Məhkəmə qərarları › İş №2-1(114)-366/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-366/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-366/2021 31.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndələri X2, Vəkil (vəkili) oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “X7 Mühendislik Sanayi Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********139409 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “X7 Mühendislik Sanayi Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********139409 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********196821 saylı qərarına əsasən “X7 Mühəndislik Sanayi Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyində növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmiş və nəticəsi xx.xx.2020-ci il tarixli, **********196821 nömrəli yoxlama aktı ilə rəsmiləşdirilmişdir. Həmin Akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********139409 saylı Qərar qəbul edilmişdir. Həmin inzibati akt tamamilə qanunsuz olduğuna görə ləğv olunmalıdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndələri X4 və Vəkil (vəkili) oğlu iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********139409 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X3 məhkəməyə təqdim etdiyi iddia tələbinə dair yazılı etirazda qeyd edilənləri müdafiə edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - 2000147026197101 nömrəli Səyyar vergi yoxlaması aktının surəti; - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********139409 saylı qərarın surəti; - İddiaçının Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanladığı xx.xx.2020-ci il tarixli şikayətin surəti ; - 79 nömrəli Çöl Geodeziya və Ölçmə İşlərinin yerinə yetirilməsinə dair mülkihüquqi müqavilənin surəti; - 06 nömrəli Çöl Geodeziya və Ölçmə İşlərinin yerinə yetirilməsinə dair mülkihüquqi müqavilənin surəti; - 76 nömrəli Çöl Geodeziya və Ölçmə İşlərinin yerinə yetirilməsinə dair mülkihüquqi müqavilənin surəti; - 07 nömrəli Çöl Geodeziya və Ölçmə İşlərinin yerinə yetirilməsinə dair mülkihüquqi müqavilənin surəti; - 08 nömrəli Çöl Geodeziya və Ölçmə İşlərinin yerinə yetirilməsinə dair mülkihüquqi müqavilənin surəti; - 14 nömrəli Çöl Geodeziya və Ölçmə İşlərinin yerinə yetirilməsinə dair mülkihüquqi müqavilənin surəti; - 27 nömrəli Sürücülük xidmətinin göstərilməsi haqqında müqavilənin surəti; - 11 nömrəli Sürücülük xidmətinin göstərilməsi haqqında müqavilənin surəti; - Taksi ilə sərnişindaşıma fəaliyyəti göstərən avtonəqiliyyat vasitələri üçün “Fərqlənmə nişanı” seriya EŞL; - Taksi ilə sərnişindaşıma fəaliyyəti göstərən avtonəqiliyyat vasitələri üçün “Fərqlənmə nişanı” seriya DMV; - 09.03.2018-ci il tarixli elektron qaimənin surəti; - 26.04.2018-ci il tarixli elektron qaimənin surəti; - 30.07.2018-ci il tarixli elektron qaimənin surəti; - 29.08.2019-cu il tarixli elektron qaimənin surəti; - 26.09.2019-cu il tarixli elektron qaimənin surəti; - 09.03.2018-ci il tarixli elektron qaimənin surəti; - 29.03.2018-ci il tarixli elektron qaimənin surəti; - 25.06.2018-ci il tarixli elektron qaimənin surəti; - 31.01.2018-ci il tarixli elektron qaimənin surəti; - 25.05.2018-ci il tarixli elektron qaimənin surəti; - 24.12.2018-ci il tarixli elektron qaimənin surəti; - 29.04.2019-cu il tarixli elektron qaimənin surəti; - 27.05.2019-cu il tarixli elektron qaimənin surəti; - 27.06.2019-cu il tarixli elektron qaimənin surəti; - 29.03.2019-cu il tarixli elektron qaimənin surəti; - 30.04.2019-cu il tarixli elektron qaimənin surəti; - 10.06.2019-cu il tarixli elektron qaimənin surəti; - 06.03.2018-ci il tarixli elektron qaimənin surəti; - 31.07.2018-ci il tarixli elektron qaimənin surəti; - 28.09.2018-ci il tarixli elektron qaimənin surəti; - 29.08.2019-cu il tarixli elektron qaimənin surəti; - 26.09.2019-cu il tarixli elektron qaimənin surəti; - 28.11.2019-cu il tarixli elektron qaimənin surəti. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. İş materiallarını, tərəflərin təqdim etdikləri sübutları və verdikləri izahatları tam və hərtərəfli araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və mübahisələndirilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********139409 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının aktı ləğv edilməlidir. Belə ki, növbədənkənar səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlamışdır. Həmin normaya görə, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə yoxlama təyin edilə bilər. İş materiallarından göründüyü kimi, cavabdehdə belə bir mənbəyi bəlli rəsmi məlumat mövcud olmadığı halda əsassız şəkildə yoxlama keçirilməsi barədə qərar qəbul edilmişdir. Aktın 1.1-ci bəndindən göründüyü kimi, yoxlama xx.xx.2020-ci il tarixdə başlanılmış, xx.xx.2020- ci il tarixli qərarla 30 gün uzadılmış, xx.xx.2020-ci və 31 05.2020-ci il tarixlərlə 2 dəfə ardıcıl dayandırılmış, xx.xx.2020-ci il tarixdə başa çatmışdır (ümumilikdə 154 gün). xx.xx.2020-ci ii tarixdə başlanan yoxlama Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən 30 gün müddətində, yəni xx.xx.2020-ci il tarixdə başa çatsa da, 8 gün sonra yoxlamanın müddəti 30 gün uzadılmışdır. Daha sonra, həmin müddətin uzadılması xx.xx.2020-ci il tarixdə başa çatmasına baxmayaraq, 14 gün sonra xx.xx.2020-ci il tarixli qərarla yoxlama 31 gün müddətinə dayandırılmışdır. Həmin müddət xx.xx.2020-ci il tarixdə başa çatsa da, 3 gün sonra xx.xx.2020-ci il tarixli qərarla yoxlama yenidən 31 gün müddətinə dayandırılmışdır. xx.xx.2020-ci il tarixdə dayandırılma müddəti başa çatdıqdan sonra yoxlama aktı 3 gün müddətində tərtib edilməli olduğu halda 4 gün sonra, xx.xx.2020-ci il tarixdə tərtib olunmuşdur. Göründüyü kimi, Vergi Məcəlləsinin 38.2-ci və 38.4-cü maddələri ilə müəyyən olunmuş qanunvericiliyin imperativ tələbləri pozulmuşdur. Belə ki, həmin normaların qarşılıqlı təhlilinə əsasən, yoxlama vergi ödəyicisinin iş günlərini əhatə edən təqvim günləri daxilində həyata keçirilməlidir. Lakin cavabdeh tərəfindən bir dəfə 30 gün müddətinə uzadılma qərarı və iki dəfə hər biri 31 gün müddətinə dayandırılma qərarları nəzərə alınmaqla ümumilikdə 122 gün (30+30+31+31) müddətinə başa çatmalı olan yoxlama 154 gün müddətində aparılmaqla, 32 gün müddəti yoxlamanın tarix aralığında qanunauyğun şəkildə rəsmiləşdirilməyən müddət kimi əks olunmuşdur ki, bununla da yuxarıda göstərilən normaların tələbləri pozulmuşdur. Cavabdeh səyyar vergi yoxlamasının dövrü ilə bağlı da, pozuntuya yol vermişdir. Belə ki, xx.xx.2019- cu il tarixdən Vergi Məcəlləsinə əlavə olunan 1.4-cü maddəyə görə, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də, tətbiq olunur. xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə müəyyən olunur ki, cavabdeh 2018-ci il üzrə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ayırmalarını yoxlama dövrünə daxil etmişdir. Halbuki, yuxarıda göstərilən norma xx.xx.2019-cu il tarixdən qüvvəyə mindiyi üçün ondan əvvəlki münasibətlərə şamil edilə bilməz. Cavabdeh tərəfindən səlahiyyəti olmayan dövr üzrə yoxlama həyata keçirilməklə növbəti pozuntuya yol verilmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin 49.2-ci maddəsinə görə, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin xx.xx.2020-ci il tarixli inzibati akta nəzər yetirdikdə məlum olur ki, göstərilən normanın tələblərinə riayət edilməmiş, vergi ödəyicisi tərəfindən qanunvericiliyin hansı normasının pozulması, eyni zamanda onun gətirdiyi dəlillərə dair heç bir bənd əks olunmamışdır. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə isə, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik yol verilən bu kimi pozuntular zamanı işin mahiyyətinin nədən ibarət olmasından asılı olmayaraq vergi orqanının qərarının ləğv olunmasını imperativ qaydada müəyyən etmişdir. Eyni zamanda cavabdeh tərəfindən Dövlət Vergi Xidmətinin Mərkəzi Aparatının əməkdaşı yoxlamaya cəlb olunmuş, onun adı yoxlamaların vahid məlumat reyestrinə daxil edilməmişdir. Səlahiyyəti olmayan şəxs xx.xx.2020-ci il tarixli aktın tərtibində iştirak etmişdir. Qeyd olunan prosessual pozuntularla yanaşı, cavabdeh tərəfindən aparılan hesablama mahiyyəti üzrə də, əsassızdır. Maddi hüquq normalarının pozulması cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2020-ci il tarixli inzibati aktla əlavə hesablama və artıq hesablama məbləğləri nəzərə alınmaqla 2018-ci il üzrə 5095,37 manat ƏDV, 2019-cu il üzrə 71559,88 manat ƏDV, MDSS-işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər üzrə 2018-ci ilə 1499969,58 manat məbləğində, 2019-cu ilə 871955,18 manat məbləğində, MDSS-muzdla işləyənləri işə götürən sığortaedənlər üzrə 2019-cu ilə 703638,5 manat məbləğində, muzdla işləyənləri işə götürən sığortaedənlər üzrə 28145,54 manat məbləğində, işsizlik sığortası üzrə 2018-ci ilə 59998,8 manat, 2019cu ilə 34878,2 manat məbləğində, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (ƏDV bəyannaməsi tərkibində) üzrə 2018-ci ilə 1376171,8 manat, 2019-cu ilə 379011,64 manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqları hesablanmış və 50 faiz məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, ƏDV məbləğinin ödənilməməsinə görə 2018-ci ilə 178,93 manat, 2019-cu ilə 152,78 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, 2019-cu ilin mənfəət vergisi üzrə 17902426 manat məbləğində vergilərin artıq hesablandığı müəyyən edilməklə, ümumilikdə 5030424,49 manat əlavə vergi hesablaması, 179024,26 manat artıq hesablanması, 3031146,68 manat məbləğində isə maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. Göstərilən hesablamalar qanunsuzdur. Belə ki, iddiaçı yoxlama dövründə ayrı-ayrı fərdi sahibkarlardan ölkə ərazisinin müxtəlif yerlərində çöl geodeziya ölçmə işlərinin görülməsi və sürücülük xidmətini (şəxsi avtomobilləri ilə) almış və həmin xidmətlər Əmlak Xidmətinə Nümayəndəlik tərəfindən təqdim olunmuşdur. Xidmət alınan həmin şəxslərin bəziləri Türkiyə Cümhuriyyəti vətəndaşı olan, bəziləri isə yerli fərdi sahibkarlar olmuşdur. Xidmət göstərən bütün şəxslər vergi ödəyicisi kimi vergi orqanında uçota alınmış və onların hər birinə ayrıca VÖEN verilmişdir. Belə ki, Vergi Məcəlləsinin 33.3-cü maddəsinin sonuncu abzasına görə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vəsiqə əsasında vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar. Bununla da, hər bir əcnəbi vətəndaş, eyni zamanda yerli fərdi sahibkarlar göstərdikləri xidmətə görə vergi ödəyir və digər icbari ödənişlərin yerinə yetirilməsində şəxsən məsuliyyət daşıyırlar. Vergi Məcəlləsinin 78.3-cü maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 78.4-cü maddəsinə görə isə, vergi öhdəliklərinin yerinə yetirilməsi əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs istisna olmaqla, digər şəxsin üzərinə qoyula bilməz. Lakin cavabdeh tərəfindən kobud pozuntuya yol verilməklə həmin fərdi sahibkarlar Nümayəndəliyin işçisi kimi nəzərə alınmış və tərəflər arasındakı bağlanmış müqavilələr görməzdən gəlinərək əsassız hesablamalar aparılmışdır. Yoxlama aktına nəzər yetirildikdə cavabdeh göstərilən məsələyə dair münasibət bildirməmiş, yalnız müqayisəli cədvəllərdə göstərilən rəqəmləri akta köçürməklə kifayətlənmişdir. Cavabdeh göstərilən rəqəmlərin hardan formalaşdığını, həmin rəqəmlərdən niyə muzdlu işlə əlaqədar gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları tutulmalı olduğuna dair heç bir açıqlama göstərməmiş, nə yoxlama aktında, nə də inzibati aktda (xx.xx.2020-ci il tarixli qərarda) heç bir əsaslandırma aparmamışdır. Halbuki “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə görə, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddiaçıya qanunla verilmiş hüquq məhdudlaşdırılmış, iş və xidmətlər göstərən şəxslər məcburi şəkildə əmək münasibətlərinə cəlb olunmuş kimi əks olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər. Qeyd olunan hüququndan istifadə edən iddiaçı ayrı-ayrı fərdi sahibkarlarla müqavilələr bağlayaraq onlardan iş, xidmət almışdır. İddiaya əlavə olunan həmin müqavilə formalarından göründüyü kimi, tərəflər arasında sifarişçi və icraçı münasibətlərinə xas, konkret işin icrası və təhvili məqsədilə müqavilə bağlanmış və qarşılıqlı razılıqla xidmət haqqı müəyyən edilmişdir. Hər bir müqavilənin predmetinə görə, İcraçı (fərdi sahibkar) Sifarişçinin (Nümayəndəliyin) tapşırığı əsasında müvafiq ərazilərdə çöl geodeziya ölçmə işlərinin aparılmasını və nəticələrinin (məhsullarının) müəyyən edilmiş qaydada təhvil verilməsini, Sifarişçi isə həmin işlərin dəyərinin müəyyənləşdirilmiş qaydada ödənilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi, göstərilən xidmətlər mülki-hüquqi münasibətlər çərçivəsində həyata keçirilmiş, icraçı şəxslər hər biri ayrıca vergi uçotuna alınaraq əldə etdikləri gəlirlərindən icbari ödənişləri yerinə yetirmişdir. Həmin şəxslərin təqdim etdiyi elektron qaimə fakturalar üzrə iddiaçı tərəfindən ödənişlər həyata keçirilmişdir. Cavabdeh tərəfindən isə hüquqazidd şəkildə tərəflər arasında olan münasibətlər əmək münasibətləri kimi təhrif olunmuş və fərdi sahibkarlar Nümayəndəliyin işçiləri olaraq nəzərdə tutulmuşdur. Aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfindən kobud pozuntuya yol verildiyi təsdiq olunur:

1. Göstərilən müqavilələr üzrə tərəflər arasındakı faktiki münasibətlər tabelik prinsipinə deyil, bərabərlik prinsipinə əsaslanır.

2. Fərdi sahibkarların işi, xidməti yerinə yetirməsi Nümayəndəliyin müəyyən etdiyi rejimdə və qrafikdə deyil, sərbəst rejimdə həyata keçirilir.

3. Fərdi sahibkarlar iş funksiyasını deyil, konkret iş üzrə xidmətləri yerinə yetirir.

4. Tərəflər arasındakı faktiki razılığın predmetini əmək prosesinin əmək prosesinin özü deyil, işin, xidmətin nəticəsi təşkil edir.

5. İşin xidmətin yerinə yetirildiyi yer əmək münasibətlərində olduğu kimi vahid məkanda həyata keçirilmir.

6. Fərdi sahibkarlar gördükləri iş və xidmətlər üçün zəruri olan alət və vasitələri özləri təmin edir.

7. Ödənişlər iş prosesinə görə deyil, əlavə olunmuş müqavilələrdən də göründüyü kimi görülmüş işin nəticəsinə görə ödənilir. Bütün yuxarıda qeyd olunanlar, xüsusilə xidmət göstərən fərdi sahibkarların hər biri tərəfindən vergi və sosial sığorta ödənişlərinin qanunla müəyyən olunmuş qaydada yerinə yetirilməsi iddiaçı tərəfindən heç bir qanun pozuntusuna yol verilmədiyini, cavabdeh tərəfindən yükləyici inzibati akt qəbul etmək məqsədilə süni şəkildə hesablama aparıldığını bir daha təsdiq edir. xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktına nəzər yetirdikdə cavabdehin “muzdlu işlə əlaqədar gəlir” ifadəsinə və aylar üzrə əks olunan məbləğlərə rast gəlinir. Halbuki həmin rəqəmlər fərdi sahibkarlara ödənilən xidmət haqlarından formalaşdırılmış və süni şəkildə muzdlu işlə əlaqədar əldə olunmuş gəlir kimi təhrif olunmuşdur və yoxlama üzrə əsas hesablama bu qanunsuz yanaşma üzərində qurulmuşdur. Bundan əlavə, cavabdeh yoxlama aktında iddiaçının 2019-cu il ərzində hesablamış olduğu mənfəət vergisini artıq hesabladığını qeyd etmiş və həmin hissəni sıfırlamışdır. Yəni, cavabdeh zərərlə işlədiyini müəyyən etdiyi Nümayəndəliyə həmin göstəriciyə heç bir uyğunluğu olmayan vergi və məcburi dövlət sosial sığorta məbləğləri hesablamışdır ki, bununla da aşkar səkildə ziddiyyətli yanaşma olduğu müəyyən olunur. Cavabdeh tərəfindən fərdi sahibkarlara ödənilən xidmət haqqından vergilər və digər icbari ödənişlər tutulmasına baxmayaraq yenidən iddiaçıya həmin məbləğlərə görə vergi və sığorta ayırmalarının hesablanması ikiqat vergitutmadır və eyni mənbənin təkrar vergiyə cəlb edilməsidir. Vergi Məcəlləsinin 3.8-ci maddəsi ilə müəyyən olunmuşdur ki, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Lakin cavabdeh Vergi Məcəlləsinin ziddinə olaraq fərdi sahibkar tərəfindən yerinə yetirilən icbari ödənişləri təkrar iddiaçıya tətbiq etmişdir. Cavabdeh tərəfindən heç bir hüquqi əsas və qanuni istinad olmadan iddiaçının fərdi sahibkarlara ödədiyi məbləğləri gəlir kimi yenidən vergi və digər icbari ödənişlərə cəlb etməsi yolverilməzdir, vergi və mülki qanunvericiliyin pozulmasıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməli olduğu halda bunu sübut edə bilməmişdir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, tərəflərin izahatına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcuddur. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbul edilməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********139409 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv olunmalıdır.

N ə t i c ə v i h i s s ə:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********139409 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar