Məhkəmə qərarları › İş №2-1(114)-3654/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3654/2024

19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3654/2024 19.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin üzərinə xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək və xx.xx.1989-cu il tarixdən xx.xx.2010cu il tarixədək işlədiyi haqqında güzəştli şərtlərlə (xüsusi iş stajı) əmək pensiyası hüququ verən işdə çalışmasını təsdiq edən güzəştli arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək və xx.xx.1989-cu il tarixdən xx.xx.2010cu il tarixədək işlədiyi haqqında güzəştli şərtlərlə (xüsusi iş stajı) əmək pensiyası hüququ verən işdə çalışmasını təsdiq edən güzəştli arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1989cu il tarixədək və xx.xx.1989-cu il tarixdən hal-hazıradək Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Gəncə (keçmis Kirovabad) magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyoru və elektrik mexaniki vəzifəsində işləyir. Həmin vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.Nəqliyyat bölməsi, 21.4 başlıq,abzas 21 magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifəsinə uyğundur, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaradır. İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün (25 ildən çox) ümumi iş stajı və fərdi hesabında sığorta pensiya kapitalı var. xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək və xx.xx.1989-cu il tarixdən xx.xx.2010-cu il tarixədək işlədiyi haqqında güzəştli şərtlərlə (xüsusi iş staj) əmək pensiyası hüququ verən işdə çalışmasınnı təsdiq edər güzəştli arayış təqdim olunması tələb olunur. İddiaçının işlədiyi Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə həmin arayışın tərtib olunaraq verilməsi barədə müraciəti oldu, lakin cavabdeh təşkilat həmin arayışı verməkdən imtina edərək bildirmişdir ki, işlədiyim "dartı yarımstansiyasının elektrik mexaniki və elektrik montyoru" vəzifə və peşələri sözügedən normativ aktda təsbit olunmuş "magistral dəmiryollarının əlaqə səbəkəsinin elektrik montyorları və elektrik mexanikləri" və ADY-nin təsdiq edilmiş ştat cədvəllərində qeyd olunmuş "Təmas şəbəkəsinin elektrik montyoru və elektrik mexaniki" vəzifə və peşələrin ilə eynilik təşkil etmir. Hesab edir ki, cababdeh arayışı verməməklə iddiaçının konstitusional hüquqlarını pozmuşdur. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianın təmin olunmasını xahiş etmiş, sədrlik edənin suallarına cavab olaraq verdiyi iddia tələbini müdafiə etdiyini, iddia ərizəsində göstərilən tələbə baxılmasını tələb etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İşin hallarından müəyyən edilir ki, iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından nail olmaqdan ibarətdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək hüquqi marağına uyğun “60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıın üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə, eyni tələblə cavabdehə müraciət etməyisini təsdiq edən sübutları, eləcə də həmin orqanın ünvanladığı cavabı məhkəməyə təqdim etməli olduğu izah edilmişdir. Lakin iddiaçı hazırkı vəziyyətdə tələbinə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının: 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi əmək münasibətlərindən yarandığından və hazırkı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifat siyahısında mövcud olmadığından, iddiaçı həmin tələblə səlahiyyətli ümumi məhkəmədə iddia qaldırmalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 12-ci bəndində göstərilmişdir ki, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. İş materiallarından görünür ki, iddiaçının xüsusi rütbəsi olmamış, mülki işçi olmuş, onunla cavabdeh arasında xidməti münasibət mövcud olmamışdır. Belə olan halda isə, iddiaçının işlədiyi dövr üzrə güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayış verilməsi ilə bağlı cavabdehlə arasında yaranan hazırkı mübahisə də inzibati mübahisə hesab edilə bilməz. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 18-ci bəndinə əsasən məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. Göründüyü kimi qeyd olunan mübahisə mülki xarakterli olduğundan, predmet baxımından inzibati məhkəmələrin səlahiyyətinə aid edilə bilməz. Belə olan halda hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iddiaçı tərəfin nəzərinə çatdırır ki, hazırkı iddia tələb ilə Gəncə Şəhər Məhkəməsində iddia qaldırmaqla yanaşı, o, arzuladığı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması məqsədinə çatmaq üçün əmək fəaliyyətini təsdiq edən sənədləri (əmək kitabçası və sair) təqdim etməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana müraciət edə, imtina cavabı verildikdə müvafiq tələblə aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin üzərinə xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək və xx.xx.1989-cu il tarixdən xx.xx.2010cu il tarixədək işlədiyi haqqında güzəştli şərtlərlə (xüsusi iş stajı) əmək pensiyası hüququ verən işdə çalışmasını təsdiq edən güzəştli arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar