Məhkəmə qərarları › İş №2-1(114)-369/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-369/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-369/2024 23.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı Goranboy Rayon İcra Hakimiyətinə etdiyi müraciətinə sonuncunun xx.xx.2023-cü il tarixli 5-45/2-N-34-029/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, Goran qəsəbəsində yerləşən qəzalı vəziyyətdə olan binanın sakinləri barədə tərtib edilən aktda həmin binada yaşayan sakin kimi onun adı qeyd edilməmişdir.

2. Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-15-RA/2-N- 13//8/2023 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Dəmir Yoluna məxsus yaşayış binasının Cavabdeh balansına və xidmət dairəsinə verilməsi ilə əlaqədar bağlanmış aktda (xx.xx.2002-ci il) və RİH-nin xx.xx.20023ci il tarixli sərəncamında sözügedən yaşayış binasında qeydiyyatda olan və yaşayanlar barədə heç bir məlumat yoxdur. Bu səbəbdən də İddiaçı həmin yaşayış binasında qeydiyyatda olmağı barədə arxiv arayışının verilməsi mümkün olmamışdır.

3. "xxxx" QSC-nin Gəncə arxiv bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Goran dəmir yol stansiyasında yerləşən yaşayış binaların heç bir sənədi arxivə verilməmişdir.

4. Goranboy RİHB Boluslu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 275 nömrəli arayışından görünür ki, İddiaçı Boluslu ərazisində olan Boluslu kəndində qeydiyyatdadır və yaşayır. Onun övladları Goran stansiyasında doğulmuşdur.

5. Goranboy RİHB Boluslu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2023-cü il tarixli 65 nömrəli arayışdan görünür ki, Goran qəsəbəsində yerləşən qəzalı vəziyyətdə olan 2 mərtəbəli yaşayış binasının kirayəyə çıxarılmış sakinlərinin ailə tərkibi aşağıdakı kimidir: 1) X7 və anası; 2) X5 və ailə üzvləri; 3) Qasımova Hicran Eynulla qızı və ailə üzvləri; 4) X1; 5) X11 və qızı; 6) X12.

6. xx.xx.2022-ci il tarixdə Goranboy RİHB Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri E.Kərimov, Boluslu kənd inzibati ərazi üzrə nümayəndəsi Ş.Ziyadov və Goranboy rayon MKTİB-in mühəndisi N.Rzayevin iştirakı ilə tərtib edilmiş aktla müəyyən edilir ki, Goran qəsəbəsində yerləşən qəzalı vəziyyətdə olan 2 mərtəbəli 6 mənzilli yaşayış binasında yaşayan sakinlərdən mənzillərinə aid mülkiyyət hüququ sənədi tələb edildikdə belə sənədlərinin olmamasını bildirdilər. Həmçinin onlara aid mənzillərin sahəsinə yerində baxış keçirilərkən ilkin hesablamalara əsasən aşağıdakı kimi olduğu müəyyən edildi: 1) X12, 2 otaq – sahəsi 25.6 kv.m; 2) X7, 4 otaq – sahəsi 41.0 kv.m; 3) X5, 4 otaq – sahəsi 41.0 kv.m; 4) Qasımova Hicran Eynulla qızı, 2 otaq – sahəsi 25.6 kv.m; 7) X1, 3 otaq – sahəsi 35.8 kv.m; 8) X11, 3 otaq – sahəsi 35.8 kv.m.

7. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli C-413 nömrəli məktubla Goranboy rayonu Goran qəsəbəsində yerləşən qəzalı vəziyyətdə olan iki mərtəbəli yaşayış binasının hazırda kirayədə yaşayan sakinləri barədə məlumat verilmişdir. Həmin siyahıda İddiaçı adı yoxdur.

8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2674/2023 nömrəli qərarı ilə X6 Cavabdehnə qarşı iddiası təmin olunmuş və X8 hesablanmış birdəfəlik maddi yardımın ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur. II. Məhkəmədə icraat

9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Goranboy rayonu Goran qəsəbəsində qəzalı vəziyyətdə olab binadan köçməyinə görə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1970-ci ildən 2017-ci ilə kimi Goranboy rayonu Goran dəmir yolu vağzalında yerləşən yaşayış binasında yaşamışdır. İddiaçı bildirir ki, o, həmin dövrdə dəmir yolunda işləmişdir. O, ailəsiylə birlikdə Dəmir yolu vağzalında yerləşən mənzilə 1970-ci ildə köçürülüb, 2017-ci ilə kimi orada yaşamışdır. 2017-ci ildə ev qəzalı vəziyyətdə olduğu üçün evdən köçürülmüşdür. Ona bildirirdilər ki, bu binada yaşayan insanlara bina qəzalı vəziyyətdə olduğu üçün pul ilə kompensasiya veriləcək. Bu yaxınlarda qəzalı vəziyyətdə olan evdə yaşayan sakinlərə kompensasiya ödənilmişdir. Onun evi çox qəzalı olduğu üçün o, evdən 2017-ci ildə köçdüyü üçün onun mənzildə yaşamağına dair məhkəmə qətnaməsi olduğu halda ona kompensasiya veriləcəyini dedilər. Cavabdeh icra hakimiyyəti onun qəzalı vəziyyətdə olan evdən köçdüyünə görə ona kompensasiya vermək istəmir. Halbuki, 2017-ci ildə o, evdən köçən zaman onu bildirmişlər ki, ona evinin qəzalı vəziyyətdə olduğu üçün kompensasiya veriləcək. Bu gün isə icra hakimiyyəti ona kompensasiya vermək istəmir. Deyir ki, guya onun sənədi yoxdur. Halbuki, qəzalı vəziyyətdə olan bina sakinlərinin hamısının sənədləri onda olan sənədlərdəndir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. III. Prosessual məsələlər

12. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

13. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

14. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir.

15. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onun kimi digər sakinlərin də heç bir sənədi olmamışdır. O, həmin binaya gəlin gəlmiş və 2017-ci ilə kimi orada yaşamışdır. Binada cəmi 6 yaşayış sahəsi olmuş və o, 3 otaqlı yaşayış sahəsində övladları ilə birgə yaşamışdır. Lakin bina qəzalı vəziyyətdə olduğuna görə məcbur qalaraq başqa yerdə yaşamağa getmişdir. O, həmin binadan kirayəyə çıxarılmamışdır.

16. Cavabdehin nümayəndəsi X9 şifahi məhkəmə baxışı iclasında iddianın təmin edilməməsini xahiş etmişdir.

17. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, sözügedən yaşayış binası 6 yaşayış sahəsindən ibarət olmaqla, qəzalı vəziyyətdə olmuşdur. Həmin evdə yaşayan sakinlərin heç birinin sənədi olmamışdır. Orada yaşayanlara ödəniş Boluslu kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin verdiyi siyahı və yerində tərtib edilmiş akt üzrə həyata keçirilmiş və binanın 5 sakininə maddi yardım ödənilmiş, lakin 1 yaşayış sahəsi ilə bağlı mübahisə olduğundan həmin sahəyə dair maddi yardım ödənilməmişdir. Mübahisə dedikdə onu nəzərdə tutur ki, həmin yaşayış sahəsinə görə maddi yardım ödənilən zaman X12 hərbi xidmətdə olmuş, İddiaçı isə 2017-ci ilədək orada yaşamasını əsas gətirərək, maddi yardımın ona ödənilməsini tələb etmişdir. Həmin binanın sakinlərinə maddi yardım ödənilməzdən əvvəl onlar kirayəyə çıxarılmış, bu zaman da nə iddiaçı, nə də X12 orda olmamışdır. X12 maddi yardımın ödənilməsi barədə məhkəməyə müraciət etmiş və məhkəmə qərarı ilə iddiası təmin edilmiş, qərar qanuni qüvvəyə minmiş və maddi yardım artıq X8 ödənilmişdir.

18. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

19. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

20. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

21. İddia ərizəsindən məlum olur ki, iddiaçı hazırkı Goranboy rayonu, Goran qəsəbəsində yerləşən və qəzalı vəziyyətdə olan binadan köçməyinə görə kompensasiyanın (maddi yardımın) ödənilməsini tələb edir.

22. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 577s nömrəli sərəncamı ilə Cəlilabad, Yardımlı və Goranboy rayonlarında yerləşən qəzalı vəziyyətə düşmüş binalarla bağlı tədbirlər görülməsi üçün vəsait ayrılması barədə Sərəncamı ilə Cəlilabad, Yardımlı və Goranboy rayonlarında yerləşən, bu Sərəncamın əlavəsində qeyd edilən qəzalı vəziyyətə düşmüş yaşayış binalarının sakinlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə lazımi tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyəti, Azırbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Cavabdehnə 426792,0 (dörd yüz iyirmi altı min yeddi yüz doxsan iki) manat məbləğində vəsaitin ayrılması qərara alınmışdır.

23. Həmin Sərəncama əlavəyə əsasən Goranboy rayonu, Goran qəsəbəsində qəzalı vəziyyətə düşmüş yaşayış binasının sakinlərinə 182891,0 manat maddi yardımın ayrılması nəzərdə tutulmuşdur.

24. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

25. Yəni, hazırkı halda iddiaçının iddiasında göstərdiyi Goranboy rayon, Goran qəsəbəsində yerləşən yaşayış sahəsinin qəzalı vəziyyətdə olmasına görə ona maddi yardımın verilməsini tələb etməsi üçün ilk növbədə onun həmin yaşayış sahəsinə dair hüquqları (mülkiyyət, istifadə və ya sahiblik) olmalıdır ki, ona həmin yaşayış sahəsinə görə maddi yardımın verilməməsi nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.

26. Lakin hazırkı halda iddiaçının sözügedən yaşayış sahəsinə dair hər hansı hüquqlarının mövcudluğu müəyyən edilmir.

27. Belə ki, işin faktiki halları və iş materialları ilə müəyyən edilir ki, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən və qəzalı vəziyyətdə olan binanın (həmin binada yerləşən yaşayış sahələrinin) heç bir hüquqmüəyyənedici sənədi mövcud olmamış, Cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 577s nömrəli sərəncamı ilə ayrılmış maddi yardım ödəniləcək şəxsləri məhz Goranboy RİHB Boluslu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi siyahı (Goranboy RİHB Boluslu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2023-cü il tarixli 65 nömrəli arayış) və xx.xx.2022-ci il tarixdə Goranboy RİHB Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri E.Kərimov, Boluslu kənd inzibati ərazi üzrə nümayəndəsi Ş.Ziyadov və Goranboy rayon MKTİB-in mühəndisi N.Rzayevin iştirakı ilə tərtib edilmiş akt əsasında müəyyən etmişdir.

28. Hər iki sənəddə də Goran qəsəbəsində yerləşən qəzalı vəziyyətdə olan 2 mərtəbəli yaşayış binasının sakinləri kimi X7 (1), X5 (2), Qasımova Hicran Eynulla qızı (3), X1 (4), X11 (5) və X12 (6) qeyd edilmişdir.

29. Həmin şəxslərdən beşinə (X12 istisna olmaqla) maddi yardım ödənilmiş, bir yaşayış sahəsi ilə bağlı isə mübahisə yarandığı, siyahıda adı olan X12 maddi yardım ödənilən zaman hərbi xidmətdə olduğu, eyni zamanda siyahıda adı olmayan İddiaçı orada yaşadığını iddia edərək, maddi yardımın ona ödənilməsini tələb etdiyi üçün maddi yardımın ödənilməsi hələki təmin edilməmişdir.

30. Göründüyü kimi, iddiaçı həmin binanın 3 otaqlı yaşayış sahəsində yaşadığını iddia etsə də, buna dair hər hansı sənəd təqdim etməmişdir. İkinci tərəfdən, sözügedən binada 6 yaşayış sahəsi olmuşdur ki, onlardan ikisi 2 otaq, ikisi 3 otaq, ikisi 4 otaqdan ibarətdir.

31. İddiaçının yaşadığını iddia etdiyi 3 otaqlı yaşayış sahələrinin sakini olaraq X1 və X4 adları qeyd edilmiş və onlara maddi yardımın ödənilməsi təmin edilmişdir.

32. Həmin yaşayış binasında maddi yardım ödənilməmiş yalnız bir 2 otaqlı yaşayış sahəsi qalmış və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2674/2023 nömrəli qərarı ilə X6 Cavabdehnə qarşı iddiası təmin olunmuş və X8 hesablanmış birdəfəlik maddi yardımın ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur.

33. Cavabdeh orqanın nümayəndəsi iclas zamanı Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2674/2023 nömrəli qərarından şikayət verilmədiyini və artıq qərar qanuni qüvvəsini aldığından icrasının təmin edilərək, maddi yardımın X8 ödənilməsinin təmin edildiyini bildirmişdir.

34. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər malikdir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal eilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.

35. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yəni, şəxsin subyektiv hüququ yoxdursa, inzibati orqan tərəfindən onun pozulma ehtimalı və şəxsin hüquqi müdafiəyə ehtiyacı da mövcud olmur.

36. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

37. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

38. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən qəzalı yaşayış binasının yaşayış sahəsinə dair hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən o, həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar