Məhkəmə qərarları › İş №2-1(114)-3685/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3685/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3685/2023 17.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ödənilməmiş əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyə görə aldığı əmək pensiyası ödənişinin dayandığı xx.xx.2021-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2010-cu il tarixdən əlilliyə görə əmək pensiyası alır. xx.xx.2015-ci il tarixdən əlilliyimin müddəti 5 il, yəni xx.xx.2020-ci il tarixədək uzadılmış, pensiyası xx.xx.2020-ci il tarixədək ödənilmişdir. İddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdən bərpa olunmuş, pensiyanın ödənişi də əlilliyinin bərpa olunduğu həmin (xx.xx.2021-ci il tarixdən) vaxtdan davam etdirilmişdir. Bununla bağlı cavabdehə müraciət ünvanlamış, müraciətində pensiyanın ödənişinin xx.xx.2021-ci il tarixindən bərpa olunmasını xahiş etmiş, lakin cavabdeh ona müsbət cavab verməmiş, pensiyanın ödənişi əlliliyin bərpa olunduğu xx.xx.2021-ci il tarixdən ödənilmişdir. İddiaçı qeyd edir ki, onun pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan müddət 5 ay 25 gün təşkil edir (6 ayı keçməyib), ikincisi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan digər bir "qurum" (TSERA) əlilliyin müəyyən olunmasında bilərəkdən süni maneələr yaratmaqla vaxtı uzatmışdır. Əlilliyin müəyyən olunması ilə bağlı səhiyyə müəssisəsinin sistemə işlədiyi məlumatları TSERA qanunu pozmaqla vaxtında icra etməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanuna dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur. Həmin maddəyə müvafiq olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçı əlilliyinin müddəti xx.xx.2020-ci il tarixdə bitmiş, xx.xx.2021-ci il tarixdə bərpa edilmişdir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.3-1-ci maddəsinin xx.xx.2021-ci il tarixdə qüvvəyə minməsini nəzərə alaraq iddiaçının əlilliyini bərpa etdiyi tarixdə (xx.xx.2021) sözügedən norma qüvvədə olmamışdır. Bu səbəbdən də, iddiaçının sözügedən normaya əsasən ötürülmüş dövrü tələb etmək hüququ yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş sosial arayışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 2-ci dərəcəli əlillik, xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-V-111182/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üzrə İddiaçı pensiya ödənilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmiş, xx.xx.2020-ci il tarixədək ona həmin əsasla əmək pensiyası ödənilmiş və xx.xx.2020-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənişi dayandırılmışdır. X1 Sisteminin Əlillik altsistemində iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdən bərpa olunduğu üçün pensiya ödənişi həmin tarixdən bərpa edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üzrə ona ödənilməmiş pensiyanın ödənilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -1.0.2-ci maddəsinə əsasən müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs hesab edilir. -3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. -3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2 iyul 2021-ci il tarixli, 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur. -3.3-1-ci maddəyə müvafiq olaraq, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1. maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Cavabdehin imtinasının əsasını "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.3-1-ci maddəsinin xx.xx.2021-ci il tarixdə qüvvəyə minməsi və iddiaçının əlilliyini bərpa etdiyi tarixdə (xx.xx.2021) sözügedən normanın qüvvədə olmaması təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının əlillik dərəcəsinin müddəti bitsə də növbəti təyinat zamanı onun yenidən əlil kimi qiymətləndirilməsi onu deməyə əsas verir ki, növbəti əlillik dərəcəsinin verilmə anınadək iddiaçı əvvəkli fizioloji durumda (əlil) olmuş, yalnız bu durumun formal olaraq dəyərləndirilməsi zərurəti yaranmış, dəyərləndirmənin gecikməsi isə iddiaçının səhlənkarlığı ucbatından deyil, başqa faktorlardan asılı olmuşdur. Həmçinin, cavabdehin imtinasına nəzərən məhkəmə qeyd edir ki, sözügedən Qanuna əlavə olunmuş 3.3-1-ci maddə iddiaçıya münasibətdə vəziyyətini yaxşılaşdıran normadır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi, mövcud qanunvericiliyin tələblərinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edildiyindən və iddiaçının əlillik müddətinin bitməsi ilə əlilliyinin yenidən müəyyən edilməsi arasındakı müddət 6 aydan az (5 ay 25 gün) olduğundan eyni zamanda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanuna əlavə edilmiş 3.3-1-ci maddə iddiaçının vəziyyətini yaxşılaşdıran normadır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Bu səbəbdən də, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanuna əlavə edilmiş 3.3-1-ci maddəsi iddiaçıya münasibətdə də tətbiq edilməli və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçıya ödənilməmiş əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı ödənilməmiş əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar