Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3690/2023 11.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı mənzil üzərində mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin onun adına özəlləşdirilməklə, həmin mənzil üzərində mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Qazax Rayon İcra hakimiyyəti tərəfindən verilmiş 15 avqust 1994-cü il tarixli, 98 nömrəli order əsasında iddiaçının anası X3 və ailə üzvləri olaraq onlara ünvan 2 ünvanda yerləşən mənzil verilmişdir. Orderdə iddiaçının adı qeyd edilmişdir. X1 13 yanvar 2002-ci il tarixdə, anası X6 09 dekabr 2015-ci il tarixdə vəfat etmişdir. Bu evdə kirayəçinin ailə üzvü olaq iddiaçı yaşayır. İddiaçı həmin mənzilin özəlləşdirilməsi üçün 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etsə də cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, hüquqların qeydiyyatı üçün əsas kimi təqdim edilmiş sənədlər kseresurət olduğundan sənədlərin qanunauyğunluğunun tam şəkildə ekspertiza edilməsi mümkün olmamışdır. Hüquqmüəyyənedici sənəd olaraq təqdim edilmiş (kserosurət) orderin möhürü oxunmadığından sənədi verən orqanı müəyyən etmək mümkün olmamışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, cavabdehin etirazının məzmunu ilə müəyyən olunur ki, hüquqmüəyyənedici sənəd olaraq təqdim edilmiş (kserosurət) orderin möhürü oxunmadığından sənədi verən orqanı müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. -12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən iddiaçıya xx.xx.2023-cü il tarixli sərəncam göndərilərək, xx.xx.1994-cü il tarixli, 98 nömrəli orderin əslinin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Qeyd olunan sərəncam xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən qəbul edilməsinə baxmayaraq, müvafiq order məhkəməyə təqdim edilməmiş, həmçinin iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Bundan əlavə, işə əlavə edilmiş:- -xx.xx.1994-cü il tarixli, 98 nömrəli orderin surətindən görünür ki, Qazax Rayon İcra hakimiyyəti tərəfindən verilmiş 15 avqust 1994-cü il tarixli, 15 nömrəli sərəncam əsasında ünvan 3 ünvanında yerləşən mənzili X3 və onun ailə üzvlərinə verilmişdir. -Qazax Rayon İcra Hakimiyyəti Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 5-58-15- 11/2-319/2023 nömrəli məktubunda bildirilir ki, Qazax Rayon İcra Hakimiyyəti başçısının 15 avqust 1994-cü il tarixli 185 saylı sərəncamında order almaq üçün X2 adı və soyadı aşkarlanmamışdır. Beləliklə iddiaçı tərəfindən təqdim edilmiş orderin surətində həmin orderin Qazax Rayon İcra Hakimiyyəti başçısının 15 avqust 1994-cü il tarixli 185 saylı sərəncamı əsasında verildiyi qeyd edilsə də, məhkəmə sorğusu nəticəsində əldə edilmiş Qazax Rayon İcra Hakimiyyəti başçısının 15 avqust 1994-cü il tarixli 185 saylı sərəncamında X2 adı aşkarlanmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərinə cavab vermir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 46, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı mənzil üzərində mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-3690/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3690/2023
11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver