Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3612/2025 19.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona veteran adı və vəsiqəsinin verilməsi vəsifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx xxxxxx 1991-ci ildə Goranboy rayonunun Borsunlu kəndində anadan olmuş və həmin kənddə yaşamaqla orta məktəbi də orada oxumuşdur. Hazırda da ailəsi ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşayır. xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Nəzərinizə çatdırmaq istəyir ki, torpaqların azad olunması uğrunda gedən 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən hərbi səfərbərliyə alınaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi N nömrəli hərbi hissənin tərkibində Talış, Süqovuşan və Şuşanın azad olunması istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Bu barədə Hərbi biletinin 6-7-ci səhifəsində N nömrəli hərbi hissə komandirinin möhürü və imzası var. Məhkəməyə təqdim etdiyi 23 may 2024-cü il tarixli 3-43-22/2-668/2024 saylı Azərbaycan Respublikası Şəfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən verilmiş arayış bunu bir daha təsdiq edir. Bütün bunlara baxmayaraq onunla xidmətdə olan bütün döyüş yoldaşlarına Veteran adı və vəsiqəsi verilsədə o dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və digər qrumlara müraciət etməsinə baxmayaraq ona bu günə kimi Veteran adı və vəsiqəsi verilmir. Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-25 7/2-A-7286 saylı məktubunda ona bildirilir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən döyüş əməliyyatlarına cəlb edilməyən bölmələrdə xidmət göstərdiyi üçün ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi məqsədə müvafiq hesab edilməmişdir. Hesab edir ki, bu ona qarşı bir haqsızlıqdır. Hərbi bletində onun N saylı hərbi hissənin tərkibində Talış-Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etdiyi göstərilmişdir. Halbuki, onun tərkibində vuruşduğu hərbi hissə Şuşanın azad olunması uğrunda gedən döyüş əməliyyatlarında da iştirak etmişdir və oda onun tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində "Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə Komissiyanın ona ünvanladığı məktubdan isə görünür ki, sorğu N saylı hərbi hissəyə ünvanlanmışdır ki, həmin hərbi hissə isə döyüş əməliyyatlarına cəlb edilməyən bölmə kimi qeydə alınmışdır. Nazirliyin Aparatı nəzdində "Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə Komissiyanın ona ünvanladığı məktubdan isə görünür ki, sorğu N saylı hərbi hissəyə ünvanlanmışdır ki, həmin hərbi hissə isə döyüş əməliyyatlarına cəlb edilməyən bölmə kimi qeydə alınmışdır. Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2373 nömrəli Sərəncamı ilə "Laçının azad olunması"medalı ilə təltif olunmuşdur. Onun 44 günlük Vətən Müharibəsində iştirak etməsi məhkəməyə təqdim etdiyi sənədlərlə bir daha təsdiq olunur. Bundan başqa Vətən Müharibəsində onunla birlikdə eyni hissədə vuruşan döyüş yoldaşları bir daha bunu təsdiq edərlər. O, hesab edir ki, yuxarıda qeyd etdiyi əsaslara görə ona "Müharibə veteranı və vəsiqəsi" verilməlidir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 299 nömrəli məktubuna əsasən döyüş əməliyyatlarına cəlb edilməyən bölmələrdə xidmət keçdiyinə görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsəduyğun hesab edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddia tələbinin təmin edilməmədi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh orqan hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində "Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 299 nömrəli məktubuna əsasən döyüş əməliyyatlarına cəlb edilməyən bölmələrində xidmət keçdiyinə görə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi hesab edilməmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, "Laçının azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. Bununla bağlı bildirmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaq görən siyasəti nəticəsində düşmən kapitulyasiyasını imza edərək, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin xx.xx.2020-ci il tarixli Bəyənatına əsasən Laçın, Ağdam və Kəlbəcər rayonları bir güllə sərf etmədən və döyüş əməliyyatları aparılmadan işğaldan azad olunmuşdur. Həmin rayonların müqavilə əsasında (döyüş əməliyyatları aparılmadan) işğaldan azad olunmalarına baxmayaraq, Laçın rayonunda dislokasiya olunmuş hərbi hissələrin hərbi qulluqçularına "Laçının azad olunmasına görə" medalı, Kəlbəcər rayonunda dislokasiya olunmuş hərbi hissələrin hərbi qulluqçularına "Kəlbəcərin azad olunmasına görə" medalı və Ağdam rayonunda dislokasiya olunmuş hərbi hissələrin hərbi qulluqçularına "Ağdamın azad olunmasına görə" medalları verilmiş və təltif edilmişlər. Məhkəmənin nəzərinə çatdırılması zəruridir ki, iddiaçıya Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında birbaşa iştirak etdiyinə görə deyil, yuxarıda da qeyd edildiyi kimi hərbi hissə dislokasiya olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın sərəncamı ilə sözügedən medalla mükafatlandırılmışdır. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia tələbi müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan AO ******* nömrəli hərbi biletdə görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li hərbi hissəni siyahısında olmuş, Talış-Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Medalının İ-1651 nömrəli Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2373 nömrəli Sərəncamı ilə İddiaçı “Laçının azad olunmaslna görə” medalı verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya ünvanlanmış xx.xx.2023-cü il tarixli “Vətən Müharibəsi zamanı N nömrəli hərbi hissənin tabeliyində olan hərbi hissələrdə xidmət etmiş, lakin döyüş əməliyyatlarına cəlb edilməyən bölmələrdə xidmət etdikləri üçün barələrində arayış məlumat tərtib etmək mümkün olmayan hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2024-cü il tarixli arayışında görünür ki, 1991-ci il təvəllüdlü, Goranboy rayon Borsunlu kənd sakini, ehtiyatda olan əsgər İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət etmişdir. "Hərbi vəzifə və Hərbi Xidmət haqqında Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin tələblərinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasında qismən Səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində Xidmət etmişdir. Talış-Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.2020-ci il tarixdən SHXÇDX-nin Goranboy rayon şöbəsində hərbi qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyindən Gəncə İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissə kimi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Gəncə İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ehtiyatda olan əsgər İddiaçı, 5-ci taborun 15-ci bölüyünün 3-cü taqımının 2-ci manqanın baş atıcı vəzifəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi hissədə xidmət etmişdir. Ehtiyatda olan əsgər İddiaçı qismən səfərbərlik zamanı xx.xx.2020-ci tarixdə 5-ci taborun 15-ci bölüyünün 3-cü taqımının 2-ci manqanın baş atıcı vəzifəsinə xidmətə qəbul edilmiş və xx.xx.2020-ci il tarixdə hərbi qeydiyyata durmaq üçün Goranboy rayon Şöbəsinə göndərilmişdir. Ehtiyatda olan əsgər İddiaçı qismən səfərbərlik zamanı xidmət etdiyi 5-ci taborun 15-ci bölüyü şəxsi heyəti tam tərkibdə döyüş əməliyyatları zamanı hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Tərtər rayonunun Sarov yasayış məntəqəsi yerləşmiş və hərbi hissənin tərkibində döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqlar yerinə yetirməmiş, heç bir döyüş əməliyyatlarında iştirak etməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyindən Gəncə İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu əsgər İddiaçı verilən "Laçının azad olunmasına görə” medalı həvəsləndirilmə məqsədi ilə verilmişdir. Əsaslandırma hissəsi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsiniin İ hissəsinə görə, vətəni müdafiə hər bir vətəndaşın borcudur. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 7-ci maddəsinə görə, Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndində görə, Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Laçının azad olunmasına görə” medalı ilə təltif edilsinlər: ... İddiaçı – əsgər ... Hazırkı iddia tələbi üzrə iddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İşdə olan AO ******* nömrəli hərbi biletdə görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li hərbi hissəni siyahısında olmuş, Talış-Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya ünvanlanmış xx.xx.2023-cü il tarixli “Vətən Müharibəsi zamanı N nömrəli hərbi hissənin tabeliyində olan hərbi hissələrdə xidmət etmiş, lakin döyüş əməliyyatlarına cəlb edilməyən bölmələrdə xidmət etdikləri üçün barələrində arayış məlumat tərtib etmək mümkün olmayan hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissə kimi müəyyən edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqlar yerinə yetirməmiş, heç bir döyüş əməliyyatlarında iştirak etməmişdir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 2020ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnaməyə əsasən bu medal Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Eyni zamanda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamına görə Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “ Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişlər. Həmin siyahıda iddiaçının da adı öz əksini tapmışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən Əsasnaməyə və Sərəncama istinad edərək hesab edir ki, şəxs o halda “Laçının azad olunmasına görə” medalla təltif edilir ki, o, Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik göstərmiş olsun. İddiaçıya münasibətdə bu hal mövcud olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)- 2564/2023 saylı qərarında, xx.xx.2023-cü il tarixli 2-1(102)-2896/2023 saylı, xx.xx.2024-cü il tarixli 2-1(102)-2711/2024 saylı qərardadlarında qeyd olunan mövqedən çıxış edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Nəticəvi hissə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 68.1, 68.2 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3612/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3612/2025
19.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver