Məhkəmə qərarları › İş №2-1(114)-370/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-370/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-370/2022 19.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair Dövlət aktında və çıxarışda soyad və ata adının düzgün yazılması tələbinə dair inzibati işə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-151A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında və RX ******* nömrəli çıxarışda yol verilmiş yalnışlığı düzəldərək soyadının “Aslanova” kimi, mərhum həyat yoldaşının ata adının “Kəriş” kimi yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 31.08.1998-ci il tarixli 12 nömrəli qərarı ilə Bərdə rayonu, Nazırlı kəndində 0,32 ha torpaq sahəsi ailəsinə verilmişdir. Həmin torpaq sahəsinə JN-151A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququn dair Dövlət aktı tərtib edilmişdir. Həmçinin onun xüsusi mülkiyyətində Bərdə rayonu Nazırlı kənd ərazisində 2,143 ha torpaq sahəsi vardır. Sözügedən Dövlət aktında və çıxarışda səhvən soyadı “Qaibova” əvəzinə “Aslanova”, mərhum həyat yoldaşının ata adı isə “Kəriş” əvəzinə “Kərim” kimi qeyd edilmişdir. Sözügedən səhvlər iddiaçıya bir sıra çətinliklər yaratdığından iddianın təmin olunmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə iddiaçıya və cavabdehə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 1-ci, 6.1-ci və 6.2-ci bəndində Plenum məhkəmələrə izah etmişdir ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçının hazırki işdə hüquqi marağı soyadının “Qaibova” kimi deyil “Aslanova” kimi, mərhum həyat yoldaşının ata adının isə “Kəriş” kimi deyil “Kərim” kimi səhvən yazılmış JN-151A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının və RX seriyalı, ******* nömrəli çıxarışın ona məxsus olmasının müəyyən olunmasıdır. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, bu cür mübahisələrə məhkəmələrdə baxılması qaydası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələblərinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməmlidir (üstüstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquq müəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçi hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırıaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırki işdə göstərilən hallar mövcud olduğundan məhkəmə belə qənaətə gəlir ki, hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda şərh olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə q ə r a r a a l d ı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı JN-151A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında və RX ******* nömrəli çıxarışda yol verilmiş yalnışlığı düzəldərək soyadının “Aslanova” kimi, mərhum həyat yoldaşının ata adının isə “Kəriş” kimi yazılmasının cavabdehə həvalə edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar