Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3673/2025 10.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı xx.xx.1971-ci il tarixdə Ağdərə rayonun Manikli kəndində anadan olmuş, hazırda Ağdam rayonun Manikli kəndində qeydiyyatdadır, məcburi köçkün olmaqla Tərtər şəhərində yaşayır. Mardakert rayon Yeni-Qaralar kəndində tərtib edilmiş xx.xx.1991-ci il tarixli, 01 nömrəli əmrdən çıxarışa əsasən Mardakert rayon üzrə Sırxavəd kənd özünümüdafiə dəstəsinin, Yeni Qaralar kənd özünümüdafiə dəstəsinin, Manikli kənd özünümüdafiə dəstəsinin tərkibində Xatıbəyli kənd özünümüdafiə dəstəsinin, Başgüneypəyə kənd özünümüdafiə tərkibində Ortagüneypəyə kənd özünümüdafiə dəstəsinin komandirlərinə Müdafiə Nazirliyi yarandığı üçün (paraqraf 1) 1988-ci ilin fevralından 09 oktyabr 1991-ci il tarixinədək Ermənistan silahlı qüvvələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş kənd özünümüdafiə dəstəsinin fəaliyyəti 09 oktyabr 1991-ci il tarixindən etibarən dayandırılması, (paraqraf 2) Sırxavəd kənd özünümüdafiə dəstəsinin; Kənd özünümüdafiə dəstəsinin komandirləri şəxsi heyəti adlı siyahısının imzaları ilə təsdiq etmələri və qərargaha təhvil verilməsi əmr edilmişdir. X5 filialında saxlanılan keçmiş Mardakert rayon/ Ağdərə rayon/ Yeni-Qaralar kənd Qərargah rəsinin /X4/ xx.xx.1991-ci il tarixli 1 nömrəli əmrə əsasən, 1988-ci ilin fevral ayından – xx.xx.1991-ci il tarixədək Ermənistan silahlı qüvvələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş, Manikli kəndində yaşamış iddiaçının adı 98-cı sırada qeyd olunmuşdur. İddiaçıya SHXÇDX-nin Ağdam rayon şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli, SX- 0341108 nömrəli hərbi biletində onun hərbi xidmət keçdiyi dövr, döyüşlərdə iştirakı barədə qeydlər aparılmamışdır. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli, 1/2/2025 nömrəli qərarı ilə iddiaçının müraciəti təmin edilməmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətlərində özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirakı təsdiq edən sənəd kimi Ağdam rayon kənd ərazi nümayəndəlikləri tərəfindən tərtib edilmiş "Özünümüdafiə dəstələrinin post kitabları"nı təqdim edərək, Birinci Qarabağ müharibəsi veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişlər. - Həmin kitablara baxılarkən rekvizit məlumatların olmaması, kim tərəfindən və nə zaman tərtib edilməsinin qeyd olunmaması, həmçinin vəzifəli şəxs tərəfindən imza və möhürlə təsdiqlənməməsi müəyyən edilmişdir (kitablar kiril əlifbası ilə tərtib olunub, lakin sonradan icra nümayəndəlikləri tərəfindən qeydlər aparılaraq latın əlifbası ilə hazırlanmış, həmin dövrə aid olmayan möhür ilə möhürlənmişdir). Qəbul olunmuş normalara əsasən, ("İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi) sənəd - aidiyyətini təsdiqləmək üçün rekvizitləri olan maddi informasiya daşıyıcısına yazılmış informasiyadır. Qeyd olunan kitabların kim tərəfindən tərtib olunmasının göstərilməməsi, vəzifəli şəxs tərəfindən imza və möhürlə təsdiq edilməməsi, o cümlədən rekvizit məlumatlarının olmaması bu sənədlərin (siyahıların) indentifikasiya edilməsini mümkünsüz etmişdir. Beləliklə, təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində adları qeyd olunan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericilikdə təsbit olunmuş hüquqi əsasların mövcudluğu müəyyən edilməmişdir. Qərar xx.xx.2025-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. İddiaçı cavabdehə qarşı xx.xx.2025-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Tələb onunla əsaslandırılmışdır ki, 1988-ci ilin fevral ayından 09 oktyabr 1991-ci il tarixədək ermənistan silahlı qüvvələrinə qarşı aparılan döyüş əməliyyatlarında, Xatınbəyli kənd özünümüdafiə dəstələrinin tərkibində iştirak etmişdir. Həmin dövrdə rayonun DQMV (X8 Vilayətinin tərkibində olan keçmiş Mardakert rayonu) hal-hazırda Ağdərə rayonu idi, rayonun rəhbər vəzifəli şəxsləri ermənilər təşkil edirdilər, onlar torpaq iddiası etidkləri üçün hər gün Azərbaycanlılar yaşayan kəndlərə mütəmadi olaraq hücumlar edirdilər, bu səbəbdən də Azərbaycanlılar yaşayan kənddə yerli kənd İcra Nümayəndələri (keçmiş Sovet sədrləri) tərəfindən 02 fevral 1988-ci il tarixdə Özünümüdafiə dəstələri yaradıldı, həmin özünümüdafiə dəstələrinin komandirləri isə həmin kəndlərin icra nümayəndələri oldu, Manikli kəndi tərkibində Xatınbəyli kəndi kəndinin Özünümüdafiə dəstəsinin komandiri və icra nümayəndəsi X6 idi. O cümlədən iddiaçının döyüş yoldaşı, qazi X3 şahiddir. Azərbayca Respublikasını Nazirlər Kabinetinin 1995-ci il tarixli 216 nömrəli qərarı ilə kənd Özünümüdafə dəstələrinin tərkibində, yerli İcra hakimiyyətinin döyüş haqqında verdiyi arayış əsasında rayon hərbi Komisarlıqlarına müharibə Veteranı və adı verilməsi üçün rəsmi sənəd iddiaçı tərəfindən təqdim olunmalı idi, iddiaçı dəfələrlə 2000-ci il tarixdən müraciətlər etsə də, Müharibə veteranı vəsiqəsi və adı ala bilməmişdir. 2018-ci il tarixdə ona bildirdilər ki, Ağdərə rayon (keçmiş Mardakert rayonu) 10.10 1991-ci il tarixdə kənd Özünümüdafiə dəstələrinin xx.xx.1991-ci il tarixdə Müdafiə Nazirliyi yarandığı üçün, Yeni- Qaralar kənd İcra nümayəndəsi 5( beş ) kənd üzrə Qərərgah rəisi Qaçay Əliyev tərəfindən təsdiq olunmuş komandirlərin tərtib etdiyi döyüşçülərin siyahısı Ağdam rayon İcra hakimiyyəti Başçısının imzası ilə Milli Arxivə təhvil verilmişdir. Milli Arxivin Ağdam filialından xx.xx.2022-ci il tarixdə 52 nömrəli arxiv arayışı almış, Səfərbərli və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi vasitəsi ilə versədə, xx.xx.2025-ci il tarixdə imtina verilmişdir, lakin imtina sənədi ona 14 mart 2025-ci il tarixdə verilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazını təqdim etməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Azərbaycan Respublikasının Müdafiə Nazirliyi xx.xx.2025-ci il tarixli, 3-25-29/2- 865/2025 nömrəli məktubunda bildirmişdir ki, Nazirliyin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, 845 nömrəli hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin fevral-dekabr 1992, yanvar-dekabr 1993cü il, yanvar-dekabr 1994-cü il, yanvar-dekabr 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçı barədə məlumat aşklar olunmamışdır. Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-43-90/2-258/2025 nömrəli məktubuna əsasən Ağdam Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən xx.xx.2016-cı il tarixli 02/659 nömrəli, xx.xx.2017-ci il tarixli 02/369 nömrəli, xx.xx.2017-ci il tarixli 02/666 nömrəli, xx.xx.2017-ci il tarixli 02/1079 nömrəli, xx.xx.2017-ci il tarixli 02/1320 nömrəli, xx.xx.2017-ci il tarixli 02/1375 nömrəli və xx.xx.2017-ci il tarixli 02/1527 nömrəli məktubları ilə )inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin siyahısı əsasında) təsdiq edilərək Xidmətin Aparatına təqdim olunmuş xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısında iddiaçının adı keçmir. İddiaçı tərəfindən məhkəmə iclası zamanı təqdim edilən X7 filialının direktorunun imzası və möhürü ilə təsdiqlənmiş 3-cü hissə Malikli kəndi tərkibində Xatınbəyli kəndi üzrə özünümüdafiə dəstəsinin adlı siyahısının 98-ci sırasında iddiaçının adı qeyd olunmuşdur. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamə görə şəxsə müharibə veteranı adı verilməsi üçün o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxs olmalı, eyni zamanda bu hal müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir Həmin normaların tələbinə əsasən şəxsə müharibə veteranı adı verilməsi üçün şərtlər: 1. döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxs olmalı 2. Bu hallar müvafiq sübutlarla təsdiq edilməlidir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-43-90/2-258/2025 nömrəli məktubuna əsasən Ağdam Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən xx.xx.2016-cı il tarixli 02/659 nömrəli, xx.xx.2017-ci il tarixli 02/369 nömrəli, xx.xx.2017-ci il tarixli 02/666 nömrəli, xx.xx.2017-ci il tarixli 02/1079 nömrəli, xx.xx.2017-ci il tarixli 02/1320 nömrəli, xx.xx.2017-ci il tarixli 02/1375 nömrəli və xx.xx.2017-ci il tarixli 02/1527 nömrəli məktubları ilə )inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin siyahısı əsasında) təsdiq edilərək Xidmətin Aparatına təqdim olunmuş xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısı təqdim edilmiş, lakin cavabdeh ona təqdim edilən siyahıda iddiaçının adının mövcud olmadığını bildirmişdir. Hazırki mübahisəyə münasibətdə iddiaçıya müharibə veteranı adının verilməsi üçün təqdim edilməsi zəruri olan və istinad olunan normalarda nəzərdə tutulmuş sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Məhkəmə iddiaçının təqdim etdiyi X9 filailı tərəfindən təsdiq edilmiş sənədi müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün yetərli hesab etmir. Belə ki, təqdim edilən siyahı tam olmamaqla yanaşı, sonradan kim tərəfindən tərtib edilməsi və imzalanması göstərilməmişdir. Həmçinin, siyahının mövcudluğu vəziyyəti iddiaçının xeyrinə dəyişdirmir. Belə ki, istinad edilən Əsasnamənin tələbindən göründüyü kimi, döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə veteran adı yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar əsasında, həm də döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda verilir. Hazırkı işdə bu, baş verməmişdir İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən cavabdeh inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. İnzibati orqanların inzibati praktikası həm onların özlərinin müstəqil olaraq formalaşdırdığı, həm də məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Beləliklə, hazırkı mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-422/2024 nömrəli; xx.xx.2023-cü il tarixli, 2- 1(102)-61/2023 nömrəli; xx.xx.2022-ci il tarixli, 2-1(102)-1908/2022 nömrəli qərarları). Ona görə də Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3673/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3673/2025
10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver