Məhkəmə qərarları › İş №2-1(114)-3633/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3633/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3633/2023 19.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi, İİ qrup əlilliyinin və prezident təqaüdünün bərpa edilməklə yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi, İİ qrup əlilliyinin və prezident təqaüdünün bərpa edilməklə yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Keçirilmiş baş beyin travmasının davamlı qalıq əlamətləri, tez-tez rast gəlinən psixotik hallarla, şəxsiyyətin üzvi dəyişməsi, davranış pozuntusu, digər amneziyalar, yaddaşın, intelektin enməsi” diaqnozunun ümumi xəstəlik yox hərbi travma nəticəsində yaranması barədə qərar qəbul etməklə İİ qrup əlilliyinin və prezident təqaüdünün verilməsinin 2021-ci ilin aprel ayından bərpa edilməklə təyin edilmiş qrupa görə fərqin, ötürülmüş müddət üçün prezident təqaüdünün ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, birinci X2 rayonu istiqamətində erməni işğalçılarına qarşı döyüşlərdə tank mərmisindən qəlpə zədələri almışdır. Müvafiq müalicələr almışdır. Ancaq aldığı kəllə-beyin travmasından yaranan qalıqlar hələ də qalmaqdadır. Onun aldığı zədələr səbəbindən sağlamlığını itirmişdir, əvvəllər İİ, hazırda isə İİİ qrup əlildir. Müharibə veteranı İİ qrup əlil kimi həm pensiya, həm də “Prezident təqaüdü” alırdı. 2021-ci ildən ona verilən Prezident təqaüdü dayandırılmışdır. Əlillik dərəcəsinin və əlilliyinin yaranması səbəbinin hərbi travma olması, ona verilən “Prezident təqaüdü”nün bərba edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə müraciət etmişdir. Cavabdeh tərəfindən ona verilmiş xx.xx.2023-cü il tarixli məktubla müraciətinin təmin edilməsindən imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, onun aldığı travmanın hərbi travma olması araşdırma ilə müəyyən edilməmişdir. Hesab edir ki, imtina tam olaraq qanunsuz və əsassız olmaqla onun qanunla qorunan hüquq və mənafeyini kobud şəkildə pozur. Belə ki, etdiyi müraciətlər əsasında Sosial Müdafiə Nazirliyi tərəfindən Prezident təqaüdünün dayandırılmasını onunla əsaslandırmışlar ki, Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən barəsində verilmiş 834 nömrəli xx.xx.2010-cu il tarixli qərarda onun aldığı travmanın diaqnozu olaraq “Burun və üst dodaqda olan qəlpə yaraları” olması göstərilmişdir. Ancaq onun aldığı hərbi travmanın nəticəsində diaqnoz olaraq digər tibbi sənədlərdə “Keçirilmiş baş beyin travmasının davamlı qalıq əlamətləri, tez-tez rast gəlinən psixotik hallarla, şəxsiyyət dəyişməsi ilə burun və üst dodaqda olan qəlpə yaraları” olması qeyd edilmişdir. Mərkəzi Həkim Komissiyası tərəfindən travma nəticəsində alınan zədənin yalnız “Burun və üst dodaqda olan qəlpə yaraları” kimi göstərilməsi səbəbindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının sonuncu xx.xx.2021-ci il tarixli müayinə sənədinə əsasən onun xəstəliyinin ümumi xəstəlik olması kimi dəyərləndirilməklə diaqnoz olaraq “Üzvü mənşəli şəxsiyyət pozğunluğu, keçirilmiş baş beyin travmasının davamlı qalıq əlamətləri, tez-tez rast gəlinən psixotik hallarla, şəxsiyyətin üzvi dəyişməsi, davranış pozuntusu, digər amneziyalar, yaddaşın, intelektin enməsi” hərbi travma olması kimi qeyd edilməmişdir. İİİ qrup əlillik verilməsinə baxmayaraq o, əmək qabiliyəti olmayan kimi göstərilmişdir. Ancaq İİ qrup əlillik dərəcəsində bağban işləyə bilməyi qeyd edilmişdi. O, bu məsələ il bağlı Sosial Müdafiə naziri Sahil Babayevin qəbulunda da olmuşdur. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, onun göndəriş sənədlərində aldığı travmanın hərbi travma olması göstərilmədiyindən onun əlillik qrupu və hərbi əlil olmağı dəyişdirilərək mülki şəxs kimi əlillik verilmişdir. Bu məqsədlə nazir Sahil Babayev də rəsmi məktub vermişdir. Odur ki, hazırkı ərizə ilə təqdim edilmiş tibbi sənədləri müqayisəli şəkildə dəyərləndirməklə onun aldığı hərbi travma nəticəsində “Keçirilmiş baş beyin travmasının davamlı qalıq əlamətləri, tez-tez rast gəlinən psixotik hallarla, şəxsiyyətin üzvi dəyişməsi, davranış pozuntusu, digər amneziyalar, yaddaşın, intelektin enməsi” diaqnozunun ümumi xəstəlik yox hərbi travma nəticəsində yaranması barədə qərar qəbul etməklə İİ qrup əlilliyinin və “Prezident təqaüdü”nün verilməsinin 2021-ci ilin aprel ayından bərpa edilməklə təyin edilmiş qrupa görə fərqin, ötürülmüş müddət üçün “Prezident təqaüdıf’nün ona ödənilməsini iddia edir.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

4. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, hazırlıq icraatı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilərək hazırlıq icraatı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

5. İddiaçı və onun vəkili məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək iş üzrə iddia ərizəsinin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

Əsaslandırma hissəsi:

8. Məhkəmə iddia ərizəsinin geri qaytarılmasına dair ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmaqla, inzibati iş üzrə icraata xitam verilməlidir.

9. Məhkəmə əvvəla, qeyd edir ki, inzibati prosessual qanunvericilikdə iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma mövcud deyildir. Lakin bununla yanaşı İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

10. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

11. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır.

12. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

13. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin an prosessual marağının olmamasında ifadə olunur. Ona görə də, oxşar münasibət olduğundan həmin norma hazırkı məsələyə analogiya qaydasında tətbiq edilməlidir.

14. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir: - İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı). - İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). - Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. - İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. - İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir. - Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab etmişdir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

15. Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına dair müraciəti olduqda icraata xitam verilməsi barədə məhkəmə aktı qəbul edilməlidir.

16. Məhkəmə onu da qeyd edir ki, iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnməlidir.

17. İPM-də iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir.

18. Belə olan halda məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması (hazırkı halda iddianın geri götürülməsi) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir.

19. Məhkəmənin hazırkı qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun M.Məmmədovun şikayəti əsasında qəbul edilmiş yuxarıda adı çəkilən Qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır.

20. İPM-in 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər.

Nəticəvi hissə:

21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3, 55.5, 81.1 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia ərizəsinin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi, İİ qrup əlilliyinin və prezident təqaüdünün bərpa edilməklə yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmaqla, inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar