Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-364/2024 04.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı Kamaz markalı M116KB31 dövlət nömrə nişanlı avtomobilə dair yol vergisindən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(015)-24/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 213-1.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu və ev dustaqlığında olduğu 03 (üç) ay 07 (yeddi) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 01 (bir) il 02 (iki) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək 01 (bir) il sınaq müddəti müəyyən edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir. Həmin hökm qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Probasiya şöbəsinə göndərilmiş, hökmün surəti və göstəriş xx.xx.2022-ci il tarixdə icra məmuru tərəfindən icraata qəbul edilmişdir.
2. Gəncə şəhər Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 72912/2022 nömrəli arayışına əsasən Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(015)-24/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 213-1.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək cəzası 01 il sınaq müddəti ilə şərti hesab edilmişdir. İddiaçı Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(015)-24/2022 saylı hökmü ilə təyin olunmuş sınaq müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır.
3. İddiaçı Kamaz markalı M116KB31 dövlət nömrə nişanlı avtomobilə dair yol vergisindən azad edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə etdiyi müraciətə həmin orqanın xx.xx.2023-cü il tarixli 3-33/2-010076/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 211.1.1,3-cü maddəsinə əsasən xarici dövlətlərdə qeydiyyatda olan yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq yol vergisinə cəlb olunurlar. Eyni zamanda həmin Məcəllənin 211.1.1,5-ci maddəsinə əsasən Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar çərçivəsində mübadilə edilmiş "İcazə" blankları ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərdə qeydiyyatda olan avtonəqiiyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq, bu Məcəllənin 211.1.1,3-cü maddəsinə uyğun oiaraq yol vergisinə cəib edilirlər. Əlavə olaraq bildiririk ki, mövcud qanunvericiliyə əsasən müraciətdə qeyd olunan hal üzrə digər güzəşt növü nəzərdə tutulmamışdır.
4. İddiaçı Kamaz markalı M116KB31 dövlət nömrə nişanlı avtomobilə dair yol vergisindən azad edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ediyi müraciətə həmin orqanın xx.xx.2023-cü il tarixli 3-33/2-H-000008/1-42/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 211.1-ci maddəsinə əsasən avtonəqlıyyat vasitələrinin növündən, mühərriklərinin həcmindən, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, oturacaqlarının sayından, oxlarının sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən asılı olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və Azərbaycan Respublikasının ərazisini tərk edən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrindən yol vergisi tutulur. Həmçinin həmin Məcəllənin 212.1-ci maddəsinə əsasən 211.1.1-ci maddəsində nəzərdə tutulmuş yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, Azərbaycan Respublikasının gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə köçürülür. Həmin Məcəllənin 212.1-ci maddəsindən də göründüyü kimi, əlavə yol vergisi avtonəqliyat vasitəsi ölkə ərazisini tərk edərkən hesablanır, müvafiq bildiriş və bank qəbzi sürücüyə təqdim edilir.
5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli 3-33/2-020699/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olarkən, yol vergisi tətbiq edilir. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 211.1.1-ci maddəsində nəzərdə tutulmuş yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur. II. Məhkəmədə icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərar çıxarılmasını xahiş etmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, Ağstafa rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 1(105)-24/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. AR CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu və ev dustaqlığında olduğu 03 ay 07 gün müddəti ona təyin edilmiş cəzaya hesablanaraq üzərində 1 il 2 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Qeyd etmək istəyir ki, o, Azərbaycan Respublikasına ona məxsus Kamaz markalı M116KB31 dövlət nömrə nişanlı avtomobillə daxil olmuşdur. Bu zaman yuxarda qeyd edilən əmələ görə məsuliyyətə cəlb olunmaq üçün saxlanmışdır. Bir müddət ona məxsus avtomobil gömrük sahəsində saxlanılsa da, daha sonra avtomobil oradan götürülmüşdür. Avtomobili ölkə ərazisindən çıxarmağa çalışsa da üzərindəki, cəza ilə əlaqədar ölkə hüdudlarını tərk etmək hüququ məhdudlaşdırılmışdır. Bu səbəbdən avtomobili ölkə ərazisindən çıxara bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, avtomobili ölkə ərazisində qaldığı üçün ona yol vergisi hesablanmışdır və hazırda cəza müddəti xx.xx.2023-cü il tarixdə bitsə də üzərindəki, ölkə ərazisini tərk etməklə məhdudiyyət götürülmür. Yuxarda qeyd edilənlərə əsasən, ona məxsus adıçəkilən avtomobilin ölkə ərazisindən çıxarılmasının üzürlü səbəblərini əsas götürərək adına yazılan yol vergisi-cərimənin silinməsi ilə bağlı cavabdehə müraciət etsə də cavabdeh hərəkətsizlik edərək həm qərarı, həmçinin hesablanmış borc barədə ona məlumat verilmir. Sadəcə olaraq qısa olaraq normaya istinad edərək həm borcun silinməsini təmin etməmişdir.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
9. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Kamaz markalı M116KB31 dövlət nömrə nişanlı avtomobilə dair yol vergisindən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
17. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
18. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - AR GM) 1.0.56-cı maddəsində vergilər dedikdə - malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş əlavə dəyər vergisi, yol vergisi və aksizlər nəzərdə tutulur. Azərbaycan Respublikasının Vegi Məcəlləsinin (bundan sonra - AR VM) 210-cu maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərin dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektidir. AR VM-nin 211.1.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərin dövlətlərdə qeydiyyatda avtonəqliyyat vasitələri üçün Azərbaycan Respublikasının ərazisini tərk edən zaman ölkə ərazisində artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği bu Məcəllənin 211.1.1.1-ci, 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanır. AR VM-nin 212.1-ci maddəsinin tələblərinə görə həmin Məcəllənin 211.1.1-ci maddəsində nəzərdə tutulmuş yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, Azərbaycan Respublikasının gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə köçürülür. Hazırkı iş üzrə iddiaçı qsimində çıxış edən vətəndaş tərəfindən Komitəyə ünvanlanmış müraciətlərdə qeyd olunan maddələrinin tələbləri göstərilmiş, ətraflı izahlar verilmiş, eləcə də mövcud qanunvercilikdə yol vergisinin alınması ilə bağlı hər hansı bir güzəştin, istisnanın olmaması bardə vətəndaşa məlumat ünvanlanmışdır. İnzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılıq olmaqla iki hissəyə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
20. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(015)-24/2022 saylı hökmündən çıxarış; - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli 3- 332-H-000008/1-42/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-33/2-010076/2023 nömrəli məktubları; - Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(015)-24/2022 nömrəli məktubu; - Gəncə şəhər Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli 72912/2022 nömrəli məktubu; - Gəncə şəhər Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 72912/2022 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli 3-33/2-020699/2023 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
23. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.3-cü maddəsinə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun barəsində axtarış elan olunmuş və o, xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasında qeydiyyatda olan Kamaz markalı M116KB31 dövlət nömrə nişanlı avtomobillə Azərbaycan Respublikasına daxil olarkən Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti “Samur” sərhəd nəzarəti şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və barəsində qətimkan tədbir seçilmiş, daha sonra Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 1(015)-24/2022 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 213- 1.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu və ev dustaqlığında olduğu 03 (üç) ay 07 (yeddi) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 01 (bir) il 02 (iki) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək 01 (bir) il sınaq müddəti müəyyən edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir. Həmin hökm qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Probasiya şöbəsinə göndərilmiş, hökmün surəti və göstəriş xx.xx.2022-ci il tarixdə icra məmuru tərəfindən icraata qəbul edilmişdir.
24. İddiaçı sərhəddə saxlanılaraq barəsində qətimkan seçildiyi vaxtdan etibarən ölkə ərazisinə daxil olduğu Kamaz markalı M116KB31 dövlət nömrə nişanlı avtomobilə yol vergisi hesablanmışdır.
25. Hazırda iddiaçı Ağstafa Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 1(105)- 24/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə istinad edərək, ona məxsus adıçəkilən avtomobilin ölkə ərazisindən üzürlü səbəblərdən çıxarılmasının mümkün olmadığı əsas gətirərək, cavabdeh orqandan həmin avtomobilə dair yol vergisinin silinməsini xahiş etmiş və müraciəti təmin edilməmişdir.
26. Məhkəmə cavabdeh orqanın imtinasını qanuni hesab edərək, iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə : Maddə 1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.56. vergilər – malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş əlavə dəyər vergisi, yol vergisi və aksizlər. Maddə 224.1. Bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Tullantılar haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: - 224.1.4. yol vergisi. Maddə 230.1. Bu Məcəlləyə və Vergi Məcəlləsinə əsasən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olarkən, yol vergisi tətbiq edilir. Maddə 230.2. Vergi Məcəlləsinin 211.1.1-ci maddəsində nəzərdə tutulmuş yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə köçürülür. Maddə 244.5. Yol vergisi bu Məcəllənin 230.2-ci maddəsinə uyğun olaraq gömrük orqanları tərəfindən tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə köçürülür.
28. Azərbaycan Respublikası Vergi Məcələsinə görə: Maddə 209. Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir. Maddə 210. Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektidir. Maddə 211.1. Avtonəqliyyat vasitələrinin növündən, mühərriklərinin həcmindən, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, oturacaqlarının sayından, oxlarının sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən asılı olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və Azərbaycan Respublikasının ərazisini tərk edən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrindən, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi aşağıdakı dərəcələrlə hesablanır: 211.1.1. Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda xarici dövlətlərdə qeydiyyatda olan avtonəqiyyat vasitələrindən: 211.1.1.3. yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq: Ölkə ərazisində qaldığı 4 (dörd) oxa qədər 4 (dörd) ox və çox müddət olanda olanda 1 gün üçün 20 ABŞ dollar 30 ABŞ dollar 2 həftəyədək 40 ABŞ dollar 80 ABŞ dollar 1 aya qədər 140 ABŞ dollar 280 ABŞ dollar 3 aya qədər 400 ABŞ dollar 800 ABŞ dollar 1 ilə qədər 1400 ABŞ dollar 2800 ABŞ dolları 1 ildən yuxarı 1400 ABŞ dolları + 1 2800 ABŞ dolları + 1 ildən artıq qaldığı hər ildən artıq qaldığı hər gün üçün 15 ABŞ gün üçün 30 ABŞ dolları dolları 211.1.1.4. Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərdə qeydiyyatda avtonəqliyyat vasitələri üçün Azərbaycan Respublikasının ərazisini tərk edən zaman ölkə ərazisində artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği bu Məcəllənin 211.1.1.1-ci, 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanır. 211.1.1.5. Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar çərçivəsində mübadilə edilmiş "İcazə" blankları ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq, bu Məcəllənin 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq yol vergisinə cəlb edilirlər. Maddə 212.1. Bu Məcəllənin 211.1.1-ci maddəsində nəzərdə tutulmuş yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, Azərbaycan Respublikasının gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur və 1 (bir) əməliyyat günü ərzində dövlət büdcəsinə köçürülür. Maddə 212.6. Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 (üç) il müddətinə yol vergisindən azaddır: 212.6.1. dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda; 212.6.2. xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.
29. Göründüyü kimi, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri iki halda yol vergisindən azad olunur. Hazırkı işdə isə yuxarıda qeyd olunan hallardan hər hansı biri mövcud deyildir, eyni zamanda iddiaçının istinad etdiyi hal üzrə vergi qanunvericiliyində hər hansı güzəşt nəzərdə tutulmamışdır.
30. Məhkəmə onu da qeyd edir ki, iddiaçıya məhkəmə hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir ki, bu halda iddiaçının sözügedən avtonəqliyyat vasitəsini ölkədən çıxarmaq üçün tədbirlər görmək (bununla bağlı digər şəxslərə etibarnamə vermək və s. kimi) imkanı olduğu halda, bunu etməmişdir. Hətta, iddiaçı cavabdeh orqana da hüquqi vəziyyəti ilə bağlı müraciət etməmiş, yalnız sınaq müddəti başa çatdıqdan sonra ölkə ərazisinə tərk etmək istəyən zaman ona yol vergisi ödəməli olması barədə bildirildikdən sonra cavabdehə müraciəti olmuşdur.
31. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Kamaz markalı M116KB31 dövlət nömrə nişanlı avtomobilin Azərbaycan Respublikasının ərazisində saxlanılmasına görə yol vergisinin hesablanması ilə bağlı cavabdeh orqanın hərəkətləri qanuni olmuş, cavabdeh orqanın iddiaçının yol vergisindən azad edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hər hansı öhdəliyi (vəzifəsi) olmamışdır.
32. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir.
33. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
34. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva