Məhkəmə qərarları › İş №2-1(114)-368/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-368/2024

22.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-368/2024 22.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı əmək haqqına 1,2 məbləğində artım əmsalının tətbiq edilməklə yaranmış fərq məbləğinin ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin vəkil olan nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixinədək Kəlbəcər RPŞ-nin polis nəfəri kimi aldığı əmək haqqına 1,2 məbləğində artım əmsalının tətbiq edilməklə yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək Kəlbəcər rayon Polis şöbəsində polis nəfəri vəzifəsində işləmiş, xx.xx.2022-ci il tarixli Ə57s/h-170-22 nömrəli əmrlə “Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında Xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndinə əsasən (öz ərizəsi ilə) DİO-dan xaric edilmişdir.

2. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqində yüksəkliyə görə 20 faiz – 131,05 manat, cəmi 918,5 manat məbləğində əlavə qeyd edilmişdir.

4. 19 nömrəli pul attestatından məlum olur ki, xx.xx.2022-ci il tarixdə İddiaçı yüksəkliyə görə 20% - 88,77 manat əlavə ilə təmin edilmişdir.

5. İddiaçı əmək haqqına 1,2 məbləğində artım əmsalının tətbiq edilməklə yaranmış fərq məbləğinin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və Cavabdeh Baş Kadrlar İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-21/2-B-45400/33/23 nömrəli məktubla bildirilmişdir ki, ona təqaüd təyin edilməsi ilə əlaqədar tərtib edilmiş məlumat vərəqəsində yüksəkliyə görə ödənilən 20 faiz əlavə qeyd edilmişdir.

6. Məhkəmənin sorğusuna Kəlbəcər rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-85/2-11170/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Kəlbəcər RPŞ-nin sabiq əməkdaşı İddiaçı DİN-nin Gəncə şəhər Nizami RPŞ-nin 29.08 2014-cü il tarixli 19 ş/h nömrəli əmrinə əsasən, xidmətini davam etdirməsi üçün xx.xx.2014-cü il tarixindən Kəlbəcər RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Nazirlər kabinetin 54 nömrəli qərarina əsasən dəniz səviyyəsindən 2000 metrdən yüksəklikdə yerləşən yaşayış məntəqələrinə 20% yüksəklik təyin edilməsi və əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşən müəssisələrində və təşkilatlarında çalışan məcburi köçkünlərin, yerləşdiyi ərazilərdən aslı olmayaraq saxlanılır. Odur ki İddiaçı Kəlbəcər RPŞ-də xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək işğal olunmuş ərazilərdə daimi (müvəqqəti) qeydiyyatı olmamış və məcburi köçkün vəsiqəsi olmadığı ücün 20% yüksəklik ona şamil edilməmişdir. Kəlbəcər rayonu 25 noyabır 2020-ci il tarixdə işğaldan azad oluduğu gündən etibarən xidməti zərurətlə əlaqədar olaraq Kəlbəcər RPŞ-nin əməkdaşları daimi olaraq Kəlbəcər rayonuna əmrlə ezam olunduqları üçün Azərbaycan Respublikasının Nazirlər kabinetin 137 nömrəli qərarına əsasən İddiaçı 2022-ci ilin iyul ayında DİN-nin xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 1-ci bəndinə əsasən DİO-dan öz arzusu ilə xidmətdən xaric olanadək 20% yüksəklik ona şamil olunmuşdur. Odur ki, İddiaçı pensiya təminatı təyin olunan zaman 20% yüksəklik onun pensiya təminatına nəzərə alınmaqla hesablanmışdır.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə- Plan İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-27/2-4835/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı pensiya təyin edilməsi ilə bağlı tərtib edilmiş “Məlumat Vərəqəsi”ndə yüksəkliyə görə ödənilən 20 faiz əlavə qeyd edilmişdir. Filialdan aldığımız şifahi məlumata əsasən İddiaçı sonuncu xidmət yeri olan Kəlbəcər RPŞ-nin növbətçi hissəsi polis nəfərisürücü vəzifəsinə uyğun olaraq pensiya təminatı hazırda: vəzifə maaşı - 341,0 manat, rütbə maaşı - 115,0 manat, fasiləsiz xidmət illərinə görə 25 faiz əlavə 114,0 manat, məharət dərəcəsinə görə 25 faiz əlavə - 85,25 manat, yüksəkliyə görə 20 faiz əlavə - 131,05 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64,0 manat olmaqla, 918,50 manat aylıq pul təminatından (01.01 2022-ci il tarixindən sonra əmək pensiyası təyin olunmuş əmək pensiyaçılarına vəzifə maaşının 20 faizi məbləğində əlavə maddi yardım və 01.01,2023-cü il tarixindən tətbiq edilmiş əmək pensiyasının sosial hissəsinin 14.7 faizi artım nəzərə alınmaqla) 611,04 manat təşkil edir.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə- Plan İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-27/2-878/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137 nömrəli Qərarının 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1 (yəni 10%), 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2 (yəni 20%), 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 (yəni 30%) məbləğində müəyyən edilmişdir. Həmin qərarın 1 nömrəli əlavəsinin “Qeyd” hissəsində əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında çalışan məcburi köçkünlərin əmək haqlarına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) minimum miqdarı həmin müəssisələrin və təşkilatların yerləşdiyi ərazilərdən asılı olmayaraq saxlanılması təsbit olunmuş və 23 aprel 2021-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə sözügedən “Qeyd” hissəsi ləğv edilmişdir. İddiaçı məcburi köçkün olmadığı baxımından, ona Kəlbəcər RPŞ-də xidmət etdiyi xx.xx.2014-xx.xx.2020-ci il tarixlərində yüksəklik pulu ödənilməmişdir. II. Məhkəmədə icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Kəlbəcər rayonunda yüksəklikdə 2014-cü ildən 2022-ci ilə qədər xidmət etdiyi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, o, 2014-cü ildən 2022-ci ilə qədər Kəlbəcər rayon Polis şöbəsində növbətçi hissənin polis serjantı kimi işləmişdir. xx.xx.2022-ci il tarixdən öz xahişi ilə DİO-dan təqaüdə çıxmışdır. Hal-hazırda təqaüd alır. Lakin yüksəklikdə xidmət aparması barədə qeydiyyat aparılmamışdır.

11. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hazırkı cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilməsi və xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixinədək Kəlbəcər RPŞ-nin polis nəfəri kimi 20% yüksəklik pulunun ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barəsində qərar qəbul edilməsini xahiş etmiş xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

12. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2014cü il tarixdən xx.xx.2020-ci il tarixinədək Kəlbəcər RPŞ-nin polis nəfəri kimi aldığı əmək haqqına 1,2 məbləğində artım əmsalının tətbiq edilməklə yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

21. İddiaçı və cavabdehin vəkil olan nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir.

23. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdur.

24. Cavabdehin vəkil olan nümayəndəsi Nümayəndə şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Cavabdeh Baş Kadrlar İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-21/2-B-45400/33/23 nömrəli məktubu; - İddiaçıya məxsus ******* nömrəli əmək kitabçası; - Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqi; - 19 nömrəli pul attestatı; - Məhkəmənin sorğusuna Kəlbəcər rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli 3- 13-85/2-11170/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə- Plan İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-27/2-4835/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə- Plan İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-27/2-878/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş iddiaçının pensiya işi üzrə icraat materialları. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

27. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək Kəlbəcər rayon Polis şöbəsində polis nəfəri vəzifəsində işləmiş, xx.xx.2022-ci il tarixli Ə57s/h-170-22 nömrəli əmrlə “Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında Xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndinə əsasən (öz ərizəsi ilə) DİO-dan xaric edilmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

28. Hazırki tələbində iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixinədək Kəlbəcər RPŞ-nin polis nəfəri işlədiyi dövr üçün aldığı əmək haqqına 1,2 məbləğində artım əmsalının tətbiq edilməklə yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

29. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanunsuz və əsassız hesab edir.

30. Belə ki, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137 nömrəli Qərarının 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1 (yəni 10%), 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2 (yəni 20%), 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 (yəni 30%) məbləğində müəyyən edilmişdir.

31. Həmin qərarın 1 nömrəli əlavəsinin “Qeyd” hissəsində əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında çalışan məcburi köçkünlərin əmək haqlarına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) minimum miqdarı həmin müəssisələrin və təşkilatların yerləşdiyi ərazilərdən asılı olmayaraq saxlanılması təsbit olunmuş və 23 aprel 2021-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə sözügedən “Qeyd” hissəsi ləğv edilmişdir.

32. Hazırki işdə isə İddiaçı Kəlbəcər rayon Polis şöbəsində xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək xidmət etdiyi dövrdə işğal olunmuş ərazilərdə daimi (müvəqqəti) qeydiyyatı olmamış və məcburi köçkün vəsiqəsi olmadığı ücün 20% yüksəklik pulu ona şamil edilməmişdir. Həmçinin, İddiaçı xx.xx.2014-xx.xx.2020-ci il tarixlərində Kəlbəcər rayon Polis şöbəsində polis serjantı vəzifəsində işləsə də, həmin dövrdə Kəlbəcər rayonu işğal altında olduğundan, o faktiki olaraq olaraq Gəncə şəhərində xidmət etmişdir.

33. Kəlbəcər rayonu 25 noyabr 2020-ci il tarixdə işğaldan azad olunduğu gündən etibarən xidməti zərurətlə əlaqədar olaraq Kəlbəcər RPŞ-nin əməkdaşı kimi daimi olaraq Kəlbəcər rayonuna əmrlə ezam olunduğu üçün Azərbaycan Respublikasının Nazirlər kabinetin 137 nömrəli qərarına əsasən İddiaçı 2022-ci ilin iyul ayında DİN-nin xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 1-ci bəndinə əsasən DİO-dan öz arzusu ilə xidmətdən xaric olanadək 20% yüksəklik ona şamil olunmuşdur. Odur ki, İddiaçı pensiya təminatı təyin olunan zaman 20% yüksəklik onun pensiya təminatına nəzərə alınmaqla hesablanmışdır.

34. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.

35. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

36. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar