Məhkəmə qərarları › İş №2-1(114)-3673/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3673/2023

25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3673/2023 25.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pasport qeydiyyatına alınma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvana qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7508/2023 nömrəli qərardadına əsasən iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 08 fevral 2005-ci il tarixdə X9 ilə rəsmi nikaha daxil olub, ailə həyatı qurmuş, ailə həyatı qurduğu zaman həyat yoldaşı X5 məskunlaşdığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, südçülük sovxozu nömrəsiz fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahdan iki övladı dünyaya gəlmişdir. Həyat yoldaşı X2 rayonundan 1993-cü il tarixdən məcburi köçkündür, ünvan 2 ünvanda qeydiyyatdadır. Hər iki övladı da həyat yoldaşının qeydiyyatda olduğu yer üzrə qeydiyyatdadır. Uzun illərdir ki, iddiaçı yaşamadığı ünvan 3 ünvanda qeydiyyatda qalmışdır. İddiaçı ailə üzvlərinin qeydiyyatda olduğu ünvan üzrə qeydiyyata düşmək üçün Cavabdehnə ərizə ilə müraciət etsə də, cavabdehin onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş AZ 128380 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X9 ilə X3 arasında nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Rzayeva” soyadı verilmişdir. -surəti işə əlavə edilmiş 0******* nömrəli, xx.xx.2012-ci il tarixli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ünvan 3 ünvanda qeydiyyatdadır. -“Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, X9, X10 və X1 şəhəri, Nizami Gəncəvi prospekti, ev 220 ünvanda qeydiyyatdadır. -Cavabdeh xx.xx.2022-ci il tarixli, 170-8708R-3222 nömrəli məktubunun məzmunundan görünür ki, xx.xx.2020-ci il tarixli Daxili İşlər Nazirliyinin müvafiq əmrinə əsasən, işğaldan azad olunmuş Kəlbəcər rayonuna ölkənin digər inzibati ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyata alınması məskunlaşma başa çatanadək dayandırıldığı üçün qeydiyyat aparılmadığı bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əri və övladları ünvan 1 ünvanda qeydiyyatdadır. İddiaçı ailə üzvlərinin qeydiyyat yeri üzrə ünvan 1 ünvanı üzrə qeydiyyata alınması ilə bağlı Cavabdehnə müraciət etsə də, cavabdeh orqan tərəfindən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının vətəndaşlarının Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı məslələr “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -1-ci maddəsinin 2-ci hissəsinə əsasən Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. -2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. -5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. İstinad olunan normaların işin faktiki hallarına tətbiqi onu deməyə əsas verir ki, iddia əsaslı hesab edilə bilməz. Belə ki, işin faktiki hallarına görə iddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, südçülük sovxozunda yaşayır. Məhkəmə qeyd edir ki, bir halda ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi şəxsin dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, hüquq və azadlıqlarının həyata keçirilməsi və digər məqsədlər üçün zəruri şərait yaratmaqdır, bu halda iddiaçının hazırda məskunlaşma olmayan işğaldan azad edilmiş şəhər üzrə qeydiyyata alınması məqsədəmüvafiq deyil. Bundan əlavə yuxarıda qeyd olunan Qanunun tələbinə görə şəxs yaşayış yeri üzrə pasport qeydiyyatına alına bilər. İddiaçı isə qeydiyyata düşmək niyyətində olduğu ünvanda faktiki olaraq yaşamır və yaşaması hazırki vəziyyətdə mümkün deyil. Qeyd olunanlara əsasən, cavabdehin iddiaçının müraciəti ilə bağlı imtinası qanuni və əsaslıdır. Belə ki, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı pasport qeydiyyatına alınma tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar