Məhkəmə qərarları › İş №2-1(114)-361/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-361/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-361/2022 30.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 20 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə 06.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 01.12.1991-ci il tarixdən 01.09.2001-ci il tarixə kimi “Qazax Zilli” xalçaçılıq istehsalat vahidində sürücü vəzifəsində işləmişdir. İşlədiyi həmin illərdə əmək haqqı almış və bu dövrdəki əmək fəaliyyəti əmək kitabçasında qeyd edilmiş lakin, arxiv məlumatlarında mühasibin səhlənkarlığı ucbatından qeyd edilməmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmənin 19.01.2022-ci il tarixli qərardadı ilə iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 20 saylı regional ərazi filialına qarşı “01.01. 1993-cü il tarixdən 01.09.2001-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Eyni zamanda məhkəmənin 19.01.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 20 saylı regional ərazi filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, Arxiv tərəfindən verilən 26.08.2021-ci il tarixli 289 nömrəli arayışa əsasən iddiaçı Qazax rayon Dövlət Arxivində mühafizə edilən 105 saylı Fondda saxlanılan X5 26.02.1992-ci il tarixli 12 saylı əmrində düzəliş edilərək əmrin tarixi 01.12.1991-ci il tarixdən hesablanması göstərilməklə 1992-1993-cü illər üzrə əmək haqqı almışdır (1 il 9 ay). Həmçinin sözügedən arayışda X5 2001-ci il üzrə olan əmr kitabında İddiaçı adının aşkarlanmaması göstərilmişdir. İddiaçının sadəcə 1992-1993-cü illər əməkhaqqı alması ilə bağlı sənədlər olduğundan və 2001-ci ilə aid əmrlər kitabında iddiaçının adının olmaması səbəbibindən əmək kitabçasında qeyd edilən 31.12.1993-cü il tarixdən 06.09.2001-ci il tarixədək olan dövr sığorta stajına daxil edilməmişdir (07 il 08 ay 05 gün). Bu səbəbdən də ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş İddiaçı məxsus 15.11.1977-ci il tarixli əmək kitabçasında sonuncunun 01.01. 1993-cü il tarixdən 01.09.2001-ci il tarixədək Qazax “Zilli” xalçaçılıq istehsalat vahidində işləməsi və 01.09.2001-ci il tarixli, 51 nömrəli əmrlə işdən azad edilməsi qeyd edilmişdir. -surəti işə əlavə edilmiş İddiaçı məxsus НЗ ******* nömrəli 08.07.1976-cı il tarixli hərbi biletdən görünür ki, sonuncu 14.05.1975-ci il tarixdən 19.05.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -surəti işə əlavə edilmiş “Azərxalça” X1 06.09.2001-ci il tarixli 51 nömrəli əmrindən görünür ki, Qazax İstehsalat sexinin fəaliyyəti 01.09.2001-ci il tarixindən dayandırılmışdır. -Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Qazax Rayonu İcra Hakimiyyəti Dövlət Arxivinin 26.08.2021-ci il tarixli 289 nömrəli məktubundan görünür ki, X5 əmək haqqı cədvəlləri 1970-1993-cü illəri, əmr kitablarının isə 1970-2001-ci illəri saxlanılır və fabrikin 2001-ci il üzrə olan əmr kitabında İddiaçı adı aşkarlanmamışdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 11.11.2021-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı 01.01.2006-cı il tarixədək olan stajının təsdiq edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı 01.12.1991-ci il tarixdən 01.09.2001-ci il tarixə kimi Qazax “Zilli” xalçaçılıq istehsalat vahidində işlədiyini iddia edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan ona yaşa görə pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; -3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının:- -3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus əmək kitabçasında onun 01.12.1991-ci il tarixdən 01.09.2001-ci il tarixə kimi Qazax “Zilli” xalçaçılıq istehsalat vahidində işləməsi barədə qeydlər olsa da, fabrikin arxivdə saxlanılan 2001-ci il üzrə olan əmr kitabında onun adı aşkarlanmamış, yalnız 1992-1993-cü illər üzrə əmək haqqı alması barədə məlumat saxlanılmış, qalan dövrlər üzrə isə fabrikin əmək haqqı kitabları rayon Dövlət arxivində mühafizə olunmamışdır. İddiaçıya məxsus əmək kitabçasında 01.09.2001-ci il tarixdə 51 nömrəli əmrlə işdən azad edilməsi barədə qeyd olsa da, təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, qeyd edilən tarixli və nömrəli əmr Qazax İstehsalat sexinin fəaliyyətinin dayandırılması ilə bağlı verilmiş əmrdir və həmin nömrə və tarixli əmrlə iddiaçının işdən azad edilməsi iddiaçıya məxsus əmək kitabçasından başqa heç bir rəsmi sənədlə təsdiq edilmir. Bu səbəbdən məhkəmə iddiaçıya məxsus əmək kitabçasında olan sözügedən qeydi mötəbər sübut növü kimi qəbul etmir. Odur ki, məhkəmə hesab edir ki, 01.01.1993-cü il tarixdən 01.09.2001-ci il tarixədək olan müddət iddiaçının sosial sığorta stajı kimi nəzərə alına bilməz. Tələbin “yaşa görə əmək pensiyasının təyin edilməsi” hissəsi ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 7-ci maddəsinin qeyd hissəsində müəyyən olunmuşdur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddələrin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yas həddinə çatmalıdır; 2) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçıya nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iddiaçı xx.xx.1956-ci il tarixdə anadan olduğundan onun yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 01.07.2021-ci il tarixində yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının cavabdeh orqan tərəfindən mübahisələndiriməyən 18 il 9 ay sığorta stajı mövcuddur. Belə ki, iddiaçının hərbi xidmətdə olduğu dövr- 14.05.1975-ci il tarixdən 19.05.1977-ci il tarixə kimi (2 il 5 gün), təhsil dövrü - 01.04.1971-ci il tarixdən 17.08.1972-ci il tarixədək (1 il 4 ay 16 gün); əmək fəaliyyəti ilə məşğul olduğu dövr - 06.06.1977- 10.11.1977 (6 ay 4 gün), 15.11.1977-16.10.1978 (11 ay 11 gün), 01.02.1979-10.10.1979 (8 ay 9 gün), 20.03.1980-01.11.1980 (7 ay 12 gün), 03.11.1980-17.10.1991 (10 il 11 ay 14 gün), 01,12.1991-31.12.1993 (arxiv arayışına əsasən əməkhaqqı aldığı dövrlər - 1 il 9 ay) sosial sığorta stajına daxil edilən dövrlərdir. Göründüyü kimi iddiaçının sosial sığorta stajını təsdiq edən sənədlərə əsasən onun ümumilikdə 18 il 9 ay sığorta stajı mövcuddur və bu staj ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli deyil. Beləliklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçıya yaşaa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sosial sığorta stajı tələb olunduğuna və iddiaçı həmin tələbi ödəmədiyinə, eləcə də onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona pensiya təminatına imkan vermədiyinə görə onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın ona pensiya təyin etməklə bağlı imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar