Məhkəmə qərarları › İş №2-1(114)-3676/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3676/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3676/2023 03.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X3, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial pensiyasının əmək pensiyası ilə əvəz edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, sosial pensiyasının əmək pensiyası ilə əvəz edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1956-cı ildə Gədəbəy rayonu Cəfərli kəndində anadan olmuş, sonradan Gəncə şəhərinə köçərək yaşamışdır. O, 08 oktyabr 1973-cü ildə Kirovabad təmir bazasına fəhlə işinə qəbul edilmişdir. 15 aprel 1974cü ilə kimi orada işləmişdir. 15 may 1974-cü ildə Kirovabad 2 saylı PMK-2-yə fəhlə işinə qəbul edilmişdir. 01 noyabr 1974-cü ilə kimi orada işləmişdir. 10 noyabr 1974-cü ildə hərbi xidmətə çağırılmışdır. 13 noyabr 1976-cı ilə kimi SSRİ Hərbi Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. O, hərbi xidmətdən qayıtdıqdan sonra yenidən 09 dekabr 1977-ci ilə kimi orada işləmiş, həmin tarixdə öz ərizəsi ilə oradan işdən azad olunmuşdur. Oradan işdən azad olunduqdan sonra 05 mart 1977-ci ildə Kirovabad şəhərində yerləşən Nizami adına sovxozda fəhlə işləmişdir. 23 may 1977-ci ilə kimi orada işləmiş, 02 iyun 1977-ci ildə dülgər sexinə işə qəbul edilmişdir. 03 mart 1978-ci ilə kimi orada işləmişdir, 25 iyun 1978-ci ildə Azərtikintiyə elektrik vəzifəsinə qəbul edilmişdir. 08 dekabr 1988-ci ildən Gəncə Nəqliyyat müəssisəsinə sürücü işinə qəbul edilmişdir. 04 yanvar 2005-ci ilə kimi orada işləmişdir. Beləliklə hərbi xidmət də daxil olmaqla 31 il 6 ay müddətinə əmək fəaliyyəti vardır. O, ona pensiya təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, iddiaçının kifayət həcmdə sosial sığorta stağının olmasına baxmayaraq yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı və vəkili X5 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli və xx.xx.1973-cü il tarixli əmək kitabçalarına və hərbi xidmət haqqında arayışa əsasən sığorta stajı 5 il 4 ay təşkil edir. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixdən 01,07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. xx.xx.1973-cü il tarixində və xx.xx.1973-cü il tarixində iddiaçının adına tərtib edilmiş əmək kitabçalarında qeyd olunmuş xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. X6 filialının xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçının əmək kitabçasında qeyd olunmuş 4 №-li X2 xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, "xxxx" ASC- nin xx.xx.1983-cü il tarixdən xx.xx.2000-ci il tarixədək, 2705 №-li Avtodəstəsinin xx.xx.1988-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, "xxxx" ASC-nin xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək arxiv sənədləri Gəncə rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Eyni zamanda Gəncə- Daşkəsən regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının əmək kitabçasında qeyd olunmuş “Gəncə Nəqliyyat-05" ASC-dəki xx.xx.1983-cü il tarixdən xx.xx.2000-ci il tarixədək olan əmək fəaliyyəti zamanı iddiaçının adına yazılmış əmək haqqı məbləğləri başqa rəngli qələmlə və başqa xətlə yazıldığından həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 1023 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1676-cı il tarixədək hərbi xidmət keçmişdir. -surəti işə əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1973-cü və xx.xx.1973-cü il tarixli əmək kitabçalarından görünür ki, həmin sənədlərdə iddiaçının eyni dövrlərdə müxtəlif müəssisələrdə işləməsi, həmçinin eyni müəssisədə işləməsi ilə bağlı işə girmə və çıxma əmrlərinin tarixləri və nömrələri hər iki sənəddə fərqli qeyd edilmiş, habelə xx.xx.1973-cü il tarixli əmək kitabçasında “Gəncə Nəqliyyat-05" ASC-dən xx.xx.2000-ci il tarixdə işdən azad edilməsi qeyd edilmiş, xx.xx.1973-cü il tarixli əmək kitabçasında isə həmin müəssisədən xx.xx.2005-ci ildə işdən azad edildiyi qeyd edilmişdir. -surəti işə əlavə edilmiş Gəncə-Daşkəsən regional filialının mütəxəssisi və “Gəncə Nəqliyyat-05" ASC-nin rəhbəri Qasımov R.H-nın iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktının məzmunundan görünür ki, Cəmiyyətin əmək haqqı cədvəllərində iddiaçının adına yazılmış məbləğlər başqa rəngli qələmlə və başqa xəttlə yazılmış, həmçinin 1997- 2000-ci illərdə adı siyahının sonunda başqa xəttlə yazılması müəyyən edilmişdir. -işə əlavə edilmiş “Gəncə Nəqliyyat-05" ASC-nin rəhbəri Qasımov R.H və baş mühasib Məmmədov İ.B tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli 34 nömrəli arayışlarda İddiaçı 1992-2000-ci illərdə müvafiq aylar üzrə əmək haqqı alması qeyd edilmişdir. -işə əlavə edilmiş DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. -işə əlavə edilmiş DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-138152/2023 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmış, İddiaçı təqdim etdiyi sənədlərin surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1974-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1982-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə 8 il 9 ay 11 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir, eyni zamanda, İddiaçı xx.xx.1983-cü il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrlər üzrə hesablanmış əməkhaqlarında qaralama və pozuntu olduğundan, xx.xx.2000-ci il tarixindən xx.xx.2005ci il tarixinədək olan dövrlərin qanunvericiliklə müəyyən olunmuş qaydada yoxlanılması mümkün olmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır, eyni zamanda bildirilir ki, X1 Sisteminin Pensiya altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə iş stajını təsdiq edən sənədlərlə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının ümumi iş stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğuna görə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddianın mahiyyətindən də məlum olur ki, iddiaçının hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 2-1.2.1-ci maddəsinə əsasən, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İstinad olunan qanunvericiliyin tələblərinə əsasən pensiya təyinatı üçün iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. İşdə olan iddiaçıya məxsus xx.xx.1973-cü və xx.xx.1973-cü il tarixli əmək kitabçalarından görünür ki, həmin sənədlərdə iddiaçının eyni dövrlərdə müxtəlif müəssisələrdə işləməsi, həmçinin eyni müəssisədə işləməsi ilə bağlı işə girmə və çıxma əmrlərinin tarixləri və nömrələri hər iki sənəddə fərqli qeyd edilmiş, habelə xx.xx.1973-cü il tarixli əmək kitabçasında “Gəncə Nəqliyyat-05" ASC-dən xx.xx.2000-ci il tarixdə işdən azad edilməsi qeyd edilmiş, xx.xx.1973-cü il tarixli əmək kitabçasında isə həmin müəssisədən xx.xx.2005-ci ildə işdən azad edildiyi qeyd edilmişdir. Həmçinin, Gəncə-Daşkəsən regional filialının mütəxəssisi və “Gəncə Nəqliyyat-05" ASC-nin rəhbəri Qasımov R.H-nın iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktının məzmunundan görünür ki, Cəmiyyətin əmək haqqı cədvəllərində iddiaçının adına yazılmış məbləğlər başqa rəngli qələmlə və başqa xəttlə yazılmış, həmçinin 1997-2000-ci illərdə adı siyahının sonunda başqa xəttlə yazılması müəyyən edilmişdir. Bundan əlavə, “Gəncə Nəqliyyat-05" ASC-nin rəhbəri Qasımov R.H və baş mühasib Məmmədov İ.B tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli 34 nömrəli arayışlarda iddiaçının 1992-2000-ci illərdə müvafiq aylar üzrə əmək haqqı alması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, “Gəncə Nəqliyyat-05" ASC-nin sənədləri arxivə təhvil verilmədiyinə görə qeyd olunan arayışlar, yuxarıda qeyd olunmuş akt və iddiaçıya məxsus əmək kitabçalarında olan məlumatlar ziddiyətli olduğundan 1983-2000-ci illərə dair əmək haqqı kitablarının baxış keçirilməsi üçün məhkəməyə təqdim edilməsi barədə “Gəncə Nəqliyyat-05" ASC-yə xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli sərəncamlar göndərilməsinə, habelə qeyd olunan sübutu təqdim etmədiyinə görə Cəmiyyətin cərimə edilməsinə baxmayaraq əmək haqqı cədvəlləri təqdim edilməmişdir. Əmək haqqı cədvəllərinin təqdim edilməsindən yayınma məhkəmə üçün xx.xx.2021ci il tarixli 34 nömrəli arayışların müvafiq arxiv məlumatlarına əsaslanmadan tərtib edilməsi qənaətinə gəlməyə əsas verir. Eyni zamanda iddiaçıya məxsus əmək kitabçaları da əmək fəaliyyəti ilə bağlı qeydlərin yuxarıda qeyd edildiyi kimi ziddiyətli olması baxımında mötəbər sübut növü kimi qəbul edilmir. Bu qənaətə gəlməyə əsas verən səbəblərdən biri də odur ki, iddiaçı onun adına 2 gün fərqlə 2 əmək kitabçasının açılmasının və qeydlərin ziddiyətli olmasının səbəbini izah etməmiş və yaxud izah etmək istəməmişdir. Beləliklə iddiaçının təqdim etdiyi sənədlərlə onun pensiya təyinatına əsas verən kifayət qədər sosial sığorta stajının olması müəyyən edilmir. Həmçinin müəyyən olunur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya təyinatına əsas verən həcmdə pensiya kapitalı movcud deyildir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, inzibati orqanın imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Beləliklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçıya yaşaa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sosial sığorta stajı tələb olunduğuna və iddiaçı həmin tələbi ödəmədiyinə, eləcə də onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığına görə onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın ona pensiya təyin etməklə bağlı imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial pensiyasının əmək pensiyası ilə əvəz edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar