Məhkəmə qərarları › İş №2-1(114)-367/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-367/2024

01.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-367/2024 01.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Şəmkir rayonu Dəllər Cəyir kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Şəmkir rayonu Dəllər Cəyir bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 61 saylı qərarına əsasən Şəmkir rayonu, Dəllər Cəyir kəndindən İddiaçı adına həyətyanı məqsədilə 0.10 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur.

2. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi və Şəmkir rayonu Dəllər Cəyir bələdiyyəsinin nümayəndələri bələdiyyənin kənd təsərrüfatına yararlı torpaq sahəsindən həmin 0.10 ha torpaq sahəsinin həyətyanı məqsədilə ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişlər.

3. Həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.

4. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 470000 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2003-cü il tarixdə 58 nömrə ilə qeydiyyata alınmışdır.

5. Şəmkir rayonu Dəllər Cəyir bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 03 nömrəli məktubunda bildirilmişdir ki, Dəllər-Cəyir kənd sakini İddiaçı Dəllər-Cəyir bələdiyyəsi ərazisindən 61 saylı xx.xx.2002-ci il tarixli bələdiyyə qərarı və 18 mart 2003-cü il tarixli 58 nömrəli akt əsasında 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır, qərar və alqı-satqı aktı qüvvədədir. Həmin sənədlərin bir nüsxəsi bələdiyyə arxivində saxlanılır.

6. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinə dair təqim edilmiş sənədlər araşdırılmış və mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün əsas olan sənədlərdən, “Torpaq sahəsinin planı və ölçüsü” və “Torpaqların alqı-satqısına dair akt”ın dövlət arxivindən təsdiqlənmiş surətinin olmadığı müəyyən olunmuşdur. Həmçinin, yerində müayinə baxışı zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsinin qərb tərəfinin 0.0302 ha hissəsindən 10 kv-luq elektrik xətti keçməklə, mövcud elektrik xəttinin mühafizə zonasında yerləşir. Odur ki, həmin torpaq sahəsinə dair, 29 iyun 2004-cü il tarixli 713-İİQ saylı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunan mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün əsas olan sənədlərin əslini (yuxarıda qeyd olunan sənədlər də əlavə olunmaqla) və sözügedən mühafizə zonasına düşən hissə ilə bağlı, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarının tələbinə uyğun olaraq aidiyyəti qurumun razılığını və yaxud həmin hissəyə münasibətdə azalmaya dair notarial qaydada razılıq ərizəsi təqdim etdikdə, yerdə qalan hissəyə dair ərizənin icrasına qanunamüvafiq qaydada baxıla bilər.

7. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Elektron məlumat bazasına əsasən Şəmkir rayonu Dəllər Cəyir bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 61 saylı qərarına əsasən Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən 0.10 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla KPİ üçün ayrılmış bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. 2) Həmin torpaq sahəsi naturada ölçülməklə, faktiki istifadəsində olan sahəsinin döngə nöqtələri, koordinatları müəyyən edildi. (yerquruluşu planında göstərilmişdir). 3) Həmin torpaq sahəsinin hər hansısa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcud deyildir. 4) Həmin torpaq sahəsi 10 kV-luq “Dəllər-Cəyir” hava elektrik verilişi xətti ilə 2.95 m və 2.25 m məsafədə yerləşməklə elektrik xəttinin qoruma zolağına düşür. II. Məhkəmədə icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. Tələb onunla əsaslandırılmışdır ki, o, Şəmkir rayonu X1 bələdiyyənin 08 oktyabr 2002-ci il tarixli 61 nömrəli qərarına əsasən 0.10 hektar torpaq sahəsi almışdır. Bildirir ki, o torpağın pulunu ödəyib torpağa dair adına mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Orada onun müraciətindən imtina edilmişdir ki, guya o torpaq sahəsinin plan və ölçü sənədlərini ərazi idarəsinə təqdim etməmişdir. Həmçinin "Torpağın alqı-satqısına dair aktın" arxiv nüsxəsinin dövlət arxivində və ərazi idarəsinin arxivində olmaması səbəb kimi göstərilmişdir. Bildirir ki, o, "torpaq sahəsinin plan və ölçü" sənədini bütün sənədlərlə birlikdə ərazi idarəsinə təqdim etmişdir. Torpaq sahəsinin alqı-satqısının dövlət arxivinə verilməsi onun ərizəsindən imtina üçün səbəb ola bilməz. Ərizəmə əlavə etdiyi bələdiyyənin 12 yanvar 2023-cü il tarixli məktubu ilə ona satılmış 0.10 ha torpaq sahəsinin alqı-satqı aktının qüvvədə olması və həmin aktın bir nüsxəsinin arxivdə saxlanıldığı göstərilmişdir. Ona görə də cavabdehin onun ərizəsindən imtina etməsinin hüquqi əsası yoxdur. Odur ki, cavabdehin üzərinə ona məxsus Şəmkir rayonu Dəllər Cəyir kəndində yerləşən 0.10 ha torpaq sahəsinin daşınmaz əmlakın reyestrində mülkiyyət hüququ kimi adına qeydiyyata alnıması vəzifəsi qoyulmalıdır.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır. III. İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

14. Cavabdeh orqanın yerləşdiyi Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 4-cü bəndi).

20. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Şəmkir rayonu Dəllər Cəyir bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 61 saylı qərarı; - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi və Şəmkir rayonu Dəllər Cəyir bələdiyyəsinin xx.xx.2002-ci il tarixli aktı; - Torpaq sahəsinin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış; - Torpaqların alğı-satqısına dair xx.xx.2003-cü il tarixli 58 nömrəli akt; - Şəmkir rayonu Dəllər Cəyir bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 03 nömrəli məktubu; - Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli imtina məktubu; - Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

23. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Şəmkir rayonu Dəllər Cəyir bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 61 saylı qərarına ilə bələdiyyənin perspektiv inkişaf fondu torpağından həyətyanı məqsədilə İddiaçı 0.10 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuş, Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi və Şəmkir rayonu Dəllər Cəyir bələdiyyəsinin nümayəndələri bələdiyyənin kənd təsərrüfatına yararlı torpaq sahəsindən həmin 0.10 ha torpaq sahəsinin həyətyanı məqsədilə ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişlər. Həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 470000 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2003-cü il tarixdə 58 nömrə ilə qeydiyyata alınmışdır.

24. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinə dair təqim edilmiş sənədlər araşdırılmış və mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün əsas olan sənədlərdən, “Torpaq sahəsinin planı və ölçüsü” və “Torpaqların alğı-satqısına dair akt”ın dövlət arxivindən təsdiqlənmiş surətinin olmadığı müəyyən olunmuşdur. Həmçinin, yerində müayinə baxışı zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsinin qərb tərəfinin 0.0302 ha hissəsindən 10 kv-luq elektrik xətti keçməklə, mövcud elektrik xəttinin mühafizə zonasında yerləşir. Odur ki, həmin torpaq sahəsinə dair, 29 iyun 2004-cü il tarixli 713-İİQ saylı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunan mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün əsas olan sənədlərin əslini (yuxarıda qeyd olunan sənədlər də əlavə olunmaqla) və sözügedən mühafizə zonasına düşən hissə ilə bağlı, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarının tələbinə uyğun olaraq aidiyyəti qurumun razılığını və yaxud həmin hissəyə münasibətdə azalmaya dair notarial qaydada razılıq ərizəsi təqdim etdikdə, yerdə qalan hissəyə dair ərizənin icrasına qanunamüvafiq qaydada baxıla bilər.

25. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır və qeyd edir ki, torpaq sahəsinin naturada yerini müəyyən edən texniki sənədin cavabdeh inzibati orqana təqdim edilməməsi özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz.

26. Belə ki, bələdiyyə tərəfindən İddiaçı Şəmkir rayonu Dəllər Cəyir bələdiyyəsinin mülkiyyətində olan, Şəmkir rayonu, Dəllər Cəyir kəndində torpaq sahəsi ayrılarkən müvafiq dövlət orqanlarının, o cümlədən DT və XK-nin Şəmkir rayon şöbəsinin və Şəmkir rayonu Dəllər Cəyir bələdiyyəsinin nümayəndlərinin iştirakı ilə torpaq sahəsinin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmiş və torpaq sahəsi bundan sonra idiaçının istifadəsinə verilmişdir.

27. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi həmin torpaq sahəsini ayırmaq səlahiyyətinə malik olan və həmin dövrdə bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq qurumun məsuliyyət sferasına aiddir.

28. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən qəbul olunmuş qərarın qanunauyğunluğuna və məzmununa apriori inancı (qərarın qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Bu baxımdan səlahiyyətli icra hakimiyyəti orqanının (hazırkı mübahisədə bələdiyyənin) şəxsə torpaq sahəsinin ayrılması barədə qərarını imtinada və şikayətdə istinad edilən əsaslar üzərindən təftiş etməkdə, eləcə də hüquqi qüvvəsini saxlayan və bu baxımdan etibarlı olan həmin sənəd əsasında iddiaçının hüququnu qeydiyyata almaqdan imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.

29. Məhkəmənin qənaətinə görə, həmin orqanlar üzərində hər hansı nəzarət səlahiyyəti və funksiyası ilə təchiz olunmayan cavabdeh tərəfindən belə təftişin aparılması həmin orqanların funksional fəaliyyət sferasına və səlahiyyət dairəsinə müdaxilə kimi qiymətləndirilməlidir.

30. Belə olan halda, iddiaçı tərəfindən torpaq sahəsinin naturada yerini müəyyən edən texniki sənədin cavabdeh inzibati orqana təqdim edilməməsi yuxarıda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinin tələbləri baxımından iddiaçının ərizəsinin təmin edilməsindən imtina üçün əsas ola bilməz.

31. Həmçinin nəzərə almaq lazımdır ki, sözügedən 0.10 ha torpaq sahəsi ayrıldığı vaxtdan mübahisəsiz olaraq iddiaçının faktiki istifadəsində olmuş, hazırda da həmin torpaq sahəsinin hər-hansı subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədlərdəki torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır.

32. Göründüyü kimi, iddiaçının adına üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır.

33. Yəni, iddiaçı qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

34. Eyni zamanda, cavabdeh inzibati orqanın statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olub-olmamasına nəzarəti isə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

35. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

36. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

38. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

39. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnaməyə görə: Bənd 10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Bənd 23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.

40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

41. Məhkəmə cavabdeh orqanın sözügedən torpaq sahəsinin qərb tərəfinin 0.0302 ha hissəsindən 10 kv-luq elektrik xətti keçməklə, mövcud elektrik xəttinin mühafizə zonasında yerləşməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin hal torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinaya əsas deyildir.

42. Belə ki, cavabdehin həmin dəlili mütəxəssis rəyi ilə öz təsdiqini tapsa da, yəni Şəmkir rayonu Dəllər Cəyir bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 61 saylı qərarına əsasən Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən 0.10 ha torpaq sahəsinin 10 kV-luq “Dəllər- Cəyir” hava elektrik verilişi xətti ilə 2.95 m və 2.25 m məsafədə yerləşməklə elektrik xəttinin qoruma zolağına düşməsi müəyyən edilsə də, hüquqmüəyyənedici sənədin verildiyi vaxtda mövcud olmayan, lakin hazırda qüvvədə olan normaların məzmunu ilə müəyyən edilir ki, torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda həmin sahənin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, həmin sahənin xüsusi mülkiyyətə keçməsi, habelə üzərində hüquqların qeydiyyata alınmasına heç bir qadağa müəyyən edilmir.

43. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na görə: Bənd 6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Bənd 12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması.

44. Göründüyü kimi, Qaydaların tələblərinə əsasə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.

45. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır və hazırkı işdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir.

46. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin nizamnaməsinə görə: Bənd 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək...

47. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

48. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

Nəticəvi hissə:

49. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən həyətyanı məqsədilə verilmiş 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar