Məhkəmə qərarları › İş №2-1(114)-3621/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3621/2025

25.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3621/2025 25.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə müvafiq əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş xxxxxxx0007 saylı göndəriş əsasında qiymətləndirilmiş və onun barəsində “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir.

2. Həmin qərar barədə iddiaçıya xx.xx.2023-cü il tarixdə sms-bildiriş göndərilməklə, məlumat verilmişdir. II. Məhkəmədə icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 02.08..2023-cü il tarixli müayinə ilə bağlı imtinasının əsassız hesab edilərək, ona hərbi vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən atılmış mərmi partlaması nəticəsində aldığı travmalarla bağlı təyin edilmiş İİİ qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-ci ildə döyüş zonasında vətənə olan borcunu yerinə yetirərkən xx.xx.1994-cü il tarixində Fizuli rayonunun Alıxanlı kəndində qanlı döyüşlər zamanı düşmənin atdığı mərminin partlaması nəticəsində ağır bədən xəsərətləri, travmaları almışdır. Bakı şəhərində Papanin hospitalında cərahiyyə şöbəsində müalicə olunmuşdur. Onun Papanin hospitalında müalicə olunduğunu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi həkim Komisiyasının verdiyi xx.xx.2022-ci il tarixli, 550 nömrəli qərarla da tam təsdiq edir. Hərbi Həkim Komissiyasının həmin qərarda qeyd edilir ki, aldığı travmalar, hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış travmadır. O, 23 il müharibə əlili kimi pensiya alan bir şəxsin pensiyasının dayandırılmasınə hesab edir ki, qanunsuz və tam əsassızdır. Hansı ki, qüvvədə olan qanunvericiliyin tələbinə görə 10 il əlill kimi pensiya alan şəxslərə müddətsiz pensiya təyin olunmalıdır. Maraqlı orasıdır ki, dəfələrlə müraciət etməyinə baxmayaraq, xəstəliyini əks etdirən tibbi sənədlərini, yəni forma 88-i poliklinikanın həkimləri sistemə vurmaq istəmirlər, min bir bəhanə ilə onu get-gələ salırlar. Bildirirmişdir ki, ona 1998-ci ildən, 2015-ci ilə kimi 3-cü qrup müharibə əlilliyi təyin edilmişdir, 2015-ci ildə travmalarımın, xəsarətlərinin ağırlaşması ilə ələqədər ona 2-ci qrup Qarabağ əliliyi təyin edilmiş, 2016-cı ildə ona müddətsiz pensiya təyin etmək əvəzinə yenidən 5 il müddətinə, yəni 2021-ci ilə kimi İİİ qrup əlillik təyin edilmiş, həm əlil kimi, həm də prezident təqaüdü almışdır. Ölkə rəhbərinin göstərişi əsasında xidmətləri nəzərə alınaraq, yaşıdığı kənddə dövlət ona ev də tikib vermişdir. Ona müharibə əlili kimi təqaüd verilərkən qüvvədə olmuş qanunvericiliyin tələbinə görə 10 ildən artıq əlillik pensiyasını alanlara, müddətsiz əlillik dərəcəsi təyin edilməli idi. 22 il İİİ qrup müharibə əlili kimi pensiya aldığına görə ona müddətsiz İİİ qrup müharibə əlilliyi təyin edilməli idi. Qanunun bu tələbinə cavabdeh orqan əməl edilməmişdir. Onun isə 22 il İİİ qrup Qarabağ əlili, 1 il isə İİ qrup əlil kimi cəmi 23 il əlilliyi olduğu halda Qanunun bu tələbinə cavabdeh orqan bilərəkdən riayyət edilməmiş, əlilliyini dayandırmışdır. Hansı ki, 2015-ci ildə ona İİİ qrup əlil kimi müddətsiz pensiya təyin olunmalı idi. 2021-cü ilin iyul ayından hal-hazıra kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin tabeliyində olan VTEK həkimləri tərəfindən onun heç bir qanuni əsas və səbəb olmadan, 1998-ci il tarixdən, 2021-ci ilin iyul ayına kimi 23 il müharibə əlili kimi pensiya aldığını nəzərə almadan, pensiyanın dayandırılması ilə bağlı məcburiyyət qarşısında qalıb dəfələrlə yuxarı dövlət orqanlarına müraciət etmiş, TSEK-na müraciət etsə də heç bir nəticəsi olmamışdır. Axırıncı dəfə X2 və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyinə xx.xx.2024-cü il tarixdə müharibə əlili kimi İİİ qrup əlilliyinin bərpa olunması müraciət etsə də xx.xx.2024-cü il tarixli, 3-17-4/2-M- 33632/2024 nömrəli məktubla imtina vermişdir. Həmin imtinada göstərilir ki, dövlət tibb müəssisənin göndərişi və müraciəti əsasında Siz xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adınıza rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 17 nömrəli Qərarı ilə təstiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları" na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barənizdə diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Cavabdeh orqanın imtinasını o qanunsuz və əsassız hesab edir. Ona görə ki, onun imtina cavabı ilə onun Konstitusiyamızla nəzərdə tutulmuş hərbi vəzifəsi yerinə yetirərkən döyüşlər zamanı travmalar aldığına görə pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

6. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.

7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə müvafiq əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dəyişdirilmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

8. Cavabdeh iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

9. İddiaçı həmin məhkəmə iclasında müddətin bərpasına dair ərizə təqdim edərək, müddətin bərpa edilməsini xahiş etmişdir.

10. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddia müddətini daimi müalicələrdə olduğu üçün ötürmüşdür. X3 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci ilədək stasionar müalicədə olmasına dair ambulator kitabçadan çıxarışı vardır, bundan başqa müalicədə olmasına dair digər hər hansı sənədi mövcud deyildir.

11. Cavabdehin nümayəndəsi X1 izahatı müddətin ötürülmüş hesab edilməsini və bərpa edilməməsinə dair qərar çıxarılmasını xahiş edirəm.

Əsaslandırma hissəsi:

12. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır.

13. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

14. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə müvafiq əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir və həmin tələb İPM-in 2.2.2-ci maddəsində təsbit olunmuş məcburetmə haqqında iddia növünə aiddir.

15. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

16. Sadalanan normaların məzmunundan müəyyən olunur ki, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli;

5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.2, 33.1 və 35.1-ci maddələri).

17. İstənilən növ iddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Hazırkı iş üzrə isə iddiaçının ona əlillik dərəcəsinin təyin edilməsi barədə əlverişli inzibati aktın qəbul edilməsi barədə iddiası məcburetmə haqqında iddia növünə aid olmaqla, həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti kimi müddətə dair şərtə riayət edilməsi tələb olunur.

18. İşin hallarından görünür ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2023-cü il tarixli tibbi göndəriş əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilərək əlillik təyinatından imtina edilmiş və bu barədə qəbul edilmiş qərar barədə iddiaçıya xx.xx.2023-cü il tarixdə smsbildiriş göndərilməklə, məlumat verilmişdir.

19. Qeyd edilən imtina barədə iddiaçıya məlumat göndərildikdən xeyli keçdikdən sonra iddiaçı hazırkı iddia ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir.

20. Göründüyü kimi, İddiaçının ona əlillik təyinatından imtina edilməsindən xx.xx.2023-cü il tarixdən məlumatlı olması, lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə iddia qaldırmaması və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.

21. İddiaçı iddia müddətini ötürməsinin səbəbi kimi ərizəsində və iclasda verdiyi izahatında özünün xəstəliyi və müalicələrdə olması ilə əlaqələndirmiş, lakin ötən müddət ərzində iddia qaldırmasına maneə törətmiş və ya məhdudiyyət yaratmış xəstəliklə bağlı edən sənədlər təqdim etməmişdir.

22. İddiaçının təqdim etdiyi ambulator kitabçadan çıxarış isə yalnız iddiaçının X3 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci ilədək stasionar müalicədə olması barədədir, ona əvvəlki dövr üzrə isə hər hansı müalicə almasına, habelə səhhətinin iddia qaldırmasına mane olmasına dair tibbi sənədləri mövcud deyildir.

23. Ona görə də məhkəmə iddiaçının dəlillərini müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul etmir və qeyd edir ki, iddiaçı xəstə ola bilər, lakin bu xəstəlik halı onun vaxtında iddia qaldırmasını mümkünsüz etməlidir ki, bunu da iddiaçı sübuta yetirməlidir.

24. Yəni, müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər, onların mövcudluğu şəxsin iradəsindən asılı olmasın, onların yaranması və dəf edilməsi şəxsin imkanı xaricində olsun və bu səbəblər şəxsin müddəti ötürmədən iddia qaldırmasına maneə törətsin və ya məhdudiyyət yaratmış olsun.

25. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olubolmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21).

27. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

28. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

29. Beləliklə, iddiaçı iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürdüyündən, yəni müddətin üzrlü səbəbdən ötürüldüyünü təsdiq edən sənədlər təqdim etmədiyindən onun müddətin bərpasına dair ərizəsi təmin edilməməli və iddia müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.

30. İPM-ə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

31. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar