Məhkəmə qərarları › İş №2-1(114)-3626/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3626/2025

30.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3626/2025 30.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin onun işdən çıxarılmağına dair əmrinin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4277/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı əmrin ləğv edilməsi, vəzifəyə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair 2-1(112)-4277/2025 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, o, 1999-cu il tarixdən Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsində sürücü işləmişdir. İşlədiyi müddətdə üzərinə qoyulan vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücü ilə həyata keçirmişdir. Rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri göstərişləri yerinə yetirmiş, müəyyən edilmiş qulluq reqlamentinə riayət etmiş, idarə əməkdaşların işlərini çətinləşdirən, yaxud idarənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmişdir. Lazım gəldikdə rəhbərin göstərişi ilə əlavə iş görmüş və etik davranış qaydalarına əməl etmişdir. Lakin 2020-ci ildə Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Naibə Paşayeva onu səbəbsiz işdən azad etmişdir. İddiaçı bununla bağlı Daşkəsən Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə onu işə bərpa etmişdir. Bundan sonra 2021-ci ildə yeni təyin olunmuş Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Arzu Rüstəmov keçmiş rəis Naibə Paşayeva, Arzu Tağıyev və onu anası Kifayət Bağırovanın məsləhətləri ilə onu yenidən səbəbsiz işdən azad etmişdir. O da bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə onu işə bərpa etmişdir. Lakin idarədən narazı olduqlarına görə Nərimanov Rayon Məhkəməsinin çıxardığı qətnamədən apellyasiya şikayəti vermişlər. Lakin Bakı Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin çıxardığı qətnaməni qüvvədə saxlamışdır. Bundan sonra ona Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən zəng edilərək onun 28 noyabr 2022-ci tarixdən Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsində işinə davam etməyi bildirilmişdir. O, işinə qayıdaraq eyni qaydada işinə davam etməyə başlamışdır. Lakin idarənin rəisi Arzu Rüstəmov ona münasibətdə əsəbi, qərəzli, kobud və qəzəbli davranmış, hətta o, iddiaçının ünvanına nəlayiq ifadələr belə işlətmişdir. **-AA-*** dövlət qeydiyyat nişanlı UAZ markalı və **-JO-*** dövlət qeydiyyat nişanlı Qazel markalı avtomobillər onun üzərindədir. Lakin, həmin avtomobilləri o, istifadə etmir, Azər Tağıyev adlı işçi idarə edir, yanacaq kartını isə hansı şəxsin istifadə etməsi məlum deyildir. Bu hərəkətlər az imiş kimi 02 may 2024-cü il tarixdən işçilərin davamiyyət jurnalına imza etməyinə rəis Arzu Rüstəmov qadağa qoymuşdur. Bu məsələ ilə bağlı iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin “1652” qısa nömrəsinə zəng edərək məlumat vermişdir. O, 1999-cu il tarixdə Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə sürücü olaraq işə düzələndə həmin zaman rəis Eyvaz Əliyev onu müqaviləsini müddətsiz qeyd edərək bağlamışdır. Lakin, hazırki rəis Arzu Rüstəmov idarəyə işə gələndən sonra onu aldadaraq guya avtomobillərin təmiri üçün bir neçə sənədə imza atmağını xahiş etmiş, o da rəisin sözlərinə inanaraq həmin sənədlərə imza atmışdır. Sonradan ona məlum olmuşdur ki, onun imza atdığı sənədlər müqavilə imiş. İddiaçı idarədə işləyən zaman yeyintilərə yol vermədiyi üçün rəis Arzu Rüstəmov onunla qərəzli davranmış və onun işdən azad edilməyimə nail olmuşdur. Onun düzgün olmağı idarəyə lazım deyilmiş. O, bu məsələ ilə bağlı məhkəməyə qədər Mediasiya Şurasının Bakı 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya sessiyası xx.xx.2024-cü il tarixlərə təyin olunmuş, Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzini etibarnamə üzrə təmsil edən şəxslərlə razılığa gələ bilməmişdir. 30 aprel 2024-cü il tarixli 3-22-1-2/2-1-1-10/2024 saylı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzindən onun ünvanına nəktub göndərilmişdir. Məktubda iddiaçıya məxsus əmək kitabçasını Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Aparatının Kadr və karguzarlığın təşkili şöbəsindən götürməyi xahiş olunmuşdur. 2024-cü il oktyabr ayının 30-da o, həmin şöbəyə əmək kitabçasını götürmək üçün gəlmiş, lakin, ona məxsus əmək kitabçasının verilməsindən imtina edilmişdir. İddiaçının ailəsi böyükdür, 7 nəfərdən ibarətdir. Ailəsinin maddi vəziyyəti aşağı səviyyədədir və çətinliklə dolanır. Onun gəlir yeri yoxdur. İddiaçının işsiz qalmağı ailəsinin maddi vəziyyətini dahada ağırlaşdırır. Bundan əlavə onun öhdəlikləri vardır, kommunaltəsərrüfat xərclərini belə ödəyə bilmir. Cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə müraciət edərək işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi və "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 may tarixli 132 nömrəli Qərarının 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Epizootiya və Zoonoz xəstəliklər əleyhinə Respublika Ekspedisiyasının, Dəmir yolunda Dövlət Baytarlıq İdarəsinin və rayon (şəhər) baytarlıq idarələrinin əsasında Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi yaradılmış və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyinə verilmişdir. İddiaçı iddia ərizəsində əsassız tələblər irəli sürmüşdür. İddiaçı iddia ərizəsində bildirmişdir ki, idarə əməkdaşlarının işlərini çətinləşdirən, yaxud idarənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmişdir. İddiaçının bu mövqeyi doğru deyildir. Belə ki, İddiaçı sosial şəbəkədə çıxış edərək dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir. Bununla yanaşı, iddiaçı dəfələrlə işçiləri səs yazısına məruz qoymuşdur. Bu isə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Belə ki, "Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin İİİ hissəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən bu Qanunda nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin tətbiqi istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq media subyektlərinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, aldadılaraq ona əmək müqaviləsi imzalatdırılmışdır. İddiaçının həmin fikri də yanlışdır. Belə ki, iddiaçı əmək müqaviləsini könüllü şəkildə imzalamışdır. İddiaçı iddia ərizəsində vurğulamışdır ki, ona məxsus əmək kitabçasının ona verilməsindən imtina edilmişdir. İddiaçının sözügedən mövqeyi də həqiqətə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qeran ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları"nın 6-cı hissəsinə əsasən sonuncu iş günü İşçi iş yerində olarsa, əmək kitabçası ona şəxsən təhvil verilir, əks halda isə əmək kitabçasının götürülməsi barədə ona poçt vasitəsilə bildiriş göndərilir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə isə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Eyni zamanda həmin Qaydaların 9-cu hissəsinə əsasən əmək müqaviləsinin xitamı ilə əlaqədar işdən çıxan işçiyə əmək kitabçası qaytarıldıqda (verildikdə) ona şəxsi vərəqəsində və əmək kitabçalarının uçotu kitabında imza etdirilir. Cavabdehin Mərkəzinin 2024-cü il 30 aprel tarixli 3-22-1-2/2-1-1- 10/2024 nömrəli bildirişi və 2024-cü il 14 noyabr tarixli 3-22-1-2/3-140/2024 nömrəli məktubu ilə iddiaçıya məxsus əmək kitabçasının cavabdehin X2 və kargüzarlığın təşkili şöbəsindən götürülməsi ilə bağlı xahiş olunsa da, bu günədək iddiaçı əmək kitabçasını götürməmiş, habelə əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə dair razılıq bildirməmişdir. İddiaçı işlədiyi dövrdə idarədə normal iş ahənginə manə olmuş, idarə rəhbərliyi qarşısında əsassız tələblər qoymuş, işçilər arasında narahatlıq yaratmış, mütəmadi olaraq nizam-intizam qaydalarını pozmuş, özbaşına iş yerini tərk etmiş və verilmiş tapşırıqları yerinə yetirməmişdir. Bu kimi halların son dövrlərdə mütəmadi xarakter daşıması və dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq aradan qaldırılmaması cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmaması nəticəsinə gəlməsinə səbəb olmuşdur. Nəticədə iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti uzadılmamış və 2024-cü il 2 may tarixindən onunla əmək münasibətlərinə qanunvericiliyin tələblərinə riayət edilməklə xitam verilmişdir. Yuxarıda sadalanan əsaslara dayanaraq iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı iddiası etiraf edilmir. Qeyd edilənlərə əsasən, iddia əsassız olduğuna görə rədd edilməsi xahiş edilmişdir. İşin halları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 2034/2022 nömrəli qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Baytarlıq İdarəsinin İddiaçı barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli 16 nömrəli əmri ləğv edilmiş, İddiaçı Daşkəsən rayon Baytarlıq İdarəsində sürücü vəzifəsinə bərpa edilmiş, xx.xx.2021-ci il tarixli 16 nömrəli əmr verildiyi tarixdən İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqısının ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 5954/2022 nömrəli qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2034/2022 saylı iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi Maliyyə və təsərrüfat şöbəsinə sürücü vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətlər Mərkəzinin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin "b" bəndinə əsasən və Azərbaycan Respublikasi Kənd Təsərrüfatı Nazirliyinin 2021-ci il 29 iyul tarixli 02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazırliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi haqqında Əsasnamə"nin 5.7.5 yarımbəndi rəhbər tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (Bakı şəhəri, Nəcəf Nərimanov 7A) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin Maliyyə və təsərrüfat şöbəsinin sürücüsü İddiaçı əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə tutduğu vəzifədən azad edilərək 2024-cü il 2 may tarixindən onunla bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı dövlət qulluğu vəzifəsində deyil, müddətli əmək müqaviləsi əsasında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin Maliyyə və təsərrüfat şöbəsinin sürücüsü vəzifəsində işləmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarı

12. İnzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iddianın mümkünlük şərtlərinin mövcudluğunu yoxlayaraq qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddianın mümkünlük şərtlərindən biri olan məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir. İddiaçı cavabdeh Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı hazırkı iddia tələbi ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi Maliyyə və təsərrüfat şöbəsinə sürücü vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətlər Mərkəzinin xx.xx.2024-cü il tarixli əmrinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən və Azərbaycan Respublikasi Kənd Təsərrüfatı Nazirliyinin 2021-ci il 29 iyul tarixli 02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazırliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi haqqında Əsasnamə"nin 5.7.5 yarımbəndi rəhbər tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin Maliyyə və təsərrüfat şöbəsinin sürücüsü İddiaçı əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə tutduğu vəzifədən azad edilərək 2024-cü il 2 may tarixindən onunla bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı dövlət qulluğu vəzifəsində deyil, müddətli əmək müqaviləsi əsasında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin Maliyyə və təsərrüfat şöbəsinin sürücüsü vəzifəsində işləmişdir. Göründüyü kimi İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin Maliyyə və təsərrüfat şöbəsinin sürücüsü işində əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir. İddiaçı dövlət qulluqçusu və ya hərbi qulluqçu olmamışdır. Belə olan halda isə iddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsinin mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qadasında baxıla bilməz. Göstərilənlərə əsasən qeyd olunur ki, hazırkı mübahisə inzibati hüquq münasibətlərindən yaranan mübahisə deyil, tərəflər arasında yaranan əmək münasibətləri ilə bağlı mübahisə olmaqla mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. Beləliklə məhkəmə hesab edir ki İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin iddiaçıya izah edilir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı hazırkı iddia tələbi ilə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar