Məhkəmə qərarları › İş №2-1(114)-365/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-365/2020

16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-365/2020 16.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Cavabdeh2nə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər Cavabdeh2 başçısının xx.xx.2019-cu il tarixli 1369 nömrəli sərəncamının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Cavabdeh2 başçısının xx xxxx 2013-cü il tarixli 1134 saylı sərəncamı ilə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 28 may küçəsinin şərq tərəfində yerləşən 600,0 kv.m torpaq sahəsində iaşə obyektinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Hazırda ona cavabdeh orqan tərəfindən Gəncə şəhər Nizamin Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 1134 nömrəli sərəncamının ləğv edilməsinə dair xx.xx.2019-cu il tarixli 1369 nömrəli Sərəncamdan çıxarış ünvanlanmışdır. Həmin çıxarış xx.xx.2019-cu il tarixdə ona verilmişdir. Bundan əvvəl cavabdeh orqan ona heç bir xəbərdarlıq etmədən qeyri-qanuni olaraq ona məxsus sözügedən sərəncamı ləğv etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçının vəkili tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək bildirmişdir ki, iddiaçıya verilmiş 1134 nömrəli xx.xx.2013-cü il tarixli sərəncam Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 57ci maddəsinin 4-cü bəndi və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 6.8ci bəndi əsas tutularaq verilmişdir. Sözügedən sərəncam verilərkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndində qeyd olunan sənədlər sərəncamın verilməsində öz əksini tapmamışdır. Odur ki, tələb olunan sənədlər əlavə edilmədiyindən sərəncam qanunsuz hesab edilib ləğv olunmuşdur. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi sözügedən sərəncamın xx.xx.2019-cu il tarixdə iddiaçıya çatdırılmasını mübahisələndirməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisə predmeti olan Gəncə şəhər Cavabdeh2 başçısının xx.xx.2013-cü il tarixli 1134 nömrəli sərəncamının verilməsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndinə istinad olunmuşdur. Həmin maddənin tələbinə görə qeyri-kənd təsərrüfatı və qeyri-meşə təsərrüfatı məqsədləri üçün torpaq sahəsinin ayrılması iki mərhələdə aparılır: obyektin yerləşdirilməsinin əvvəlcədən razılaşdırılması (layihələndirilməsi), torpaq sahəsinin verilməsinin rəsmiləşdirilməsi. Göründüyü kimi hər iki mərhələ bir-biri ilə bağlı olub, bir-birini tamamlayır. Bu baxımdan, torpaq sahəsinin verilməsi rəsmiləşdirilmədən obyektin yerləşdirilməsi mümkün deyildir. Ötən 7 il ərzində obyektin yerləşdirilməsi üçün torpaq sahəsinin verilməsi rəsmiləşdirilməmişdir. İddiaçı tərəf layihələndirilmiş obyektin yerləşdirilməsi nəzərdə tutulan torpaq sahəsinə hər hansı bir hüquqa (mülkiyyət, icarə, istifadə) malik olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də tələbin Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, obyektin yerləşdirilməsi üçün torpaq sahəsi rəsmiləşdirilmədiyindən iddianın uğurlu olması halında belə arzu olunan nəticə əldə olunmayacaqdır. Hər bir iddia tələbinin arzu olunan nəticəsi olmalıdır. İddianın təmin olunması halında belə nəticə yaranmırsa, yəni iddiaçı istəyinə çata bilmirsə, mübahisəyə mahiyyəti üzrə baxılmasının mənası yoxdur. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmamasının müəyyən olunmasının qiymətləndirilməsi zamanı, həmçinin iddiaçının hüquqi marağı, başqa sözlə hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı cavabdehin hərəkəti nəticəsində hüququnun pozulduğunu o halda iddia edə bilər ki, mübahisələndirdiyi sərəncamın ləğvi nəticəsində layihələndirdiyi obyektin gələcəkdə tikintisinə nail ola bilsin. Başqa sözlə, hazırkı məzmunda iddia o halda mümkün sayıla bilər ki, bu məzmunda iddianın təmin olunması cavabdehin iddiaçıya gələcəkdə tikintiyə icazə vermək öhdəliyini yaratmış olsun. Yuxarıda qeyd olunan səbəbdən, yəni torpaq sahəsinin rəsmiləşdirilməməsi səbəbindən isə bu mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhər Cavabdeh2nə qarşı xx.xx.2019-cu il tarixli 1369 nömrəli sərəncamının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan sürəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar