Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-361/2024 10.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə qarşı maddi və mənəvi zərər tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə qarşı 10.000 manat maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Çağırışçının uçot kartasına əsasən xx.xx.2004-cü il təvəllüdlü İddiaçı həm xx.xx.2019-cu ildə ilkin hərbi qeydiyyata alınan zaman, həm də xx.xx.2022-ci ildə hərbi xidmətə çağırış zamanı şəhadətləndirilən zaman sağlam hesab edilmişdir.
2. 77N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 19N nömrəli əmrindən çıxarışa əsasən İddiaçı 2-ci təlim artilleriya taqımının 3-cü təlim artilleriya divizionunun 7-ci təlim artilleriya batareyasının (82 mm minaatanlar hazırlığı üzrə) 2-ci təlim artilleriya taqımının 3-cü təlim artilleriya manqasının dəyişən heyətin siyahısına daxil edilməsi və bütün növ təminatlara qoyulması, “əsgər” rütbəsi verilməsi və ümumqoşun hazırlığı keçmək üçün təlim taborların siyahısına daxil edilməsi əmr edilmişdir.
3. 77N nömrəli hərb hissə komandirinin xx.xx.2022-ci il tarixli 276 nömrəli əmrindən çıxarışa əsasən əsgər İddiaçı, 2-ci təlim artilleriya divizionunun 7-ci təlim artilleriya batareyasının (82 mm minaatanlar hazırlığı üzrə) 2-ci təlim artilleriya taqımının 3-cü təlim artilleriya manqasının dəyişən heyətinin 28 sentyabr 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılması, xidmətlərini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş hesab edilməsi əmr edilmişdir.
4. İddiaçıya məxsus xx.xx.2022-ci il tarixli SX ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hərbi xidmət keçmişdir.
5. 230 nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 2499 nömrəli göndərişində diaqnoz “Nut-kraker sindromu, sol böyrəyin terminal mərhələ hidronefrozu, böyrəyin ifrazat funksiyasının pozulması ilə. Sağ böyrəyin ekstrarenal ləyən variantı” kimi müəyyən edilmişdir.
6. 230 nömrəli hərbi hissənin köçürmə epikrizində İddiaçı diaqnozu “Nut-kraker sindromu, sol böyrəyin terminal mərhələ hidronefrozu, böyrəyin ifrazat funksiyasının pozulması ilə. Sağ böyrəyin ekstrarenal ləyən variantı” kimi qeyd edilmişdir.
7. Xəstəlik tarixindən 10N nömrəli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Müdafiə Nazirliyinin Baş X2 şöbəsində “Anadangəlmə inkişaf qüsuru Sol böyrəyin ləyən-sidik axarı seqmentinin strikturası nəticəsində soltərəfli hidronefroz, İİİ (üçüncü) mərhələ, sol böyrəyin ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Tranzitor proteinuriya” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur.
8. xx.xx.2023-cü il tarixli 131 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı qoyulmuş “Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin ləyən-sidik axarı seqmentinin strikturası nəticəsində soltərəfli hidronefroz, İİİ (üçüncü) mərhələ, sol böyrəyin ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Tranzitor proteinuriya” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi, “Sol gözün keçirilmiş virus konyuktivitindən sonrakı buynuz qişanın nöqtəşəkilli bulanması nəticəsində görmə itiliyinin 0.8-ə qədər azalması, korreksiya olunmur. Sağ gözün görmə itiliyi 1.0 (vahid) olmaqla” xəstəliyinin səbəb əlaqəsi isə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilərək, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin 72 “b” maddəsinin İİ qrafasına və ƏTC-yə əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.
9. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-43/2-M-28xx/xx/2023 nömrəli məktubunda bildirilmişdir ki, 2022-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar o, Xidmətin Ağdam rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan, çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və xx.xx.2022-ci il tarixdə Ağdam Ruhi-Əsəb Dispanserinə əlavə müayinə göndərilmişdir. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin İ qrafasının tələblərinə əsasən "hərbi xidmətə yararlıdır" hesab edilmiş və müddətli həqiqi hərbi xidmət keçmək üçün Müdafiə Nazirliyinin hərbi hissəsinə göndərilmişdir. Hərbi xidmət dövründə səhhəti ilə bağlı xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmişdir. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin İl qrafasına əsasən "sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" hesab edilmiş və hərbi hissədən vaxtından əvvəl ehtiyata buraxılmışdır. Xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Ümumi xəstəlikdir" və "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sığorta hadisələri və ödənişləri baş vermə səbəbindən (hərbi qulluqçu xidmətdə olduğu zaman həlak olduqda, yaralandıqda, xidməti vəzifəsini yerinə yetirərkən xəstələndikdə və s.) asılı olaraq üç il müddətində sığorta olunana əlillik təyin olunduqda verilir. Pensiya təminatı sosial təminat orqanları tərəfindən həyata keçirilir. Əlillik qrupları, əlilliyin, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Bu səbəbdən onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərazi üzrə tibbi-sosial ekspert komissiyasına müraciət etməyi məqsədəuyğundur.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-2/2- 1453/2023 nömrəli və xx.xx.2024-cü il tarixli 3-43-2/2-239/2024 nömrəli cavab məktublarında bildirilmişdir ki, İddiaçı Ağdam rayon Mərkəzi Xəstəxanasında tibbi müayinə keçən zaman toplanmış müvafiq sənədləri (ultrasəs müayinələrinin nəticələri, döş qəfəsinin flüoqrafiyası, ürəyin elektrokardioqramması, qanın ümumi analizi, sidiyin ümumi analizi və hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilmə kartası – 3 nömrəli qoşma) çağırışçı N nömrəli hərbi hissəyə təhvil verilərkən həmin hərbi hissəyə təqdim edilmişdir.
11. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 1444 nömrəli cavab məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu əsgər İddiaçı aid heç bir tibbi arayış və ya şəhadətnamə yoxdur. II. Məhkəmədə icraat
12. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin təqsirli hərəkətləri nəticəsində 8 ay ərzində qanunsuz və əsassız hərbi xidmət keçməsi ilə bağlı sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 50.000 manat məbləğində pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam şöbəsinin çağırış əmri ilə xx.xx.2022-ci ildə hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə göndərilmişdir. Həmin ərizəyə əlavə edilmiş hərbi biletin surətindən görünür ki, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək 77N nömrəli və N nömrəli hərbi hissədə hərbi xidmətdə olmuşdur. Ancaq xx.xx.2023-cü ildə MN-nin Baş Klinik Hospitalının rəisinin sərəncamı ilə müayinəyə göndərilmişdir. Müayinə zamanı onda "Nut-krater sindromu, sol böyrəyin terminal mərhələ hidronefrozu, böyrəyin ifrazat funksiyasının pozulması ilə. Sağ böyrəyin ekstrarenal ləyən variantı" ilkin diaqnozu ilə o, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək həqiqi hərbi xidmətdən geri qaytarılmışdır. Həmin ərizəyə əlavə edilmiş Hərbi Həkim Komissiyasının xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, o, xəstəliklər cədvəlinin 72b maddəsinin 2-ci qrafası ilə (sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı) bilinməklə ehtiyyata buraxılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam şöbəsinin təqsiri nəticəsində, yəni anadangəlmə hərbi xidmətə yararsız olduğu halda hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət zamanı hərbi xidmətə yararsız olduğu müəyyən olunduğu üçün hərbi xidmətdən təxris olunmuşdur. Hospitalın rəisi bu xəstəliyin anadangəlmə olduğunu, bu xəstəliyə görə onun hərbi xidmətə yararsız olduğunu və hərbi xidmətə aparılmağının qanunsuz olduğunu bildirmişdir. Məhz ona bu diaqnoz qoyulduqdan sonra onu hərbi xidmətə qəbul etməkdən imtina etmişlər. Bu xəbəri eşitdikdən sonra çox möhkəm sarsılmışdır. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin təqsirli hərəkətləri nəticəsində hərbi xidmətə yararsız olduğu halda hərbi xidmətə yararlı hesab edilərək hərbi xidmətə çağırılmış və xx.xx.2022ci ildən xx.xx.2023-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Müayinə zamanı ona qoyulmuş "nut-krater sindromu, sol böyrəyin terminal mərhələ hidronefrozu, böyrəyin ifrazat funksiyasının pozulması ilə Sağ böyrəyin ekstrarenal ləyən variantı" diaqnozunun ciddi xəstəlik olduğunu və daimi müalicəyə ehtiyac olduğunu bildirdilər. Belə olan halda cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə həmin təşkilatın təqsiri ucbatından sağlamlığıma vurulmuş zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə müraciət məktubu və poçt qəbzindən görünür ki, müraciətinə heç bir cavab verilməmişdir. Bu səbəbdən əlacsız qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsinin bu təqsirli hərəkətləri nəticəsində səhhətimə vurulmuş zərərin əvəzi olaraq 50.000 manat pul cavabdehdən alınaraq ona verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
15. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, itirdiyi vaxta görə 10000 manat maddi və təxris olunduqdan sonra sol böyrəyindən məcburi əməliyyat keçirdiyi üçün 5000 manat mənəvi zərərin ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
16. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur.
17. Hazırkı iddia İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara.
18. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etdikdən sonra (müraciəti cavabdeh orqan tərəfindən hərəkətsizlik göstərilərək cavablandırılmamışdır) məhkəməyə müraciət etmişdir.
19. Cavabdeh orqanın yerləşdiyi Ağdam şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
20. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
23. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
25. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz ünvanlamış və etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı tibbi şəhadətləndirmə zamanı xx.xx.2022-ci il tarixdə Ağdam çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə göndərilmiş, lakin xx.xx.2023-cü il tarixdə vaxtından əvvəl tərxis olunaraq ehtiyata buraxılmışdır. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası hərbi-həkim ekspertizası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamə üzrə aşağıdakılar barəsirdə qərar çıxarıb çağırışçıya elan edir: - həqiqi hərbi xidmətə yararlılıq haqqında; - səhhətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa bir ilədək müddətə möhlət verilməsi haqqında; - dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq ehtiyata daxil edilmə haqqında; və - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında" Əsasnamənin 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər. "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında" Təlimatın 62-ci maddəsinə əsasən, ilkin hərbi uçota götürülən və hərbi xidmətə çağırılan vətəndaşlara şəhadətləndirilmədən əvvəl, bir aydan tez olmayaraq aşağıdakı müayinələr aparılır: olduqda planlı profilaktiki peyvəndlər aparılır. - döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, - qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini), - sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal). Şəhadətləndirilmə günündə isə bədən çəkisi və boyu ölçülür. Hərbi xidmətə çağırılanlara bundan əlavə elektrokardioqrafiya müayinəsi keçirilir, zərurət Həmçinin çağırışçılar müddətli həqiqi hərbi xidmətə göndərməkdən əvvəl ruhi-əsəb, narkoloji, vərəm, dərizöhrəvi, cuzəm, QİÇS-lə mübarizə, Respublika Talassemiya Mərkəzindən və digər dispanserlərdən qeydiyyatda olan, digər tibb müəssisələrindən dispanser qeydiyyatında olan və son 12 ay müddətində yoluxucu və parazitar xəstəliklər keçirmiş çağırışçıların siyahılarını, ambulator xəstələrin tibbi vərəqələrini, stasionar xəstələrin tibbi vərəqələrindən çıxarışları və vətəndaşların səhhətini xarakterizə edən digər tibbi sənədlər və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən (ƏSMM) əliliyə görə təqaüd alan və tibbi-sosial ekspert komissiyasından (TSEK) əlillik dərəcəsi verilmiş çağırışçıların siyahıları alınması üçün hərbi komissarlıqlar tərəfindən sorğu edilirdi. Çağırışçıların tibbi müayinəsi keçirdikdən əvvəl dispanserlər, tibb müəssisələrdən, Əhalinin Sosial Müdafiəsi Mərkəzindən və tibbi-sosial ekspert komissiyasından alınan cavablar rayon hərbi həkim komissiyaları tərəfindən öyrənilir, şəxsi işlərində qeydlər aparılır və tibbi müayinələr zamanı nəzərə alınırdı. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Əlavə olaraq bildirilir ki, çağırışçının qolunda döymə olduğu üçün xx.xx.2022-ci il tarixdə X6 Dispanserində müayinə edilmiş və heç bir psixi xəstəlik aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən həqiqi hərbi xidmətə çağırılanlar hərbi hissələrə təhvil verilərkən müvafiq olaraq xidmət etdikləri hərbi hissələrin tərkibində olan hərbi-həkim komissiyaları tərəfindən hərbi xidmətə yararlılıqlarının yoxlanılması üçün təkrar müayinədən keçirlər. Səhhətlərində hər hansı problemlər aşkar olunduqda çağırıldığı Xidmətin yerli idarə, şöbə və bölmələrinə geri qaytarılırlar. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Bu baxımdan hazırkı iş üzrə qeyd olunan xüsusatların heç biri təsdiq olunmur, bu isə mülki hüquq pozuntusu ilə bağlı Xidmətin Ağdam rayon şöbəsinin məsuliyyətinin yaranmamasını göstərir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ona vurulmuş ziyanla bağlı cavabdehin təqsirinin olmasına dair hər hansı sübut təqdim etməmişdir, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranmasının əsaslarından biri məhz təqsirin olmasıdır, hazırki iş üzrə 50000 (əlli min) manat vurulmuş maddi zərərə görə cavabdehin təqsirini müəyyən edən heç bir hal və sübut olmadığından mövcud olmamış zərərə görə cavabdehin üzərinə məsuliyyət qoyula bilməz. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Çağırışçının uçot kartası; - 77N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 19N nömrəli əmrindən çıxarış; - 77N nömrəli hərb hissə komandirinin xx.xx.2022-ci il tarixli 276 nömrəli əmrindən çıxarış; - xx.xx.2022-ci il tarixli SX ******* nömrəli hərbi bilet; - xx.xx.2022-ci il tarixli Səhhətin müayinə edilməsi aktı; - 230 nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 2499 nömrəli göndərişi; - 230 nömrəli hərbi hissənin köçürmə epikrizi; - Xəstəlik tarixindən 10N nömrəli çıxarış; - xx.xx.2023-cü il tarixli 131 nömrəli xəstəlik haqqında şəhadətnaməsi; - Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının ambulator, stasionar xəstənin tibbi kartasından 3056 nömrəli çıxarış; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-43/2-M-28xx/xx/2023 nömrəli məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-2/2- 1453/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 3-43-2/2-239/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 1444 nömrəli cavab məktubu. Əsaslandırma hissəsi: VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
27. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.
28. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və «Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-Həkim ekspertizasının keçirilməsi qaydaları haqqında» Təlimatın və «Hərbi–həkim ekspertizası haqqında» əsasnamənin müddəalarına uyğun olaraq həkim komissiyasının müayinəsindən keçmişdir.
29. O, həm xx.xx.2019-cu ildə ilkin hərbi qeydiyyata alınan zaman, həm də xx.xx.2022-ci ildə hərbi xidmətə çağırış zamanı şəhadətləndirilən zaman sağlam hesab edilmişdir. Daha sonra hərbi xidmətdə olarkən sağ bel nahiyyəsindən şikayətlə N saylı hərbi hissəyə müraciət etmiş və ona “Nut-kraker sindromu, sol böyrəyin terminal mərhələ hidronefrozu, böyrəyin ifrazat funksiyasının pozulması ilə. Sağ böyrəyin ekstrarenal ləyən variantı” diaqnozu qoyulmaqla, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Bundan sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 131 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə İddiaçı “Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin ləyən-sidik axarı seqmentinin strikturası nəticəsində soltərəfli hidronefroz, İİİ (üçüncü) mərhələ, sol böyrəyin ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Tranzitor proteinuriya” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi, “Sol gözün keçirilmiş virus konyuktivitindən sonrakı buynuz qişanın nöqtəşəkilli bulanması nəticəsində görmə itiliyinin 0.8-ə qədər azalması, korreksiya olunmur. Sağ gözün görmə itiliyi 1.0 (vahid) olmaqla” xəstəliyinin səbəb əlaqəsi isə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilərək, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin 72 “b” maddəsinin İİ qrafasına və ƏTC-yə əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.
30. Hazırda iddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin təqsirli hərəkətləri nəticəsində 8 ay ərzində qanunsuz və əsassız hərbi xidmət keçməyilə bağlı itirdiyi vaxta görə 10000 manat maddi və təxris olunduqdan sonra sol böyrəyindən məcburi əməliyyat keçirdiyi üçün 5000 manat mənəvi zərərin ödənilməsini tələb edir.
31. Məhkəmə aşağıdakılara görə iddia tələbini qismən əsaslı sayır.
32. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 131 nömrəli xəstəlik haqqında şəhadətnaməsində iddiaçının əsas diaqnozu kimi Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin ləyən-sidik axarı seqmentinin strikturası nəticəsində soltərəfli hidronefroz, İİİ (üçüncü) mərhələ, sol böyrəyin ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Tranzitor proteinuriya” kimi qeyd edilmişdir. Bu isə həmin xəstəliyin iddiaçının hərbi xidmətə çağırışa qədər (anadangəlmə) onda yaranmış olmasına dəlalət edir ki, cavabdeh orqan da iddiaçının həqiqi hərbi xidmətə çağırış zamanı yararlılığını yoxlayan zaman bunu aşkar etməli və bununla da o, hərbi xidmətə yararsız olduğu üçün hərbi xidmət keçməməli idi.
33. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qanunun tələblərinə uyğun olaraq düzgün şəhadətləndirilmiş olsa idi və həqiqi hərbi xidmətə yararsız olduğu təsdiq edilsəydi, o, hərbi hissədə deyil, öz evində ailəsi ilə yaşamağa, işləyərək hər ay əmək haqqı almağa, ailəsinin və özünün maddi ehtiyaclarını ödəməyə davam edəcəkdi.
34. Hazırda cavabdeh orqan iddiaçının hərbi xidmətə yollanarkən hərbi xidmətə yararlı olduğunu əsas gətirərək zərərin əvəzinin ödənilməsindən imtina etsə də, inkar edilməyən fakt odur ki, o, 9 ay ərzində hərbi xidmətdə olduqdan sonra xidmətə yararsız hesab edilərək, bu əsasla (xəstəliyə görə) ehtiyata buraxılmış və hərbi biletində bu cür qeydiyyat aparılmışdır.
35. İddiaçı özünə dəyən zərərin hərbi xidmətə çağırılması, hərbi xidmət keçməsi nəticəsində dəyməsini iddia etmir. O, özünün hərbi xidmətə yararsız olduğu halda həkim komissiyasının səhlənkarlığı, işinə etinasız yanaşması, vəzifə borcunu lazımınca yerinə yetirməməsi nəticəsində qanunsuz olaraq hərbi xidmətə göndərilməyi, 9 ay ərzində xidmətə yararsız olduğu halda hərbi xidmət keçməyi və 9 ay əziyyətindən sonra “xidmətə yararsız” kimi hərbi biletlə evə qayıtmağı ilə bağlı keçirdiyi emosional psixoloji sarsıntı nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edir.
36. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli ərarı ilə təsdiqlənmiş «Hərbi–həkim ekspertizası haqqında» Əsasnaməyə görə: Bənd 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. Bənd 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. Bənd 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Bənd 2.1. İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. Bənd 2.4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər. Bənd 2.5. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq dermato-veneroloq, psixoloq və zərurət olduqda, bu bəndin ikinci abzasında müəyyən edilmiş qaydada digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. Bənd 2.6. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A — hərbi xidmətə yararlıdır; B — sıradankənar hərbi xidmətə yararlıdır; C — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç — hərbi xidmətə müvəqqəti yararsızdır; D — həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün «Xəstəliklər cədvəli»nə və ƏTC-yə müvafiq olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. Həkim-mütəxəssisin rəyinin rəsmiləşdirilməsi qaydası Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Bənd 2.N. Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırılmalı olmayan vətəndaşların hərbi xidmətə çağırılması hallarını istisna etmək məqsədi ilə, hərbi xidmətə çağırılmış vətəndaşlar bilavasitə xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışdan keçirlər. Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların nəzarət qaydasında şəhadətləndirilməsi onların Mərkəzi Çağırış Komissiyasına təqdim edilmiş şəxsi işlərin və tibbi sənədlərin öyrənilməsi əsasında qiyabi keçirilir. Mərkəzi Çağırış Komissiyasının əsaslandırılmış qərarı ilə nəzarət qaydasında şəhadətləndirilmə əyani keçirilir. Tibbi baxış və nəzarət qaydasında şəhadətləndirilmə Mərkəzi Çağırış Komissiyasının qərarı ilə cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq və zərurət olduqda, digər ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən həyata keçirilir. Xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxış və ya nəzarət qaydasında şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətində onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişə biləcək faktlar aşkar edildikdə, Mərkəzi Çağırış Komissiyası rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının müvafiq qərarını ləğv edir, bu barədə vətəndaşa və qərarı ləğv edilmiş komissiyaya məlumat verir. Nəzarət qaydasında şəhadətləndirilmənin təşkili və keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən edir.
37. Göründüyü kimi, iddiaçı hərbi xidmətə çağırış zamanı səhhətində çağırışa qədər mövcud olan “Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin ləyən-sidik axarı seqmentinin strikturası nəticəsində soltərəfli hidronefroz, İİİ (üçüncü) mərhələ, sol böyrəyin ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Tranzitor proteinuriya” diaqnozlu xəstəliyinin olmasına baxmayaraq, hərbi xidmətə çağırış zamanı şəhadətləndirilərək hərbi xidmətə yararlı hesab edilmişdir.
38. İkinci tərəfdən isə, iddiaçının xəstəliyi şəhadətləndirilərkən onun xəstəliyinin səbəb əlaqəsi “ümumi xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır» kimi müəyyən edilmişdir ki, bu hal da cavabdeh tərəfindən qanunun tələblərinə uyğun olaraq düzgün şəhadətləndirilmənin aparılmadığını deməyə əsas verir.
39. Bundan başqa, 9 ay ərzində qanunsuz və əsassız hərbi xidmət keçməyilə bağlı itirdiyi vaxta görə 10000 manat maddi və təxris olunduqdan sonra sol böyrəyindən məcburi əməliyyat keçirdiyi üçün 5000 manat mənəvi təzminatın ödənilməsini tələb etsə də, məhkəmə hesab edir ki, maddi ziyanla bağlı cavabdehdən tutulacaq məbləğ iddiaçının hərbi xidmət keçdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə nəzərdə tutulmuş minimum əmək haqqı məbləğində hesablanmalıdır.
40. Belə ki, “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2022-ci il tarixdən 300 manat, xx.xx.2023-cü il tarixdən isə 345 manat müəyyən edilmişdir.
41. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, maddi ziyanla cavabdehdən tutulacaq məbləğ - 2022-ci ilin iyul ayı üzrə 170 manat (1 gün üçün 10 manat; 17gün x 10man), avqust, sentyabr, noyabr, dekabr ayları üzrə 300 manat, 2023-cü ilin yanvar, fevral ayları üzrə 345 manat, mart ayı üzrə isə 195,50 (1 gün üçün N,50 manat; 17gün x N,50man) olmaqla, ümumilikdə 2.555,50 manat məbləğində müəyyən edilməlidir.
42. Məhkəmə iddia tələbinin 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı mənəvi ziyanla bağlı tələbini cavabdehin təqsiri üzündən keçirdiyi fiziki və mənəvi iztirablar nəticəsində hərbi xidmətə yararsız olduğu halda həkim komissiyasının səhlənkarlığı, işinə etinasız yanaşması, vəzifə borcunu lazımınca yerinə yetirməməsi nəticəsində qanunsuz olaraq hərbi xidmətə göndərilməsi və bunun nəticəsində 8 ay ərzində xidmətə yararsız olduğu halda hərbi xidmət keçməsi və "xidmətə yararsız" hərbi biletlə evə qayıtması nəticəsində emosional psixoloji sarsıntı keçirməsi ilə əsaslandırmışdır.
43. Bununla bağlı məhkəmə qeyd olunmalıdır ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. İddiaçı tələbində 5000 manat mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi ziyan məbləğinin məhz 5000 manat məbləğində ifadə olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
44. Bu baxımdan nəzərə alınmalıdır ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında qeyd edilir ki: “Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya"nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya"nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə N15. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
46. Odur ki, məhkəmə maddi zərərlə bağlı tələbə münasibətdə qeyd edir ki, tələb edilən məbləğ ağlabatan məbləğ deyildir. Eyni zamanda iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları həmin məbləğə münasibətdə əsaslandırmamışdır. Ona görə də cavabdehdən iddiaçının xeyrinə tutulacaq mənəvi zərər 500 manat məbləğində müəyyən edilməlidir.
47. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsindən 2.555,50 (iki min beş yüz əlli beş manat əlli qəpik) manat məbləğində maddi, 500 (beş yüz) manat məbləğində isə mənəvi zərər tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
48. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
49. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsindən 2.555,50 (iki min beş yüz əlli beş manat əlli qəpik) manat məbləğində maddi ziyan, 500 (beş yüz) manat məbləğində mənəvi zərər tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva