Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3714/2024 28.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024cü il tarixli qərarın ləğv edilməsi və ona əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmə tərəfindən əlilliyin müəyyən edilməsi, cavabdeh orqanın verdiyi son qərarın ləğv edilərək əlilliyin faizlə təyin olunması müəyyən olaraq rəyin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 1993-1994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasında iştirak etmiş, hərbi xidmətdə olarkən ağır bədən xəsarətləri almış, səhhətində ciddi problemlər yaranmış, bununla bağlı ona aidiyyəti orqanlar tərəfindən müvafiq sənədlər verilmişdir. İddiaçı qeyd edir ki, o, cavabdeh orqanın tibbi-sosial ekspert komissiyasında olarkən heç bir araşdırma aparılmadan onunla qısa söhbət edilmiş, əlilliyin təyin edilməsi üçün heç bir əsasın olmadığı bildirilmişdir. Cavabdeh orqanın verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubunda “..təqdim edilmiş sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən göndərişdə qeyd edilən diaqnozlar əlillik təyininə əsas vermədiyindən barənizdə diaqnoz öz təsdiqini tapmamışdır” bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqan tərəfindən əlilliyin təyinindən imtina edilməsi qanuni və əsaslı deyildir, və həmçinin, əldə edilmiş tibbi sənədlərə əsasən, onun barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarının 7.5.1-ci bəndinə müvafiq olaraq, posttravmatik stres pozuntusu F07.0 F07.8, F06.7, F48, T90.ş G93.8 diaqnozu qoyulmuş, baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular (7.6.2-ci bənd). Habelə, Qərarın 7.7.1.1-ci bəndinə əsasən, fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar) ; münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski, əlilliyin müəyyən olunması üçün şərtdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3714/2024 nörməli qərardadı ilə iddia tələbi “cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyi tərəfindən qəbul edilmiş əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ona əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı iddia ərizəsini birinci Qarabağ müharibəsi dövründə qapalı kəllə beyin travması aldığı ilə əsaslandırmış, xx.xx.2023-cü il tarixində əyani müayinədə olmuş və imtina qərarı almışdır. Məcburetmə iddialarında 1 aylıq müddəti keçirdiyi üçün xahiş edilir ki, iddia mümkünsüz sayılsın. Diaqnozun mətni “XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T79 - Travmaların digər rubrikalarda təsnif olunmayan bə'zi erkən ağırlaşmaları => T79.9- Travmanın dəqiq... X2: KKBT-nın qalıq əlamətləri ensefalopatiya Kəllə daxili hipertenziya t-t müşahidə olunan asteno nevrotik sindrom. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na əsasən - Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişkənliyi. Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod. Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi....” təyin edilsə belə, müvafiq ağırlaşmalar əyani müayinə zamanı öz əksini tapmamışdır. Yuxarıda qeyd olunanların nəzərə alınaraq iddianın mümkünsüz hesab edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı Cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə iclasa gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İddiaçı həmçinin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, göstərdi ki, o, cavabdeh orqanın imtinasından sonra məhkəməyə müraciət etmək hüququnun olduğunu bilməmiş, bu səbəbdən iddia müddətini ötürmüşdür. Ona görə də iddia müddətinin bərpa edilməsini xahiş edir. İşin halları İddiaçı xx.xx.2016-cı il tarixdən “KKBT-nın qalıq əlamətləri ensefalopatiya Kəllə daxili hipertenziya t-t müşahidə olunan asteno nevrotik sindrom” diaqnozu ilə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-518/2024 nömrəli qərarı ilə xx.xx.1968-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz:Əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2024cü il tarixdə “İddiaçı üçün verilmiş xx.xx.2023-cü il tarixli göndərişə Diaqnoz: Əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir” məzmununda SMS göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38. İddia müddəti 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarı Qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını nəzərdən keçirib, iş üzrə tərəfi dinləyərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iddia tələbi üzrə iddiaçı cavabdeh inzibati orqanın üzərinə ona əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Qeyd olunan iddia tələbi məcburetmə haqqında iddia olmaqla iddia müddətinə bağlıdır. Belə ki, İPM-nin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materialları ilə müəyyən olunur ki, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixdə müraciətə əsasən əyani müayinəsi keçirilmiş İddiaçı haqqında “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə SMS vasitəsilə əlillik təyinatından imtina edilməsi barədə məlumat verilmiş, lakin iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, iddia müddətinin bərpa edilməsini xahiş etmiş, müddəti ötürməsini onunla əsaslandırmışdır ki, o, cavabdeh orqanın imtinasından sonra məhkəməyə müraciət etmək hüququnun olduğunu bilməmiş, ona görə iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, İPM-in 24-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Qeyd olunan normanın mənasına görə, buraxılmış prosessual müddət üzrlü səbəblərdən ötürüldükdə bərpa edilməlidir. Lakin hazırkı iş üzrə iddiaçının məhkəməyə müraciət etmək hüququnun olduğunu bilməməsi məhkəmə tərəfindən üzrlü səbəb hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ona əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024cü il tarixli qərarın ləğv edilməsi və ona əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva