Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3609/2024 27.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “məhkumun ekstradisiyasının razılaşdırılması və müvafiq sorğunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Türkiyə Respublikasının Ağır Cəza Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hal-hazırda Türkiyə Respublikasında cəzaçəkmə müəssisəsində saxlanılan X1 Azərbaycan Respublikasına gətirilməsi üçün səlahiyyətli orqanlarla razılışdırılması və müvafiq sorğunun Türkiyə Respublikasının səlahiyyətli orqanına verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edərək, Türkiyə Respublikasında ömürlük azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş və hal-hazırda Türkiyə Respublikasının cəzaçəkmə müəssisəsində saxlanılan oğlu - X1 cəzasının qalan hissəsini Azərbaycanda çəkməsi üçün Azərbaycana verilməsi ilə bağlı Türkiyə Respublikasına Azərbaycan Respublikası adından sorğu göndərilməsini xahiş etmiş və xahişini onunla əsaslandırmışdır ki, oğlu Şükürov Mahir xx.xx.2014-cü il tarixdə tutulmuş və X5 Məhkəməsinin 16.10 2018-ci il tarixli hökmü ilə ömürlük həbs cəzasına məhkum edilmişdir. Hal-hazırda Türkiyə Respublikasında cəzaçəkmə müəssəsində saxlanılır. Artıq 10 il cəza çəkmişdir. Bu müddət ərzində iddiaçı onunla cəmi iki dəfə görüşə bilmişdir. Qanunla müəyyən olunmuş vaxtlarda iddiaçının görüşə bilməməyinin səbəbi Türkiyə Respublikasına getmək üçün yetərincə maddi imkanının və sağlamlığının olmamasıdır. İddiaçı qeyd edir ki, əgər oğlu cəzasının qalan hissəsini Azərbaycan Respublikasının Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəsində çəkmək üçün ekstradisiya edilərsə, onunla müəyyən edilmiş qaydada və vaxtlarda görüşə bilər. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin ona ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunu xx.xx.2024-cü il tarixdə almış, həmin məktubda bildirilmişdir ki, “M.Şükürovun Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir”. İddiaçı bildirir ki, lakin cavabda imtinanın səbəbləri göstərilməmiş, Ədliyyə Nazirliyinin Pentensiar Xidməti sorğunun verilməsi üçün səlahiyyətli orqanlarla razılaşdırılma prosedurunu həll etmədən özünün mülahizəsinə görə Ş.Mahirin qəbul edilməsini məqsədəmüvafiq saymamışdır. İddiaçı hesab edir ki, oğlu Mahir Şükürov Azərbaycan Respublikası vətəndaşı olduğuna görə onun Azərbaycan Respublikasına qəbul edilməsindən verilən imtina Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8216/2024 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İşin halları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, müraciət araşdırılmış və M.Şükürovun Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin iddiaçı X2 ünvanlanmış sərəncamından görünür ki, iddia tələbinin dəqiqləşdirilməsinin zəruriliyi qeyd edilmiş və bununla bağlı vaxt verilmişdir. İddiaçı tərəfindən məhkəməyə göndərilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə o, Türkiyə Respublikasının Ağır Cəza Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2018/405 nömrəli Qərarı (DOSYA № 2014/265. C. SAVÇİLİĞİ ESAS NO 2014/3013) ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hal-hazırda Türkiyə Respublikasında “Batman kapalı cəzaevi infaz kurumu Beşiri şöbəsi”ndə saxlanılan X1 Azərbaycan Respublikasına gətirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli, 3-N nömrəli “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”nın 2.5-3.7-ci bəndlərində göstərilmiş prosedurların yerinə yetirilməsi, daha sonra həmin qaydalarda nəzərdə tutulmuş sonrakı hərəkətlərin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”
1. Ümumi müddəalar 1.1. Bu Qaydalar azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətlərin qəbulunu və bununla bağlı həyata keçirilən sənədləşmə prosedurlarını müəyyən edir. 1.4. Məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinə dair işlər ilə əlaqədar vətəndaşların qəbulu nazirlik üzrə müəyyən olunmuş qaydaya uyğun olaraq Nazirliyin Penitensiar xidməti (bundan sonra - Penitensiar xidmət) tərəfindən həyata keçirilir.
3. Məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətlərə baxılması qaydası 3.1. Müraciət bu Qaydaların 2.2 və 2.3-cü bəndlərinə uyğun təqdim edildikdən sonra Penitensiar xidmət İdarə vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərir. Sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar xidmətə təqdim olunur. 3.2. Hökmü çıxaran dövlətdən daxil olmuş müraciət bu Qaydaların 2.4-cü bəndinə uyğun təqdim edildikdən dərhal sonra həmin müraciət və ona əlavə edilmiş sənədlər mahiyyəti üzrə baxılması üçün İdarə tərəfindən Penitensiar xidmətə göndərilir. 3.3. Penitensiar xidmət hökmü çıxaran dövlətdən daxil olmuş müraciəti və ya sorğu əsasında əldə edilən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün aşağıdakı qurumlara göndərir: 3.3.1. məhkumluğu barədə məlumatın alınması, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi (yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına münasibətdə), habelə məhkumun gətirilməsinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə; 3.3.2. şəxsin Azərbaycan Respublikasına qəbul edilməsinin Azərbaycan Respublikasının suverenliyinə, təhlükəsizliyinə və ya başqa mühüm maraqlarına ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə; 3.3.3. məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə. 3.4. İdarə Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin təkliflərini nəzərə alaraq sənədlərin müvafiq konvensiyaların tələblərinə uyğunluğuna dair rəyini Penitensiar xidmətə göndərir. 3.5. Müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır. 3.6. Rəy Penitensiar xidmətin əməliyyat-rejim üzrə rəis müavini tərəfindən imzalanır və Nazir müavini - Penitensiar xidmətin rəisi tərəfindən təsdiq edilir. 3.7. Məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi barədə müsbət rəy olduqda zəmanət məktubu hazırlanaraq İdarə tərəfindən viza verilir və Nazir müavini - Penitensiar Xidmətin rəisi tərəfindən imzalanır. 3.8. Zəmanət məktubuna aşağıdakı sənədlər əlavə edilir: 3.8.1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini və ya Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş məhkumun Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olmasını təsdiq edən sənəd; 3.8.2. Məhkumun azadlıqdan məhrum edilməsinə əsas olan əməlin cinayət olduğunu göstərən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə Cəzaların İcrası Məcəlləsinin və digər aidiyyəti qanunvericilik aktlarının maddələrinin mətni. 3.9. İdarə Penitensiar Xidmət tərəfindən imzalanmış Zəmanət məktubunu aidiyyəti üzrə hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına göndərir. 3.10. Hökmü çıxaran dövlətin məhkumun verilməsi barədə qərarı müsbət olduqda Penitensiar xidmətin razılığına əsasən İdarə məhkumun qəbul edilməsini təsdiq edən məlumatı hökmü çıxaran dövlətin səlahiyyətli orqanına göndərir. 3.11. Məhkumun verilmə yeri, vaxtı və qaydası tərəflərin cəzanı icra edən orqanları tərəfindən müəyyənləşdirilir. 3.12. Bu Qaydaların 2.5-ci bəndində göstərilən hallar nəzərə alınmaqla, Penitensiar xidmət və ya İdarə tərəfindən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətin nəticəsi barədə maraqlı şəxslərə və ya hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına məlumat verilir.
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 46. İddia ərizəsinin məzmunu 46.1. İddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. 46.3. İddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər — ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi — imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)- 520/2022 nömrəli Qərarı
Məhkəmənin mövqeyi
Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Yuxarıda göstərilən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”nda azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat qaydaları müəyyən edilmişdir. Yəni, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı ardıcıllıqla bir sıra hüquqi hərəkətlərin edilməsi təmin olunmalıdır. Həmçinin qeyd olunan hərəkətlər Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən həyata keçirilir. Bununla əlaqədar olaraq məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə müvafiq olaraq yardım etmək vəzifəsi üzrə iddiaçıya sərəncam göndərilmiş, qeyd olunan Qaydalara uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinin zəruriliyi bildirilmiş, bununla əlaqədar vaxt verilmişdir. İddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərilmiş, yeni iddia ərizəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli, 3-N nömrəli “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”nın 2.5-3.7-ci bəndlərində göstərilmiş prosedurların yerinə yetirilməsi, daha sonra həmin qaydalarda nəzərdə tutulmuş sonrakı hərəkətlərin yerinə yetirilməsi vəzifəsinin cavabdeh Ədliyyə Nazirliyinin üzərinə qoyulması xahiş edilmiş, lakin cavabdeh dəyişdirilməmiş və yenə də Qaydalarda göstərilmiş hansı hərəkətin edilməsi qeyd olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “məhkumun ekstradisiyasının razılaşdırılması və müvafiq sorğunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin iddiaçıya izah edilir ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 46 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “məhkumun ekstradisiyasının razılaşdırılması və müvafiq sorğunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva