Məhkəmə qərarları › İş №2-1(114)-3610/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3610/2025

14.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3610/2025 14.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-16-5/8-14-651 nömrəli məktubuna əsasən, Bakı Şəhər Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-151 saylı qətnaməsinə əsasən vətəndaş İddiaçı doğum faktı müəyyən olunmuş, qətnamənin qət etdi hissəsində 1990-cı ildə doğulma faktı müəyyən olunmuş və qətnamə Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən icra olunmuşdur. - Hazırda vətəndaş İddiaçı barəsində Abşeron rayon Qeydiyyat şöbəsində xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, 19 saylı bərpa haqqında akt qeydində doğulduğu vaxt qrafasında gün və ay göstərilməyərək 1990-cı il yazılmışdır. Hazırda vətəndaş İddiaçı doğum tarixinin “xx.xx.1990-cı il”ə tamamlanma edilməsi üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməli, həmçinin şəxsiyyət vəsiqəsinin əldə olunması mümkün olmamış, bu səbəbdən də ərizənin təmin edilməsi mümkün olmamışdır. - xx.xx.2024-cü il tarixli, AZ-İV 989855 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, “atası” qrafasında X2 və “anası” qrafasında X1 göstərilmişdir.

2. İddiaçı 4 saylı Psixonevroloji Sosial Xidməti Müəssisinin cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmış İddiaçı doğum haqqında akt qeydlərində doğum tarixinin xx.xx.1990-cə il kimi qeyd edərək yeni doğum şəhadətnaməsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, müəssisədə xx.xx.2024-cü ildən yaşayan İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı 18 yaşınadək Əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin iddiası əsasında Abşeron Rayon Məhkəməsi tərəfindən 16 fevral 2024-cü ildə qəbul edilmiş 2(012)-151/2024 nömrəli qətnamədə iddiaçının ərizəsi qismən təmin edilərək doğum tarixi 1990-cı il olaraq qeyd edilmişdir. 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi tərəfindən 20 sentyabr 2024-cü ildə İddiaçı doğum haqqında şəhadətnamə alınması üçün Cavabdehnə müraciət olunmuş və müraciət təmin olunaraq verilən doğum haqqında şəhadətnamədə doğum tarixi 1990-cı il olaraq qeyd edilmişdir. 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi tərəfindən İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün 30 sentyabr 2024-cü ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət olunmuşdur. Sorğuya cavab olaraq, 22 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı qəbul etdiyi ******* nömrəli qərarda vətəndaşın doğum tarixi 01 yanvar 1990-cı il kimi qeyd edilmişdir. 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi tərəfindən 06 yanvar 2025-ci il tarixində İddiaçı şəxsiyyət vəsiqəsinin düzəldilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı qəbul etdiyi ******* nömrəli qərarda vətəndaşın doğum tarixi, Abşeron Rayon Məhkəməsi tərəfindən 16 fevral 2024-cü ildə qəbul edilmiş 2(012)-151/2024 nömrəli qətnamədə qeyd edilmiş doğum tarixi, Cavabdeh tərəfindən verilən doğum haqqında şəhadətnamədə göstərilən doğum tarixi uyğunlaşmadığından müraciətin təmin edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən 13 mart 2025-ci ildə doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1990-cı ilə tamamlanması üçün ərizə ilə müraciət olunmuş, vətəndaşın şəxsiyyət vəsiqəsi olmadığı üçün ərizənin təmin edilməsi mümkün olmamışdır. Hazırda İddiaçı yetkinlik yaşına çatmış bir gənc kimi doğum haqqında şəhadətnaməsində doğum tarixinin tam qeyd edilməməsi onun Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına maneçilik törədir.

4. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı əsl İddiaçı ilə əvəz edilmiş, iddia tələbi “doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1990-cı il kimi qeyd edilərək yeni doğum şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

5. Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 08/8835/di nömrəli məktubuna qoşma şəklində əlavə edilmiş Dövlət Miqrasiya Xidməti Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarına əsasən, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır.

6. Ədliyyə Nazirliyi Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-1541/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş 0100 1 0013 12062024 nömrəli doğum haqqında akt qeydinə əsasən, İddiaçı doğulduğu tarix “xx.xx.1990”, doğulduğu yer “Azərbaycan Respublikası, Bakı şəhəri”, “ata haqqında məlumat” qrafasında X2, “ana haqqında məlumat” qrafasında X1 göstərilmiş, xx.xx.2024-cü il tarixli, 989855, AZ-İV seriya nömrəli şəhadətnamə verilmişdir.

7. Abşeron Rayon Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2(012)-151/2024 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-151/2024 nömrəli qətnaməsinə əsasən, 1990-cı il təvəllüdlü Məleykənin doğum faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə soyadın “Məmmədova”, adın “Məleykə”, ata adının “Faiq”, doğum tarixinin “1990-cı il”, doğulduğu yerin “Bakı şəhəri”, ata qrafasında atasının adının “X2”, ana qrafasında anasının adının “X1” kimi qeyd edilməsi qət edilmişdir.

8. Abşeron Rayon Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2(012)-151/2024 nömrəli məktuba əsasən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-151/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almış və həmin tarixdə icraya (Abşeron rayon Qeydiyyat şöbəsi) yönəldilmişdir.

9. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.

10. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlara oxşar izahat verərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.

12. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

13. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 08/8835/di nömrəli məktubu və və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - Ədliyyə Nazirliyi Abşeron rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16- 5/8-13-1541/2025 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-151/2024 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-151/2024 nömrəli məktubu.

Əsaslandırma hissəsi:

14. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır.

15. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

17. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

18. Məhkəmə iddianın mümkünlük şərtlərinin mövcudluğunu yoxlayaraq qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddianın mümkünlük şərtlərindən biri olan məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir.

19. İş materialları ilə müəyyən olunur ki, iddiaçı onun doğum haqqında akt qeydində doğum gününün və ayının müəyyən edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmiş və imtinaya əsas kimi isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olduğu göstərilmişdir.

20. Məhkəmə belə bir qənaətə gəlir ki, cavabdeh orqanın imtinası əsaslı olmuş və bu, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.

21. Belə ki, inzibati məhkəmə icraat materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-151/2024 nömrəli qətnaməsinə əsasən, hazırkı iş üzrə prosessual vəziyyəti iddiaçı olan İddiaçı “X3” tərəfindən müəssisəyə təhviltəslim aktı əsasında imtina olunmuş uşaq kimi qəbul olunmuş, müəssisədə baş verən yanğın hadisəsi nəticəsində ona aid olan sənədlər - doğum haqqında şəhadətnamə, şəxsiyyətini təsdiq edən sənəd və s. məhv olmuşdur. Belə ki, ərizəçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 aylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Sosial Xidmətlər Müəssisəsi PHŞ məhkəməyə fakt təsdiqi ilə bağlı müraciət etmiş, məhkəmənin yekun qətnaməsi ilə iddiaçının və onun ata və anasının adları, soyadları və atasının adları müəyyən olunmuş, doğum tarixində isə sadəcə olaraq doğum ili müəyyən edilmişdir. Ancaq iddiaçının doğumunun günü və ayının müəyyən edilməsi hissəsində iddia təmin edilməmişdir.

22. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2024-cü il tarixdə icra edilməsi üçün Abşeron rayon Qeydiyyat şöbəsinə göndərilmiş, nəticəsi olaraq iddiaçıya xx.xx.2024cü il tarixli, AZ-İV 989855 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir.

23. Hazırkı iş üzrə isə iddiaçının əsas hüquqi marağı onun doğum haqqında akt qeydində “doğulduğu tarix” qrafasında gün və ayın dəqiq olaraq yazılmasıdır.

24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmələr yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada onların səlahiyyətlərinə aid edilmiş işlərdə mahiyyəti üzrə baxmaqda səlahiyyətlidirlər. Ancaq iddiaçı tərəfindən qaldırılan hazırkı mübahisəli məsələ birbaşa hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı olub, mübahisəli hüquqi məsələ ilə əlaqədar ona ümumi məhkəmələr tərəfindən (rayon və şəhər məhkəmələri) baxılaraq yekun məhkəmə aktı qəbul edilməlidir.

25. Yuxarıda da qeyd edildiyi kimi, hazırkı inzibati məhkəmə icraatına qədər iddiaçı ilə bağlı Abşeron Rayon Məhkəməsində hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı iddia qaldırılmış, yekun məhkəmə aktı qəbul edilmiş, iddiaçının hazırda inzibati icraat qaydasında düzəliş edilməsini xahiş etdiyi doğum tarixinə dair tələbi Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-151/2024 nömrəli qətnaməsi ilə təmin edilməmiş və məhkəmə qətnaməsi öz qanuni qüvvəsini almışdır.

26. Həmçinin, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, inzibati məhkəmə icraatı çərçivəsində sadəcə olaraq mövcud olan akt qeydlərində düzəlişlərin aparılması və ya ləğv edilməsi, habelə mövcud olmuş, lakin sonradan itmiş və ya məhv olmuş akt qeydlərinin bərpa edilməsi məsələsinə baxıla bilər.

27. Məhkəmə son olaraq hesab edir ki, iddiaçıya məxsus doğum haqqında akt qeydində düzəlişin edilməsinin inzibati məhkəmə predmeti kimi araşdırılması qanuni deyildir. Çünki iddiaya mahiyyəti üzrə baxılması bir növ qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş edilmiş halların təkrar məhkəmə qaydasında araşdırılması deməkdir. Bu isə yolverilməz hal olmaqla iddia tələbinin mümkün sayılmamasına dəlalət edir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir.

28. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelunumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarı).

29. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir.

30. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx.xx.2015-ci il tarixli Qərarı).

31. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır.

32. Bununla belə, məhkəmə iddiaçıya doğum tarixinin günün və ayının müəyyən edilməsi üçün müvafiq qətnamədən şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə vəsatət əlavə etməklə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-151/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək hüququ olmasını izah edir.

33. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaları mümkün sayılmamalıdır.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin norma tələblərinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Habelə, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olduğu gündən 10 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar