Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-363/2022 02.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1955-ci il tarixdə Tərtər rayonun Hacallı kəndində anadan olmuşdur. İddiaçı 01.05.1974-cü il tarixdən 01.06.1976-cı il tarixədək hərbi xidmətdə olmuş, 22.06.1976-12.05.1980, 01.06.1980-21.10.1998-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bununla yanaşı, sabiq Qələbə adına kolxozun arxiv sənədlərinə əsasən iddiaçı 1965, 1971, 1972 və 1973-cü illərdə də əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması məqsədilə inzibati orqana müraciət etmiş, sonuncu isə 24.06.2021-ci il tarixli **********4 nömrəli məktubla yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim etdiyi 25.07.1976-cı il tarixində tərtib edilmiş ИТ-İ 059655 nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçının ümumi sığorta stajı 24 il 04 ay olmaqla qanunla tələb olunan (25 il) müddətdən azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. İmtina ilə razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, arxiv arayışına yazılmış qeydlərə əsasən onun 1965, 1971, 1972, 1973-cü illər ərzində (4 il ərzində) Tərtər rayonun Qələbə adına kolxozunda üzvlük əsasında kolxozçu işlədiyi müddətin, hərbi biletə yazılmış qeydlərə əsasən 01.05.1974-cü ildən 01.06.1976-cı ilədək (2 il 1 ay) keçmiş sovet ordusu sıralarında xidmətdə olduğu hərbi xidmət müddətinin, əmək kitabçasına yazılmış qeydlərə əsasən 22.06.1976-cı ildən 12.05.1980-ci ilədək (3 il 10 ay 20 gün) X3 Tikinti Trestində sürücü və 01.06.1980-ci ildən 21.10.1998-ci ilədək (18 il 04 ay 20 gün) Qələbə adına kolxozda sürücü işlədiyi müddətin, ümumilikdə 28 il 04 ay 10 gün müddətin ona ümumi iş stajı kimi hesablanıb və bu əsasla da 65 yaşının tamam olduğu 05.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək “1971 və 1973-cü illərdə Tərtər rayon Qələbə adına kolxozda kolxozçu işlədiyi illər nəzərə alınaraq ona 05.05.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 02.02.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya qarşı 29.12.2021-ci il tarixli **********8 nömrəli etiraz təqdim etmiş, etirazında imtinada qeyd olunan əsasları təkrarlayaraq əlavə olaraq bildirmişdir ki, iddiaçının 05.05.2019-cu il tarixində pensiya hüququ yaranmış və yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. İddiaçının təqdim etdiyi Tərtər rayon Dövlət Arxivinin 127 nömrəli 07.07.2021-ci il tarixli arxiv arayışındakı illər vətəndaşın əmək kitabçasında əks olunmadığı üçün sosial sığorta stajına daxil edilməmişdir. Eyni zamanda müvafiq arayışa əsasən iddiaçının 1965-ci ildə faktiki əmək günü 3, 1971-ci ildə 95, 1972-ci ildə 816 (bir ilin 365 gün olduğunu nəzərə alsaq bu rəqəm arayışın mötəbərliyini şübhə altına alır), 1973-cü ildə isə 342 (minimum əmək günü 250 gün) olmuşdur. İddiaçının təqdim etdiyi 25.07.1976-cı il tarixində tərtib edilmiş ИТ-İ 059655 nömrəli əmək kitabçası, hərbi biletinə əsasən 01.01.2006-cı il tarixə kimi sığorta stajı 24 il 04 ay təşkil etməklə, tələb olunan müddətdən azdır. Eyni zamanda, 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajının olmaması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona görə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsaslar mövcud olmamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin 24.06.2021-ci il tarixli **********4 nömrəli imtinası, 25.07.1976-cı il tarixində tərtib edilmiş ИТ-İ 059655 nömrəli əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti, НЗ ******* nömrəli hərbi biletin notariat qaydada təsdiq edilmiş surəti, cavabdehin 29.12.2021-ci il tarixli **********8 nömrəli etirazın surəti, Tərtər rayon Dövlət Arxivinin 07.07.2021-ci il tarixli 127 nömrəli arxiv arayışı, 25.01.2022-ci il tarixdə tərtib olunmuş aktın surəti təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması. İddiaçının xx.xx.1955-ci il tarixdə doğulması, 05.05.2019-cu il tarixdə pensiya yaşına çatması, 01.05.1974-cü il tarixdən 01.06.1976-cı il tarixədək hərbi xidmətdə olduğu 02 il 01 ay, əmək kitabçasında qeyd edilən 22.06.1976-12.05.1980-cı illərdə işlədiyi 03 il 10 ay 20 gün, 01.06.1980-21.10.1998-ci illərdə işlədiyi 18 il 04 ay 20 gün müddət nəzərə alınmaqla, 24 il 04 ay sosial sığorta stajı işin mübahisəsiz hallarıdır. Mübahisəli hal iddiaçının əmək kitabçasında qeyd edilməyən 1971 və 1973-cü illərdə sabiq “Qələbə” adına kolxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi ilə bağlıdır. Cavabdehin həmin dövlər bağlı etirazının əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyi müddətə dair əmək kitabçası təqdim edilmədiyindən, həmin müddət sosial sığorta stajına daxil edilə bilməz. Məhkəmə qeyd edir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi (01.01.2006-cı ilədək) günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.01.1993-cü il tarixdən 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları” 117-ci maddəsinin “q” bəndinə əsasən arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” SSRİ Qanunun 67.1-ci maddəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Arxiv arayışından görünür ki, Tərtər rayon sabiq Qələbə adına kolxozda kişilər üçün 1965, 1971, 1972 və 1973-cü illərdə minimum bir ilə 250 əmək günü norması müəyyən edilmişdir. İddiaçı tərəfindən 1973-cü ildə əmək iştirakı norması (342 faktiki gün) tam ödənildiyindən həmin il üzrə ona tam əmək stajı kimi 01 il hesablanmalıdır. 1971-ci ildə isə minimum əmək iştirakı norması tam ödənilməmişdir. Odur ki, bu illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama ilə iddiaçının faktiki işlədiyi müddət 1971-ci il üzrə 95x 12ay/250min.norma=4 ay təşkil edir. Beləliklə, iddiaçının cəmi kolxozda iş stajı üzrə 01 il 04 ay hesablanmalıdır. Beləliklə, cavabdeh tərəfindən mübahisələndirilməyən iddiaçının əmək kitabçasında qeyd edilən (22 il 03 ay 10 gün) və hərbi qulluq müddəti (02 il 01 ay) arxiv arayışında qeyd edilən kolxozda iş stajı ilə birlikdə 25 ildən artıqdır (cəmi 25 il 08 ay 10 gün). Bununla da təsdiq olunur ki, iddiaçı yaşa görə əmək pensiyası hüququ əldə etmək üçün tələb olunan sığorta stajına malikdir. Bu halda qanunvericiliyin tələb etdiyi şərtlər ödənilir və iddiaçı əmək pensiyası hüququ əldə etmiş olur. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd olunan qanunvericilik normasına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının pensiya hüququ 05.05.2019-cu il tarixindən yarandığından ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı 1971 və 1973-cü illərdə Tərtər rayonu sabiq Qəbələ kolxozunda işlədiyi 01 il 04 ay müddətin sosial sığorta stajına daxil edilməsi və ona 05.05.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-363/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-363/2022
02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver