Məhkəmə qərarları › İş №2-1(114)-3687/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3687/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3687/2023 06.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Ağdərə Kommunal Müəssisələri Kombinatında işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1960-cı ildə Tərtər rayonun Seydimli kəndində anadan olmuş, hazırda Goranboy rayonun Əlirzalı kəndində qeydiyyatda olmaqla yaşayır. İddiaçıya məxsus 283 nömrəli “kolxozçunun əmək kitabçası”nın notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1977, 1978, 1979 və 1980-ci illərdə Mirbəşir rayonun Seydimli kəndində yerləşən N.Nərimanov adına kolxozda işləmişdir. ИT-İ № ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1981-xx.xx.1986-cı illərdə SMU-25 idarəsində mühasib və baş mühasib vəzifəsində, xx.xx.1987-xx.xx.1989-ci illərdə mühasib vəzifəsində, xx.xx.1989xx.xx.1996-cı illərdə Tərtər kəndtikinti birliyində mühasib, fəhlə, mühasib vəzifəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Ağdərə Kommunal Müəssisələr Kombinatında iqtisadçı vəzifəsində işləmişdir. İddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Tərtər rayon Məşğulluq Mərkəzi tərəfindən işsizlik müavinəti ödənilmişdir. Ağdərə Kommunal Müəssələri Kombinatı xx.xx.1992-ci il tarixli qeydiyyat tarixində qeydiyyata alınmış, xx.xx.1996-cı il tarixdə ******* nömrəli şəhadətnamə ilə Statistika Komitəsi tərəfindən Dövlət reyestrinə daxil edilmişdir. Ağdərə Kommunal Müəssələri Kombinatının nizamnaməsi xx.xx.1992-ci il tarixdə tərtib edilmiş, 1992-ci ilin oktyabr ayında qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsinin xx.xx.1995-ci il tarixli, 25 saylı əmrinə müvafiq olaraq xx.xx.1995-ci il tarixdən Tərtər rayon kanalizasiya şəbəkələri Ağdərə kommunal müəssisələri kombinatının tərkibinə verilmişdir. Tərtər rayonu Ağdərə qəsəbə Kommunal Müəssisələr Kombinatının xx.xx.1996-cı il tarixli, 34 nömrəli əmrinə əsasən iddiaçı xx.xx.1996-cı il tarixdən idarə aparatında iqtisadçı vəzifəsinə təyin edilmiş və aylıq əmək haqqı ştat cədvəli üzrə hesablanmışdır. xx.xx.2005-ci il tarixli 09 nömrəli ödəniş tapşırığına əsasən Ağdərə qəsəbə Kommunal Müəssisələr Kombinatı tərəfindən 2005-ci ilin aprel ayı üzrə işçilərin əmək haqqı hesablarından 22 faizlə 1.032.000 manat (532.000 manat düzəliş edilmiş), 3 faizlə 73.000 manat tutulmalar DSMF-ə köçürülməsi məqsədilə 1.108.000 manat Maliyyə İdarəsinin hesabına köçürülmüşdür. Elektron məhkəmə sorğu sistemdəki məlumata əsasən Tərtər rayon Ağdərə qəsəbə kommunal müəssisələri kombinatı ********** nömrəli VÖEN-lə xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. Tərtər rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 40 nömrəli məktubuna əsasən Tərtər rayon Ağdərə qəsəbə kommunal müəssisələri kombinatının əmr kitabları və əmək haqqı sənədləri rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir. İddiaçı yaşa görə pensiya təyini üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən regional ərazi filialına müraciət etmişdir. İddiaçının ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialında (bundan sonra mətndə - cavabdeh) baxılmış və xx.xx.2023-cü il tarixli, 3-17-1/1-İ- 115075/2023 nömrəli Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərar qəbul olunmuşdur. Qərara əsasən imtina əsasları – "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən tələb olunan 25 il sosial sığorta stajı (17 il 7 ay 11 gün sosial sığorta stajı mövcuddur) və ya fərdi hesabın sığorta hissəsində tələb olunan minimum pensiya kapitalı olmadığı üçün əmək pensiyası hüququ yaranmadı. Vətəndaşın fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. xx.xx.2006-cı il tarixindən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığı üçün xx.xx.1996-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövr sosial sığorta stajına daxil edilmədi. Vətəndaş yaşa görə sosial müavinət alır. İcraat zamanı iddiaçının 03 il 02 ay kolxoz dövrü, xx.xx.1981-xx.xx.1986, xx.xx.1987xx.xx.1989, xx.xx.1989-xx.xx.1995, xx.xx.1995-xx.xx.1996-cı illər üzrə xx.xx.1992-ci ilədək 12 il 11 ay 11 gün, xx.xx.2006-cı il tarixədək 04 il 08 ay olmaqla, cəmni 17 il 07 ay 11 gün dövr nəzərə alınmışdır. Qərarın surəti iddiaçıya təqdim edilməsə də, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-İ-131581/2023 nömrəli məktubla bildirilmişdir ki, təqdim edilən əmək kitabçasına əsasən iddiaçının sığorta stajı 17 il 7 ay 11 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əasən xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Ağdərə Kommunal Müəssisələr Kombinatında olan dövrün sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Ağdərə Kommunal Müəssisələri Kombinatında işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məhkəmə aktı çıxarılması”nı xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh təşkilata müraciət edərək 63 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Lakin cavabdeh təşkilat iddiaçıya imtina etmişdi. İmtinanı onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1996-cı ildən xx.xx.2006-cı ilədək Ağdərə Kommunal Müəssisələr Kombinatında olan dövrün sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. İddiaçı cavabdeh təşkilatın imtinasını əsassız hesab edir. Onun 63 yaşı tamam olduğu tarixdən yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2023-ci il tarixli, 3-17-1/2-195153/2023 nömrəli məktubuna əsasən iddiaçı xx.xx.2023-cü il tarixində pensiyaş yaşına çatmışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989cu il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrü, 1977-1980-ci illər üzrə 3 il 2 ay kolxozda işlədiyi dövr olmaqla, sonuncunun ümumi 17 il 07 ay 11 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Tərtər rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 76 nömrəli arayışına əsasən Tərtər rayon Ağdərə qəsəbə kommunal müəssisələri kombinatının əmr kitabları və əmək haqqı sənədləri rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Eyni zamanda, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmadığından xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr iddiaçının sığorta stajına daxil edilməmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-222979/2023 nömrəli etirazını məhkəməyə təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini 283 nömrəli “kolxozçunun əmək kitabçası”nın notariat qaydada təsdiq edilmiş surəti, ИT-İ № ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti, ******* nömrəli şəhadətnamənin surəti, Ağdərə Kommunal Müəssələri Kombinatının nizamnaməsinin birinci səhifəsinin surəti, Tərtər rayonu Ağdərə qəsəbə Kommunal Müəssisələr Kombinatının xx.xx.1996-cı il tarixli, 34 nömrəli əmrinin surəti, xx.xx.2005-ci il tarixli 09 nömrəli ödəniş tapşırığının surəti, Tərtər rayon Dövlət Arxinin xx.xx.2023-cü il tarixli, 40 nömrəli məktubu, cavabdehin xx.xx.2023-cü il tarixli, 3- 17-1/1-İ-115075/2023 nömrəli qərarının təsdiqlənmiş surəti, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-İ-131581/2023 nömrəli imtinası, cavabdehin xx.xx.2023-ci il tarixli, 3-17- 1/2-195153/2023 nömrəli məktubu, xx.xx.2023-cü il tarixli, 3-17-1/2-222979/2023 nömrəli etiraz təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil edir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs: 1) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun; 2) 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır (xx.xx.2023-cü il tarixdə 65 yaşına çatmışdır). İddiaçının sığorta stajı cavabdeh tərəfindən qəbul edilən və iş materiallarında olan sənədlər qeyd edilən dövr ilə birlikdə 25 ildən (26 il 10 ay) çoxdur. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. Məhkəmə araşdırması zamanı görünür ki, iddiaçı 1977-1980-ci illərdə (kolxozda işlədiyi 3 il 02 ay), xx.xx.1981-xx.xx.1986 (05 il 24 gün), xx.xx.1987-xx.xx.1996 (09 il 04 ay 19 gün), xx.xx.1996-xx.xx.2006-cı il (xx.xx.2006-cı il tarixədək 09 il 03 ay) tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh orqan iddiaçının 1977-1980 (03 il 02 ay), xx.xx.1981-xx.xx.1986 (05 il 24 gün), xx.xx.1987-xx.xx.1996-cı (09 il 04 ay) illərdə işlədiyi 17 il 07 ay müddəti qəbul edir. İnzibati orqan iddiaçının 1993-2004-cü illərdə işlədiyi müddətin onun sosial sığorta stajına daxil etməyərək sonuncuya pensiya təyinatından imtina etmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı (1996-2006-cı illər) “Əmək pensiyaları haqqında” qanun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Cavabdehin arqumentini əsassız hesab edən məhkəmə bildirir ki, Ağdərə qəsəbə kommunal müəssisələri kombinatının 1992-ci ildən fəaliyyət göstərməsi, 2005-ci ildə vergi ödəyicisi kimi qeydiyyata alınması öz təsdiqini tapmışdır. İddiaçı isə həmin dövlərdə fəaliyyət göstərən müəssisədə işləməsi ilə bağlı əmək kitabçasını təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinin 1-ci hissəsində qeyd olunur ki, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir Eyni zamanda, məhkəmə hesab edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmişdir. Belə ki, iddiaçının həmin dövrdə işləməməsi, əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi müəyyən edilmişdir. İddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Sadəcə müəssisənin 1996-2006-cı illərə dair arxiv sənədlərinin rayon arxivinə təhvil verilmədiyindən iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair sənədlər aşkar edilməmişdir Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, müəssisənin arxiv sənədlərinin aşkar edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Həmçinin, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin tələbinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin daxil edilməsi nəzərdə tutulsa da, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silindiyindən, həm də formalaşmış vahid məhkəmə təcrübəsinə görə 1 yanvar 2006-cı il tarixədək olan fəaliyyət dövrü məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajından artıq sosial sığorta stajı toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur. Göründüyü kimi, Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir. Odur ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Ağdərə Kommunal Müəssisələri Kombinatında işlədiyi müddət sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Ağdərə Kommunal Müəssisələri Kombinatında işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək ona hüququ yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar