Məhkəmə qərarları › İş №2-1(114)-373/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-373/2021

05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-373/2021 05.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Kəlbəcər Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) qarşı adlarının məcburi köçkün kimi aylıq müavinət alan şəxslərin adlı siyahısına daxil edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Kəlbəcər Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, Ə-2-073 nömrəli, xx.xx.2021-ci il tarixli, Ə-2-076 və H-3-076 nömrəli məktubları ilə iddiaçı və ailə üzvlərinə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 2.1-ci maddəsinə uyğun olaraq ayrıca yaşayış sahəsi əldə etdiklərinə görə verilən vahid aylıq müavinətin ödənişi dayandırılmışdır. Müavinətin dayandırılmasını qanunsuz hesab edən iddiaçı məhkəməyə müraciət edərək onun, ailə üzvləri – həyat yoldaşı X3 və övladı Əliyeva Buta-Şəms Adil qızının adlarının Kəlbəcər İcra Hakimiyyətinin hər ay təqdim etdiyi adlı siyahıya salınması, xx.xx.2017-ci il tarixdən etibarən dayandırılmış vahid aylıq müavinətin həmin tarixdən etibarən hesablanıb ödənilməsi vəzifəsinin Kəlbəcər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək onun, həyat yoldaşı X3 və övladı Əliyeva Buta-Şəms Adil qızının adlarının Kəlbəcər Rayon İcra Hakimiyyətinin hər ay təqdim etdiyi adlı siyahıya salınması vəzifəsinin Kəlbəcər Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon İcra Hakimiyyəti dövlətin onun ailəsinə verdiyi vahid aylıq müavinəti xx xxxxxx 2017-ci il tarixdən dayandırmış və əsas kimi göstərmişdir ki, onun adına ünvan 1 ünvanında mənzil vardır. Həmin mənzili qaynı bacısı X2 almaq istəmişdir. Onların yaşamağa yeri olmadığı üçün razılaşmışlar ki, mənzili müvəqqəti yaşamaq üçün onun ailəsinə versinlər. Kommunal xərcləri ödəməmək üçün mənzili onun adına sənədləşdirmişlər. 2003-cü ildə mənzilin yaşayış sahəsi 11 kv.m. idi və mənzil təmirsiz olmuşdur. Ailənin yaşaması üçün yararsız olduğundan müxtəlif ünvanda yaşamalı olmuşlar. Nə Kəlbəcər Rayon İcra Hakimiyyəti, nə də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yerində yoxlayıb araşdırmadan qərar qəbul etmişlər. Onun nə Kəlbəcərdə, nə də köçkünlükdə mənzil almaq üçün və ya ev tikdirmək üçün maddi imkanı olmamışdır. Həmin ünvanda nə o, nə də onun ailəsi bir gün olsun belə yaşamamışlar. Təqdim etdiyi sənədlər bunu bir daha təsdiq edir. Saysız müraciətlər və qəbullarda olmağı heç bir nəticə vermədiyi üçün sonda məhkəməyə müraciət etməli olmuşdur. Çünki vahid aylıq müavinətə ailəsinin ehtiyacı böyükdür. Ailəsi aldığı təqaüdlə dolanır və övladları isə işləmir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, həmin mənzili qayını öz bacısına almış, sadəcə kommunal xidmətlərdən azad olunmaq üçün onun adına sənədləşdirilmişdir. Həmin mənzil tam şəraitsiz olduğundan, o və ailəsi orada yaşamamış, faktiki olaraq mənzil X2 məxsus olmuşdur. İş üzrə cavabdehə və üçüncü şəxsə hazırki məhkmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İPM-in 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: -AA******* nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; -AZE 14902008 nömrəli X4 məxsus şəxsiyyət vəsiqəsinin surəti; -AZE 09015204 nömrəli Əliyeva Buta-Şəms Adil qızına məxsus şəxsiyyət vəsiqəsinin surəti; -AA 091841 nömrəli X4 məxsus məcburi köçkün vəsiqəsinin surəti; -AA 274886 nömrəli Əliyeva Buta-Şəms Adil qızına məxsus məcburi köçkün vəsiqəsinin surəti; -RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və çıxarışın verilməsinə əsas olmuş sənədlər; -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)- 7578/2019 nömrəli qətnaməsi; -Abşeron rayon 2 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin xx.xx.2020-ci il tarixli 2025 nömrəli iddiaçı və ailə üzvlərinin yaşayış yeri haqqında arayış; -Kəlbəcər Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli imtina məktubları. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Məhkəmə işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, iddiaçı və ailə üzvləri (arvadı və qızı) məcburi köçkün statusuna malikdirlər və onlara məcburi köçkün kimi ödənilən müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən dayandırılmışdır. İddiaçı müavinətin dayandırılmasını əsassız hesab edərək, onun və ailə üzvlərinin adlarının aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsini xahiş etmişdir. İddia tələbinin əsasını “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təşkil edir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə xx xxxxxx 2017-ci ildən qüvvədə olan “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Qayda hazırlanmışdır. Qaydanın 1-ci hissəsində qeyd edilmişdir ki, bu Qayda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir. Qaydaya əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: - 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); Qaydanın 2.1-ci hissəsinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ qrup Qarabağ müharibəsi əlilləri, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********77 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanı 20 DNK-nın 4ə-2-366 reyestr nömrəli, xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı Bəylət oğlunun adına qeydiyyata alınmışdır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi notariusu tərəfindən təsdiq edilmiş 4ə-255 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən mənzil Əliyeva Buta- Şəms Adil qızının adına qeydiyyata alınmışdır. 43 saylı NK-nın 4ə-140 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən mənzil Hüseynova Mehriban qızının adına rəsmiləşdirilmişdir. Qeyd olunan müqavilələr və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar məktuba əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-7578/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 19, 5 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin qeyd edilən qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilərək cavabdeh İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 19, 5 saylı mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ünvan 3 ünvanında yerləşən mənzili xx.xx.2003-cü il tarixdə 209605 nömrəli alğı-satqı müqaviləsinə əsasən X6 almışdır. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Qayda xx xxxxxx 2017-ci ildən qüvvəyə mindikdən sonra, yəni xx.xx.2017-ci il tarixli «Daşınmaz əmlakın bağışlanması» müqaviləsinə əsasən adıçəkilən mənzili iddiaçı qızı Əliyeva Buta-Şəms Adil qızına bağışlamış və sonuncunun daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə hüquqları xx.xx.2017-ci ildə qeydiyyata alınmışdır. Bundan sonra xx.xx.2017-ci il tarixli «Daşınmaz əmlakın bağışlanması» müqaviləsinə əsasən mülkiyyətçi Əliyeva Buta-Şəms Adil qızı mənzili X2 bağışlamış, bağışlanma müqaviləsi X5 adından məhz İddiaçı tərəfindən imzalanmışdır. Belə olan halda, məhkəmə iddia tələbinin mənzilin iddiaçıya məxsus olmaması, həmin ünvanda yaşamaması, mənzilin onun adına alınmasının formal xarakter daşıması barədə dəlilini əsassız hesab edir və bu nəticəyə gəlir ki, iddiaçı və ailəsi xx.xx.2003-cü il tarixdən ayrıca yaşayış sahəsi əldə etmişdir. Bu fakt İddiaçı və onun ailə üzvlərinə aylıq müavinətin şamil olunmaması üçün Qaydaların 2.1-ci maddəsində və mənzil əldə edilən zaman qüvvədə olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 N-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın 5.1. bəndində nəzərdə tutulan haldır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 N-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın 5.1. bəndinə əsasən yemək xərci üçün aylıq müavinət -mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edəcək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlərə (şəhid ailələri istisna olunmaqla) müvafiq aylıq müavinət verilmir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası yuxarıda qeyd edilən normalara uyğundur və tələbin təmin edilməsi üçün qanuni əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinin tələblərinə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Kəlbəcər Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) qarşı adlarının məcburi köçkün kimi aylıq müavinət alan şəxslərin adlı siyahısına daxil edilməsi tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar