Məhkəmə qərarları › İş №2-1(114)-3709/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3709/2024

15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3709/2024 15.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun ata adında düzəliş edilərək doğum haqqında şəhadətnaməsində olduğu kimi “Məmmədəli” kimi yazılaraq doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1941-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, hal-hazırda ünvan 1 ünvanında yaşayır. İddiaçı xx.xx.2008-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon polis şöbəsindən şəxsiyyət vəsiqəsini alarkən diqqətsizlikdən atasının adı «Məhəmmədəli» yazılmış, hansı ki, onun erməni dilindən azərbaycan dilinə tərcümə olunmuş doğum haqqında şəhadətnaməsində, eləcə də X9 İnventarlaşdırma Bürosunun ona verilən evin qeydiyyat vəsiqəsində atasının adı «Məmmədəli» kimi qeyd edilmişdir. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh orqan ona imtina məktubu ilə cavab verərək məhkəməyə müraciət edilməyi bildirilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etirazının olmadığını bildirdi. İşin halları 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə 8İ-17264 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.1968-ci il tarixli, İ-ЗЖ ******* №-li doğum haqqında Şəhadətnamənin tərcüməsinə əsasən, “İddiaçı Məmmədəli oğlu” xx.xx.1941-ci il tarixdə Ermənistan SSR, Basarkeçər rayonu, Böyük Məzrə kəndində doğulmuşdur. xx.xx.1962-ci il tarixli, НЗ ******* nömrəli hərbi bilet “İddiaçı Məmmədəli oğlu”na məxsusdur. xx.xx.1984-cü il tarixli, АБО 866717 nömrəli sürücülük vəsiqəsi “İddiaçı Məmmədəli oğlu”nun adına verilmişdir. xx.xx.1989-cu il tarixli, 620-9 inventar nömrəli Azərbaycan Sovet Sosialist Respublikası Qeydiyyat Vəsiqəsi “İddiaçı Məmmədəli oğlu”nun adına qeydə alınmışdır. Kəpəz rayon X8 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 15 nömrəli protokolundan çıxarışa əsasən, “İddiaçı Məmmədəli oğlu” evi dəyişdirilmişdir. xx.xx.1994-cü il tarixli, ИТ-İ ******* №-li əmək kitabçası “İddiaçı Məmmədəli oğlu”na məxsusdur. xx.xx.2001-ci il tarixli, AB 011687 №-li Qaçqın vəsiqəsi “İddiaçı Məmmədəli oğlu”na məxsusdur. İddiaçı bacısı Xəzəngül Rüstəmovaya məxsus Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 06029712 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, ata adı Məmmədəli qeyd edilmişdir. xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi İddiaçı məxsusdur. Ədliyyə Nazirliyi Cavabdeh İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən, İddiaçı Ermənistan Respublikası, Basarkeçər rayonunda doğulmasını təsdiq edəcək sənədləri Qeydiyyat şöbəsinə təqdim edilə bilmədiyinə görə, Qeydiyyat şöbəsində doğum haqqında akt qeydinin bərpası, həmçinin düzəlişin aparılması mümkün olmamışdır. Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2024-cü il tarixli məktubuna əsasən, xx.xx.1941-ci il tarixdə Ermənistan Vardenis (Basarkeçər) rayonunda doğulmuş İddiaçı doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı doğumu haqqında məlumat aşkar edilməmişdir. Eyni zamanda məlumat üçün bildirilir ki, Ermənistan Respublikası ərazisində tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin və qeydiyyat şöbələrinin arxivində saxlanılmır. Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1941-ci il təvəllüdlü İddiaçı fərdi uçot kartoçkasının tərtib edilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyil. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 162. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası

13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. 16-2. Ermənistan Respublikasında tərtib olunmuş vətəndaşlıq vəziyyəti akt qeydləri bərpa edilərkən yer adları Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılır. 16-3. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına (Ermənistan Respublikası istisna olunmaqla) məlumat göndərilir.

18. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə tərəfləri dinləyərək, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi ilə iddiaçı doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş edir. İddiaçı tələbinin əsası kimi qeyd etmişdir ki, o, Ermənistan SSR, Basarkeçər rayonu, Böyük Məzrə kəndində doğulmuş, onun doğum haqqında akt qeydi Ermənistan SSR tərəfindən tərtib edilmiş və ona doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə, eyni zamanda ona məxsus olan bütün sənədlərdə atasının adı Məmmədəli kimi qeyd edilmişdir. 2008-ci ildə o, şəxsiyyət vəsiqəsi alarkən atasının adı səhv olaraq Məhəmmədəli qeyd edilmişdir. Qeyd olunan vəziyyət isə onun üçün bir çox problemlər yaradır. İş materialları ilə müəyyən edilir ki, Ermənistan SSR tərəfindən verilmiş iddiaçıya məxsus xx.xx.1968-ci il tarixli, İ-ЗЖ ******* №-li doğum haqqında şəhadətnamədə təvəllüdü “xx.xx.1941-ci il”, soyadı “Qasımov”, adı “Səyyaf”, ata adı “Məmmədəli”, doğulduğu yer “Ermənistan SSR, Basarkeçər rayonu, Böyük Məzrə kəndi”, atası “X2”, anası “X7” qeyd edilmişdir. İddiaçıya məxsus olan hərbi bilet, sürücülük vəsiqəsi, Qeydiyyat Vəsiqəsi, əmək kitabçası, Qaçqın vəsiqəsi və digər sənədlərdə soyadı, adı, ata adı müvafiq olaraq “İddiaçı Məmmədəli oğlu” qeyd olunmuşdur. İddiaçıya xx.xx.2008-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində atasının adı Məhəmmədəli kimi göstərilmişdir. Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı doğum haqqında akt qeydi Ermənistan Respublikası ərazisində tərtib edilmişdir, ona görə də iddiaçının doğumu barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalara görə, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. Göründüyü kimi, iddiaçının doğum haqqında akt qeydi xarici ölkədə, yəni Ermənistan Respublikasında tərtib edilmişdir və qanunvericliyin tələbinə görə, həmin akt qeydi vətəndaşın müraciətinə əsasən bərpa edilməlidir. Ona görə də məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya məxsus olan doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı

İddia təmin edilsin. İddiaçıya məxsus olan doğum haqqında akt qeydinin təvəllüdü “xx.xx.1941-ci il”, soyadı “Qasımov”, adı “Səyyaf”, ata adı “Məmmədəli”, doğulduğu yer “Ermənistan SSR, Basarkeçər rayonu”, atası “X2”, anası “X7” göstərilməklə bərpa edilməsi öhdəliyi cavabdeh Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar