Məhkəmə qərarları › İş №2-1(114)-368/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-368/2025

06.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-368/2025 06.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Göygöl rayonu Göygöl bələdiyyəsi və X7) qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. Xanlar Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 41 saylı sərəncamına əsasən vətəndaş X5 İcra hakimiyyəti Başçısının 25 fevral 1992-cı ıl tarixli 110 saylı sərəncamı ilə Aqrar Sənaye kombinatının ərazisindən fərdi yaşayış evi tikintisi üçün verilmiş 3-cü küçə 36 № li 0.06 ha torpaq sahəsi geri götürülsün və həmin torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün Xanlar şəhər sakini İddiaçı verilməsi qərara alınmışdır.

2. 10/135 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən Xanlar şəhər 3-cü küçəsində yerləşən 36 nömrəli yaşayış evi Xanlar rayon İHB-nin 41 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamı əsasında İddiaçı adına qeydə alınmışdır.

3. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə ərizə ilə müraciətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 11199/2023 nömrəli imtina məktubundan görünür ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, Xanlar Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 41 saylı sərəncamı torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üçün əsas olmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsinin Elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Həmçinin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli (mühafizə zolağı 10 metr olan) elektrik xəttinin keçdiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır.

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl şəhəri, 3-cü küçə, ev 36 (hazırki adı ilə Göygöl şəhəri, Ə.Əliyev küçəsi, ev 36) yerləşən ona məxsus olan torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq çıxarış və torpaq sahəsinin plan və ölçüsü ilə təmin etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Ermənistan Respublikasından qaçqın düşmüşdür. Yaşayış şəraitini yaxşılaşdırmaq üçün 1990-cı illərin sonu 2000-ci illərin əvvəllərində Göygöl rayonu, 3-cü küçə 36 nömrəli torpaq sahəsini (hazırkı ünvanı Göygöl şəhəri, Ə.Əliyev ev 36) X1 almışdır. Həmin torpaq sahəsi vətəndaş X9 rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 110 saylı sərəncamı ilə verilmişdir. Torpaq sahəsinə o vaxt mülkiyyət hüququ əldə edilmədiyi üçün alqı-satqı notarial qaydada deyil Xanlar rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 41 saylı sərəncamı ilə rəsmiləşdirilmişdir. Bundan sonra o, həmin torpaq sahəsində ev də tikmiş və evin mülkiyyət hüququna dair xx.xx.2001-ci il tarixli 10/135 nömrəli qeydiyyat vəsiqəsi də dövlət tərəfindən tanınmışdır. Hətta onun ailə üzvləri və özü də həmin evdə qeydiyyatdadırlar və ordad da hazırda yaşamaqdadırlar. Onun mülkiyyət hüquqlarını sübut edən təstiqedici sənədlər olmasına baxmayaraq cavabdeh tərəfindən mülkiyyət hüquqlarının qeydiyyata alınmaması onun konustitusion hüquqlarının ciddi şəkildə pozulmasıdır.

6. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. xx.xx.2024-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır.

1. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 750.0 kv.m torpaq sahəsinin 600.0 kv.m hissəsi, Xanlar rayonu aqrar sənaye kombinatının ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə, Göygöl rayonu Göygöl bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2009-cu il tarixli yerquruluşu sxeminə (kod-********) əsasən xüsusi mülkiyyətə, 150.0 kv.m hissəsi isə bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən olundu. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə TEKUİS və AzCAD məlumatlarına əsasən isə həmin 750.0 kv.m torpaq sahəsi xüsusi mülkiyyətə aid olduğu müəyyən olundu. Həmin 750.0 kv.m torpaq sahəsinin kateqoriyası - yaşayış məntəqələrinin torpaqları, təyinatı - həyətyanı torpaq sahəsinə aiddir. Həmin 750.0 kv.m torpaq sahəsi üzərində inşa edilmiş tikililər müşahidə olunmuşdur. 2.İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 750.0 kv.m torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemi AzCAD bazasında sənəd nömrəsi - 2162A, sənəd növü - Şəhadətnamə olaraq göstərilmişdir. Həmin 750.0 kv.m torpaq sahəsi üzərində, hər-hası subyektin mülkiyyət, istifadə və icarə hüquqlarının dövlət reyestrində təsdiq edən Çıxarış sənədi qeydə alınmadığı aşkarlanmamışdır. 3.Həmin 750.0 kv.m torpaq sahəsinin 2 (iki) metr şimal tərəfindən hava elektrik xəttinin keçdiyi müşahidə olundu. Qeyd edək ki, elektron kadastr bazasında qaz, su, göl, nəqliyyat, rabitə, sənaye və digər təyinatlı obyektlərin mühafizə və qorunma zonalarına düşmə halı aşkarlanmamışdır. 4.İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 750.0 kv.m torpaq sahəsinin 600.0 kv.m hissəsi, ərazinin kompleks yerquruluşu layihəsinə və torpaqların elektron kadastr uçotu informasiya sistemi AzCAD bazasında sənəd nömrəsi - 2162A, sənəd növü - Şəhadətnamə olaraq göstərilmişdir. 5.İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 750.0 kv.m torpaq sahəsi, yerində (naturada) ölçülərək döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. 6.İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 750.0 kv.m torpaq sahəsinin 2 (iki) metr şimal tərəfindən hava elektrik xəttinin keçdiyi müşahidə olunmuşdur. 7.Rəy hazırlanarkən, elektron kadastr bazasına, Xanlar rayonu aqrar sənaye kombinatının ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə, Göygöl rayonu Göygöl bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2009-cu il tarixli yerquruluşu sxeminə (kod-********) və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə TEKUİS və AzCAD məlumatlarına əsaslanılmışdır. İddiaçı nümayəndəsi və vəkili X8 və cavabdehin nümayəndəsi X3 məhkəmə iclasına gəlmiş, üçüncü şəxslər nümayəndəsinin iştirakını təmin etməmiş,səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus olan 600,0 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və torpaq sahəsinin plan və ölçüsü ilə təmin etmək öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

Əsaslandırıcı hissə:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İş materialları ilə müəyyən olunur ki, “İcra hakimiyyəti Başçısının 25 fevral 1992-cı ıl tarixli 110 saylı sərəncamı ilə Aqrar Sənaye kombinatının ərazisindən fərdi yaşayış evi tikintisi üçün verilmiş 3-cü küçə 36 № li 0.06 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün Xanlar şəhər sakini İddiaçı verilməsi qərara alınmışdır. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi Xanlar Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 41 saylı sərəncamı torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üçün əsas olmaması, fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsinin Elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsinə və həmçinin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli (mühafizə zolağı 10 metr olan) elektrik xəttinin keçməsinə istinad etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … 8.0.5. 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; … 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş: "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Hazırkı mübahisə üzrə cavabdeh orqan bildirmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, Xanlar Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 41 saylı sərəncamı torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üçün əsas olmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsinin Elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Həmçinin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli (mühafizə zolağı 10 metr olan) elektrik xəttinin keçdiyi müəyyən edilməsinə istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, iddiaçının hazırda mülkiyyət hüququnun qeydə alınmasını iddia etdiyi torpaq sahəsində yerləşən yaşayış evinə dair texniki pasport tərtib olunmuşdur. Göygöl Rayon İcra Hakiiyyətinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu ilə Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli,41 saylı sərəncamının surəti məhkəmə təqdim olunmuşdur. Məhkəmə qeyd edir ki, məhkəmənin sorğusu əsasında torpaq sahəsində yerləşən tikilinin qeydə alınmasına əsas olan sənədlər tələb olunmuş və sorğuya cavab olaraq sənədlər məhkəməyə təqdim olunmuşdur. Belə ki, xx.xx.2001-ci il tarixli tikintisi başa çatdırılmış fərdi yaşayış evi və təsərrüfat tikintilərinin istismara verilməsinin qəbul aktında qeyd edilmişdir ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 41 saylı qərarına uyğun olaraq ayrılmış torpaq sahəsində tikinti aparılması üçün verilmiş tikinti pasportu əsas sənəd kimi qəbul olunur. xx.xx.2001-ci il tarixli müqavilənamədə də əsas kimi Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 41 saylı qərarı əsas kimi qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh orqan torpaq sahəsində yerləşən fərdi yaşayış evini Xanlar (inidki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli,41 saylı sərəncamı əsasında qeyd alınaraq texniki pasport tərtib edilsə də, iddiaçı tərərfindən torpaq sahəsinin mülkiyyət hüququnun qeydə alınması zamanı Xanlar (inidki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli,41 saylı sərəncamın əsas olmadığı bildirilmişdir. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi etirazda iddiaçının iddia etdiyi torpaq sahəsinin Abbasov Abbasın mülkiyyətində olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə üst-üstə düşməsinə istinad etsə də, məhkəmə bununla bağlı qeyd edir ki, qeyd edilən torpaq sahəsində yerləşən yaşayış evinə dair Xanlar (inidki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli,41 saylı sərəncamı əsasında iddiaçının mülkiyyət hüququnu qeydə alaraq qeydiyyat vəsiqəsi tərtib etmişdir və qeyd edilən torpaq sahəsində yerləşən yaşayış evinə qeydiyyat vəsiqəsi tərtib edərkən torpaq sahəsinin başqa şəxsə məxsus olan şəhadətnamə ilə üst-üstə düşmə halını nəzərə almadığı təqdirdə hal-hazırda həmin yaşayış evi də qeyd edilən torpaq sahəsində yerləşdiyindən cavabdeh orqan tərəfindən topaq sahəsində yerləşən tikiliyə də mülkiyyət hüququ qeydə alınmazdı. Məhkəmə qeyd edir ki, eyni sərəncam əsasında torpaq sahəsində yerləşən yaşayış evinə mülkiyyət hüququ qeydə alındığı zaman Abbasov Abbasın mülkiyyətində olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə nəzərə alınmadığından, yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması zamanı Abbasov Abbasın mülkiyyətində olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə və Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 41 saylı sərəncama istinad edərək torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından imtina olunması iddiaçının hüququnun pozulmasına səbəb olar. Xüsusilə qeyd edilir ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 41 saylı sərəncamı əsasında qeyd edilən torpaq sahəsində yerləşən yaşayış evinə iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır və bu zaman cavabdeh orqan tərəfindən Abbasov Abbasın adına mövcud olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə nəzərə alınmamışdır. Belə olan halda iddiaçı cavabdeh orqan tərəfindən iddiaçının hüquqları pozulmuşdur və iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus olan 600,0 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və torpaq sahəsinin plan və ölçüsü ilə təmin etmək öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar