Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3680/2024 20.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil- İstismar hissəsinə qarşı “kirayə müqaviləsinin bağlanması və şəxsi hesab vərəqəsinin açılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil- İstismar hissəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması və şəxsi hesab vərəqəsinin açılması ilə əlaqədar inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin balansındadır. Mənzil 3 (üç) otaqlı olmaqla 43,62 kv.m yaşayış sahəsindən ibarətdir. İddiaçı ailə üzvləri ilə birlikdə uzun müddətdir bu mənzildə sənədsiz, qeydiyyatsız yaşayır və xx.xx.1997-ci il tarixdən (27 il fasiləsiz) Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsində müxtəlif vəzifələrdə, hal-hazırda isə adıçəkilən idarənin tabeliyində olan 2 nömrəli Mənzil-İstismar sahəsində xadimə işləyir. İddiaçının mərhum əri X1 da 10 ildən çox Mənzil-İstismar hissəsində gözətçi vəzifəsində işləmiş, xx.xx.2024-cü il tarixdə uzun sürən xəstəlikdən vəfat etmişdir. İddiaçı onun ağır ailə vəziyyəti və 27 il iş stajının nəzərə alınması məqsədi ilə sözügedən mənzilə dair onun adına kirayə müqaviləsinin bağlanması və mənzilə şəxsi hesab vərəqəsinin açılması üçün aidiyyətı üzrə hal-hazırda işlədiyi Gəncə rayon Mənzil-İstismar hissəsinin rəhbərliyinə yazılı müraciət etmiş, lakin Gəncə rayon MİH tərəfindən imtina edilərək ona bildirilmişdir ki, mövcud qanunvericiliyə görə hərbi qulluqçular üçün nəzərdə tutulmuş evlərlə ilk növbədə növbəlilik qrafiki nəzərə alınmaqla zabit və gizir heyəti təmin olunurlar, lakin iddiaçı mülki şəxs olduğuma görə ona kömək etmək onların səlahiyyətləri xaricindədir. Bu barədə Gəncə rayon MİH-nin rəsmi məktubu da vardır. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları ИТ-İ ******* №-li, xx.xx.1981-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı Müzəffəq qızı hazırda Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinin 2 nörməli Mənzil-İstismar sahəsində xadimə vəzifəsində işləyir. Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsi 2 №-li Mənzil-İstismar sahəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən, vətəndaş İddiaçı Müzəffəq qızı həqiqətən ünvan 2-də qeydiyyatsız və sənədsiz ailəsi ilə birlikdə uzun müddət yaşayır. Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən, İddiaçı həqiqətən Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinin 2 nörməli Mənzil-İstismar sahəsində xadimə vəzifəsində işləyir. Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən yaşayış sahəsi ilə ilk növbədə zabit, gizir heyəti təmin edilirlər. İddiaçı mülki şəxs olduğuna görə yaşadığı mənzilin onun adına sənədləşdirilməsi Gəncə rayon Mənzil-İstismar hissəsinin səlahiyyəti xaricindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ
1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Maddə 21. Hərbi qulluqçu ailələrinin sosial müdafiə hüququ
5. Hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 62. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin forması 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 20. İnzibati orqana müraciət etmək hüququ 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; Maddə 57. İnzibati aktın forması 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, cavabdehin imtinasının olması, həmçinin iddiaçının iddia müddətinə riayət etməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı hal-hazırda Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinin 2 №-li Mənzil-İstismar sahəsində xadimə vəzifəsində işləyir. Həmçinin iddiaçı hazırda və uzun müddətdir ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Mənzil qanunvericiliyinin tələblərinə əsasən, dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müddəlarına görə, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsaslardan biridir. Şifahi və ya digər anlaşılan formada qəbul edilmiş inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda) elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır. Göründüyü kimi inzibati orqan yaşayış sahəsinə ehtiyacı olan şəxsin müraciətinə əsasən inzibati icraat başlamalı, müraciəti ətraflı araşdırmalı və müvafiq qərar qəbul etməlidir. Lakin hazırkı iş üzrə cavabdeh qeyd edilən tələblərə zidd olaraq heç bir araşdırma aparmadan iddiaçıya qısa məzmunlu məktubla cavab vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması və şəxsi hesab vərəqəsinin açılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 33.1, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması və şəxsi hesab vərəqəsinin açılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil- İstismar hissəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva