Məhkəmə qərarları › İş №2-1(114)-361/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-361/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-361/2021 29.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 21.12.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16.01.2001-ci il tarixli 14 nömrəli qərarına əsasən Xanlar rayonu Üçtəpə kəndinin ərazisindən ona verilmiş 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya Xanlar rayon Aqrar İslahat Komissiyasının 16.01.2001-ci il tarixli 14 nömrəli qərarına əsasən Xanlar rayonu Üçtəpə kəndinin ərazisindən 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir və torpaq sahəsi həmin vaxtdan indiyədək onun istifadəsindədir. İddiaçı həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də sonuncu bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, , islahat zamanı icra nümayəndəsinin iştirakı ilə ona 0.12 ha torpaq sahəsi ayrılmış, lakin həmin torpaq sahəsi ilə bağlı ona Dövlət aktı verilməmişdir, buna baxmayaraq hazırda da həmin torpaq sahəsi onun istifadəsindədir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı Göygöl rayonu Üçtəpə kəndində islahatın subyekti olmuş torpaq payı almaq hüququ olan vətəndaşların adlı siyahısında 556-cı sırada İddiaçı, X3, X4 adlarının qeyd olunduğu, lakin həmin şəxslərin adına Dövlət aktının işlənmədiyi, dövlət aktlarının qeydiyyatı kitablarında JN-556 saylı Dövlət aktı ilə bağlı qeydiyyatın aparılmadığı, elektron xəritə materiallarında JN-556 saylı Dövlət aktı barədə heç bir məlumatın olmadığı müəyyən edilmiş, bu səbəbdən də iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 24.11.2020-ci il tarixli, **********24 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. -Xanlar rayonu Üçtəpə kəndi üzrə pay torpaq sahəsi verilən şəxslərin adlı siyahısının surətindən görünür ki, İddiaçı 0.08 ha torpaq sahəsi verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı qismən əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı Xanlar rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarına əsasən Xanlar rayonu Üçtəpə kəndinin ərazisindən ona 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verildiyini iddia edərək qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqan tərəfindən aparılan araşdırma zamanı Göygöl rayonu Üçtəpə kəndində islahatın subyekti olmuş torpaq payı almaq hüququ olan vətəndaşların adlı siyahısında 556-cı sırada İddiaçı, X3, X4 adlarının qeyd olunduğu, lakin həmin şəxslərin adına Dövlət aktının işlənmədiyi, dövlət aktlarının qeydiyyatı kitablarında JN-556 saylı Dövlət aktı ilə bağlı qeydiyyatın aparılmadığı, elektron xəritə materiallarında JN-556 saylı Dövlət aktı barədə heç bir məlumatın olmadığı müəyyən edilmiş, bu səbəbdən də iddiaçının ərizəsinin təmin olunmasından imtina edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh orqanın müvafiq imtinasından da göründüyü kimi iddiaçının və onun ailə üzvlərinin adının islahatın subyekti olmuş torpaq payı almaq hüququ olan vətəndaşların adlı siyahısında olması və onların adına 0.08.ha torpaq sahəsinin qeyd olunması işin mübahisəsiz halıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, müvafiq qərarla iddiaçıya və onun ailə üzvlərinə verilmiş torpaq sahəsinə dair həmin şəxslərin adına Dövlət aktı işlənməməsi, dövlət aktlarının qeydiyyatı kitablarında JN-556 saylı Dövlət aktı ilə bağlı qeydiyyat aparılmaması və elektron xəritə materiallarında JN-556 saylı Dövlət aktı barədə heç bir məlumat olmaması bu sahədə səlahiyyətli qurumun qüsuru kimi qiymətləndirilməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun:- -11-ci maddəsinin 1-ci bəndinə əsasən bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. -13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. -14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. İddiaçı hazırki tələblə istifadəsində olan 0.12 ha torpaq sahəsinin onun adına dövlət reyestrində qeydə alınmasını tələb etsə də, islahatın subyekti olmuş torpaq payı almaq hüququ olan vətəndaşların adlı siyahısında onun adına yalnız 0.08 ha torpaq sahəsi qeyd olunduğuna görə məhkəmə hesab edir ki, tələb yalnız 0.08 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması hissəsində əsaslı olduğundan qalan hissədə təmin edilə bilməz. Ona görə də hazırki vəziyyətdə iddiaçının istifadəsində olan 0.08 ha torpaq sahəsi İddiaçı adına dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Xanlar rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə İddiaçı ayrılmış və sonuncunun faktiki istifadəsində olan 0.08 ha torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına qeydə alınması öhdəliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar