Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-370/2024 23.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Kamil oğlunun cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, **********7295 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7295 nömrəli qərara əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 8.604,50 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Qərar cavabdeh tərəfindən elektron poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 14:59:51-də göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 23:28:51-də həmin sənəd oxunmaqla qəbul edilmişdir. Bununla yanaşı, vergi orqanı tərəfindən qərar xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə iddiaçının ünvanına göndərilmiş, xx.xx.2022-ci tarixdə 10 saylı poçt şöbəsinin poçtalyonu tərəfindən iddiaçıya çatdırılmışdır. Həmin qərarla razılaşmayan iddiaçı cavabdehə qarşı qərarın ləğv məqsədilə əvvəl xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarəti keçirilməsinə dair DVX-nin 007046 saylı aktının və həmin akt əsasında qəbul olunmuş qərarın ləğv edilməsi tələbi ilə, daha sonra “cavabdehin xx.xx.2022-ci il tarixli, **********7295 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə poçta təqdim edilmiş, xx.xx.2023-cü il tarixdə məhkəmədə qeydiyyata alınmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən iddia ərizəsinin verilməsi üçün qanunla müəyyən olunmuş və iddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət emək hüququ izah olunmuşdur. xx.xx.2024-cü il tarixdə iddiaçı “iddia verilməsi üçün nəzərdə tutulan müddəti üzürlü hesab edilərək bərpa olunması barədə” ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisələndirilən **********7295 nömrəli qərar xx.xx.2022-ci il tarixdə qəbul olunsa da, üzürlü səbəbdən hazırkı tələblə məhkəməyə gec müraciət etmişdir. Belə ki, cavabdeh tərəfindən qərar iddiaçıya gec təqdim olunmuşdur. Bununla yanaşı, cavabdeh orqanın nümayəndələri dəfələrlə iddiaçıya bildirmişlər ki, mübahisə ilə bağlı köməklik edəcəklər, məhkəməyə müaciət etməyə lüzum yoxdur. İddiaçı daha sonra anlamışdır ki, ona verilən vədlərin əsas məqsədi şikayət müddətinin ötürülməsinə nail olmaq olmuşdur. Bu səbəbdən iddiaçı məhkəməyə gec müraciət etmişdir. Qeyd olunanlara əsasən cavabdehin qərarından şikayət verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair təqdim etdiyi xx.xx.2023-cü il tarixli, **********501300 nömrəli vəsatətində qeyd olunmuşdur ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, işə baxan məhkəmə tərəfindən qanunvericlikdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (mübahisələndirmə haqqında iddia verildikdə prosessual müddətə əməl edilməsi, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsi və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. 38.3-cü maddəsinə əsasən inzibati akta (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət "İnzibati icraat haqqında" Qanunun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətinin axımı aşağıdakı vaxtadək dayandırılır: - müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün "İnzibati icraat haqqında" Qanunun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (verdiyi yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli **********7295 nömrəli qərarın ləğvi ilə bağlı iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********7295 nömrəli qərar xx.xx.2022-ci il tarixli **********892200 nömrəli məktubla göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə şəxsən qəbul edilmişdir. Vəsatətə əlavə edilən poçt göndərişlərinin reyestrindən göründüyü kimi **********7295 nömrəli qərar **********892200 nömrəli məktubla (SS803977375AZ) göndərilmişdir. X2 və Nəqliyyat Nazirliyi "xxxx" MMC X4 filialının xx.xx.2023-cü il tarixli GNC- 3-27-96 /198 nömrəli məktubundan da görünür ki, sözügedən məktub xx.xx.2022-ci il tarixdə 10 saylı PŞ-nin poçtalyonu İsrail Sadıqov tərəfindən iddiaçıya çatdırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "T.ldrisovun şikayəti izrə AR Ali Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında qeyd edilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə, şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə- iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. iddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Həmin iddia növünə münasibətdə xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətlərinə əməl edilib-edilməməsinin yoxlanılmasıdır. Odur ki yuxarıda göstərilənləri nəzərə alaraq iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçıya məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu cür məhdudiyyətlərdin biri də iddia müddətləridir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarım vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, cavabdehin xx.xx.2022-ci il tarixli, **********7295 nömrəli qərarının ləğvini məqsəd güdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Məsələ ilə bağlı məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; - 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; - 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda,aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Sadalanmış müddəaların mənasından bəlli olur ki, inzibati aktın göndərilməsi ilə bağlı mübahisə yarandığı halda, inzibati orqan aktın təqdim edilməsi faktını və müddətini sübut etməlidir. Mübahisənin yaranması isə maraqlı şəxsin inzibati aktı almadığı və ya geç aldığı halların müəyyən edilməsi ilə əlaqədardır. Yəni hər bir halda maraqlı şəxs tərəfindən hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. Beləliklə, iddiaçı xx.xx.2022-ci il tarixli, **********7295 nömrəli qərarla xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə qəbul etmiş, xx.xx.2022-ci il tarixdə elektron poçt vasitəsilə ona göndərilən qərarla təkrar olaraq xx.xx.2022-cü il tarixdə tanış olmuş və xx.xx.2023-cü tarixdə, yəni 10 aydan sonra ilk dəfə məhkəmədə mübahisələndirmişdir. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını istisna etmir. Belə ki, İPMnin 24.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. İddiaçı da bu normaya əsasən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizənin məzmunundan bəlli olur ki, iddiaçı cavabdeh qurumun əməkdaşlarının ona köməklik edəcəyinə dair vəd verilməsini əsas gətirir. Məhkəmə iddiaçının bu arqumenti ilə bağlı əvvəla qeyd edir ki, iddiaçı bununla bağlı hər hansı bir sübut (qərarın ləğvi ilə bağlı cavabdehə və ya yuxarı orqanlara müraciət etməsini, ona verilən cavabları) məhkəməyə təqdim edə bilməmişdir. Belə olduqda isə bu hal üzürlü səbəb hesab edilə bilməz. Müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. İddiaçı tərəf məhkəməyə həmin obyektiv səbəbləri açıqlamamış, müddətin üzürlü səbəbdən buraxılmasına dair heç bir tutarlı əsas göstərə bilməmiş və sübut təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdiyi hal iddianın mümkün sayılmasına əsas vermir. Ona görə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və bu növ iddialar inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan müəyyən edilmiş müddətdə qaldırılmalıdır. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Kamil oğlunun buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmasın. İddiaçı Kamil oğlunun cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, **********7295 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-370/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-370/2024
23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver