Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-362/2025 27.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkil olan nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 9669 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu. Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin posttravmatik ensefalopatiya ilə nəticəsi. Partlayış travması (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit. ikitərəfli xroniki tubootit, ikitərəfli qarışıq tip ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020). Sağ bazu nahiyəsinin, sağ aşağı ətrafın kor qəlpə yaralanmasına görə aparılmış yaraların İ (birincili) cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları, sağ bud, sağ baldır nahiyələrin yumşaq toxumaların yad cisimləri (metal qəlpələr). Sağ qamış sümüyünün proksimal metafizinin osteoxondroması" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir.
2. İddiaçı əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək “Əlavə müalicəyə ehtiyacın olması” səbəbindən əlillik təyinatından imtina edilmişdir.
3. İddiaçı əlillik vəziyyəti növbəti dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina edilmişdir.
4. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixli yeni göndəriş rəsmiləşdirilmiş, həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu, Partlayış travması (02.10..2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu; Yanaşı xəstəliklər – S06.0 – Baş beyinin silkələnməsi, Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi; Yanaşı xəstəliklər – T70.0 – Qulağın barotravması, Partlayış travması (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli xroniki tubootit, ikitərəfli qarışıq tip ağıreşitmə; Yanaşı xəstəliklər – F43.1 – Posttravmatik stress pozuntusu, Posttravmatik stress pozuntusu.
5. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2023-cü il tarixdə qiymətləndirərək, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina edilmişdir.
6. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2023-cü il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə 3-17-4/3-3-18652/2023 nömrəli qərar qəbul edilmişdir.
7. Həmin göndərişdən və xəstəlik tarixindən çıxarışlardan müəyyən olunur ki, İddiaçı “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu üzrə, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə, “F06.0 Üzvi dissosiativ pozğunluq” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdə ambulator, “İ84.2 Ağırlaşmamış daxili babasil” diaqnozu üzrə 07.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X6 Xəstəxanasında, “S81.8 Baldırın digər hissələrinin açıq yarası” diaqnozu üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X6 Xəstəxanasında, “S06.0 Baş beyinin silkələnməsi” diaqnozu üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X1 və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında “F43.1 Posttravmatik stress pozğunluğu” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X1, “F06.5 Üzvi dissosiativ pozğunluq” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində stasionar müalicələrdə olmuşdur.
8. Məhkəmənin qərardadı əsasında iddiaçı xx.xx.2024-cü il tarixdə Agentlikdə yenidən əyani müayinədə olmuş, müayinə nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-8729/2024 nömrəli qərarı ilə xx.xx.2023-cü il tarixli diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin verdiyi T292/2024 saylı ekspert rəyində göstərilmişdir ki, vətəndaş Ə.Ə.Abbasovda əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə olan "Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı-kəllə beyin travması, baş beyin silkələnməsindən sonraki kəskin (ağır) dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu. Posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki nevrit, ikitərəfli xronki tubootit, ikitərəfli qarışıq tip ağıreşitmə" diaqnoz şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator- instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmətibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1-ci bəndinə görə bu Qayda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10481308 nömrəli xəstəlik tarixindən çıxarışında əsas diaqnoz "F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” və yanaşı xəstəlik “F06.5 Üzvi dissosiativ pozğunluq” kimi müəyyənləşdirilmişdir.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 8189/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi (travma mənşəli) dissosiativ pozuntu funksional tutmalarla" kimi müəyyənləşdirilmişdir.
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1413 nömrəli Tibbi rəyində diaqnoz "F06.5 Üzvi (travma mənşəli) dissosiativ pozuntu, funksional tutmalarla" kimi müəyyənləşdirilmişdir.
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin verdiyi xx.xx.2025-ci il tarixli 421 saylı ekspert rəyində göstərilmişdir ki, İddiaçı “F06.5 Üzvi dissosiativ pozuntu, funksional qıcolma tutmaları ilə” müəyyən edilir. II. Məhkəmədə icraat
14. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun səhhətində olan xəstəliklər üzrə orqanizmin funksiyalarının pozulma faiz və müddətinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1997-ci ildə Samux rayonu, Sərkar kəndində anadan olmuşdur. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsi tərəfindən xx.xx.2016-cı ildə həqiqi hərbi xidmətə çağırılmışdır. xx.xx.2016-ci il tarixdən xx.xx.2017-ci tarixə kimi N və N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra Samux rayon Sərkar kəndinə qayıtmış və kənddə yaşamışdır. Sonra o, MAHHXHQ kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində könüllü xidmətə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci tarixədək N saylı hərbi hissədə MAHHXHQ kimi hərbi xidmətdə olmuşdur. O, N nömrəli hərbi hissədə xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xx.xx.2020-ci tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərə cəlb olunmuşddur. Döyüş əməliyyatları zamanı, yəni, xx.xx.2020-ci il tarixdə döyüşdə "Sağ təpə-gicgah, sağ bud və baldır, çiyinin kor qəlpə yaralanması" xəsarətini almışdır. İlkin yardım göstərilərək təxliyə olunmuşdur. Aldığı xəsarətlə əlaqədar xx.xx.2022-ci tarixədək Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında stasionar müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının qərarına əsasən xəstəliklərimlə əlaqədar hərbi xidmət haqqında qanunun 156-cı maddəsinin "v" bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Aldığı travmalarla əlaqədar səhhətində ağırlaşmalar baş vermiş və yenidən müalicə götürməyə başlamışdır. Yenidən xəstəliyi ilə əlaqədar Mərkəzi hərbi həkim komissiyasında şəhadətlənmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyası tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız olmağı barədə qərar qəbul edilmişdir. O, bundan sonra həmin qərara əsasən hərbi xidmətini dəvam etdirə bilməmişdir. Hazırda xəstəliyi ilə əlaqədar müalicəsini davam etdirir. Aldığı travmalarla əlaqədar heç bir yerdə işləyə bilmir. Xəstəlikləri ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etmiş və həmin komissiyanın rəyinə əsasən ona əlillik dərəcəsi müəyyən edilməmişdir. O, imtinanı əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının qərarı bir biri ilə ziddiyyət təşkil edir. Həmin ziddiyyət nəticəsində o, bu gün heç bir işlə məşğul ola bilmir. Reallıqda o, həqiqətən hazırdada müalicəsini davam etdirir. Hər ay sağlamlığı ilə bağlı tibbi dərmanlar qəbul edir. Səhhəti fiziki işlə məşğul olmağa imkan vermir. O, bu vəziyyətdə hansı vəsaitlə yaşamağı, maddi təminatı cavabdeh şəxsləri maraqlandırmır. O, bir qazi kimi hazırda maddi cəhətdən yaxın qohumlarından asılı vəziyyətdə qalmışdır. Müalicəsi üçün o, lazımı dərmanları kiminsə maddi köməkliyi nəticəsində alır. Şikayət etdiyi inzibati orqanların heç birisi ona əməli köməklik göstərmir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasının yanaşması qeyri-qanunidir və ona əlillik dərəcəsinin verilməsindən əsassız olaraq imtina edir. Əgər onun həqiqətən əmək qabiliyyəti varsa, əlillik dərəcəsi düşmürsə, o halda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının qərarı ləğv edilməlidir. Bu halda o, yenidən qayıdıb hərbi xidmətini davam etdirməyə hazırdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının imtina məktubunu əsassız və qərəzli yanaşma hesab edir. Belə ki, reallıqda o, xəstəliyi ilə əlaqədar faktiki olaraq işləyə bilmir. Hərbi həkim komissiyasının rəyinə əsasən xidmətə yararsız olduğu üçün qayıdıb yenidən hərbi xidmətini davam etdirə bilmir. Bu səbəbdən imtina məktubu ilə hərbi həkim komissiyasının rəyi ziddiyyətli olduğu üçün yenidən məhkəmə qaydasında araşdırılmasına ehtiyac vardır. Hesab edir ki, komissiyalar arasındakı ziddiyyətli məqamları araşdırmaq məqsədi ilə və həqiqi sağlamlığı barədə mütəxəssis rəyinin alınması üçün Ədliyə Nazirliyinin Məhkəmə tibbi ekspertiziya idarəsində yenidən müayinədən keçməyə zərurət vardır. Onun məişət şəraiti acınacaqlıdır. Bu şəraitdə yaşaya bilmir. Bu səbəbdən də, komissiyalar arasında olan ziddiyyətli rəyin araşdırılması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
17. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “İddiaçı səhhətində olan xəstəliklər üzrə orqanizmin funksiyalarının pozulma faiz və müddətinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
18. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
19. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. Belə ki, iddiaçı iddiasında ona ikinci dərəcə əlilliyin təyini ilə bağlı qərarın ləğvini və ona ikinci dərəcə əlilliyin təyin edilməsini tələb etsə də, bu halda qərarın ləğvi ona ikinci dərəcə əlilliyin təyin edilməsi tələbinin təmininə yönəlmişdir. Yəni, iddiaçıya ikinci dərəcə əlilliyi təyini üçün ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar əvvəlcə ləğv edilməlidir.
20. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
21. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir.
22. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş (əyani müayinə zamanı) və ona əlillik təyinatından imtina edilmişdir. Həmin imtina qərarı xx.xx.2023-cü il tarixdə sistemə daxil edildiyi və iddiaçı hazırkı tələblə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.
23. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Samux rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
24. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
25. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
26. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının vəkil olan nümayəndəsi Vəkil məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə vəsatəti təmin edilməmişdir.
27. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
28. İddiaçı, iddiaçının vəkil olan nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
29. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
30. Etiraz onunla əsaslandırılmışdır ki, Samux rayon sakini xx.xx.1997-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2023-cü il tarixdə Agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 9669 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu. Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsinin posttravmatik ensefalopatiya ilə nəticəsi. Partlayış travması (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli xroniki tubootit, ikitərəfli qarışıq tip ağıreşitmə, piçıltı nitqini hər iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020). Sağ bazu nahiyəsinin, sağ aşağı ətrafın kor qəlpə yaralanmasına görə aparılmış yaraların (birincili) cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları, sağ bud, sağ baldır nahiyələrin yumşaq toxumaların yad cisimləri (metal qəlpələr). Sağ gamış sümüyünün proksimal metafizinin osteoxondroması" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10481308 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Üzvi dissosiativ pozğunluq" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 8189/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi (travma mənşəli) dissosiativ pozuntu, funksional tutmalarla" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1413 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi (travma mənşəli) dissosiativ pozuntu, funksional tutmalarla" kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir). Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, yuxusunun və yaddaşın pozulmasından, qıcolma tutmalarından, diqqət dağınıqlığından şikayətlənmişdir. Agentliyin həkim-ekspert travmatoloqun əyani müayinəsi zamanı bədənin sağ tərəfində səthi çapıqlar izlənilmişdir. Hərəkətləri tam həcmdə olmuşdur. Zahirən narahat, ünsiyyətə həvəsli, nitqi çoxsözlü, əhval-ruhiyyəsi enik, emosional labil olmuşdur. Düşüncəsi aydın olmuş, bələdliyi və tənqidi tam saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi dissosiativ pozuntu, funksional tutmalarla" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən teztez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrali qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
31. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
32. İddiaçının vəkil olan nümayəndəsi Vəkil məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
33. nun, cavabdehin nümayəndəsi X3 məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, onun təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
34. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 9669 nömrəli şəhadətnaməsi; - xx.xx.2024-cü il tarixli yeni göndəriş; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-8729/2024 nömrəli qərarı; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin verdiyi T292/2024 saylı ekspert rəyi; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10481308 nömrəli xəstəlik tarixindən çıxarışı; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 8189/23 nömrəli xəstəlik tarixindən çıxarışı; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1413 nömrəli Tibbi rəyi; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin verdiyi xx.xx.2025-ci il tarixli 421 saylı ekspert rəyi; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi iddiaçının əlillik işi üzrə icraat materialları.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
35. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
36. Belə ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək “Əlavə müalicəyə ehtiyacın olması” səbəbindən əlillik təyinatından imtina edilmişdir.
37. İddiaçı əlillik vəziyyəti növbəti dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina edilmişdir.
38. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixli yeni göndəriş rəsmiləşdirilmiş, həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu, Partlayış travması (02.10..2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu; Yanaşı xəstəliklər – S06.0 – Baş beyinin silkələnməsi, Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi; Yanaşı xəstəliklər – T70.0 – Qulağın barotravması, Partlayış travması (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli xroniki tubootit, ikitərəfli qarışıq tip ağıreşitmə; Yanaşı xəstəliklər – F43.1 – Posttravmatik stress pozuntusu, Posttravmatik stress pozuntusu.
39. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2023-cü il tarixdə qiymətləndirərək, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina edilmişdir.
40. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2023-cü il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə 3-17-4/3-3-18652/2023 nömrəli qərar qəbul edilmişdir.
41. Məhkəmənin qərardadı əsasında iddiaçı xx.xx.2024-cü il tarixdə Agentlikdə yenidən əyani müayinədə olmuş, müayinə nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-8729/2024 nömrəli qərarı ilə xx.xx.2023-cü il tarixli diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır.
42. Həmin göndərişdən və xəstəlik tarixindən çıxarışlardan müəyyən olunur ki, İddiaçı “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu üzrə, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə, “F06.0 Üzvi dissosiativ pozğunluq” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdə ambulator, “İ84.2 Ağırlaşmamış daxili babasil” diaqnozu üzrə 07.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X6 Xəstəxanasında, “S81.8 Baldırın digər hissələrinin açıq yarası” diaqnozu üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X6 Xəstəxanasında, “S06.0 Baş beyinin silkələnməsi” diaqnozu üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X1 və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında “F43.1 Posttravmatik stress pozğunluğu” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X1, “F06.5 Üzvi dissosiativ pozğunluq” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində stasionar müalicələrdə olmuşdur.
43. Göründüyü kimi, iddiaçıya ilkin əlillik təyinatının aparılması üçün tibb müəssisəsi tərəfindən sonuncu dəfə xx.xx.2023-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Hansı ki, ilkin əlillik təyinatı zamanı göndərişin rəsmiləşdirilməsi üçün iki şərt vardır (göndəriş verildiyi zaman qüvvədə olan qanunvericilik normalarına əsasən): 1) şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 2) şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir).
44. Yəni, normanın məzmunundan göründüyü kimi, şəxs barəsində tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsi üçün ya eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması, lakin həmin müalicəyə baxmayaraq orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması tələb olunur.
45. Hazırkı işdə isə iddiaçının qiymətləndirilməsi üzrə müraciəti ona ilkin əlillik təyinatının aparılması ilə bağlı olduğundan bununla bağlı iddiaçının ona göndərişdə qoyulmuş eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması tələb olunur ki, iddiaçının qiymətləndirilməsi üçün rəsmiləşdirilmiş göndərişdə onun son 1 ildə 9 dəfə ambulator müraciətinin olduğu, stasionar müalicəsinin isə 75 gün (22 gün + 34 gün + 19 gün) təşkil etdiyi müəyyən edilir.
46. Hansı ki, həmin müddətləri toplanan zaman eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına dair şərt ödənilmir.
47. Göründüyü kimi, qanunvericinin həmin normanın müəyyən edilməsində məqsədi ondan ibarət olmuşdur ki, şəxs reabilitasiya (yaxşılaşma, sağalma) üçün müalicə imkanlarından istifadə etmiş və tükətmiş olsun, yəni həmin xəstəlik üzrə uzun müddət müalicə olunmasına baxmayaraq, həmin xəstəlik onda sağalmamış və davam edən vəziyyətdə olsun.
48. Lakin hazırkı vəziyyətdə iddiaçının barəsində göndəriş rəsmiləşdirilərkən həmin şərtə əməl edilmədiyi, başqa sözlə bütün müalicə imkanlarından istifadə etməsi və tükətmiş olması müəyyən edilmir.
49. Eyni zamanda, iddiaçıya Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1413 nömrəli Tibbi rəyi ilə "Üzvi (travma mənşəli) dissosiativ pozuntu, funksional tutmalarla" diaqnozu qoyulmasına və Gəncə şəhər Psixiatriya Xəstəxanasında xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə "Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Üzvi dissosiativ pozğunluq”, Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə "Üzvi (travma mənşəli) dissosiativ pozuntu funksional tutmalarla" diaqnozları üzrə stasionar müalicədə olmasına, habelə “Üzvi dissosiativ pozuntu” da şəxsiyyət pozulmasına səbəb olan psixi xəstəlik olmasına baxmayaraq, tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə həmin diaqnoz qeyd edilməmişdir.
50. Məhkəmənin qərardadı əsasında əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin verdiyi xx.xx.2025ci il tarixli 421 saylı ekspert rəyində də göstərilmişdir ki, İddiaçı “F06.5 Üzvi dissosiativ pozuntu, funksional qıcolma tutmaları ilə” diaqnozunun olduğu müəyyən edilir.
51. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na görə:
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
53. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na görə: Bənd 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.
54. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
55. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:
56. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva