Məhkəmə qərarları › İş №2-1(114)-3617/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3617/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3617/2023 04.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı torpaq sahəsinin naturada müəyyən edilərək ona dair texniki və digər təşkilati sənədlərin tərtib olunması, inşa ediləcək obyektin şəhərin memarlıq üslubuna uyğun layihə eskizin təsdiq edilməsi barədə yazılı göstərişlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “torpaq sahəsinin naturada müəyyən edilərək ona dair texniki və digər təşkilati sənədlərin tərtib olunması, inşa ediləcək obyektin şəhərin memarlıq üslubuna uyğun layihə eskizin təsdiq edilməsi barədə yazılı göstərişlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 200.000 manat mənəvi zərərin ödənilməsi və əldən çıxmış faydaya görə ödənilməli olan vəsaitin müəyyən edilərək ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizə və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq qeyd edilməlidir ki, iddiaçı öncədən inzibati orqana müraciət edərək müvəffəqiyyət qazanmağa cəhd etmədən birbaşa məhkəməyə müraciət etməməlidir. Həmçinin, maddi zərərin konkret məbləği iddia ərizəsində göstərilməlidir. Bununla əlaqədar məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddiaçıya yuxarıda qeyd olunanlar nəzərinə çatdırılsa da, onun tərəfindən sərəncamda göstərilən tələblər yerinə yetirilməmişdir. Beləliklə, iddia tələbi üzrə xüsusi mümkünlük şərti mövcud olmadığından mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı torpaq sahəsinin naturada müəyyən edilərək ona dair texniki və digər təşkilati sənədlərin tərtib olunması, inşa ediləcək obyektin şəhərin memarlıq üslubuna uyğun layihə eskizin təsdiq edilməsi barədə yazılı göstərişlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar