Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3614/2023 04.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4, üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri Nizami rayonu Nizami bələdiyyəsinə qarşı “xx.xx.2023-cü il tarixli, 10 nömrəli protokol-qərarının ləğv edilməsi”nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhəri Nizami rayonu Nizami bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2023-cü il tarixli, 10 nömrəli protokolqərarının ləğv edilməsi barədə qərar çıxarılması”nı xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Bələdiyyəsinin 23 iyun 2023-cü il tarixli 10 saylı iclas protokolu-qərarı ilə ünvan 1 ünvanında yerləşən 0.0298 ha torpaq sahəsinin vətəndaş X1 məqsədə müvafiq hesab edilmişdir. Sözügedən qərarda qeyd edilir ki, həmin torpaq sahəsi uzun müddət X5 istifadəsində olduğundan elə onun mülkiyyətinə verilməsi məqsədə müvafiqdir. Dərhal başdan qeyd edilməlidir ki, sözügedən torpaq sahəsi Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısının 23 dekabr 2013cü il tarixli 1780 nömrəli sərəncama əsasən İddiaçı verilmişdir və elə həmin tarixdən də onun istifadə və sahibliyindədir. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısının 23 dekabr 2013-cü il tarixli 1780 nömrəli sərəncamından sonra iddiaçı həmin torpaq sahəsinin 4 tərəfində 2 metr hündürlüyündə daş hasar inşa etdirməklə darvaza qoymuş, həmin tikilidə özünə məxsus su çəni, əl arabası, yer qazmaq üçün palatka və sair alətləri saxlamaqla uzun illər istifadə etmişdir. Sözügedən torpaq sahəsində 2014-cü ilin may-iyun aylarında hörgü işləri başa çatmış və darvaza qoyulmuşdur. Həmin hörgü işləri məhkəməyə şahid qismində gətirəcəkləri usta X7 tərəfindən aparılaraq başa çatdırılmışdır. Cinayət işinin rədd edilməsi barədə qərarda adı çəkilən oğurlanmış darvaza da elə Zirəddin Vəliyev tərəfindən qoyulmuşdur. Bunları yazmaqda məqsəd ondan ibarətdir ki, bilinsin ki, mübahisəli torpaq sahəsi həqiqətən də 2013-cü il tarixdən iddiaçının istifadəsində olmaqla sahiblik hüququ həyata keçirilmişdir. Bələdiyyə həmin torpağı satacağı təqdirdə iddiaçıya satmalı olduğu halda başqa şəxsə hansı əsaslarla satır. Sözügedən torpaq sahəsinin iddiaçının istifadəsində və qanuni sahibliyində olmasını iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli "cinayət işi başlanmasının rədd edilməsi haqqında" qərara nəzər salınarkən də məlum olur. Belə ki, xx.xx.2022-ci il tarixli "cinayət işi başlanmasının rədd edilməsi haqqında" qərarda qeyd edilir ki, İddiaçı özünə məxsus Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsi, "keçmiş mero" adlanan yerin yaxınlığında yerləşən özünə məxsus 3 sot torpaq sahəsindən oğurluq edilməsi ilə əlaqədar polisə müraciət etmiş və müvafiq araşdırma aparılaraq cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş digər bir "cinayət işinin rədd edilməsi" haqqında 14 iyul 2023-cü il tarixli qərarda X8 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Nizami Bələdiyyəsinin sədri ilə xx.xx.2023-cü il tarixdə altı-satqı müqaviləsi bağlanmış, 0.0298 ha torpaq sahəsi ona verilərək yerində göstərilmişdir. Mübahisələndirilən bələdiyyə qərarında isə həmin torpaq sahəsinin uzun müddət X5 istifadəsində olduğu və bunun üçün ona verildiyi qeyd edilmişdir. Necə olur ki, iddiaçı mübahisəli torpaq sahəsininə 2013-cü il tarixdən etibarən sahiblik və istifadəni həyata keçirdiyi təqdirdə, bələdiyyə sədri həmin torpaq sahəsini, yalnız alqı- satqıdan sonra görmüş və bəyənmiş X3… O cümlədən qeyd edilməlidir ki, X8 izahatında qeyd edir ki, həmin ərazidə heç bir tikinti işləri aparılmamışdır. Əgər yerli baxış keçirilərsə və yaxud tikilinin hansı tarixdə inşa edildiyinə dair ekspertiza təyin edilərsə açıq-aşkar məlum olacaqdır ki, torpaq sahəsinin hasarlandığı tikili uzun illər bundan qabaq inşa edilmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının həmin torpaq sahəsi üzərində istifadə və sahiblik hüququnu həyata keçirməsi ona deməyə əsas verir ki, mülkiyyət hüququnun ilkin yaranmasının əsaslarından olan 2 əsas amil, yəni sahiblik və istifadə hüququ iddiaçıya məxsus olmaqla, yalnız sərəncam vermək hüququ əldə edilməmişdir ki, həmin hüququn da, əldə edilməsi üçün bələdiyyə orqanının islahat keçirərək həmin torpaqları satışa çıxarılması iddiaçı tərəfindən gözlənilmişdir. Bələdiyyə isə torpaqlar özəlləşməyə başlayan kimi tam gizlin şəkildə iddiaçıya məxsus torpaq sahəsini X2. X8 torpağı əldə etdikdən sonra iddiaçının çoxsaylı orqanlara dayanmadan şikayət etdiyini görüb, həmin ərazidə ev tikintisi aparmağa başlamışdır. İddiaçı isə müvəqqəti təminat tədbiri barədə ərizə ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək həmin ərazidə tikilinin dayandırılması barədə qərardad əldə etmişdir. İclas protokolu-qərarı tərtib edilərkən Əlavə olaraq bildirilir ki, Bələdiyyənin 23 iyun 2023-cü il tarixli 10 saylı iclas protokol-qərar tərtib edilərkən də, qanunvericiliyin tələblərinə əməl edilməmiş, şikayət vermə prosedurası və şikayət vermə müddəti göstərilməmişdir. İddiaçı sözügedən qərarı vəkil sorğusu əsasında xx.xx.2023-cü il tarixdə əldə etmiş və bir gün sonra şikayət vermişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, eyni zamanda vəkili sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, torpaq sahəsi sərəncama əsasən iddiaçıya verilmişdir. 2001-ci illərdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən torpaq ayırma sənədləri bu formada tərtib edilirdi. Torpaq sahəsini plan-ölçüsü, eskizi olmasa da, iddiaçı tərəfindən icra hakimiyyətinin göstərdiyi torpaq sahəsi hasarlanmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi 2016-cı ildə xəritələr təsdiqləndikdən sonra bələdiyyə mülkiyyətinə verilmişdir. Həmin vaxtdan 15-20 gün əvvələ qədər iddiaçı torpaq sahəsi ilə bağlı Nizami bələdiyyəsinə müraciət etməmişdir. Əgər iddiaçı 4-5 il əvvəl müraciət etsə idi, o zaman ona köməklik edilərdi. Hazırkı prosedur qaydalara əsasən vətəndaş müvafiq sərəncamla bələdiyyəyə müraciət etdikdə bələdiyyə sənədləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin ərazi idarəsinə təqdim edir. Həmin Ərazi İdarədən LTD mütəxəssisləri tərəfindən ölçmə işləri aparılır, bundan sonra müsbət rəy gəlirsə, torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi hərrac vasitəsilə satılır. Həmin proses isə 7-8 ay davam edir. X6 da torpaq sahəsi hərrac vasitəsilə satılmışdır. Ancaq şəhid ailəsi olduğu üçün pul ödəməmişdir. İddiaçı məhkəmə prosesindən 15-20 gün əvvəl torpaq sahəsi ilə bağl bələdiyyəyə müraciət etmişdi. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, torpaq sahəsinin alınması üçün bələdiyyəyə müraciət etmişdir. Bələdiyyə nümayəndəsinin də qeyd etdiyi kimi daha sonra Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilmiş hərracda həmin torpaq sahəsini almışdır. Ancaq şəhid ailəsi olduğu üçün pul ödənişlərindən azad olmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. İddiaçının istinad etdiyi Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 1780 nömrəli sərəncam mübahisələndirilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Belə ki, bu sənəd nə həmin torpağın icarəyə, nə istifadəyə verilməsi ilə bağlı olmamışdır. Bundan başqa, həmin sərəncama torpaq sahəsinin yerləşmə yerini, koordinatlarını əks etdirən hər hansı bir sənəd əlavə edilməmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Başqa sözlə, 300 kv.m ölçüdə torpaq sahəsinin iddiaçıya verilməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Beləliklə də, mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da digər şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin ləğvini xahiş etsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhəri Nizami rayonu Nizami bələdiyyəsinə qarşı “xx.xx.2023-cü il tarixli, 10 nömrəli protokol-qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3614/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3614/2023
04.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver