Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-371/2024 04.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsinin sədri X1 iştirakı ilə, İddiaçı cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli, 10 nömrəli və xx.xx.2023-cü il tarixli 11 nömrəli protokol-qərarlarının ona aid hissədə ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1960-cı il tarixdə Goranboy rayonun Xoylu kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. Goranboy rayonu Xoylu bələdiyyəsi (bundan sonra mətndə - cavabdeh) xx.xx.2024cü il tarixdə ********** VÖEN ilə qeydiyyatdan keçmiş yerli özünüidarəetmə orqanıdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********3731 seriyalı xx.xx.2023-cü il tarixli tədiyyə bildirişinin surətindən görünür ki, 2023-cü il üçün iddiaçıya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən 15 manat əmlak vergisi, 206.3-cü maddəsinə əsasən 8,6 manat torpaq vergisi, cəmi 11,8 manat vergi hesablanmış, verginin ödənilmə müddəti xx.xx.2023-cü il tarixinədək 11,8 manat, xx.xx.2023-cü il tarixindək 11,8 manat olmuş, ötən dövrlər üzrə vergi borcu 94,40 manat, faiz məbləği 30,89 manat, cəmi ödəniləcək məbləğ 148,89 manat təşkil etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 10 nömrəli protokol qərarına (20-ci bəndinə) əsasən borclu iddiaçının Xoylu kəndinin Xoylu bələdiyyəsi ərazisində yerləşən əmlak və torpaq sahəsinə görə ödənilməmiş – 148,89 manat vergi borcunun tutularaq bələdiyyənin büdcəsinə ödənilməsi üçün müraciət olunması qərara alınmışdır. Həmin qərarın 53-cü bəndində qeyd olunmuşdur ki, bu xəbərdarlığın elan olunması gündən sonrakı 10 gün müddətinə vergi borcu ödənilmədiyi halda “İnzibati icraat haqqında” Qanununun 83.2-ci maddəsinə uyğun olaraq ona qarşı olan pul tələbi məcburi icraya yönəldiləcəkdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu ünvanlanaraq bildirilmişdir ki, mülkiyyətində və istifadəsində olan əmlak və torpaq sahəsinin ötən dövrlərdən vergi borcları ödənilməmişdir. Vergi borclarının ödənilməsi 10 gün müddətində təmin edilməsi tövsiyyə olunmuşdur. Göstərilən müddətdə vergi borcları ödənilməsə, əks halda Goranboy rayon İcra və Probasiya şöbəsinə müraciət olunacaqdır. Cavabdeh tərəfindən 40 nəfər şəxsə xx.xx.2023-cü il tarixdə sadə poçt göndərişi yollanmışdır. "xxxx" MMC-nin X7 filialının xx.xx.2023-cü il tarixli, GRPF№16/65 saylı məktubunda bildirilmişdir ki, bələdiyyə tərəfindən iddiaçıya sadə məktub göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 11 nömrəli protokol qərarının 18-ci bəndinə əsasən bələdiyyənin xx.xx.2023-cü il tarixli, 10/20 nömrəli qərarının məcburi icraya yönəldilməsi qərara alınmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı icra olunması üçün xx.xx.2023-cü il tarixli, 111 nömrəli müşayiət məktubu ilə Goranboy rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Goranboy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 148701/2023-9-11 nömrəli icra sənədi üzrə icraata başlanılmış, xx.xx.2023-cü il tarixdə borcluya – iddiaçıya icraata başlamaq və könüllü icra müddəti üçün SMS bildiriş göndərilmişdir İddiaçı cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsinə qarşı xx.xx.2023-cü il tarixdə (poçt xidmətinə təqdim edilmişdir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin iddiaçı barəsində tərtib etdiyi 148,89 manat vəsaitin tutulması haqqındakı qanunsuz inzibati aktın ləğv olunmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Daha sonra iddiaçı ərizə təqdim edərək “cavabdehin xx.xx.2023-cü il tarixli, 10 nömrəli və xx.xx.2023-cü il tarixli 11 nömrəli protokol-qərarlarının ona aid hissədə ləğv olunması”nı xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, torpaq islahatı ilə əlaqədar olaraq iddiaçı və ailəsinə ümumilikdə 1,0866 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-247,KOD 50921018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı ilə ayrılmışdır. Lakin həmin sahə istifadəyə tam yararsız olduğundan Bələdiyyənin öz qərarı ilə dəyişdirilsədə, bu günə kimi başqa sahədən yer verilməsi sənədləşməsi tam yekunlaşmamışdır. xx.xx.2023-cü il tarixdə iddiaçının mobil telefonuna Goranboy rayon İcra və Probasiya şöbəsinə dəvət olunması haqqında mesaj daxil olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə həmin şöbədə olmuş və ona məlum olmuşdur ki, barəsində Goranboy rayonu Xoylu Bələdiyyəsi mülkiyyətində və istifadəsində olan əmlak və torpaq sahəsinə ötən dövrlərdən vergi borcları haqqında cəmi 149,22 manat vəsaitin tutulması haqqında inzibati akt təqdim edib. İddiaçı hesab edir ki, Goranboy rayonu Xoylu Bələdiyyəsinin tərtib etdiyi inzibati akt doğru deyil, qanunsuz tərtib edilmişdi. İnzibati aktdan məlum olmur ki, iddiaçının mülkiyyətində və ya istifadəsində olan əmlak və torpaq sahəsi hansı sənədlərə əsasən müəyyənləşdirilib; əmlak və torpaq sahəsinə görə hesablanmış borc hansı dövrü əhatə edir; inzibati akt qəbul olunarkən iddiaçının və ya onun nümayəndəsinin iştirakı təmin olunmamışdır. Bu işlərə aydınlıq gətirmək məqsədi ilə iddiaçı Xoylu Bələdiyyəsində olmuş, qeyd olunan sualları onlara da ünvanlamışdır. Məlum oldu ki, bələdiyyə bu borcu iddiaçıya Dövlət Aktı ilə verilmiş, daha sonra da öz qərarı ilə istifadəyə yararsız olduğu haqqında qərar çıxardığı, bu gün də istifadə olunmayan bir sahə üzrə çıxarıb. Eyni zamanda qərar verilib ki, başqa bir sahədən torpaq sahəsi ayrılsın. Lakin bu günə kimi Bələdiyyənin qəbul etdiyi qərar icra olunmayıb, yararsız torpaq sahəsindən də iddiaçı istifadə etməmişdir. Bunu həmin sahəyə bitişik sahənin sahibləri X9 və X2 də təsdiq edə bilərlər. Digər tərəfdən, əmlak o vaxt iddiaçının tam mülkiyyəti hesab oluna bilər ki, iddiaçı ondan istifadə hüququ ilə bərabər, sərəncam vermək hüququ da olsun. Bu isə əmlaka daşınmaz əmlakaın Dövlət reyestrindən Çıxarışla mümkündür. İddiaçının yaşadığı ev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla təmin olunmadığından kimə məxsus olunduğu bilinmir. Bu halda əmlak vergisini kimdən tələb edilməsi də sual yaradır. Çünki həmin evdə iddiaçı və həyat yoldaşından başqa iki ayrı təsərüfata malik: oğlum4 ailə üzvü ilə birlikdə və qızı bir uşağı ilə birlikdə yaşayırlar. Həmçinin, tərtib olunmuş inzibati aktdan məlum olmur ki, borc hansı dövrdən hesablanıb, kimlərin adına olan və nə qədər torpaq sahəsinə və əmlaka tətbiq olunub. İnzibati aktın tərtibi zamanı nə iddiaçının, nə vəkilinin, nədəki onun qanuni nümayəndəsinin iştirakına şərait yaradılmamışdır. İddiaçı özü müharibə veteranıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, mübahisələndirilən qərar ona göndərilməmişdir. Həmin qərarı ancaq Goranboy rayon İcra və Probasiya şöbəsindən əldə etmiş və bundan sonra məhkəmə iddia qaldırmışdır. Poçt vasitəsilə ona yalnız tədiyyə bildirişi göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıya qərar poçt xidməti tərəfindən çatdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında bildirmişdir ki, 2021- 2023-cü illərdə Xoylu bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş bələdiyyə iclasında iştirak etmiş, həmin iclasda torpaq məsələləri müzakirə edilmişdir. İclas 9 bələdiyyə üzvündən 6-sı iştirak etmiş, iclas protokolundakı imza Orxana məxsus olmuş, mübahisələndirilən qərar poçt vasitəsilə iddiaçıya göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Goranboy RPF-nın Xoylu poçt şöbəsinin müdiri X4 izahatında bildirmişdir ki, bələdiyyə tərəfindən vətəndaşa göndərilən məktub xx.xx.2023-cü il tarixdə ünvan sahibinə çatdırılmışdır. Həmin məktub sadə formada təqdim edildiyi üçün heç bir qeydiyyatı aparılmamış, sadəcə çatdırılması barədə özlərində qeyd edilmişdir. Məktubun məzmunundan xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Goranboy RPF-nın Xoylu poçt şöbəsinin poçtalyonu X5 izahatında bildirmişdir ki, bələdiyyə tərəfindən göndərilən sadə məktubu xx.xx.2023-cü il tarixdə iddiaçıya çatdırmışdır. İddiaçı həmin məktubu onun yanında açmadığı üçün nə göndərilməsi barədə məlumatı yoxdur. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə riayət edilmişdir. Bununla bağlı qeyd olunur ki, cavabdeh inzibati orqanın iddiaçı barəsində qəbul etdiyi xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qərarların iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı isə məhkəməyə xx.xx.2023-cü il tarixdə (i.v. 6də zərfə əsasən) müraciət etmişdir. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Məcəllənin 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Bu baxımdan, iddiaçı məhkəməyə iddia ilə müraciət edərkən onun tərəfindən qərarı mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi halı cavabdeh orqan tərəfindən sübuta yetirilmədiyindən məhkəmə Azərbaycan Respublikası İPM-nin 38.1-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3 və 73.1-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət gözlənilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. “Bələdiyyələrin statusu haqqında” Qanunun 8-1-ci maddəsinə əsasən yerli ödənişlər – "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 2.2-ci maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. 7.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin etmək (3.1.2), yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qorumaq, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin etmək (3.1.3), səlahiyyətinə aid məsələlər üzrə yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinə arayışlar (o cümlədən, hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə arayışlar) və izahatlar vermək (3.1.11) vergi xidməti orqanının vəzifələrinə aiddir. Həmçinin Əsasnaməyə müvafiq olaraq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada kameral vergi yoxlamaları keçirmək (3.2.2), Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müəyyən edilmiş hallarda və qaydada yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, yerli (bələdiyyə) vergilər üzrə hesablanmış faizlərin alınması və yerli (bələdiyyə) vergilərin ödəyicilərinə maliyyə sanksiyalarının tətbiq olunması barədə məhkəmədə vəsatət qaldırılması üçün bələdiyyələrə müraciət etmək (3.2.3) vergi xidməti orqanının vəzifələrinə aiddir. 5.1-ci maddəsinə əsasən bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. 5.3-cü maddəsinə görə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Maddə 5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Maddə 5.5. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Maddə 5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Maddə 5.7. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Maddə 5.10. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Maddə 5.11. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Sadalanan hüquq normalarının tələblərindən aydın olur ki, yerli ödənişlərin ödənilməsinə nəzarət bələdiyyə vergi xidməti orqanlarının səlahiyyətindədir, onlar həmin nəzarəti kameral və ya səyyar yoxlama aparmaqla həyata keçirirlər və yoxlamanın aparılması qaydası həm Əsasnamədə, həm də Əsasnamənin 1.2-ci maddəsinə müvafiq olaraq Vergi Məcəlləsi ilə tənzimlənir, yoxlama nəticəsində isə vergi xidməti orqanı akt tərtib etməli və bələdiyyə vergi xidməti orqanının aktına əsasən yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxara bilər və həmin qərar əsasında ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir Hazırkı işdən müəyyən olunur ki, mübahisələndirilən qərarlar yuxarıda sadalanan normaların tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət etməlidirlər. İşdən görünür ki, hazırkı iş üzrə bələdiyyə tərəfindən isə mübahisələndirilən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin normaları pozularaq qərar qəbul edilmiş, inzibatı icraat aparılmamış, iddiaçının dinlənilmə hüququ təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və va sübut tələb edilməmiş, iddiaçı iş materialları ilə tanış edilməmişdir (İnzibati icraat haqqında Qanunun 21.1 və 21.2-ci maddələri). Məhkəməsi araşdırması zamanı iddiaçı barəsində mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliklə müəyyən edilən inzibati icraatla bağlı qaydalara və tələblərə cavabdeh tərəfindən əməl olunmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır. Lakin, hazırkı işdən cavabdeh tərəfindən qeyd edilən inzibati prosedur qaydaya riayət edildiyi müəyyən edilmir. Bundan başqa, qanunvericiliyin tələblərinə əsasən inzibati aktdan şikayət verilmə müddəti 10 gün deyil, 30 gün müəyyən edilmiş, lakin bələdiyyə tərəfindən qərar tərtib edilərkən “İnzibati icraat haqqında” qanunun tələbləri pozulmuşdur. Belə ki, mübahisələndirilən qərarın “nəticə” hissəsinin 52-ci bəndində göstərilmişdir ki, borclu qərarı aldıqdan 10 gün müddətində verilmiş tələbə və onun hissəsinə qarşı, qərar vermiş Goranboy rayonu Xoylu bələdiyyəsinə yazılı xəbərdarlıq etməklə məhkəməyə şikayət verə bilər. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci madəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin, bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, başqa qayda “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də ödənilməyən yerli vergi və ödənişlərin ödənilməsi ilə bağlı müəyyən edilmişdir. Digər tərəfdən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan Vergi Məcəlləsi vergi hüquq münasibətlərini tənzimləyən xüsusi qanundur. Həmin Məcəllənin 2.3-cü maddəsinə əsasən vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir. “İnzibati icraat haqqında” Qanun isə ümumi icraat qaydalarını müəyyən edən ümumi qanundur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. Qərarların məzmununa gəldikdə, məhkəmə əvvəl qeyd edir ki, mübahisələndirilən qərardan torpaq və əmlak vergisinin hansı torpaq sahəsinə, daşınmaz əmlaka və hansı dövrə münasibətdə hesablanması aydın deyildir. Belə ki, həmin qərarda iddiaçı barəsində vergi məbləğinin hesablanmasına əsas olmuş torpaq sahəsi, daşınmaz əmlak ilə bağlı, habelə 2023-cü il üçün 15 manat əmlak vergisi, 206.3-cü maddəsinə əsasən 8,6 manat torpaq vergisi, cəmi 11,8 manat vergi məbləği istisna olmaqla, 94,4 və 30,89 manat borc məbləğinin hansı tarixlər üzrə hesablanması dəqiq müəyyən edilməmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixli 10 nömrəli və xx.xx.2023-cü il tarixli 11 nömrəli iclas protokollarında bələdiyyənin iclasında 6 nəfərin iştirak etməsi göstərilsə də, yalnız Bələdiyyənin sədri və iclasın katibi tərəfindən imzalanmışdır. İşin baxışı zamanı mübahisələndirilən inzibati aktların kollegial qaydada qəbul olunduğunu təsdiq edə biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin olunsun. Goranboy rayonu Xoylu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 10 nömrəli protokolqərarının və xx.xx.2023-cü il tarixli 11 nömrəli protokol-qərarının İddiaçı Xoylu kəndinin Xoylu bələdiyyəsi ərazisində yerləşən əmlak və torpaq sahəsinə görə ödənilməmiş 148,89 manat vergi borcunun tutularaq Xoylu bələdiyyəsinin büdcəsinə ödənilməsi hissəsində və bu qərarın icraya yönəldilməsi hissəsində ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-371/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-371/2024
04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver