Məhkəmə qərarları › İş №2-1(114)-3602/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3602/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3602/2023 22.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə-iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı xx.xx.1992-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, hazırda Kəlbəcər rayonu, Aşağı Ayrım ərazi dairəsi, Bayaqlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayır. İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişdir. İddiaçıya məxsus AO seriyalı ******* nömrəli hərbi biletdəki qeydlərə əsasən, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində xidmət etmişdir. Hərbi biletin 7-ci səhifəsində N nömrəli hərbi hissə QR-si S.Hüseynov tərəfindən qeyd aparılmışdır ki, iddiaçı döyüş əməliyyatlarına cəlb olunmamışdır. Daha sonra hərbi biletin 21-ci səhifəsində “Xüsusi qeydlər” bölməsində qeyd edilmişdir ki, “hərbi biletin 7-ci səhifəsinin 14-cü bəndində aparılan qeydlər səhv aparılmışdır. xx.xx.2020-xx.xx.2022-ci il tarixlərdə Füzuli və Xocavənd rayonlarında döyüşlərdə iştirak edib”. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 39 nömrəli əmrindən çıxarışa əsasən iddiaçı xx.xx.2020-ci il tarixindən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 42 nömrəli əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissələrin şəxsi heyətlə komplektləşdirilməsi məqsədilə, iddiaçı N nömrəli hərbi hissəyə göndərilmiş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 302 nömrəli əmrindən çıxarışa əsasən döyüş itkilərinin bərpası üçün N nömrəli hərbi hissədən qəbul olunmuş iddiaçı motoatıcı bölüyün (MT-LB) 1-ci taqım 2-ci manqasının qumbaraatan vəzifəsinə təyin olunmuşdur. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 352 nömrəli əmrinə əsasən səfərbərlik üzrə hərbi xidmətdən tərxid edildiyi üçün xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, ərzaq və əşya təminatından, xx.xx.2020-ci il tarixdən isə pul təminatından çıxarılmışdır. Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin xx.xx.2023-cü il tarixli, 4/3-1062 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissə 27.09-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak edib, N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməmişdir. İddiaçı “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədləri ilə birlikdə cavabdehə müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3-5229 nömrəli məktubla göndərilən sənədlərə xx.xx.2023-cü il tarixli iclasında baxılmış və onun barəsində müsbət qərar qəbul edilməmişdir. Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə iddiaçıya "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı tərəfin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildə torpaqlarımızın azadlığı uğrundan gedən 44 günlük İİ Qarabağ müharibəsi başlananda müharibəyə yollanmışdır. İddiaçıya çağırış vəsiqəsi verilmiş və xx.xx.2020-ci il tarixində N saylı hərbi hissəyə, xx.xx.2020-ci il tarixində isə N saylı hərbi hissəyə göndərilmişdir. Qumbaratan vəzifəsinə təyin edilmişdir. Həmin hərbi hissədə xx.xx.2020-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək torpaqların bütövlüyü uğrunda gedən döyüşlərdə - Fizuli və Xocavənd rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. Həmin bu fakt N saylı hərbi hissənin qərargah rəisi tərəfindən hərbi biletində xüsusi qeydlər hissəsində aparılan qeyddə də öz təsdiqini tapmışdır. Bu iddiaçının vətən uğrunda gedən döyüşlərdə iştirak etməsinin bariz nümunəsidir. Bütün bunlara baxmayaraq iddiaçı hazırki günə kimi İİ Qarabağ döyüşlərinin iştirakçısı olmağısını təsdiqlədə bilməmiş və ona müharibə veteranı statusu verilməmişdir. İddiaçı Qarabağ müharibəsi zamanı torpaqların azad olunması uğrunda gedən döyüşlərdə iştirak etməsinə görə zəruri olan sənədlərlə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsi Kadrlar idarəsinin Hərbi rütbələr və təltiflər şöbəsi tərəfindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə xx.xx.2023-cü il tarixli, 3-25-4/2-5588/2023 nömrəli məktubla məhkəməyə etirazını təqdim etmiş və etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən "1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2) Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Faktiki əsasa gəldikdə qeyd etmək zəruridir ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığı və qeyd edilən ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmədiyinə görə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli, 3372 nömrəli məktubuna əsasən "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən çağırılmış vətəndaş iddiaçı 08 noyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissənin siyahısına daxil olmuş və həmin gün axşam saat 17:00 radələrində Ağcabədi rayon 2-ci Tamamlama mərkəzindən Füzuli rayonunun Qacar kəndinə göndərilmişdir. 08 noyabr 2020-ci il tarixdə həmin kənddə qalmış, ona heç bir silah sursat və hər hansı növ təchizat təhkim edilməmiş və hər hansı tapşırığa və döyüş əməliyyatına cəlb olunmamışdır. 10 noyabr 2020-ci il tarixdə Füzuli rayonu Dilağarda kəndində N nömrəli hərbi hissənin döyüş itkilərinin bərpası üçün komplektləşdirilməsi başlayarkən döyüş əməliyyatarı bitmişdir. 14 noyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyəti daimi dislokasiya məntəqəsinə (Şəmkir rayonu Seyfeli təlim mərkəzi) qayıtmaları barədə sərəncam verilmiş və 15 noyabr 2020-ci il tarixdə daimi dislokasiya məntəqəsinə qayıtmışdır. Bununla da vətəndaş (şəxsi heyətin siyahısına daxil olması, çıxması, hərbi hissəni özbaşına tərk etməsi və qayıtması və səhhəti ilə əlaqədar tibb müəssisəsinə qəbul olunması barədə əmrdən çıxarışlardan başqa) döyüş əməliyyatlarına cəlb olunmadığı üçün onun barəsində müvafiq arayışın və əmrdən çıxarışın verilməsi mümkün olmamışdır. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. -1-ci hissəsinin 1-ci bəndinin 10-cu yarımbəndinə əsasən, 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. -1-ci hissəsinin 1-ci bəndinin Qeyd hissəsində (2) göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. -1-ci hissəsinin 4-cü bəndinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. -1-ci hissəsinin 4-cü bəndinin Qeyd hissəsində göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı əvvəl xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmayan N nömrəli hərbi hissədə xidmət etmiş, daha sonra döyüş əməliyyatlarında iştirak etmiş N nömrəli hissəyə göndərilsə də, ona heç bir silah sursat və hər hansı növ təchizat təhkim edilməmiş və hər hansı tapşırığa və döyüş əməliyyatına cəlb olunmamış, yalnız hərbi hissənin dislokasiya olunduğu ərazidə ümumqoşun ehtiyatını təşkil etmişdir. Hərbi biletin 21-ci səhifəsində N nömrəli hərbi hissə qərargah rəisi tərəfindən aparılmış qeydlərə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin qeydlər hərbi hissənin qərargah rəisinin imzası və möhürü ilə təsdiqlənsə də, arxiv sənədləri ilə öz təsqini tapmamış, həmçinin yuxarıda qeyd edildiyi kimi iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin sərəncamında olmuşdur. Ona görə də məhkəmə həmin qeydləri mötəbər hesab etmir. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı sübut olunmur. Ona görə də Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar