Məhkəmə qərarları › İş №2-1(114)-3684/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3684/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3684/2024 31.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Tərtər rayon Köçərli Bələdiyyəsi) torpaq sahəsinin mərhum ərinə məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tərtər rayonu Köçərli Bələdiyyəsinin 26 dekabr 2006-cı il tarixli, 23 nömrəli qərarı ilə mərhum əri X1 məqsədi ilə ayrılmış 0.04 ha torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun mərhum əri X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3684/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Tərtər rayonu Köçərli Bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, sahibkarlıq məqsədi ilə mərhum əri X6 Tərtər rayonu Köçərli Bələdiyyəsinin 26 dekabr 2006-cı il tarixli, 23 nömrəli qərarı ilə ayrılmış 0.04 ha torpaq sahəsinin ərinə məxsus olmasına dair arayışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 3684/2024 nömrəli qərardadı ilə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək, mərhum ərinə Tərtər rayonu Köçərli Bələdiyyəsinin 26 dekabr 2006-cı il tarixli, 23 nömrəli qərarı ilə ayrılmış 0.04 ha torpaq sahəsinə və üzərində olan tikiliyə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınmasını xahiş etsədə, təqdim edilmiş sənədlərin torpaq sahəsinin özəlləşdirilməsi üçün əsas olmaması səbəbi ilə onun müraciətinə cavabdeh orqan tərəfindən müsbət cavab verilməmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 31 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etmiş, iddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının 62.3-cü maddəsinə əsasən, məhkəmə iclasının iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-5368/2024 nömrəli etirazında qeyd edilmişdir ki, vətəndaş İddiaçı Tərtər rayonu İlxıçılar kəndində yerləşən mərhum X6 məxsus olmuş qeyri yaşayış binasına (mağaza) 0.04 ha torpaq sahəsi ilə birlikdə dövlət reyestrindən vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Vətəndaşın müraciətinə baxılmış və aşağıdakı kimi xx.xx.2023-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunması barədə məktub göndərilmişdir. Tərtər rayonu İlxıçılar kəndində yerləşən mərhum X6 məxsus olmuş qeyri yaşayış binasına (mağaza) 0.04 ha torpaq sahəsi ilə birlikdə dövlət reyestrindən vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli ərizənizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, qeyri yaşayış binası və torpaq sahəsi ilə bağlı təqdim etdiyiniz sənədlərdə bir sıra çatışmazlıqlar vardır. Belə ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, 0.04 ha sahibkarlıq torpaq sahəsinin ayrılması barədə Tərtər rayonu Köçərli Bələdiyyəsinin 26 dekabr 2006-ci il tarixli 23 nömrəli qərarı, torpaq sahəsinin təsdiq olunmuş yerquruluşu planı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinin müvafiq rəyi təqdim olunsa da, lakin torpaq sahəsinin sahəseçmə aktı, torpaq sahəsinin yerləşmə yerinin koordinatlarını müəyyən edən plan və ölçü sənədi təqdim olunmamış və torpaq sahəsi ilə bağlı təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən imza və möhürlə təsdiq edilməmiş, qeydiyyata alınmamışdır. Eyni zamanda bildiririk ki, qeyri yaşayış binası ilə bağlı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, istismara qəbul aktı, Rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin rəyi, sahəseçmə aktı təqdim edilməmişdir. Müəyyən olunmuşdur ki, mərhum X5 vərəsəsi olması barədə vərəsəlik məktubu da ərizəyə əlavə olunmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim edilməlidir. Qeyri yaşayış binası üzərində torpaq sahəsi ilə birlikdə hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək inşa edilmiş tikililərə dair.): "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci madəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən sonra inşa edilən tikililərə dair) tələb olunur. Nəzərinizə çatdırırıq ki, hüquqların dövlət qeydiyyatı üçün qeyd olunan çatışmayan sənədlər xx.xx.2007-ci il tarixinədək qanunvericiliklə tələb olunan sənədlər toplusuna aiddir. Həmin sənədlər xx.xx.2007-ci il tarixinədək tərtib edilməyibsə, sözügedən torpaq sahəsi müvafiq bələdiyyə orqanına müraciət olunmaqla mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşdirilə bilər. Yuxarıda qeyd olunan səbəblərə görə sözügedən torpaq sahəsi və üzrərində yerləşən qeyri yaşayış binasına mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydyyata alınması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.3.-cü maddəsinə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilməlidir. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İmtina məktubundan da göründüyü kimi Ərazi İdarəsi tərəfindən hər hansı bir qanunsuz hərəkət və ya hərəkətsizlik ediləməmiş, mövcud qanunvericiliyin tələbləri izah olunmaqla ərizənin icrasından imtina olunmuşdur. Bu səbəbdən də hesab edirik ki, Ərazi İdarəsinə qarşı qaldırılmış iddia əsassızdır. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddiası əsassız olduğundan rədd edilməsi xahiş edilmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş № **********2000170 nömrəli Torpaq sahəsinin Kadastr planından görünür ki, Tərtər rayonu Köçərli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 23 nömrəli qərarı ilə Tərtər rayonu, Köçərli kəndində yerləşən ümumi sahəsi 400 kv.m sahibkarlıq məqsədi ilə torpaq sahəsi X5 adına ayrılmışdır. -iş materiallarına əlavə edilmiş Tərtər rayonu Köçərli Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 08 nömrəli arayışından görünür ki, xx.xx.2006-cı il tarixli, 23 nömrəli qərarı ilə 0,04 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə X2. -iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, AZ - İ 744725 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə ölmüşdür. -iş materiallarına əlavə edilmiş xx.xx.1984-cu il tarixli, 378564 nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X8 və İddiaçı xx.xx.1984-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. -iş materiallarına əlavə edilmiş cavaabdeh orqan tərəfindən iddiaçıya təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-Ə-01xx-xx/2024 nömrəli məktubdan görünür ki, iddiaçı tərəfindən təqdim olunan sənədlərdə çatışmazlıqlar olduğu üçün qeyri-yaşayış binası və torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi mümkün hesab edilməmişdir. -iş materiallarına əlavə edilmiş Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən cavabdeh orqana təqdim edilmiş xx.xx.2019-cu il tarixli 804/2019 nömrəli məktubdan görünür ki, İddiaçı miras qoyan X5 qanun üzrə vərəsəsidir. -iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-4587/24 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı naturada göstərdiyi və faktiki istifadəsində olan 0.0317 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir, qeyd olunan torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri, təyinatı və hüquqi rejmi isə tikinti altında olan torpaqlardır, X6 xx.xx.2006-cı il tarixli, 23 nömrəli qərarı ilə satılmış 0.04 ha torpaq sahəsi Tərtər rayonu Bərdə Ağdam şose yolunun sol kənar istiqamətində Tərtər rayonu Köçərli bələdiyyəsinin hüdudları daxilində yerləşir, X6 xx.xx.2006-cı il tarixli, 23 nömrəli qərarı ilə satılmış 0.04 ha torpaq sahəsinin koordinatları faktiki naturada göstərilən torpaq sahəsinin koordinatları ilə qismən üst-üstə düşür. Rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır və Tərtər rayonu Köçərli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 23 nömrəli qərarı ilə İddiaçı mərhum əri X3 və hazırda iddiaçının faktiki istifadəsində olan 0.04 ha torpaq sahəsinin koordinatları digər hər hansı üçüncü şəxsə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, № **********2000170 nömrəli Torpaq sahəsinin Kadastr planından görünür ki, Tərtər rayonu Köçərli Bələdiyyəsinin xx.xx.2006cı il tarixli, 23 nömrəli qərarı ilə Tərtər rayonu, Köçərli kəndində yerləşən ümumi sahəsi 400 kv.m torpaq sahəsi iddiaçının mərhum əri X5 adına ayrılmışdır. Hazırda iddiaçının əri X8 ölmüşdür, hazırda iddiaçı ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır və həmin torpaq sahəsinin ərinin adına özəlləşdirilməsi üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan təqdim edilən sənədlərdə çatışmazlıqlar olduğunu bildirərək, ərizənin icrasından imtina etmişdir. İşin faktiki hallarına və aşağıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən vətəndaşın mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər, bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tiklilər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri, dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlaklar ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət huququ, istifadə hüququ ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi mövcud qanunvericilik hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarını konkret olaraq sadalamış və dairəsini müəyyənləşdirmişdir. Həmin halların genişləndirici təfsir ilə dairəsinin artırılması hüququn müəyyənlik prinsipi ilə ziddiyyət təşkil edəcəkdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırkı hüquqi marağı mülkiyyət hüququnun əldə edilməsi deyil, Tərtər rayonu, Köçərli kəndində yerləşən ümumi sahəsi 400 kv.m olan torpaq sahəsinin onun mərhum əri X6 məxsus olması barədə arayışın əldə edilməsinə nail olmaqdır. Cavabdeh orqan isə işin faktiki hallarına uyğun olmayan səbəblərdən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Göründüyü kimi, iddiaçının mərhum ərinə məxsus olmasına dair arayış almaq istədiyi yaşayış sahəsi səlahiyyətli orqanın — Tərtər rayonu Köçərli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 23 nömrəli qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. Beləliklə, yuxarıda qeyd olunanlardan o nəticəyə gəlinir ki, cavabdeh orqanın imtinasını əsaslandırdığı arqumentlər əsassızdır. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun:- -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Bundan əlavə, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsi qaydalarını pozmaqla) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur və məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Tərtər rayonu, Köçərli kəndində yerləşən Tərtər rayonu Köçərli Bələdiyyəsinin 26 dekabr 2006-cı il tarixli, 23 nömrəli qərarı ilə ayrılmış ümumi sahəsi 0.04 ha olan torpaq sahəsinin İddiaçı mərhum əri X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar