Məhkəmə qərarları › İş №2-1(114)-3687/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3687/2025

24.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3687/2025 24.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya məbləğindən tutulmanın dayandırılması və xx.xx.2023-cü il tarixdən sonra tutulmuş pensiya məbləğinin qaytarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya ödənişində yaranmış artıq ödəmənin (xx.xx.2023-cü ildən qüvvədə olan Qanunun 39.1-ci maddəsinə əsasən) tutulmasının dayandırılması və xx.xx.2023-cü il tarixdən sonrakı dövrdə tutulmuş pensiya məbləğinin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2008-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən İddiaçı həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, əlilliyin müddəti bitdiyi üçün pensiyanın ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır.

2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsin əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qayada yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2024-cü il tarixədək ödənilmişdir.

3. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən təkrar müayinə əsasında xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir.

4. İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti əsasında yaşa görə əmək pensiyası Qanunun 34.1-ci maddəsinə uyğun olaraq həmin tarixdən əlilliyə görə əmək pensiyası növünə dəyişdirilmişdir.

5. İddiaçı xx.xx.2013-cü il tarixinədək əmək fəaliyyəti olduğu halda əmək pensiyası ona tam məbləğdə (BH+SH) ödənilmişdir. Bu səbəbdən xx.xx.2011-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək əmək pensiyasının məbləğində artıqödəmə müəyyən edilmişdir.

6. İddiaçı xx.xx.2014-cü il tarixli ərizə ilə ona artıq ödənilmiş vəsaitin pensiyasından tutulmasına razılıq vermişdir.

7. Sözügedən məbləğ hazırda iddiaçının əmək pensiyasının məbləğindən tutularaq Fondun hesabına bərpa edilir.

8. xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ötən dövr üzrə hesablanmış məbləğ İddiaçı əmək pensiyasının məbləğində müəyyən edilmiş artıqödəmə məbləğinin bir hissəsi ilə əvəzləşdirilmişdir.

9. İddiaçı əlilliyə görə əmək pensiyasının yenidən hesablanması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətə həmin Filialın xx.xx.2025-ci il tarixli 3-17-1/2-M-68255/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-17-1/2-M-160831/2025 nömrəli cavab məktublarında bildirilmişdir ki, xx.xx.2024-cü il tarixli müraciəti əsasında yaşa görə əmək pensiyası Qanunun 34.1-ci maddəsinə uyğun olaraq həmin tarixdən əlilliyə görə əmək pensiyası növünə dəyişdirilmiş, hazırda 552,22 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Qanunun 37.3.2-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş tələblərinə əsasən işləyən əmək pensiyaçılarına əlilliyə görə əmək pensiyası himayədə olanlara görə verilən əlavə nəzərə alınmadan yalnız baza hissəsindən ibarət olmaqla ödənilir. Bildirilir ki, Fondun keçmiş Gəncə şəhəri Nizami rayon şöbəsinin sərəncamına əsasən xx.xx.2013-cü il tarixinədək əmək fəaliyyəti olduğu halda əmək pensiyası ona tam məbləğdə (BH+SH) ödənilmişdir. Nəticədə xx.xx.2011-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək əmək pensiyasının məbləğində artıqödəmə müəyyən edilmişdir. Sözügedən artıqödəmə hazırda aylıq əmək pensiyasının məbləğindən tutularaq Fondun hesabına bərpa edilir (xx.xx.2014cü il tarixli razılıq ərizəsi əsasında). Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bildirilir ki, xx.xx.2011-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək əlilliyə görə əmək pensiyası üzrə müəyyən olunmuş artıqödəmə Qanunun 39.1-ci maddəsinə uyğun olaraq 3 ildən (36 aydan) artıq dövrü əhatə etmədiyi üçün artıqödəmə barədə qəbul edilmiş qərarın ləğv edilməsi və ya dəyişdirilməsi mümkün hesab olunmur. Həmçinin bildirilir ki, xx.xx.2023-cü il tarixli müraciətinə göndərilmiş cavab məktubunda sığorta stajının düzgün müəyyən edilməməsi nəticəsində yaşa görə əmək pensiyanızın məbləğində yaranmış artıqödəmə barədə məlumat qeyd edilmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. II. Məhkəmədə icraat

10. İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, pensiya ödənişində yaranmış artıq ödəmənin (xx.xx.2023cü ildən qüvvədə olan Qanunun 39.1-ci maddəsinə əsasən) tutulmasının dayandırılması və xx.xx.2023-cü il tarixdən sonrakı dövrdə tutulmuş pensiya məbləğinin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.2008-ci il tarixdən əlilliyə görə əmək pensiyası alır. xx.xx.2011-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək əmək fəaliyyəti olmuş, eyni zamanda pensiyası tam məbləğdə ödənilmiş, nəticədə artıqödəmə müəyyən edilmiş, pensiyasından tutulmalar aparılmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklə bağlı (xx.xx.2023-cü il tarixdən qüvvədədir - Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında razılığı olmadıqda məhkəmə qaydasında tutulur.) cavabdehə müraciət etmişdir. Hər dəfə biri birindən fərqli cavablar almışdır. Cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/2-M-6825599/2025 saylı məktubunda qeyd etdikləri düzgün deyil. Hesab edir ki, konstitusional hüquqları bilərəkdən pozulmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia tələbi İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);

15. İPM-ə görə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan iddia ərizəsi iddiaçının yaşayış yeri üzrə (Gəncə şəhəri) verilmişdir və Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış ünvanını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmişdir, hazırkı işə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

21. Tərəflər məhkəmə iclasında iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı pensiya ödənişində yaranmış artıq ödəmənin tutulmasının dayandırılması və xx.xx.2023-cü il tarixindən sonrakı dövrdə tutulmuş pensiya məbləğinin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması məqsədilə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. İddiaçının Mərkəzi Filiala daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq iddiaçıya pensiya ödənişində yaranmış artıq ödəmənin tutulmasının dayandırılması və xx.xx.2023-cü il tarixindən sonrakı dövrdə tutulmuş pensiya məbləğinin ona qaytarılması qanunvericiliyinin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İl ve İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, İİ və İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin mövcud olması mütləqdir: 1) Ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olması; 2) Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin edilməsi üçün bu şərtlərin hər ikisinin mövcudluğu araşdırılmalıdır. Adı çəkilən Qanunun 12.1-ci maddəsində göstərilən "əmək qabiliyyətli yaş dövrü" ifadəsi şəxsin qanunla əmək fəaliyyət qabiliyyətli yaşa çatdıqdan sonrakı dövrü əhatə edir. AR Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında" Əsasnaməsinin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1-ci maddəsinin xx.xx.2008-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən İddiaçı həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, əlilliyin müddəti bitdiyi üçün pensiyanın ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Qanunun 22-1.1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2024-cu il tarixədək ödənilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən təkrar müayinə əsasında xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir. Bildirilir ki, İddiaçı pensiya işi qovluğunda, təqdim etdiyi sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən iddiaçının əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1977-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Cəbrayıl rayonu Şahvəlli kənd orta məktəbində əmək fəaliyyəti dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 32 il 2 ay 25 gün sığorta stajı nəzərə alınmışdır. İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2008-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 543,30 manat (əlilliyə görə əmək pensiyası hüququnun yarandığı 2008-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, Qanunun 37.3.2-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2018-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2008-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək 10622,84 manat (2018-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əlilliyə görə əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2024-cü il tarixindən (əmək pensiyasının növünün dəyişdirilməsilə bağlı müraciət etdiyi tarixdən) 510,84 manat müəyyən edilmişdir. Qanunun 37.3.2-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş tələblərinə əsasən işləyən əmək pensiyaçılarına əlilliyə görə əmək pensiyası himayədə olanlara görə verilən əlavə nəzərə alınmadan yalnız baza hissəsindən ibarət olmaqla ödənilir. Bildirilir ki, İddiaçı xx.xx.2013-cü il tarixinədək əmək fəaliyyəti olduğu halda əmək pensiyası ona tam məbləğdə (BH+SH) ödənilmişdir. Bu səbəbdən xx.xx.2011ci il tarixindən xx.xx.2013-cü il tarixinədək əmək pensiyasının məbləğində artıqödəmə müəyyən edilmişdir. Sözügedən məbləğ hazırda əmək pensiyasının məbləğindən tutularaq Fondun hesabına bərpa edilir. Bildirilir ki, iddiaçı artıqödəmə məbləğinin tutulması ilə bağlı xx.xx.2024-cü ildə razılıq ərizəsi təqdim etmişdir. Artıqödəmə müddəti 36 ayı əhatə etmədiyi üçün Qanunun 39.1-ci maddəsinin tətbiqi qanunamüvafiq hesab edilmir. "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Bildirilir ki, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ötən dövr üzrə hesablanmış məbləğ İddiaçı əmək pensiyasının məbləğində müəyyən edilmiş artıqödəmə məbləğinin bir hissəsi ilə əvəzləşdirilmişdir. Eyni zamanda bildirilir ki, iddiaçının müraciətində qeyd etdiyi 6 manat məbləğində vəsaitin (əlilliyi müəyyən olunmuş şəxslərə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştə görə ödənilən məbləğ) onun pensiyasının üzərinə hesablanması mümkün hesab edilmir. Belə ki, sözügedən məbləğ yalnız əmək pensiyası orta aylıq əməkhaqqı əsasında hesablanan zaman istifadə edilir. Eyni zamanda bildirilir ki, İddiaçı ərizəsində 2005-ci il üzrə illik əməkhaqqı məbləğinin ******* manat olduğunu qeyd etsə də, monitorinq aktına əsasən sözügedən məbləğin ******* manat olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən bildirilir ki, İddiaçı əmək pensiyasının orta aylıq əməkhaqqı əsasında hesablandığı təqdirdə, pensiyasının məbləği azaldığından pensiya məbləğinin orta aylıq əməkhaqqı əsasında hesablanması ona tövsiyə olunmuşdur.

23. Cavabdehin yazılı etiraza əlavəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraza əlavə onunla əsaslandırılmışdır ki, Fondun keçmiş Gəncə şəhəri Nizami rayon şöbəsinin sərəncamına əsasən xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək İddiaçı əmək pensiyası üzrə üzrə 12129,82 manat məbləğində artıqödəmə müəyyən edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bildirilir ki, xx.xx.2011-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək əlilliyə görə əmək pensiyası üzrə müəyyən olunmuş artıqödəmə Qanunun 39.1-ci maddəsinə uyğun olaraq 3 ildən (36 aydan) artıq dövrü əhatə etmədiyi üçün artıqödəmə barədə qəbul edilmiş qərarın ləğv edilməsi və ya dəyişdirilməsi mümkün hesab olunmur. Bu barədə məlumat Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir. Belə ki, İddiaçı (Gəncə-Nizami rayonu, OZTN71H,p/i № 153442) xx.xx.2008-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. xx.xx.2017-ci il tarixədək işləməkdə davam etdiyi halda pensiyanın sığorta hissəsi ödənildiyi üçün Fondun keçmiş Gəncə-Nizami rayon şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 12147.55 manat artıqödəmə müəyyən edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixli ərizəsinə əsasən, pensiyasından hər ay tutulmaların aparılmasına yazılı razılıq vermişdir. Müvafiq ərizəyə uyğun olaraq iddiaçının pensiyasından tutulmalar aparılmaqdadır. Əlavə olaraq bildirilir ki, iddiaçının pensiyasından 12147.55 manat artıqödəmə məbləğindən 8717.02 manat tutulmuş, xx.xx.2025-ci il tarixə artıqödəmə məbləği 3430.53 manat təşkil edir. Artıqödənilmiş məbləğinin son tutulma tarixi xx.xx.2029-cu il tarixədəkdir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi İddiaçı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələb mövcud deyildir. İddiaçı cavabdehdən pensiya qanunvericiliyində nəzərdə tutulmayan halların qəbul edilməsini tələb edir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarına müdaxilə olmamış və hüququnun pozulması fakti mövcud deyildir.

24. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

25. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, yazılı etirazda qeyd edilənləri müdafiə etdiyini bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Məhkəmənin sorğusu əsasında Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından əldə edilmiş İddiaçı pensiya işi üzrə icraat materialları; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-M-68255/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-17-1/2-M-160831/2025 nömrəli cavab məktubları.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

28. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2008-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən İddiaçı həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, əlilliyin müddəti bitdiyi üçün pensiyanın ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır.

29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsin əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qayada yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2024-cü il tarixədək ödənilmişdir.

30. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən təkrar müayinə əsasında xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti əsasında yaşa görə əmək pensiyası Qanunun 34.1-ci maddəsinə uyğun olaraq həmin tarixdən əlilliyə görə əmək pensiyası növünə dəyişdirilmişdir və hazırda 552,22 manat məbləğində olmaqla ödənişin davam etdirilir. İddiaçı xx.xx.2013-cü il tarixinədək əmək fəaliyyəti olduğu halda əmək pensiyası ona tam məbləğdə (BH+SH) ödənilmişdir. Bu səbəbdən xx.xx.2011-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək əmək pensiyasının məbləğində artıqödəmə müəyyən edilmişdir. İddiaçının xx.xx.2014-cü il tarixli razılıq ərizəsi əsasında sözügedən məbləğ onun əmək pensiyasının məbləğindən tutularaq Fondun hesabına bərpa edilir. xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ötən dövr üzrə hesablanmış məbləğ İddiaçı əmək pensiyasının məbləğində müəyyən edilmiş artıqödəmə məbləğinin bir hissəsi ilə əvəzləşdirilmişdir.

31. İddiaçı əlilliyə görə əmək pensiyasının yenidən hesablanması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətə həmin Filialın xx.xx.2025-ci il tarixli 3-17-1/2-M-68255/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-17-1/2-M-160831/2025 nömrəli cavab məktublarında bildirilmişdir ki, xx.xx.2024-cü il tarixli müraciəti əsasında yaşa görə əmək pensiyası Qanunun 34.1-ci maddəsinə uyğun olaraq həmin tarixdən əlilliyə görə əmək pensiyası növünə dəyişdirilmiş, hazırda 552,22 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Qanunun 37.3.2-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş tələblərinə əsasən işləyən əmək pensiyaçılarına əlilliyə görə əmək pensiyası himayədə olanlara görə verilən əlavə nəzərə alınmadan yalnız baza hissəsindən ibarət olmaqla ödənilir. Bildirilir ki, Fondun keçmiş Gəncə şəhəri Nizami rayon şöbəsinin sərəncamına əsasən xx.xx.2013-cü il tarixinədək əmək fəaliyyəti olduğu halda əmək pensiyası ona tam məbləğdə (BH+SH) ödənilmişdir. Nəticədə xx.xx.2011-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək əmək pensiyasının məbləğində artıqödəmə müəyyən edilmişdir. Sözügedən artıqödəmə hazırda aylıq əmək pensiyasının məbləğindən tutularaq Fondun hesabına bərpa edilir (xx.xx.2014cü il tarixli razılıq ərizəsi əsasında). Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bildirilir ki, xx.xx.2011-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək əlilliyə görə əmək pensiyası üzrə müəyyən olunmuş artıqödəmə Qanunun 39.1-ci maddəsinə uyğun olaraq 3 ildən (36 aydan) artıq dövrü əhatə etmədiyi üçün artıqödəmə barədə qəbul edilmiş qərarın ləğv edilməsi və ya dəyişdirilməsi mümkün hesab olunmur. Həmçinin bildirilir ki, xx.xx.2023-cü il tarixli müraciətinə göndərilmiş cavab məktubunda sığorta stajının düzgün müəyyən edilməməsi nəticəsində yaşa görə əmək pensiyanızın məbləğində yaranmış artıqödəmə barədə məlumat qeyd edilmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

32. Məhkəmə iddiaçının tələbini haqlı, cavabdehin hərəkətlərini isə qanunsuz sayaraq, aşağıdakıları qeyd edir.

33. İddiaçının əmək pensiyasının məbləğində artıqödəmə müəyyən edildiyi dövrün xx.xx.2011-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək olan dövrü əhatə etməsi mübahisəsizdir.

34. “Əmək pensiyaları haqqında” Qanununun xx.xx.2023-cü ilədək olan redaksiyasına görə: Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

35. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 30 dekabr 2022-ci il 793-VİQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 39-cu maddəyə dəyişiklik edilmiş və 39.1-ci maddəsinin mətni ikinci cümlə hesab edilsin və “Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur.” məzmununda birinci cümlə əlavə edilmişdir. Həmin Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minmişdir.

36. Cavabdeh orqan “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/1-M-81737/2023 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə edilmiş dəyişikliklə əlaqədar uyğunlaşdırılma aparılaraq artıqvermənin yenidən hesablandığını, müvafiq dəyişikliyin pensiya ödənişində nəzərə alınmasını, vətəndaşın artıqverməsi xx.xx.2014-cü ildə müəyyən olunduğundan artıqvermənin tam məbləğdə ləğv edilməsini qərara almış və iddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə ünvanladığı cavab məktubunda onun əmək pensiyasında müəyyən edilmiş artıqödəmənin Qanunun 39.1-ci maddəsinin xx.xx.2023-cü il tarixindən qüvvədə olan redaksiyasına uyğun olaraq pensiyasından tutulmayacağını qeyd etmişdir.

37. Lakin daha sonra, cavabdeh orqan iddiaçının xx.xx.2011-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək əlilliyə görə əmək pensiyası üzrə müəyyən olunmuş artıqödəmə Qanunun 39.1-ci maddəsinə uyğun olaraq 3 ildən (36 aydan) artıq dövrü əhatə etmədiyi üçün artıqödəmə barədə qəbul edilmiş qərarın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkün hesab olunmadığını qeyd etmiş və tutulmaları davam etdirmişdir.

38. Halbuki, iddiaçının əmək pensiyasından müəyyən edilmiş artıqödəmənin xx.xx.2011-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək dövr üzrə tutulması başa çatdığından, cavabdeh orqan Qanunun 39.1-ci maddəsinin xx.xx.2023-cü il tarixindən qüvvədə olan redaksiyasına uyğun olaraq xx.xx.2023-cü il tarixdən sonra tutulmanı dayandırmalı idi.

39. Göründüyü kimi, inzibati orqanın iddiaçının əmək pensiyasından xx.xx.2023-cü il tarixdən sonra tutulmanın aparılması ilə bağlı hərəkətləri qanunsuz və əsassız olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

40. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. İddiaçı pensiya ödənişində yaranmış artıq ödəmənin (xx.xx.2023-cü ildən qüvvədə olan Qanunun 39.1-ci maddəsinə əsasən) tutulmasının dayandırılması və xx.xx.2023-cü il tarixdən sonrakı dövrdə tutulmuş pensiya məbləğinin ona qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar