Məhkəmə qərarları › İş №2-1(114)-362/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-362/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-362/2023 16.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş illərinin dövlət qulluğu stajına daxil edilməsi, pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, işlədiyi xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək X5 Partiya Bürosunun katibi vəzifəsi, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Hacıkənd İcraiyyə Komitəsinin sədri vəzifəsinin müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 1.6-cı və 1.17-ci bəndlərində nəzərdə tutulmuş rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdırılaraq, xx.xx.1980-ci il tarixdən xx.xx.1994-cü il tarixədək dövrlərin dövlət qulluğu stajına daxil etməklə xx.xx.2011-ci il tarixdən dövlət qulluğunun pensiyasının təyin edilməsi üçün yenidən hesablanması, dövlət qulluğu pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək X5 Partiya Bürosunun katibi vəzifəsində, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Hacıkənd İcraiyyə Komitəsinin sədri vəzifəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının köməkçisi vəzifəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində işləmişdir. Qeyd olunan vəzifələrin hamısı dövlət qulluğu hesab olunan vəzifələrdir. 2011-ci il tarixdə yaşa görə pensiya təyin edilsə də 14 il dövlət qulluqçusu kimi işləməyi nəzərə alınmamışdır. Bununla bağlı olaraq yaşa görə əmək pensiyamın yenidən hesablanması ilə bağlı olaraq cavabdeh inzibati orqana müraciət etmişdir.. Lakin cavabdeh ona hazırda "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən ödənilən 317.33 manat yaşa görə əmək pensiyasının məbləğinin həmin Qanunun 20.1.7-ci maddəsinə uyğun olaraq sabiq dövlət qulluqçusu kimi yaşa görə təyin ediləcək 269.94 manat (245.4 manat əmək pensiyası+10 faiz maddi yardım (24.54 manat)) pensiya məbləğindən çox olduğundan sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması təxirə salaraq imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ona 2011-ci ildə yaşa görə əmək pensiyası təyin edilmişdir, lakin dövlət qulluqçusu kimi təyin edilməmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun dövlət qulluğu stajı 5 il 10 ay təşkil edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanının 1.17-ci bəndində Rayon X7nin icraiyyə komitəsinin aparatında işləmiş şəxslərin vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında işləyən şəxslərin vəzifəsinə uyğunlaşdırılmışdır. İddiaçının xx.xx.1985-ci il tarixdən Hacıkənd İcraiyyə Komitəsinin sədri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunan siyahıda Rayon X7nin icraiyyə komitəsində işləmiş şəxslər nəzərdə tutulmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 03/827 nömrəli arayışından görünür ki, İddiaçı Gəncə Şəhər İcra Hakimiyyətində başçının köməkçisi (01 dekabr 1993-cü il tarixdən 06 iyun 1994-cü il tarixədək), müavin (06 iyun 1994-cü il tarixdən 24 noyabr 1994-cü il tarixədək) vəzifələrində işləmiş və əmək haqqı almışdır. -surəti işə əlavə edilmiş X8 filialının xx.xx.2022-ci il tarixli, 910(625)/4 nömrəli arxiv arayışından görünür ki, Məmmədov X2 qəsəbə X7 İcraiyyə Komitəsində mart 1985-ci ildən dekabr 1993-cü ilədək işləmiş və əmək haqqı almışdır. -surəti işə əlavə edilmiş xx.xx.1967-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdən xx.xx.2020-ci il tarixədək müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -surəti işə əlavə edilmiş DSMF-nin Nizami rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2011-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. -ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubundan görünür ki, İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2011-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı dövlət qulluğunda işlədiyi müddətlərin nəzərə alınaraq ona dövlət qulluğuna görə pensiya təyin edilməsini xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı hazırki tələblə xx.xx.1980-ci il tarixdən xx.xx.1994-cü il tarixədək dövrlərin dövlət qulluğu stajına daxil etməklə xx.xx.2011-ci il tarixdən dövlət qulluğuna görə pensiyanın təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, o, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Hacıkənd İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmişdir. İddiaçı həmin müddətin dövlət qulluğu stajı kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən iddianı həmin hissədə əsaslı hesab etmir və bunu aşağıdakılarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 1 sentyabr 2005-ci il tarixli, 290 nömrəli fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 1.17-ci bəndində Rayon X7nin icraiyyə komitəsinin aparatında işləmiş şəxslərin vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında işləyən şəxslərin vəzifəsinə uyğunlaşdırılmışdır. Göründüyü kimi, qeyd olunan siyahıda Rayon X7nin icraiyyə komitəsində işləmiş şəxslər nəzərdə tutulmuşdur, iddiaçı isə Hacıkənd İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmişdir. Bu səbəbdən də iddiaçının həmin müddətlər üzrə iş stajı onun dövlət qulluğu stajı kimi nəzərə alına bilməz. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının dövlət qulluğu stajının 5 il 10 ay hissəsini ((xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.1991-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər) qəbul etmişdir. Həmçinin iddiaçıya məxsus əmək kitabçasından görünür ki, Gəncə Yağ-Piy Kombinatına partiya komitəsinin katibi vəzifəsinə təyinat barədə əmr xx.xx.1982-ci il tarixdə verilməsinə baxmayaraq əmrin məzmununda 1980-ci ilin noyabr ayında seçildiyi qeyd edilmişdir. Deməli, 1980-ci ilin noyabr ayından hesablandıqda dövlət qulluğu stajı təqribən 2 il də artır. Bundan əlavə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli, 543- VQD nömrəli Qanun qüvvəyə minənədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20.11.2-ci maddəsinə görə, Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla müəyyən edilir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilən dövrdə (2011-ci ildə) şəxsə dövlət qulluqçusu kimi pensiya təyin edilməsi üçün minimum 5 il tələb olunmuşdur. Hazirki işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının dövlət qulluğundakı iş stajı 5 ildən çoxdur (təqribən 7 il) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. -20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. Beləliklə müəyyən olunur ki, iddiaçıya xx.xx.2011-ci il tarixdə pensiya təyin edilərkən ona yaşa görə deyil, dövlət qulluğuna görə pensiya təyin edilməli idi. Çünki yuxarıda da qeyd olunduğu kimi iddiaçı həmin əsasla pensiya təyin edilməsi üçün müvafiq şərtlərə (pensiya yaş həddi, ümumi iş stajı, dövlət qulluğu stajı və.s) cavab vermişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qismən əsassız olmuşdur. Odur ki, iddiaçının noyabr 1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək müddətlərin onun dövlət qulluğu stajına daxil edilməsi, ona hüququ yarandığı xx.xx.2011-ci il tarixdən dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı noyabr 1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək işlədiyi müddətlərin onun dövlət qulluğu stajına daxil edilməsi, ona hüququ yarandığı xx.xx.2011-ci il tarixdən dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının hesablanması və yaranmış fərqin müraciət etdiyi vaxtdan 3 il geriyə hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar