Məhkəmə qərarları › İş №2-1(114)-369/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-369/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-369/2022 24.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi İddiaçı, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsiin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) dövlət reyestrində qeydin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 06.12.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, vicdanlı alıcı olaraq əldə etdiyi, mülkiyyətində olan Naftalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 5 nömrəli evin 2 nömrəli mənzilinə dair "xxxx" QSC-yə verilmiş 29.01.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak ********** qeydiyyat nömrəli, 31.10.2019-cu il tarixli çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdeh 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən həmin mənzilə dair "xxxx" QSC-yə 29.01.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. "xxxx" QSC-yə müvafiq çıxarış verilməsinə baxmayaraq iddiaçının daha əvvəl əldə etdiyi çıxarış məhkəmə qaydasında mübahisələndirilməmiş, həmin çıxarışın ləğv edilməsi barədə iddiaçıya heç bir rəsmi məlumat verilməmişdir. İddiaçı tərəfindən həmin mənzil alınarkən cavabdeh bu mənzilin yüklü olmaması, üzərində hər hansı həbs, məhdudiyyət olmaması barədə rəsmi arayış vermişdir. Bu arayış əsasında notarius tərəfindən rəsmi qaydada alqısatqı müqaviləsi bağlanmış və mülkiyvət hüququ dövlət reyestrində qeydə alınmışdır. Mənzilin alqı-satqı müqaviləsinin 3-cü bəndində notarius tərəfindən də təsdiqlənir ki, “real vaxt rejimində Daşınmaz Əmlakın Dövlət Reyestrindən əldə edilmiş, 22.10.2019 tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır”. İddiaçı həmin mənzilə pasport qeydiyyatına düşmək üçün 2020-ci ilin fevral ayında Naftalan şəhər Polis şöbəsinə müraciət edərkən ona bildirilmişdir ki, mənzilin üzərində yüklülük vardır. Bundan sonra o, Gəncə Apellyasiya Məhkəməsinə müraciət edərək onun mülkiyyətində olan mənzillə bağlı 14 may 2019-cu il tarixli məhkəmə qətnaməsini əldə etmişdir. Qətnamədən görünür ki, iddiaçı (hazırki işdə üçüncü şəxs olan) "xxxx" QSC cavabdehlər X27 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinə Naftalan Şəhər Məhkəməsində baxılaraq Məhkəmənin 06 iyul 2018-ci il tarixli, 2(052)-135/2018 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 15.789,24 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun, 21 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmeti olan X15 məxsus olan Naftalan şəhəri, Ş.Qurbanov küçəsi yerləşən 5 nömrəli binanın 2 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə edilmiş puldan borcun tutulması, mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra X11 həmin mənzildən çıxarılması və mənzil boşaldılıb iddaçı "xxxx" QSC-yə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 14 may 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Naftalan Şəhər Məhkəməsinin 06 iyul 2018-ci il tarixli 2(052)-135/2018-ci il tarixli qətnaməsi qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilmədiyi hissədə ləğv edilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 25.000 məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilməməsi qət edilmişdir. Qeyd olunan mənzil X27nın mülkiyyətində olmuşdur. X27 həmin mənzili "xxxx" QSC ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi 12.06.2010-cu il tarixli ipoteka müqaviləsi əsasında yüklü etmişdir. X22 Federasiyasında yaşayan oğlu Sona Rəhimovanın adına özəlləşdirilmiş mübahisəli mənzilin özəlləşdirilməsi və adına verilmiş çıxarış 2014-cü ildə məhkəmədə mübahisələndirilmişdir. Həmin mənzilə dair cavabdeh X27nın adına olan özəlləşdirməsinin ləğv edilməsi və çıxarışın Naftalan şəhər Məhkəməsinin 14 mart 2014cü il tarixli, 2(052)-45/2014 saylı qətnaməsi ilə etibarsız hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmuşdur. X27nın adına verilmiş ******* saylı çıxarış məhkəmə qətnaməsi əsasında etibarsız hesab edilmiş mənzil əvvəlki vəziyyətə qaytarılmışdır. Bundan sonra mənzil yenidən X9 Rəhimovanın adına özəlləşdirilmiş və mülkiyyət hüququna dair yeni çıxarış alınmışdır. Yeganə Rəhimova mübahisəli mənzilə mülkiyyət hüququ əldə etdikdən sonra 26.01.2016-cı il tarixli, AN-1 ******* nömrəli alqısatqı müqaviləsinə əsasən X3, Nailə Mirzəyeva 03.02.2017-ci ildə mənzilə dair çıxarış əldə etmişdir. Nailə Mirzəyeva mənzili 05.02.2017-ci ildə X4. X19 mənzili X5. Nəhayət 23.10.2019-cu il tarixli, AN-1 ******* saylı alqı-satqı müqaviləsi əsasında mənzil iddiaçı tərəfindən alınmış və mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Bu mənzil "xxxx" QSC ilə X27 arasında bağlanmış 12.06.2010-cu il tarixli, 06M000000515 saylı ipoteka müqaviləsi ilə ipoteka ilə yüklü edilmiş, 4 il sonra mənzil ipoteka qoyan X27nın mülkiyyətindən çıxarılmışdır. Bundan sonra bir daha həmin mənzil X27nın adına reyestr xidmətində qeydə alınmamış və ya digər şəxsin adına özəlləşdirildikdən sonra da Sona Rəhimovanın xeyrinə ipoteka ilə yüklü edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.07.2016-cı il tarixli, 2(104)-1602/2016 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə X6 X13 və X12 qarşı “mənzilin alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə barışıq sazişi bağlanmış və məhkəmənin qərardadı ilə bu razılaşma təsdiqlənmişdir. Nəticədə məhkəmə kollegiyasının təsdiq etdiyi razılaşma müqaviləsinə əsasən iddiaçı Yeganə Rəhimova cavabdehlər Nailə və Valeh Mirzəyevlərə olan pul borcunu 2016-cı ilin dekabr ayınadək ödəyə bilmədiyi təqdirdə mübahisəli mənzilin Nailə Mirzəyevanın mülkiyyətində qalmağa, Valeh və Nailə Mirzəyevlərə olan borcun 35.000 manatının həmin mənzil hesabına silinməsinə razılıq vermişdir. Bu razılaşma da icra edilmiş, Yeganə Rəhimova borcu ödəyə bilmədiyi üçün razılaşma şərtlərinə tərəflər əməl etmişdir. Yuxarıda göstərilən hallar barədə iddiaçı həmin mənzilin mükiyyətçisi olduqdan və mənzildə qeydiyyata durmaq üçün 2020-ci ilin fevral ayında polis orqanlarına müraciət etdikdən və Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsini əldə etdikdən sonra bəlli olmuşdur. Sözügedən mənzil üzərində heç bir yüklülük qeydə alınmadığı üçün mənzil bir neçə şəxslər arasında alqı-satqı edilmiş və nəhayət iddiaçının mülkiyyət hüququ dövlət reyesterində qeydə alınmışdır. Hazırda iddiaçının əldə etdiyi sözügedən mənzilə dair qanunsuz olaraq "xxxx" QSC-yə mülkiyyət hüququna dair çıxarış verilmişdir. İddiaçı mənzilə dair cavabdeh tərəfindən "xxxx" QSC-yə verilmiş çıxarışın ləğv edilməsi üçün müraciət etmiş, sonuncu sözügedən çıxarışın verilməsinin qanuni olmasını əsaslandıraraq bundan imtina etmişdir. İddiaçı və vəkili X14 məhkəmə iclaslarında iddianı müdafiə etmişlər. Cavabdehin nümayəndəsi X20 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mənzil hərrac nəticəsində bankın mülkiyyətinə verilmişdir, bu səbəbdən də iddiaçının tələbi əsassızdır. Üçüncü şəxsin nümayəndəsi X25 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, bank X27nın mülkiyyətində olan mənzili yüklü etmiş və qanuni əsaslarla çıxarış əldə edilmişdir. Üçüncü şəxsin nümayəndəsi X28 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli mənzillə bağlı 2010-cu ildə bankla ipoteka müqaviləsi bağlanmışdır, sonradan kredit borcu ödənilmədiyinə görə tələbin həmin mənzilə yönəldilməsi barədə iddia əsasında məhkəmə qərarı ilə borc əmlaka yönəldilmiş və bankın mülkiyyətinə verilmişdir. Naftalan Şəhər Məhkəməsinin 14.03.2014-cü il tarixli 45/2014 nömrəli qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin 23.09.2016-cı il tarixli qərarı ilə ləğv edilmiş və mübahisəli mənzil X27nın mülkiyyətində qalmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, 16.06.2010-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, X27nın mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən mənzil “AccessBank" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. -surəti işə əlavə edilmiş 14.05.2019-cu il tarilxi, 2(104)-479/2019 nömrəli Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, Naftalan şəhər Məhkəməsinin 06.07.2018-ci il tarixli, 2(052)-135/2018 saylı qətnaməsi qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilmədiyi hissədə ləğv edilməsi, ipoteka predmeti olan, Naftalan şəhəri, Ş.Qurbanov küçəsində 5 nömrəli binanın, 2 nömrəli mənzilin ilkin satış qiyməti 25.000 manat məbləğində müəyyən olunması qət edilmişdir. -surəti işə əlavə edilmiş AN-İ ******* nömrəli, 23.10.2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Naftalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən ev 5, 2 saylı mənzil X18 tərəfindən İddiaçı 27000 manat qiymətə satılmışdır. -surəti işə əlavə edilmiş Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, 14.10.2019-cu il tarixli ********** nömrəli çıxarışla X8 tam mülkiyyətində olan əmlak üzərində 22.10.2019-cu il tarixə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, 31.10.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 (Yeni qaydalarla Naftalan şəhəri Heydər Əliyev prospekti 214, M1, m2) ünvanda yerləşən mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 24.11.2021-ci il tarixli, **********40 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil üzərində (Yeni qaydalarla Naftalan şəhəri Heydər Əliyev prospekti 214, M1, m2) Hərracın yekunları barədə 09/01-3 saylı 10.02.2020-ci il tarixli Protokol və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 10.02.2020-ci il tarixli müqavilə əsasında “AccessBank" QSC-nin mülkiyyət hüquqları 29.01.2021-cİ il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən mənzillə bağlı hərrac Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-479/2019 saylı 14.05.2019-ci il tarixli icra vərəqəsinə, Naftalan rayon İcra və Probasiya Şöbəsinin 154948/2019-89-1 saylı, 20.11.2019-cu il tarixli sifariş məktubuna və "xxxx" QSC-nin müvafiq məktubunun icrasına əsasən keçirilmişdir. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, 29.01.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 (Yeni qaydalarla Naftalan şəhəri Heydər Əliyev prospekti 214, M1, m2) ünvanda yerləşən mənzil üzərində “AccessBank" QSC-nin xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 24.11.2021-ci il tarixli, **********40 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq , mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Naftalan şəhəri, Ş.Qurbanov küçəsi, ev 5, mənzil 2 əvvəllər X27nın adına 28.08.2008-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra ********** qeydiyyat nömrəli, 16.06.2010-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən X27nın mülkiyyətində olan zaman kreditin təminatı olaraq "xxxx" QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Daha sonra Naftalan Şəhər Məhkəməsinin 14 mart 2017-ci il tarixli, 2(52)-45/2014 saylı qətnaməsinə əsasən X27nın adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilmişdir. Həmin mənzilə 05.07.2014-cü ildə X7 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunun 26.01.2016-cı ildə verdiyi alqı-satqı müqaviləsinə əsasən həmin mənzil X1. 03.02.2016-cı ildə X8 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Naftalan şəhəri dövlət notariat kontorunun 15.02.2017-ci ildə verdiyi alqı-satqı müqaviləsinə əsasən həmin mənzil X2. 18.02.2017-ci ildə X11 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğvi barədə 09.10.2019-cu il tarixli müqavilə əsasında X19 ilə X18 arasında 15.02.2017-ci il tarixdə Naftalan şəhər Dövlət notariat kontorunda bağlanmış 4Ə-17 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilmiş, nəhayət X18 ilə iddiaçı arasında bağlanmış 23.10.2019-cu il tarixli, AN-1 ******* saylı alqı-satqı müqaviləsi əsasında mənzil iddiaçı tərəfindən alınmış və mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Buna baxmayaraq, cavabdeh 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən sözügedən mənzilə dair üçüncü şəxs "xxxx" QSC-yə 29.01.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bu səbəbdən də, iddiaçı üçüncü şəxsin adına tərtib edilmiş çıxarışın ləğv edilməsini cavabdehdən tələb etmiş, cavabdeh tərəfindən isə bundan imtina edilərək aidiyyəti üzrə məhkəmə müraciət edilməli olduğu bildirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MA ******* nömrəli çıxarışa əsasən X21 məxsus olan Naftalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 5 nömrəli binanın, 2 nömrəli mənzili X27nın kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi 16.06.2010-cu il tarixdə qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. İş materillarında olan Azərbaycan Respublikası DƏDRX-nin 7 saylı Ərazi İdarəsinin 16.07.2016-cı il tarixli məktubunda da qeyd edilmişdir ki, həmin mənzil həmin dövrdə "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü olaraq qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 272-ci maddəsinə əsasən girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 14.05.2019-cu il tarixli 2(104)-479/2019 nömrəli qətnaməsi ilə tədqiq olunmuş, X27 ilə "xxxx" QSC arasında bağlanmış 12.06.2010-cu il tarixli, 06M000000515 saylı ipoteka müqaviləsinin 4.6-cı bəndində qeyd edilmişdir ki, bu müqavilə Azərbaycan Respublikasmın müvafıq dövlət orqanında ipoteka hüququnun dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və borclunun Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəlikləri tam icra edilənədək qüvvədədir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun:- -30.5-ci maddəsinə əsasən bu Qanunun tələblərini pozmaqla ipoteka predmeti başqa şəxslərə keçdikdə ipoteka qüvvəsini saxlayır və bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olur. -31.1-ci maddəsinə əsasən ipoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan aşağıdakılardan birini tələb edə bilər: -31.1.1. ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını; -31.1.2. ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini. Göründüyü kimi, Naftalan şəhəri, Ş.Qurbanov küçəsi 5 nömrəli evin 2 nömrəli mənzili 12 iyun 2010-cu il tarixli, 06M000000515 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş və "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi 16.06.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Kredit müqaviləsi üzrə tələb tam ödənilmədiyindən ipoteka öz qüvvəsini saxlamışdır. Sözügedən öhdəlik icra olunmadığına görə ipoteka predmetinə tutma yönəldilmiş, sözügedən mənzillə bağlı hərrac Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-479/2019 saylı 14.05.2019-ci il tarixli icra vərəqəsinə, Naftalan rayon İcra və Probasiya Şöbəsinin 154948/2019-89-1 saylı, 20.11.2019-cu il tarixli sifariş məktubuna əsasən keçirilmişdir. Hərracın yekunları barədə 09/01-3 saylı 10.02.2020-ci il tarixli Protokol və Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 10.02.2020-ci il tarixli müqavilə əsasında “AccessBank" QSC-nin mülkiyyət hüquqları 29.01.2021-cİ il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, mənzil 2010-cu ildən etibarən bankın girovluğunda olduğundan, başqa sözlə kreditin təminatı kimi çıxış etdiyindən bankın adına aparılmış qeydiyyat daha üstün hüquqi qüvvəyə malikdir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı dövlət reyestrində qeydin ləğv edilməsi barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar