Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-373/2020 28.01.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Muxtarova Aytac Əkram qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı döyüşlərdə ağır yaralanma faktının müəyyən edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun erməni birləşmələrinə qarşı döyüşlərdə ağır yaralanması faktının müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ilin iyun ayında Xanlar (Göygöl) rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və həmin vaxt N saylı hərbi hissəyə həqiqi hərbi xidmətə göndərilmişdir. Orada bir müddət xidmət etdikdən sonra Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə göndərilmiş, sonradan həmin N saylı Hərbi Hissənin tərkibində olan əsgərləri, o cümlədən onu Ağdərə rayonunun Çıldıran kəndinə aparmışlar. 26-06-1992-ci il tarixdən 12-08-1996-cı il tarixə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni birləşmələrinə qarşı aparılan əməliyyatlarda iştirak etmiş və 793 saylı Hərbi Hissədə xidmətini yerinə yetirən zaman ağır güllə yarası almış, əvvəl Tərtər rayonu Sarov kəndində yerləşən səyyar hərbi hospitalda, sonra isə 230 saylı hospitalda müalicələr almışdır. Bütün bu məsələlər Samux Rayon Məhkəməsinin 02 Avqust 2019-cu il tarixli, 2(058)-586/2019 saylı qətnaməsində öz əksini tapmışdır. Eyni zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyi silahlı qüvvələrin baş klinik hospitalının 25-04-2019-cu il tarixli, 3066 saylı arayışında, Samux rayon hərbi komissarlığının arayışlarında, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissənin vermiş olduğu 18-08-1993-cü il tarixli, 135 saylı arayışında və 230 saylı hərbi hospitalda 25-07-1993-cü il tarixdən 25-08-1993-cü il tarixədək müalicə alması barədə hospitaldan verilmiş epikrizin çıxarışında öz əksini tapmış və həqiqətən onun erməni işğalçılarına qarşı döyüşməsi və döyüş zamanı ağır yaralanması, kontuziya alması faktlarının təsdiqi barədə məhkəmə qətnaməsində təsdiq edilmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 28 yanvar 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. İddiaçıya iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair sərəncam göndərilərək iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması və iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuş, lakin iddiaçı tərəfindən məhkəmənin sərəncamına əməl edilməmişdir. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Hazırkı iddia ərizəsində tələb qeyri-müəyyən olmaqla, “döyüşlərdə ağır yaralanma faktının müəyyən edilməsi” qeyd edilmişdir. Lakin, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi özəl hüquq münasibətlərini tənzimləyən hüquq normalarına əsasən ümumi (rayon) məhkəmələr tərəfindən baxıldığından, qeyd olunan tələbə inzibati icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 3cü bəndində qeyd edilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinəçatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılmasıüçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13 və 48-ci maddələrinin tələblərinə əsasən iddiaçıya iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair sərəncam göndərilərək iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması və iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuş, lakin iddiaçı tərəfindən məhkəmənin sərəncamına əməl edilməmiş, hazırkı məhkəmə iclasında da iddiaçıya iddia tələbinin uyğunlaşıdırması üçün yenidən vaxt verilməsi təklif edilsə də o, bundan imtina edərək iddia tələbinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etdiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi üzrə mümkünlük şərtlərinə riayət edilmədiyindən iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı döyüşlərdə ağır yaralanma faktının müəyyən edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı döyüşlərdə ağır yaralanma faktının müəyyən edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-373/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-373/2020
28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver