Məhkəmə qərarları › İş №2-1(114)-3650/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3650/2024

14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3650/2024 14.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il tarixli, 21525 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən, mülkiyyət hüququna bərabər payla məxsus olan X6, X7, X8 və X1 Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 131 nömrəli ünvanda mövcud olmuş, söküldüyündən məhv olmuş 36.7 kv.m yaşayış sahəsinə mülkiyyət hüququnun itirilməsi, həmin torpaq sahəsini daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı MTK-nın adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 02 fevral 2007-ci il tarixli, 06 saylı sərəncamına əsasən "xxxx" MTK tərəfindən Gəncə şəhəri, Heydər Əliyev prospekti 343 (keçmiş X13 prospekti 125) ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış bina kompleksi istismara təhvil verilmiş və yaşayış binasına yaranmış hüququn Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlər toplusu əlavə edilməklə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh orqan binanın yerləşdiyi torpaq sahəsinin bir hissəsində yerləşən ümumi sahəsi 36,7 kv.m. olan tikiliyə özgəsinin adına mülkiyyət haqqında sənədin olduğu bildirilərək, sənədlər geri qaytarılmışdır. İddiaçı qeyd edir ki, adı çəkilən tikili ilə bağlı mübahisə üzrə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-952/2008-ci il tarixli qətnaməsi mövcuddur və həmin qətnamə cavabdeh idarəyə təqdim edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, ünvan ünvanda mövcud olmuş 36,7 kv.m. yaşayış evi bərabər payla iddiaçılar X3, X4, X5 və X2 mülkiyyətində olmuşdur. Mülkiyyətçilər MTK ilə həmin tikilinin sökülməsi və əvəzində yeni tikilən binada mənzil verilməsinə razılaşmış, lakin tikili söküləndən sonra razılaşmanı pozmuşlar. İddiaçı əlavə edir ki, əmlak söküldüyündən məhv olmuş, ona mülkiyyət hüququnu itirmişlər. İtirilmiş mülkiyyətin əvəzində inşa edilən binadan 57,7 kv.m. yaşayış sahəsinin iddiaçıların mülkiyyətinə verilməsi vəzifəsi "xxxx" MTK-nın üzərinə qoyulması qət edilmişdir. Cavabdeh orqan həmin qətnamədə sökülmüş tikilinin yerləşdiyi bələdiyyəyə aid 541,7 kv.m. torpaq sahəsi ilə bağlı məsələyə mövqe bildirsə də, nəticə etibarı ilə torpaqla bağlı məsələ həll edilmədiyindən, bununla bağlı qətnaməyə izah alınmaqla məsələnin həll edilə biləcəyi bildirilmişdir. Qətnaməyə izahla bağlı ərizə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-952/2008 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilərək, xx.xx.2008-ci il tarixli qətnaməyə izah verilmişdir. Adı çəkilən qərardadla torpaq sahəsi ilə bağlı izah bu şəkildə verilmişdir: "xxxx" MTK tərəfindən həmin ünvanda çoxmərtəbəli (çoxmənzilli) yaşayış binasının tikintisi aparılan ərazidə xx.xx.2006cı il tarixli 21525 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus 36,7 kv.m yaşayış sahəsinin sökülməsi və evin altında torpaq sahəsinin MTK-nın ixtiyarına (istifadəsinə) keçməsi, əvəzində iddiaçılara bu ərazidə yeni tikilən binadan eyni ölçüdə (57,7 kv.m.) yaşayış sahəsinin ayrılıb verilməsini özündə ehtiva edir". Göründüyü kimi, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-952/2008-ci il tarixli qətnaməsi və həm də ona izah verilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-952/2008 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə aşkar şəkildə "mülkiyyətçilərin sökülmüş tikiliyə mülkiyyət hüquqlarının itirildiyi, həmin tikilinin əvəzində mülkiyyətçilərə yeni tikilən binadan 57,7 kv.m. yaşayış sahəsinin verilməsi, tikilinin yerləşdiyi torpaq sahəsinin MTK-nın istifadəsinə keçməsi" müəyyən edilmişdir. İddiaçı bildirir ki, izah qərardadından sonra qeydiyyatla bağlı heç bir problem qalmadığına görə, yaşayış binasına hüququn qeydiyyata alınması üçün sənədlər toplusu xx.xx.2024-cü il tarixdə cavabdeh orqan qəbul etmiş və qeydiyyatla bağlı çıxarışın xx.xx.2024-cü il tarixdə təqdim ediləcəyinə öhdəlik götürmüşdür. Bunun üçün müəyyən edilmiş bütün rüsumların ödənilməsi iddiaçı tərəfdən təmin edilmiş, lakin öhdəlik müddət bitəndən sonra cavabdeh orqan adı çəkilən binaya yaranmış hüququn reystrdə qeydə almaqdan imtina etmiş və imtinanın səbəbini belə izah etmişdir ki, "qətnamədə mübahisə ilə bağlı aşkar şəkildə mülkiyyətin itirildiyi müəyyən edilsə də, itirilmiş hüququn reyestrdə qeydə alınması ilə bağlı qeydiyyat idarəsinin üzərinə vəzifə qoyulmadığından, bununla bağlı qeydiyyatın aparılması mümkün deyildir. Nə qədər ki, əvvəlki mülkiyyətçilər barədə reyestrdə qeydiyyat qalır, yeni tikilən binanın qeydiyyata alınması yol verilmir". Cavabdeh orqan tərəfindən imtina şifahi deyilmiş, sənədlərin təqdim edildiyi vaxtdan 35 gün keçməsinə baxmayaraq yazılı təqdim edilməmişdir. İddiaçı əlavə edir ki, yuxarıda qeyd edilən qanuni qüvvəsində olan məhkəmə aktlarında müəyyən edilmiş və qərara alınmış hallardan əvvəllki mülkiyyətçilər məxsus olduqları 36,7 kv.m. tikilinin sökülməsinə razılıq verdiklərindən və söküldüyündən, tikiliyə olan mülkiyyət hüquqlarını itirildiyi görsənir. Həmin hüquqa qarşılıq onlara 57,7 kv.m yaşayış sahəsi verilməsi qət edilmişdir. Sökülmüş tikilinin yerləşdiyi torpaq sahəsi isə onların mülkiyyəti olmayıb, bələdiyyə torpaqlarına aid olduğu və "xxxx" MTK-nın istifadəsində saxlanılmışdır. Ona görə də iddiaçı hesab edir ki, adı çəkilən sökülmüş tikiliyə aid qeydiyyatın (mülkiyyətə dair şəhadətnaməsini) ləğvinin və həmin ərazidə tikilmiş, istismara qəbul edilmiş binaya dair hüququn reyestrdə qeydə alınması və bununla bağlı çıxarışın verilməsi cavabdehin vəzifəsidir. İşin halları Gəncə İnzibati Məhkəməsinin İddiaçınə ünvanlanmış xx.xx.2024-cü il tarixli sərəncamından görünür ki, iddia ərizəsinə əlavə edilən sənədlərlə bağlı xətaların aradan qaldırılması üçün xx.xx.2024-cü il tarixədək vaxt verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia ərizəsindən görünür ki, İddiaçı Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 131 nömrəli ünvanda yerləşən torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla mahiyyəti üzrə baxılması üçün xüsusi mümkünlük şərti olan cavabdehin orqanın imtinasının olması və ya müraciətdən sonra hərəkətsizlik göstərməsi zəruridir. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə cavabdeh orqanın hazırkı tələbin təmin edilməsindən imtina etməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin tələbinə müvafiq olaraq yardım etmək vəzifəsi üzrə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək qeyd olunan xətanın aradan qaldırılmasının zəruriliyi qeyd edilmiş, bununla əlaqədar xx.xx.2024-cü il tarixədək vaxt verilmiş, lakin İddiaçı tərəfindən sərəncama əməl edilməmiş, göstərilən xəta aradan qaldırılmamışdır. Digər tərəfdən iddia ərizəsinə əlavə edilən Əmlak Məsələləri Dövlət Xidmətinə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında müraciət edildiyini göstərən sənəddə ərizəçi qismində İddiaçı qeyd edilmişdir. Lakin həmin sənəddən hansı daşınmaz əmlak üzərində hüququn qeydə alınması barədə müraciət edildiyi, həmçinin müraciətin rəsmi sənəd olması, cavabdeh tərəfindən alınması müəyyən olunmur. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin iddiaçıya izah edilir ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar