti 15 ay kimi nəzərə alınması, 15 ayın 05 ayı staj kimi hesablandığından, 10 ay iddiaçının stajına əlavə edilməsi və həmin ayların onun stajına hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması, qərar mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-276/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı kassasiya şikayəti təmin edilməmiş, qərar mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin 22 aprel 2022-ci il tarixli, 0xx/xx-4077-1222 nömrəli məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasnın 2-1(104)-251/2021 nömrəli, 12 iyul 2021-ci il tarixli qərarı icra edilmişdir.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli 0xx/xx-55923M3M nömrəli məktubla imtiyazlı xidmət müddətinə aid müvafiq sənədlər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarı, Azərbaycan Respublikası DİN-in 08 may 1992-ci il tarixli 245 nömrəli əmri, Azərbaycan Respublikası DİN-in 30 sentyabr 1992-ci il tarixli 629 nömrəli əmri, Azərbaycan Respublikası DİN-in 24 may 1994-cü il tarixli 257 nömrəli əmri, SSRİ DİN-in 09 aprel 1992-ci il tarixli 022 nömrəli əmri, Qazax RDİŞ-in 06 noyabr 1990-cı il tarixli 44 nömrəli əmri ilə əlaqədar Qazax RPŞ-nin xx.xx.2017-ci il tarixli məktubu, arxiv şəxsi işinin xidmət siyahısının Qazax RDİŞ-in 06 noyabr 1990-cı il tarixli 44 nömrəli əmrinin ona aid olan hissəsinin qeyd olunduğu vərəq) İddiaçı ünvanlanmışdır.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli 022/26-567M-32 nömrəli məktubla Azərbaycan Respublikası DİN-in xx.xx.1985-ci il tarixli 274ş/h nömrəli, xx.xx.1990-cı il tarixli 463ş/h nömrəli, xx.xx.1990-cı il tarixli 530ş/h nömrəli, xx.xx.1990-cı il tarixli 1220ş/h nömrəli, xx.xx.1992-ci il tarixli 1315ş/h nömrəli, xx.xx.1993-cü il tarixli 102ş/h nömrəli əmrləri İddiaçı ünvanlanmışdır.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı təqvimi hesablama ilə 27 il 05 ay 10 gün, imtiyazlı hesablama ilə 29 il 09 ay 11 gün təşkil etməsi barədə xx.xx.2022-ci il tarixdə yeni hesablama vərəqi tərtib edilmiş və xx.xx.2022-ci il tarixli məktubla Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir II. Məhkəmədə icraat

8. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, fövqəladə vəziyyət şəraitində xidmət etdiyi xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilədək olan 30 ay 05 gün üçün ona verilməmiş yarım oklad vəzifə əmək haqqının və yarım oklad rütbə pulunun indeksləşdirilərək ona ödənilməsi, müharibə şəraitində xidmət etdiyi xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək olan 5 ay 5 gün müddət üçün ona verilməmiş pul vəsaitinin ikiqatının indeksləşdirilərək ödənilməsi, xx.xx.1992-ci ildən indiyədək 27 il, 28 il, 29 il stajla ona verilmiş pensiya məbləği ilə 30 il staja görə verilməli olan pensiya məbləği arasındakı fərqin indeksləşdirilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1985-ci ildən 06 iyul 1992-ci il tarixə kimi Qazax rayon Daxili İşlər şöbəsinin Ağstafa Milis bölməsinin rəisi vəzifəsində, Ağstafa müstəqil rayon olduqdan sonra Ağstafa rayon Polis şöbəsinin rəisi vəzifəsində işləmişdir. O, nazirin əmri ilə 16 fevral 1988-ci ildən 01 aprel 1992-cı il tarixə kimi 49 ay 14 gün fövqəladə vəziyyət şəraitində, 01 aprel 1992-ci ildən 06 iyul 1992-ci il tarixə kimi 3 ay 6 gün müharibə şəraitində işləmiş, 06 iyul 1992-ci ildə vəzifədən çıxarıldıqdan sonra isə 02 dekabr 1992-ci ilədək 4 ay 25 gün polis orqanının tərkibində nazirliyin sərəncamında, müharibə elan edilmiş döyüş bölgəsi olan Ağstafa şəhərində olmuşdur. Ona ilk dəfə pensiya təyin edilərkən təqvim hesabı ilə faktiki xidmət illərinə görə 27 il 5 ay 10 gün staj hesablanaraq 27 il xidmətə görə pensiya təyin edilmiş, fövqəladə vəziyyət və müharibə şəraitində işlədiyi müddət üçün əlavə edilməli olan güzəştli şərtlərə görə xidmət illərinə heç bir müddət əlavə edilməmişdir. Onun çoxsaylı şikayətləri nəzərə alınaraq nazirliyin kadrlar idarəsində xidmət illəri yenidən hesablanmış, bu dəfə fövqəladə vəziyyət şəraitində işlədiyi 49 ay 14 günün 30 ayı üçün güzəştli şərtlərlə 910 gün, yəni 15 ay 10 gün əlavə müddət hesablanmış, həmin müddət xidmət illərinə əlavə edilərkən 15 ay xidmət illərinə əlavə edilmiş, 10 gün xidmət illərinə əlavə edilməmişdir. Eyni zamanda, 49 ay 14 günün 19 ay 14 gününə güzəştli şərtlərlə əlavə edilməli olan 9 ay 22 gün xidmət illərinə əlavə edilməmiş, bu variant üzrə xidmət illəri 09 ay 22 gün azaldılmışdır. 01 aprel 1992-ci ildən 02 dekabr 1992-ci il tarixə kimi 08 ay 01 gün müharibə dövrü üçün xidmət illərinə güzəştli şərtlərlə 6 ay 02 gün əlavə edilməli olduğu halda kadrlar idarəsi onun xidmət illərinə 3 ay 01 gün əlavə edərək xidmət müddətini 03 ay 01 gün azaltmışdır. Kadrlar idarəsi onun stajını ümumilikdə 12 ay 23 gün azaltmaqla 29 il 09 ay 11 gün hesablayaraq 29 il xidmətə görə ona pensiya təyin etmişdir. Daha sonra pensiyanın təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin verilməsi tələbi ilə iddia qaldırmış, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilmiş, onun 01 aprel 1992ci il tarixdən 01 sentyabr 1992-ci il tarixədək, yəni 05 ay döyüş əməliyyatlarında iştirak müddəti 15 ay kimi nəzərə alınması, 15 ayın 05 ay staj kimi hesablandığından, 10 ay onun stajina əlavə edilməsi və həmin ayların onun stajına hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulmuşdur. Sözügedən qərardan verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2-1(102)-276/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir.

10. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş əlavə iddia ərizəsində onun daxili işlər orqanında 30 il və ya 31 il iş stajı olması barədə, ona verilməli olan pensiyanın məbləğinin Prezidentin Fərmanına əsasən indeksləşdirilərək pul vəsaitinin üçqat məbləği qədəri ilə hesablanması barədə, xx.xx.1992-ci ildən hal-hazıra kimi 29 il staja görə ona verilməmiş pensiya məbləğinin 30 il və ya 31 il iş stajına görə verilməli olan pensiya fərqinin indeksləşdirilərək ona verilməsi barədə, 25.09. 1989-cu ildən xx.xx.1992-ci ilədək olan 30 ay 05 gün üçün ona verilməmiş yarım oklad vəzifə pulunun və yarım oklad rütbə pulunun indeksləşdirilərək ona verilməsi barədə, xx.xx.1992ci ildən xx.xx.1993-cü ilədək olan 9 ay 22 gün müddət üçün üç qat pul vəsaitinin ona verilməmiş iki qatının indeksləşdirilərək ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı həmçinin xx.xx.2022-ci il tarixli əlavə iddia ərizəsində fövqəladə vəziyyət şəraitində xidmət etdiyi xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilədək olan 30 ay 05 gün üçün ona verilməmiş yarım oklad vəzifə əmək haqqının və yarım oklad rütbə pulunun indeksləşdirilərək ona ödənilməsi, müharibə şəraitində xidmət etdiyi xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək olan 5 ay 5 gün müddət üçün ona verilməmiş pul vəsaitinin ikiqatının indeksləşdirilərək ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək, əvvəl təqdim etdiyi ərizələrini müdafiə etdiyini və əlavə olaraq artırılmış staj ilə bağlı məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə göndərilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində fövqəladə vəziyyət şəraitində xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək olan 90 gün xidmətə görə güzəştli şərtlərlə stajına 45 gün staj əlavə edilməsi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək olan 51 gün xidmətə görə 102 günün, müddətlərin toplanması qaydasında 45 gün + 102 gün = 147 gün stajına əlavə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilədək olan 30 ay 5 gün üçün verilməmiş yarım oklad vəzifə əmək haqqının və yarım oklad rütbə pulunun, xx.xx.1992-ci ildən xx.xx.1992- ci ilədək olan 5 ay 5 gün müddət üçün verilməmiş pul vəsaitinin indeksləşdirilərək verilməsi, fövqəladə vəziyyət şəraitində xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək olan 90 gün xidmətə görə güzəştli şərtlərlə 45 gün, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək olan 51 gün xidmətə görə 102 gün, ümumilikdə 147 günün sosial sığorta stajına əlavə edilməsi və artırılmış staj ilə bağlı məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

15. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1374/2022 nömrəli 1 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim F.C.Hüseynov) iddia təmin edilmiş, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək olan 30 ay 5 gün üçün verilməmiş yarım oklad vəzifə maaşının və yarım oklad rütbə pulunun, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan 5 ay 5 gün müddət üçün verilməmiş pul vəsaitinin indeksləşdirilərək verilməsi, fövqəladə vəziyyət şəraitində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan 90 gün xidmətə görə güzəştli şərtlərlə 45 gün, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan 51 gün xidmətə görə 102 gün, ümumilikdə 147 günün İddiaçı sosial sığorta stajına əlavə edilməsi və artırılmış stajla bağlı məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin üzərinə qoyulmuşdur.

16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-561/2022 nömrəli, 9 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər: A.V.İsgəndərova /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.Bayramov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş materiallarının yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)- 679/2023 nömrəli qərardadı ilə (hakimlər: K.Bədəlov və İ.Hüseynov, sədrlik edən və məruzəçi N.Rəsulbəyova) Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 may 2022-ci il tarixli, 2- 1(104)-561/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış, kassasiya şikayətinin qəbulundan imtina edilmişdir.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

19. Bundan sonra, İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, fövqəladə vəziyyət şəraitində 01 yanvar 1992-ci il tarixdən 31 mart 1992-ci il tarixədək xidmət etdiyi 90 günə görə stajına 45 gün əlavə edilməsi, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 6-cı bəndinə və digər sənədlərə əsasən 02 dekabr 1992-ci il tarixdən 22 yanvar 1993-cü il tarixədək olan 51 günx2=102 gün stajına əlavə edilməsi, müddətlərin toplanması qaydasında 45 gün + 102 gün = 147 gün stajına əlavə edilməsi, fövqəladə vəziyyət şəraitində xidmət etdiyi 25 sentyabr 1989cu il tarixdən 31 mart 1992-ci il tarixədək olan 30 ay 5 gün üçün ona verilməmiş yarım oklad vəzifə maaşının və yarım oklad rütbə pulunun indeksləşdirilərək ona verilməsi, müharibə şəraitində döyüş əməliyyatlarında 01 aprel 1992-ci il tarixdən 05 sentyabr 1992ci il tarixədək iştirak etdiyi 5 ay 5 gün üçün ona verilməmiş pul vəsaitinin iki qatının indeksləşdirilərək ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. Prosessual məsələlər

20. İşin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə lazımi qaydada tərəflərə məlumat verilmişdir. Tərəflər həmin məhkəmə iclasında iştirak etmişlər. İİİ. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddiasını müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

22. Cavabdehin vəkil olan nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlərlə bağlı 2-1(102)- 279/2024 nömrəli və 2-1(102)-1824/2024 nömrəli qərarlarını təqdim edərək, iddiaçının irəli sürdüyü iddia tələbi üzrə iddia müddətini ötürdüyünü, belə ki, iddiaçının istinad etdiyi halları 2011-ci ilin yanvar ayınadək mübahisələndirmədiyini və artıq mübahisələndirmə imkanının aradan qalxdığını bildirməklə, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

23. İddiaçı replika hüququndan istifadə edərək, cavabdeh orqanın onun barəsində olan əmrləri yalnız onun iddiası üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılan dövrdə - 2018-ci ildə təqdim etdiyi üçün, istinad etdiyi halların ona yalnız həmin vaxtdan məlum olduğunu və bu əsasla müddəti ötürmədiyini bildirmişdir.

24. Məhkəmə qərarının elanı xx.xx.2024-cü il tarixə təxirə salınmışdır.

Əsaslandırma hissəsi:

25. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

26. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

27. İş materialları ilə müəyyən olunur ki, iddiaçının tələbi fövqəladə vəziyyət şəraitində 01 yanvar 1992-ci il tarixdən 31 mart 1992-ci il tarixədək xidmət etdiyi 90 günə görə stajına 45 gün əlavə edilməsi, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 6-cı bəndinə və digər sənədlərə əsasən 02 dekabr 1992-ci il tarixdən 22 yanvar 1993-cü il tarixədək olan 51 günx2=102 günün stajına əlavə edilməsi, müddətlərin toplanması qaydasında 45 gün + 102 gün = 147 günün stajına əlavə edilməsi, fövqəladə vəziyyət şəraitində xidmət etdiyi 25 sentyabr 1989-cu il tarixdən 31 mart 1992-ci il tarixədək olan 30 ay 5 gün üçün ona verilməmiş yarım oklad vəzifə maaşının və yarım oklad rütbə pulunun indeksləşdirilərək ona verilməsi, müharibə şəraitində döyüş əməliyyatlarında 01 aprel 1992-ci il tarixdən 05 sentyabr 1992-ci il tarixədək iştirak etdiyi 5 ay 5 gün üçün ona verilməmiş pul vəsaitinin iki qatının indeksləşdirilərək cavabdeh tərəfindən ödənilməsinə yönəlmişdir.

28. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın mümkün sayılmaması əsası qismində məhz iddiaçı tərəfindən xidmət müddətinin düzgün müəyyən edilməsi və ona ödənilmiş rütbə pulu, vəzifə maaşı və s. kimi pul vəsaitlərinin ona ödənilməsinin tələb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş prosessual müddətdə mübahisələndirilməməsi, başqa sözlə iddianın mümkünlük şərtlərinin biri qismində çıxış edən qanunvericiliklə müəyyən edilmiş iddia müddətinə əməl edilməsi ilə bağlı şərtə riayət edilməməsi halı çıxış edir.

29. Qeyd olunmalıdır ki, ilk öncə hazırki iş üzrə mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməlidir.

30. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, "…Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini…yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)".

31. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, "iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq. ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı".

32. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir.

33. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.

34. Hazırkı iş üzrə mübahisə predmeti qismində iddiaçının fövqəladə vəziyyət şəraitində 01 yanvar 1992-ci il tarixdən 31 mart 1992-ci il tarixədək xidmət etdiyi 90 günə görə stajına 45 gün əlavə edilməsi, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 6-cı bəndinə və digər sənədlərə əsasən 02 dekabr 1992-ci il tarixdən 22 yanvar 1993-cü il tarixədək olan 51 günx2=102 günün stajına əlavə edilməsi, müddətlərin toplanması qaydasında 45 gün + 102 gün = 147 günün stajına əlavə edilməsi, fövqəladə vəziyyət şəraitində xidmət etdiyi 25 sentyabr 1989-cu il tarixdən 31 mart 1992-ci il tarixədək olan 30 ay 5 gün üçün ona verilməmiş yarım oklad vəzifə maaşının və yarım oklad rütbə pulunun indeksləşdirilərək ona verilməsi, müharibə şəraitində döyüş əməliyyatlarında 01 aprel 1992-ci il tarixdən 05 sentyabr 1992-ci il tarixədək iştirak etdiyi 5 ay 5 gün üçün ona verilməmiş pul vəsaitinin iki qatının indeksləşdirilərək ona verilməsi çıxış etmişdir.

35. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək inzibati orqanın qərarının, hərəkətinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta, hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

36. Beləliklə, hər bir halda iddiaçı sözügedən cavabdehin hərəkətsizliyini mübahisələndirilmə imkanını 2011-ci il 1 yanvar tarixədək itirmişdir.

37. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası DİN-in xx.xx.1992-ci il tarixli 1862 nömrəli əmri ilə “Sıravi və rəis heyətinin daxili işlər orqanlarından xaric edilməsi qaydaları barədə” Müvəqqəti Təlimatın 4-cü maddəsinin “a” bəndinə (yaş həddinə görə) əsasən xx.xx.1992-ci il tarixdən daxili işlər orqanlarından xaric edilmişdir.

38. Lakin 1992-ci ildən sonra ötən dövr ərzində iddiaçı əlavə rütbə pulu, vəzifə maaşı və s. kimi pul tələbi ilə əlaqədar olaraq cavabdehə müraciət etməmişdir.

39. Baxmayaraq ki, "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli 73 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin polis əməkdaşına xidmət xüsusiyyətlərindən asılı olaraq, məharət dərəcəsinə, şifrlə daimi işləməyə, post-patrul xidmətində itlərlə xidmət aparanlara, itlərə qulluq və təlim keçirilməsinə, suvari-nizami hissələrdə atlara və ləvazimatlara qulluğa, ayıltma məntəqəsində işləməyə, sürücü əməkdaşlara dərəcəyə görə, xidmət sahəsi ilə əlaqədar işi gediş-gəliş xarakteri daşıyanlara gündəlik yemək xərci əvəzinə, vəzifədən azad edilərək müvəqqəti sərəncamda saxlanmaya, xidmətdən tərxis olunmaya görə, xəstəlik, təhsil, məzuniyyət vaxtı verilən əlavələr, ödənişlər və respublika qanunvericiliyində nəzərdə tutulmuş digər əlavələr, müavinətlər, ödənişlər verilir.

40. İddiaçı cavabdeh orqanın onun barəsində olan əmrləri yalnız onun iddiası üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılan dövrdə - 2018-ci ildə təqdim etdiyi üçün, istinad etdiyi halların ona yalnız həmin vaxtdan məlum olduğunu bildirsə də, məhkəmə iddiaçının həmin dövrdə polis şöbəsinin rəisi işləməklə, ona xidmətinə görə əlavə rütbə pulu, vəzifə maaşı ödənilməli olması ilə bağlı məlumatlı olmalı idi (məlumatının olmaması ağlabatan deyildir).

41. Xidmət illəri ilə bağlı da məhkəmə qeyd edir ki, iddiaçıya pensiya yaş həddinə çatdığına görə pensiya 1992-ci ildə təyin edilmişdir.

42. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakoviç Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21).

44. Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33).

45. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək cavabdehin hərəkətsizliyinin mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürüldüyündən onlar yeni qanuna görə də mübahisələndirilə bilinmədiyinə görə iddia mümkün sayılmamalıdır.

46. İPM-in: - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

47. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar